Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1219/2021 22.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, İddiaçı və Cavabdeh3, 3-cü şəxs Maraqlı şəxs1 iştirakı ilə İddiaçı cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi və Cavabdeh3 qarşı “çıxarışın ləğvi və vərəsələrin düzgün müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(075)-594/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin notariusu Sərdar Nəsibov, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin rəisi Dadaş Hüseynov və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 04 yanvar 2020-ci il tarixdə vəfat etmiş X1nun Şəki rayonu Baş Göynük kəndində yerləşən mirasına vərəsələrin düzgün müəyyən edilməsi və həmin mirasa dair bacısı Cavabdeh3 adına verilmiş 04 dekabr 2020-ci il tarixli çıxarışın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin notariusu Sərdar Nəsibov və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin rəisi Dadaş Hüseynov əsl cavabdeh olan Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmiş, iş üzrə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 06 aprel 2021-ci il tarixli, 2(075)-594/2021 nömrəli qətnaməsi ilə İddiaçı Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi və Cavabdeh3 qarşı «04 yanvar 2020-ci il tarixdə vəfat etmiş X1nun Şəki rayonu Baş Göynük kəndində yerləşən mirasına dair bacısı Cavabdeh3 adına verilmiş 04 dekabr 2020-ci il tarixli çıxarışın qanunsuz hesab edilərək ləğv edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi; İddia tələbinin «İddiaçı 04 yanvar 2020-ci il tarixdə vəfat etmiş X1nun Şəki rayonu Baş Göynük kəndində yerləşən mirasına vərəsələrin düzgün müəyyən edilməsi» hissəsində xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qərardadının nəzərə alınması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1981-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində anadan olmuşdur. 16 sentyabr 1999-cu il tarixdə Balakən rayonu Qazma kənd sakini X6 ilə ailə həyatı qurmuşdur. Bu nikahdan iki oğlu var. Hazırda həyat yoldaşı və uşaqları ilə bərabər Balakən rayonu Qazma kəndində yaşayır. Onlar bacıları - Gülyanaq və Rəziyə də daxil olmaqla ailədə üç uşaq olmuşlar. X1 04 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. Ata evi ilə həmişə sıx əlaqəsi və qarşılıqlı get-gəli olmuşdur. Atasının sağlığında sözügedən evin idarə olunmasında, təmir-tikintisində həmişə xüsusi rolu və zəhməti olmuşdur. Lakin atası vəfat etdikdən sonra onun mirasından qanun üzrə vərəsəlik yolu ilə payına düşməli olan dörddə bir hissəyə faktiki olaraq yiyələnməyinə bacısı – hazırkı iş üzrə cavabdeh - Cavabdeh3 tərəfindən həmişə maneçilik törədilmişdir. Gülyanaq biləndə ki o, artıq sonuncunun özbaşınalıqlarından bezib hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişdir, 04 dekabr 2020-ci il tarixdə qanunsuz yolla əldə etdiyi Çıxarışın şəklini WhatsApp vasitəsi ilə ona göndərmiş və bildirmişdir ki, "Gülmira əl-ayağa düşməsin, artıq gecdir, mən kupçamı almışam". Onlar üç bacı olmaqla eyni bir atanın və ananın övladlarıdırlar. Anaları Maraqlı şəxs1 hal-hazırda sağdır. O da üç övladı ilə bərabər hüquqlu vərəsədir. X1 04 yanvar 2020-ci il tarixdə vəfat edənə qədər öz sağlığında hər hansı vəsiyyətnamə tərtib etdirməmişdir. Cavabdeh hansı qanunsuzluğun və ya saxtakarlığın nəticəsində hazırda ləğvini tələb etdiyi 04 dekabr 2020-ci il tarixli Çıxarışı əldə etmişdir. Hətta mərhum atasına öz sağlığında hər hansı bir vəsiyyətnamə imzalatmışlarsa belə yenə onlar mirasdan məcburi payı almalıdırlar. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən və hazırda mübahisənin predmeti olan ev onun mərhum X1nun evi olmaqla həmçinin onun doğulduğu, böyüdüyü, ailə həyatı qurana qədər yaşadığı və 04 yanvar 2020-ci il tarixdə atası vəfat edənə qədər doğma evi olaraq istifadə etdiyi evdir. O, evin- ailənin kiçik qızı olmağı ilə həmin evin təmiz saxlanmasında və təmir - tikinti işlərində böyük zəhməti olmuşdur. Məgər işin bu halları ona dəlalət etmirmi ki, onun da həmin evdən təbii olaraq - bir övlad kimi öz payı vardır ?! Raziyə , Gülyanaq və o, üç bacı olaraq eyni atanın və eyni ananın övladlarıdırlar. Ataları 1- ci qrup gözdən əlil olmuş, həyatının son illərində isə gözləri ümumiyyətlə heç nə görmürdü. Yalnız hazırkı məhkəmədə ona və bacısı Raziyəyə məlum olmuşdur ki, 10 aprel 2013-cü il tarixdə bacıları Gülyanaq atalarını onlardan gizli şəkildə notariat kontoruna apararaq məzmununu oxuya bilmədiyi halda ona bəxşiş müqaviləsi imzalatdırmışlar. Bəs belə olan halda necə ola bilər ki, notarius həmin müqaviləni təsdiqləyərkən onun və bacısı Raziyənin iştirakını təmin etməmişdir?! Çox güman ki, atalarının üç övladı deyil, yalnız bir övladı olduğu haqda saxta arayış təqdim edərək bu əməliyyatı həyata keçirmişlər. Hesab edir ki, həmin iş qovluğu notariatdan tələb edilərək alınmalı və məhkəmədə araşdırılmalı idi. Hazırkı qətnamədə isə bu vacib məsələyə əsla toxunulmamışdır. Elə bu faktın özü hazırkı qətnamənin qanunsuzluğuna birbaşa dəlalət edir. Hesab edir ki, bəxşiş müqaviləsini təsdiqləyərkən notarius bütün hallarda onun və bacısı Raziyənin razılığını rəsmi qaydada almalı idi, lakin göründüyü kimi belə bir hal olmamışdır. Məhkəmə işin bu hallarını da araşdırmadan hazırkı qətnaməni çıxarmışdır. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, Cavabdeh3 adına verilmiş 04 dekabr 2020-ci il tarixli çıxarışın və bunun verilməsinə əsas olmuş 01 may 2013-cü il tarixli çıxarışın, həmçinin bunun verilməsinə əsas olmuş 10 aprel 2013-cii il tarixli 4Ə-1/426 reyestr nömrəli bağışlama müqaviləsinin qanunsuz hesab edilərək ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəsi gedən evdə və torpaq sahəsində onun da payı vardır. Valideynləri yalnız öz paylarını sata və ya bağışlaya bilər. Halbuki onun da həmin evdə haqqı var. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi əmlak 2013-cü il tarixdə ata və anası tərəfindən ona bağışlanılıb. Hazırda iddiaçının özünə məxsus evi və torpaq sahəsi var. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs Maraqlı şəxs1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, sözügedən torpaq sahəsi və üstündəki ev əvvəllər ona və mərhum əri Sədul Ağabalayevə məxsus olub, sonradan qızları Gülyanağa bağışlayıblar. İddiaçının şikayəti tam əsassızdır, ona görə də təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə digər tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini tərəflərin izhatı ilə birgə hərtərəfli, tam və obyektiv araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: JN-813F nömrəli (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Şəki rayonu Baş Göynük kənd sakinləri X4 və Maraqlı şəxs1 0.33 hektar pay torpaq sahəsi verilmişdir. Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2013-cü il tarixli, 166 nömrəli arayışdan görünür ki, X2 adına Şəki rayonu Baş Göynük kəndində 1976-cı ildə tikilmiş fərdi yaşayış evi və 0.20 ha həyətyanı torpaq sahəsi vardır. Daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə yoxdur. Cavabdeh2 tərəfindən 19 mart 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən, ümumi sahəsi 95.4 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2, fərdi yaşayış evinin yerləşdiyi 0.3275 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət üzrə X4 və Maraqlı şəxs1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki rayon 1 saylı dövlət notariat kontorunda bağlanmış 10 aprel 2013-cü il tarixli, 4Ə-İ/426 reyestr nömrəli bağışlama müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X4 ona məxsus ümumi sahəsi 95.4 kv.m olan fərdi yaşayış evini, X4 və Maraqlı şəxs1 onlara məxsus 0.3275 ha torpaq sahəsini qızları Cavabdeh3 bağışlamışlar. Cavabdeh2 tərəfindən 01 may 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Baş Göynük kəndində ümumi sahəsi 95.4 kv.m olan fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.3275 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh2 tərəfindən 02 dekabr 2020-ci il tarixdə verilmiş texniki pasportdan və 04 dekabr 2020-ci il tarixdə verilmiş **********23-10301 reyestr, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Baş Göynük kəndində ümumi sahəsi 95.4 kv.m olan fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.3275 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. 02 fevral 2021-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx xxxx 1981-ci il tarixdə anadan olmuşdur. 26 sentyabr 1999-cu il tarixdə Balakən rayonu Qazma kənd icra nümayəndəliyi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X5 arasında 16 sentyabr 1999-cu il tarixdə bağlanmış nikah 23 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Sərkərov, arvada Sərkərova soyadı verilmişdir. Şəki regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 yanvar 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 04 yanvar 2020-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində vəfat etmişdir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlakla bağlı ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MMnin 325.1-ci maddəsi). 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 667.1-ci maddəsinə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən mübahisələndirilən 0.33 ha pay torpaq sahəsi Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Şəki rayonu Baş Göynük kənd sakinləri X4 və Maraqlı şəxs1 mülkiyyətinə verilmişdir. Bundan sonra sonuncular öz adlarına 19 mart 2013-cü il tarixli, RX seriyalı, ******* saylı Çıxarış almışlar. Sonradan hər iki mülkiyyətçi özlərinə məxsus əmlak üzərində sərəncam hüquqlarından istifadə edərək torpağı və onun üzərində yerləşən fərdi yaşayış evini 10 aprel 2013-cü il tarixdə, notariat qaydasında təsdiqlənmiş bağışlama müqaviləsi əsasında qızları Cavabdeh3 bağışlamış, şonuncu da həmin bağışlama müqaviləsi əsasında öz adına hüquq müəyyənedici sənəd (çıxarış) almışdır. Hazırda qeyd olunan əmlakın tam mülkiyyətçisi Cavabdeh3dır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.
1. İşin faktiki halınadan görünür ki, mübahisəsi gedən əmlak cavabdehin mülkiyyətinə vərəsəlik qaydasında deyil, bağışlama müqaviləsi əsasında keçmişdir.
2. Məhkəmə kollegiyası iddiaçı tərəfin mübahisələndirdiyi çıxarışların əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. 3.Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Hazırki işdə cavabdehin adına verilmiş Dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquq müəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
4. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya şikayətin 10.04.2013-cü il tarixli, 4Ə-1/26 reyestr nömrəli bağışlama müqaviləsinin qanunsuz hesab edilərək ləğv edilməsi dəlili ilə də razılaşmır. Belə ki, kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının apellyasiya şikayətində mübahisələndirdiyi 10.04.2013-cü il tarixli, 4Ə-1/26 reyestr nömrəli bağışlama müqaviləsinin qanunsuz olması və ləğv edilməsi hazırki iddianın predmeti olmadığından, həmin müqaviləyə hüquqi qiymət verilməsi düzgün deyildir. Çünki bu halda məhkəmə iddia tələbindən kənara çıxmış olur. Mülki Prosessual Məcəllənin 372.3-cü maddəsinin tələbinə görə tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Qanunvericiliyin tələbindən göründüyü kimi apellyasiya qaydasında işə baxıldıqda iddiaçı yalnız iddianın hüquqi əsasını dəyişdirə bilər. İddianın həm predmetinin, həm də əsasının dəyişdirilməsi apellyasiya məhkəməsinə yeni iddianın verilməsi olur. Həmin iddia birinci instansiya baxışının predmeti olmadığı üçün bir qayda olaraq buna yol verilmir. Məhz bu baxımdan MPM-in 372.4-cü maddəsi birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmayan yeni tələblərin qəbul edilməsini qadağan edir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə və yaxud tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Sədül qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(075)-594/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov