Məhkəmə qərarları › İş №2(107)-1245/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1245/2023

14.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1245/2023 14.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “qanunsuz əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməyi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- qanunsuz əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa, maddi hüquq normasının düzgün təfsir edilməməsi, sübutetmə yükü) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “qanunsuz əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməyi barədə” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2 avqust 2023-cü il tarixli, 2(051)- 1403/2023 saylı qətnaməsindən cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayev 15 mart 2023-cü il tarixli 384 №li əmrinin ləğv edilməsi, onun Mingəçevir ŞMX PHŞ-in Dəstək xidmətləri şöbəsinin X1 şöbəsinə təsərrüfat bacısı vəzifəsinə bərpa olunmağı, 400 (dörd yüz) manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və mediasiya xərci olan 50 (əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 11 avqust 1971-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 17 yaşından əmək fəaliyyətinə başlamışdır. 16 avqust 1988-ci ildən Mingəçevir şəhər səhiyyə şöbəsində işləyir. 30 ildən artıqdır xəstəxananın Radiologiya şöbəsində işləyir. Evlidir. Əri birinci qrup gözdən əlildir. Onun himayəsindədir. Ona dövlət tərəfindən baxım pulu verilir. 01 aprel 2012-ci il tarixdən “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin xadiməsi Radiologiya şöbəsinə təsərrüfat bacısı vəzifəsinə təyin edilmişdir. 11 il fasiləsiz bu işdə - Radiologiya şöbəsinin təsərrüfat bacısı işləmişdir. 15 mart 2023-cü il tarixdə xəstəxananın direktor müavini Fuad müəllim, təsərrüfat bacılarının rəhbəri vəzifəsində işləyən Gülşən xanım, xəstəxananın direktor köməkçisi işləyən Aynur adlı şəxsin sifarişi ilə onu dəvət edib kompyuterdə yazılmış ərizəyə imza etməyi tələb etmişlər. O soruşmuş ki, bu nə ərizədir? Dedilər onun yerini dəyişəcəklər. O, isə cavabında bildirmiş ki, o, yerini dəyişmək istəmir. İşini itirməkdən qorxmuşdur. Ona necə təsir etdilərsə, məcbur olub ağlaya-ağlaya yerini dəyişmə barədə ərizəni imzalamışdır. Sonra deyəsən hansısa sənədə imza etdirdilər, xatırlamır. Yadındadır ki, təhvil-təslim aktına imza etməmişdir. Evə gəldikdən sonra özünə gəlmiş, həyat yoldaşı tərəfindən dəstək almış, iradə əleyhinə olan iş yerinin dəyişdirilməsi barədə ərizənin etibarsız sayılması barədə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru tərəfindən müsbət cavab almamışdır. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran regional şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüuqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayev tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 384 №li əmrdən görünür ki, Mingəçevir ŞMX PHŞ-in Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsinin (Radiologiya şöbəsi) təsərrüfat bacısı xx.xx.2023-cü il tarixindən Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsinə (Laboratoriya şöbəsinə) təsərrüfat bacısı vəzifəsinə keçirilsin. Təhvil–təslim mühasibatlıqla aparılasın. Əsas:İşin Keyfiyyətinin yüksəldilməsi. Göründüyü kimi, əsas kimi ərizənin verilməsi deyil, işin keyfiyyətinin yüksəldilməsi qeyd edilmişdir. 30 ildən artıq işlədiyi şöbədə, yetərincə təcrübə qazandığı halda, başqa şöbəyə keçirilməyiylə hansı işin keyfiyyətinin yüksəldilməsindən söhbət gedə bilər. Onunla təhvil-təslim aparılmamışdır. Yeni kollektivə uyğunlaşa bilmir və yeni şöbədə olan avadanlıqların funksiyası ona məlum deyil. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayev 15 mart 2023-cü il tarixli 384 №li əmrində müəssisənin hüquqi ünvanı və işəgötürənin atasının adı göstərilməmişdir. Onun iş yerinin dəyişməsi barədə 15 mart 2023-cü il tarixdə imzaladılmış ərizə, hədə-qorxu və zor tətbiq edilmə hədəsi ilə, iradə əleyhinə olan ərizədir, həmin ərizənin də etibarsız sayılması barədə ərizə ilə vaxtında müraciət etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayevin 15 mart 2023-cü il tarixli 384 №li əmri əsassız və qanunsuzdur, ona görə də ləğv olunmalı və o əvvəlki işinə bərpa olunmalıdır. Ona görə də məhkəmədən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayev 15 mart 2023-cü il tarixli 384 №li əmrinin ləğv edilməsi, onun Mingəçevir ŞMX PHŞ-in Dəstək xidmətləri şöbəsinin X1 şöbəsinə təsərrüfat bacısı vəzifəsinə bərpa olunmağı, 400 (dörd yüz) manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və mediasiya xərci olan 50 (əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 2 avqust 2023-cü il tarixli, 2(051)-1403/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayevin 15 mart 2023-cü il tarixli 384 №li əmrinin ləğv edilməsi, İddiaçı Mingəçevir ŞMX PHŞ-nin Dəstək xidmətləri şöbəsinin X1 şöbəsinə təsərrüfat bacısı işinə bərpa edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşçi işəgötürən tərəfindən iddiaçının iradəsinə zidd olaraq, onun razılığı olmadan başqa işə keçirilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı başqa işə keçirərkən ona təsir (hədə-qorxu) nəticəsində, iradəsinə zidd olaraq onun başqa işə keçirilməsi barədə ərizəsi alınmışdır. İş materiallarından da görünür ki, İddiaçı ərizə yazdığı vaxtdan bir neçə gün, yəni 14 gün keçdikdən sonra həmin ərizənin etibarsız sayılması barədə işə götürənə ərizə ilə müraciət etmişdir. İşə götürən tərfindən onun ərizəsinə rədd cavabı verildikdən sonra İddiaçı onun hüquqları pozulduğu üçün 30 mart 2023-cü il tarixdə, 10 may 2023-cü il tarixdə və 07 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası TƏBİB Publik Hüquqi şəxsə və 07 aprel 2023-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran regional şöbəsinə bu barədə şikayət emişdir. Həmçinin iddiaçı iddia edir ki, onun başqa işə keçirilməsinə dair ərizəsi ona hədə qorxu gələrək məcburən hazır ərizəyə imza etdirilmişdir. Məhkəmə həmin yerdə video çəkilişlərin aparılmasını müəyyən etmiş və həmin faktı tam araşdırılması üçün məhkəmə, məhkəmə baxışında öz təşəbbüsü və iddiaçının vəkilinin vəsatəti əsasında “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsinə ərizənin yazıldığı yerin video görüntülərini məhkəməyə təqdim edilməsini tələb etsə də xəstəxanın nümayəndəsi həmin görüntünün video çəkilişini məhkəməyə təqdim etməmişdir. Bunqdan başqa da əmək müqaviləsinə əlavəni məhkəmə tələb etsə də müqavilə məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İşçi işəgötürən tərəfindən onun iradəsinə zidd olaraq, onun razılığı olmadan başqa işə keçirilmişdir. Belə ki, İddiaçı başqa işə keçirərkən ona təsir (hədə-qorxu) nəticəsində, iradəsinə zidd olaraq onun başqa işə keçirilməsi barədə ərizəsi alınmışdır. İş materiallarından da görünür ki, İddiaçı ərizə yazdığı vaxtdan bir neçə gün, yəni 14 gün keçdikdən sonra həmin ərizənin etibarsız sayılması barədə işə götürənə ərizə ilə müraciət etmişdir. İşəgötürən tərfindən onun ərizəsinə rədd cavabı verildikdən sonra İddiaçı onun hüquqları pozulduğu üçün 30 mart 2023-cü il tarixdə, 10 may 2023-cü il tarixdə və 07 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası TƏBİB Publik Hüquqi şəxsə və 07 aprel 2023-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran regional şöbəsinə bu barədə şikayət emişdir. Həmçinin iddiaçı iddia edir ki, onun başqa işə keçirilməsinə dair ərizəsi ona hədə qorxu gələrək məcburən hazır ərizəyə imza etdirilmişdir. Məhkəmə həmin yerdə video çəkilişlərin aparılmasını müəyyən etmiş və həmin faktı tam araşdırılması üçün məhkəmə, məhkəmə baxışında öz təşəbbüsü və idiaçının vəkilinin vəsatəti əsasında “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsinə ərizənin yazıldığı yerin video görüntülərini məhkəməyə təqdim edilməsini tələb etsə də xəstəxanın nümayəndəsi həmin görüntünün video çəkilişini məhkəməyə təqdim etməmişdir. Bundan başqa da əmək müqaviləsinə əlavəni məhkəmə tələb etsə də müqavilə məhkəməyə təqdim edilməmişdir. Əgər işçi onun başqa işə keçirilməsinə razılaşmış olsaydı, onun tərəfindən ərizənin etibarsız sayılmasını tələb etməzdi və aidiyyatı orqanlara bu barədə şikayətlər etməzdi. Həmçinin, məhkəmə qeyd edir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq, onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-səracamverici səlahiyyətlərə malik olur. Bütün bunlar ona əsas verir ki, İddiaçı iş yerini itirməkdən ehtiyat etdiyi üçün onun iradəsinə zidd olaraq yeni əmək müqaviləsi bağlamağa məcbur edilərək başqa işə keçirilmişdir. Bu hal isə qanunvericliklə qadağan olunan haldır. Bundan başqa işəgötürən tərəfindən işçinin başqa işə keçirilməsi və bu barədə əmək müqaviləsinin bağlanılması zamanı Əmək qanunvericiliyinin qaydalarına mütləq əməl edilməli olduğu halda bunu etməmişdir. Belə ki, İddiaçı başqa işə keçirilməsi zamanı Əmək Məcəlləsi ilə təsbit edilmiş əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar araşdırılmamış, İddiaçı öhdəsində 1-ci qrup əlil olan ərinin olmasını və ailədə yeganə gəlir gətirən və 1-ci qrup əlil ərinə yeganə baxan şəxs olmasını və yeni iş rejiminin və əmək şəraitinin həmin hallara təsirinin olması nəzərə alınmamışdır. Bundan əlavə İddiaçı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin xadiməsi Radiologiya şöbəsinə təsərrüfat bacısı vəzifəsində 11 il fasiləsiz işləməsi nəzərə alınmamışdır. Bundan başqa işə götürən tərəfindən İddiaçı başqa işə keçirilməsinə dair X11 15 mart 2023-cü il tarixli 384 nömrəli əmri Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun qaydada verilməmişdir. Belə ki, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayev 15 mart 2023-cü il tarixli 384 №li əmrində müəssisənin hüquqi ünvanı və işəgötürənin atasının adı göstərilməmişdir. Bu da Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə görə həmin əmrin etibarsız hesab edlməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi bu normaların tələbindən çıxış edərək belə nəticəyə gəlir ki, İddiaçı Əmək Məcəlləsinin tələblərinə zidd, onun iradəsi əleyhinə olaraq başqa işə keçirilmişdir. Odur ki, iddia tələbi əmrin ləğv edilməsi və əvvəlki işə bərpa olunma hissəsində əsaslıdır və təmin edilməlidr. İddia tələbinə 400 manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun cavabdehdən alınması hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Odur ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayevin 15 mart 2023-cü il tarixli 384 №li əmri ləğv edilməli və Zamanova X4 ŞMX PHŞ-nin Dəstək xidmətləri şöbəsinin X1 şöbəsinə təsərrüfat bacısı işinə bərpa edilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 14, 42, 59, 69, 12, 82, 79 və 84-cü maddəsi, İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələri, «İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt»ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndi, «Avropa Sosial Xartiyası»nın 1-ci hissəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6, 107, 108.1 və 115-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1403/2023 saylı qətnaməsinin iddia tələbini qismən təmin edilmiş, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayevin xx.xx.2023-cü il tarixli 384 nömrəli əmri ləğv edilmiş, Zamanova X4 ŞMX PHŞ-in Dəstək xidmətləri şöbəsinin X1 şöbəsinə təsərrüfat bacısı işinə bərpa edilməsi qət edilmişdir. Məhkəmə işin hallarını yetərincə aydınlaşdırmamış, təqdim edilmiş sübutlara obyektiv olaraq qiymət verməmiş, sübutları tam və təfsilatı ilə araşdırmamış, iddiaya qeyri-obyektiv qiymət vermişdir. İddia tələbi qanunsuz və əsassızdır. Məhkəmə iddiaya baxarkən əmək qanunvericiliyinin tələblərini açıq-aşkar pozmuşdur. Müəssisə rəhbərliyi tərəfindən daxili nizam intizamı təmin etmək, müəssisədə neqativ halları və özbaşınalığı aradan qaldırmaq, səhiyyənin səviyyəsini artırmaq baş verən hərc-mərcliyi tamamilə götürmək üçün işçilərin əvvəlki iş yeri və əmək haqqı qorunmaqla tədbirlər aparılmışdır. Təsərrüfat bacısı vəzifəsi mühüm bir vəzifə deyil. Əvvəlki təmizlənmə yerindən az, aldığı əmək haqqından aşağı olmamaqla şəxsə iş yeri verilib. İşlədiyi yerin nüfuzuna xələl gətirərək növbədə olan insanlara hörmətsizlik edilərək arxa qapıdan müəyyən xərc müqabilində növbəsiz şəxsləri Radiologiya şöbəsinə keçirərək həm şəxsi mənfəət əldə etmiş, həm də səhiyyənin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. İddiaçı xx.xx.1988-ci ildən Mingəçevir şəhər X5 Hüquqi şəxsdə işə qəbul olunmuşdur. İddiaçı ilə Mingəçevir şəhər X5 Hüquqi şəxsin direktoru arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin “Dəstək xidmətləri şöbəsinə təsərrüfat bacısı (Radiologiya şöbəsinə) vəzifəsinə təyin olunmuşdur. İddiaçı hazırki vaxtda da “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X10 təsərrüfat bacısı vəzifəsində işləyir. Mingəçevir şəhər X5 Hüquqi Şəxsin direktorunun xx.xx.2023-cü il tarixli, 384 nömrəli əmri ilə İddiaçı “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin “Dəstək xidmətləri şöbəsinə təsərrüfat bölməsinin (Radiologiya şöbəsi) təsərrüfat bacısı xx.xx.2023-cü il tarixdən etibarən Dəstəx xidmətləri şöbəsinin Təsərrüfat bölməsinə (laboratiya şöbəsi) təsərrüfat bacısı vəzifəsinə keçirilmişdir. Bundan başqa onu da qeyd edirlər ki, təsərrüfat bacısı ştatı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının ştat cədvəlinə Dəstək xidmətləri şöbəsinin təsərrüfat bölməsində nəzərdə tutulmuşdur. Təsərrüfat bacısı müəssisə rəhbərinin əmrinə əsasən xəstəxananın tərkibində olan şöbələrə təhkim olunurlar. Onların işini daha da yaxşılaşdırmaq və nəzarəti artırmaq məqsədilə Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri gözlənilməklə əmək şəraiti və əmək haqqı dəyişməmək şərti ilə xəstəxana daxilində xəstəxananın bütün təsərrüfat bacısının təhkim olunduğu şöbələr qarşılıqlı şəkildə dəyişdirilir. O cümlədən, İddiaçı da xx.xx.2023-cü il tarixdə Radiologiya şöbəsindən təhkimliyi ləğv olunaraq Laboratoriya şöbəsinə təhkim olunmuşdur. Həmin vaxt İddiaçı əmək haqqı və əmək şəraitində heç bir dəyişiklik olmamışdır. Bununla bağlı bildirmişlər ki, Mingəçevir şəhər X5 Hüquqi şəxs tərəfindən 2023-cü ilin fevral ayının 7də keçirilmiş iclas zamanı İddiaçı işlədiyi Radiologiya şöbəsindən başqa şöbəyə təhkim olunacağı barədə qabaqcadan məlumat verilmişdir. İddiaçı bununla razılaşmış və heç bir şikayətinin olmadığını bildirmişdir. Ümumiyyətlə, xəstəxanada 23 tibb bacısının 19 nəfəri müvafiq əmrlərlə başqa şöbələrə təhkim, rotasiya olmuşlar. Bundan başqa İddiaçı iddia ərizəsində ona hədə-qorxu və zor tətbiq edilmə hədəsi ilə təzyiq göstərildiyini və buna görə də ərizəyə imza etdiyini qeyd etmişdir. Bununla bağlı bildirmişlər ki, iddiaçıya əgər hər-hansı bir təzyiq göstərilsəydi, o bununla bağlı ən azından hüquq mühafizə orqanlarına müraciət edə bilərdi. Lakin iddiaçı bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Buradan da görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri, qeyri-rəsmi və qəbul edilməzdir. Belə olan halda Mingəçevir şəhər X5 Hüquqi şəxsin direktorunun xx.xx.2023-cü il tarixli, 384 nömrəli əmri tam qanuni və əsaslıdır. İşəgötürən ilə iddiaçının arasında bağlanmış əmək müqaviləsinə 6 saylı əlavə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildiriş həmin elektron informasiya sistemində qeydiyyata alınmış və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilmişdir. Göründüyü kimi işəgötürən qanunvericiliyin bütün tələblərinə riayət etməklə xx.xx.2023-cü il tarixli, 384 nömrəli əmri qəbul etmişdir. Məhkəmə qətnamənin əsasını təşkil edən sübutları ortaya qoya bilməmişdir. Əsassız qaydada əmri ləğv edərək müəssisənin nüfuzunu salan qərar qəbul etmişdir. Halbuki bu şəxsin etdikləri ilə bağlı normal hal onun işdən çıxarılması olduğu halda işçinin radiologiyadan labarotoriyaya eyni işi görməyə təhkim edilməsi məhkəmə tərəfindən qanunsuzluq hesab edilmişdir. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1403/2023 saylı qətnaməsi iddia tələbinin qismən təmin edilmiş hissəsində ləğv edilməsini və iş üzrə yeni məhkəmə qətnaməsinin çıxarılaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı nümayəndəsi, həmçini vəkili Vəkil1 məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1403/2023 saylı 02 avqust 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti əsassızdır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəssisə rəhbərliyi tərəfindən daxili iltizam qaydalarını təmin etmək, müəssisədə neqativ halları və özbaşınalıqları aradan qaldırmaq, səhiyyənin səviyyəsini atırmaq, baş verən hərc mərcliyi tamamilə götürmək üçün işçilərin əvvəlki iş yeri və əmək haqqı qorunmaqla tədbirlər aparılmışdır. Təssərüfat bacısı vəzifəsi mühüm bir vəzifə deyil. Əvvəlki təmizlənmə yerindən az, aldığı əmək haqqından aşağı olmamaqla şəxsə iş yeri verilib. İşlədiyi yerin nüfuzuna xələl gətirərək növbədə olan insanlara hörmətsizlik edilərək arxa qapıdan müəyyən xərc müqabilində növbəsiz şəxsləri Radiologiya şöbəsinə keçirərək həm şəxsi mənfəət əldə etmiş, həm də səhiyyənin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. İddiaçı nə əmək haqqında nə də əmək şəraitində əvvəlki işinin həcminə münasibətdə artıq yüklənmə olmamışdır. Cavabdehin birinci əsassız fikri: işlədiyi yerin nüfuzuna xələl gətirərək növbədə olan insanlara hörmətsizlik edilərək arxa qapıdan müəyyən xərc müqabilində növbəsiz şəxsləri Radiologiya şöbəsinə keçirərək həm şəxsi mənfəət əldə etmiş, həm də səhiyyənin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. Əgər həqiqətən o, iş fəaliyyətində belə nöqsanlara yol vermişsə, onu başqa işə keçirmək deyil, işdən çıxarmaq lazım idi (əmrdə göstərilmişdir ki, işin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə). Bu fikri cavabdeh sübut etməlidir. Cavabdehin ikinci əsassız fikri: Bu adam xadimədir. Səhiyyədə xadimə ştat vahidi yoxdur. O, təsərrüfat bacısıdır. Cavabdehin üçüncü əsassız fikri: Radiologiya şöbəsindən Laboratoriya şöbəsinə keçirmişdir. Orada təmizləmə işlərinin laborotoriya şöbəsində davam etdirməsini istəmişdir. Cavabdeh bu fikri ilə sübut edir ki, hər şey onun istəyi ilə olmalıdır. Demək iddiaçının iradəsi əleyhinə onu əvvəlki işindən ayırıb, başqa işə keçirmişdir. Cavabdehin dördüncü əsassız fikri: İddiaçı nə əmək haqqında nə də əmək şəraitində əvvəlki işinin həcminə münasibətdə artıq yüklənmə olmamışdır. Şöbələrin adından məlum olur ki, fərqli funksiyaları həyata keçirirlər. Radiologiya şöbəsi- USM Rentgen, MRT, KT, Flyoroqrafiya aparatlarından ibarətdir. İş saatı 5 saat 30 dəqiqədir. Labatoriya şöbəsi-Biokimya, Bioloji mayelər, Hemotologiya, Sidik testi və Mikroskopiya, Hormonlar və Onko markerlər, İmmunoloji- Sereloji analizlər (siyahını əlavə edirəm). Göründüyü kimi laboratoriyada müxtəlif daxili xəstəliklərin, ifrazat orqanlarının analizləri aparılır. İş saatı isə 6 saatdır. Mingəçevir şəhər X3 tərəfindən verilmiş 560 saylı arayışdan görünür ki, o, xx.xx.2021-ci il tarixdən “Şəkərli diabeti, İİ tip, insulin tələbli xəstə olaraq uçotdadır. O, şəkər xəstəsi olduğu üçün labotoriyada olan analizlərin qoxusu onun xəstəliyinə çox mənfi təsir etmişdir. Onun səhhətinin ağırlaşması, himayəsində olan birinci qrup əlil əri Zabit Zamanovun baxımından, qulluğundan məhrum olunmağına səbəb olacaqdır. Odur ki, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1403/2023 saylı 02 avqust 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçini vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək Mingəçevir Şəhər Məhkəməsinin 2 avqust 2023-cü il tarixli, 2(051)-1403/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin vəkili Nümayəndə məhkəmə kollegiyasına ərizə göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və başqa tarixə təxir olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin vəkili Nümayəndə xəstə olması ilə bağlı məhkəmə kollegiyasına heç bir sübüt növü təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən ki, məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinin tələbinə görə işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəinin tələbinə görə Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 82-ci maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1403/2023 saylı qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iş üzrə yeni məhkəmə qətnaməsinin çıxarılaraq iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 2 avqust 2023-cü il tarixli, 2(051)-1403/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə, yəni iddianın təmin edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq yuxarıdakı kimi təmin etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 2 avqust 2023-cü il tarixli, 2(051)-1403/2023 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı, iddia tələbi isə əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı işəgötürən tərəfindən onun iradəsinə zidd olaraq, onun razılığı olmadan başqa işə keçirilmişdir. Belə ki, İddiaçı başqa işə keçirərkən ona təsir (hədə-qorxu) nəticəsində, iradəsinə zidd olaraq onun başqa işə keçirilməsi barədə ərizəsi alınmışdır. İş materiallarından da görünür ki, İddiaçı ərizə yazdığı vaxtdan bir neçə gün, yəni 14 gün keçdikdən sonra həmin ərizənin etibarsız sayılması barədə işəgötürənə ərizə ilə müraciət etmişdir. İşəgötürən tərəfindən onun ərizəsinə rədd cavabı verildikdən sonra İddiaçı onun hüquqları pozulduğu üçün 30 mart 2023-cü il tarixdə, 10 may 2023-cü il tarixdə və 07 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası TƏBİB Publik Hüquqi şəxsə və 07 aprel 2023-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran regional şöbəsinə bu barədə şikayət emişdir. Həmçinin iddiaçı iddia edir ki, onun başqa işə keçirilməsinə dair ərizəsi ona hədə qorxu gələrək məcburən hazır ərizəyə imza etdirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf iş yerinin dəyişdirilməsi barədə ərizənin təzyiq əsasında yazdığına dair göstərdikləri iş materialları ilə təkzib edilir. İş materiallarında olan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 7 fevral 2023-cü il tarixli növbədənkənar iclas protokolundan görünür ki, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin təsərüffat bölməsinin təsərrüfat bacılarının işinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə şöbə və bölmələrin dəyişdirilməsi məsələsi gündəliyə çıxarılmışdır. “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayev bütün təsərrüfat bacılarının rotasiya olunması ilə bağlı ətraflı məlumat vermiş, çıxışında isə xəstəxanada işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə AR Əmək Məcəlləsini rəhbər tutaraq işçilər arasında yer dəyişmələrin baş tutacağını bildirmişdir. Həmin yer dəyişmələrin ilk növbədə xəstəxananın təsərrüfat bölməsinin təsərrüfat bacıları arasında başlanacağını qeyd etmişdir. Həmçinin bu dəyişikliklər işçilərin əmək haqqına, əmək funksiyasına və əmək şəraitinə təsir etməyəcəyini bildirmişdir. Sonda bütün təsərrüfat bacılarından bu qərarla bağlı hər hansı bir narazılıqlarının olub-olmaması barədə soruşmuş, cavablarında isə bütün təsərrüfat bacıları yekdil olaraq qərardan narazı olmadıqlarını bildirmişdirlər. Bundan sonra 15 mart 2023-cü il tarixli əmək müqaviləsinin 6 nömrəli əlavəsindən görünür ki, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru X6 və işçi İddiaçı aralarında olan 16 avqust 1988-ci il tarixli 129 saylı Əmək Müqaviləsinə əsasən müvafiq bəndlər üzrə dəyişiklik edilməsi barədə razılıq əldə olunmuş və İddiaçı “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin dəstək xidmətləri şöbəsinin təsərrüfat bölməsinə (laborotoriya şöbəsi) təsərrüfat bacısı vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 15 mart 2023-cü il tarixli əmək müqavilsinin 6 nömrəli əlavəsini 15 mart 2023-cü il tarixdə imzalamışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, İddiaçı “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 15 mart 2023-cü il tarixli 384 nömrəli Əmri ilə 15 mart 2023-cü il tarixindən etibarən dəstək xidmətləri şöbəsinin təsərrüfat bölməsinə (laborotoriya şöbəsi) təsərrüfat bacısı vəzifəsinə keçirilmişdir və İddiaçı həmin əmri 15 mart 2023-cü il tarixində imzalayaraq tanış olmuşdur. Kollegiyanın qənaətinə görə iddiaçının ona hədə-qorxu gəlməklə iş yerinin dəyişdirilməsi üçün ərizə yazdırılması barədə iddiasının heç bir əsası yoxdur. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşan kollegiya qeyd edir ki, işçinin özünün müəyyən etdiyi xəbərdarlıq müddəti bir gün təşkil etmişdir. İlkin ərizəsinin etibarsız hesab edilməsinə dair təkrar ərizəsi isə məhz həmin müddət daxilində işə götürənə təqdim edilə bilərdi. Lakin işin halları ilə müəyyən olunduğu kimi iddiaçı ərizəsi əsasında müəyyən etdiyi vaxtda tutduğu vəzifədən azad olunduqdan sonra, yəni xx.xx.2022-ci il tarixdə əvvəlki ərizəsinin etibarsız hesab edilməsinə dair yeni ərizə vermişdir. İşəgötürənin həmin ərizəni nəzərə almaq imkanında olması artıq mümkünsüz olmuş, bununla bağlı əsasları olmamışdır. Bu halda ərizə müəyyən olunmuş müddətlər daxilində verilmədiyi üçün həmin ərizənin əhəmiyyəti olmamışdır. Nəzərə alınmalı idi ki, həmin ərizə məhz xəbərdarlıq müddəti üçün əhəmiyyətli olan haldır. Bu müddətin bitməsində və artıq işçi (ərizəsində göstərdiyi gün) tutduğu vəzifədən azad edildiyi halında həmin əsasın işçinin işə bərpa edilməsi əsaslardan biri kimi qəbul olunması yolverilməzdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin bu hissə üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, həmin hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Daha sonra birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilatisəracam verici səlahiyyətlərə malik olur. Bütün bunlar ona əsas verir ki, İddiaçı iş yerini itirməkdən ehtiyat etdiyi üçün onun iradəsinə zidd olaraq yeni əmək müqaviləsi bağlamağa məcbur edilərək başqa işə keçirilmişdir. Bu hal isə qanunvericliklə qadağan olunan haldır. Kollegiya birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə də razılaşmır. İş materialları və işəgötürənin əmrindən də görünür ki, iddiaçının bir şöbədən digər şöbəyə keçirilməsi onun alacağı əmək haqqına heç bir təsir göstərməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçıya ərizəni məcburən yazdırmışlarsa və onun məzmunundan bixəbər imzalamışsa, nədən əmək müqaviləsinə olan əlavəni imzalamaqdan imtina etməmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi əsassız, apelyasiya şikayəti isə əsaslıdır. Bundan başqa birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, İddiaçı başqa işə keçirilməsi zamanı Əmək Məcəlləsi ilə təsbit edilmiş əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar araşdırılmamış, İddiaçı öhdəsində 1-ci qrup əlil olan ərinin olmasını və ailədə yeganə gəlir gətirən və 1-ci qrup əlil ərinə yeganə baxan şəxs olmasını və yeni iş rejiminin və əmək şəraitinin həmin hallara təsirinin olması nəzərə alınmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin bu yanaşması ilə də razı deyildir. Belə ki, İddiaçı öhdəsində 1-ci qrup əlil olan ərinin olması və ailədə yeganə gəlir gətirən və 1-ci qrup əlil ərinə yeganə baxan şəxs olması işçi ilə işəgötürən arasında yeni əmək müqaviləsinin imzalanmasını qadağan edilən hallar kimi Əmək qanunvericiliyində nəzərdə tutulmamışdır. Daha sonra birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, işə götürən tərəfindən İddiaçı başqa işə keçirilməsinə dair X12 15 mart 2023-cü il tarixli 384 nömrəli əmri Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun qaydada verilməmişdir. Belə ki, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayev 15 mart 2023-cü il tarixli 384 №li əmrində müəssisənin hüquqi ünvanı və işəgötürənin atasının adı göstərilməmişdir. Bu da Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə görə həmin əmrin etibarsız hesab edlməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin X12 15 mart 2023-cü il tarixli 384 nömrəli əmrinin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun olmaması barədə gəldiyi nəticə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsində Əmək müqaviləsinin ləğv edilməsindən bəhs edilir. Hazırkı mübahisələndirilən əmr isə iş yerinin dəyişdirilməsi barədə olmuşdur. Eyni zamanda kollegiya qeyd edir ki, həmin əmr 15 mart 2023-cü il tarixli əmək müqavilsinin 6 nömrəli əlavəsi əsasında imzalanmışdır. “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru X6 və işçi İddiaçı aralarında olan 16 avqust 1988-ci il tarixli 129 saylı Əmək Müqaviləsinə əsasən müvafiq bəndlər üzrə dəyişiklik edilməsi barədə razılıq əldə olunmuş və İddiaçı “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin dəstək xidmətləri şöbəsinin təsərrüfat bölməsinə (laborotoriya şöbəsi) təsərrüfat bacısı vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 15 mart 2023-cü il tarixli əmək müqavilsinin 6 nömrəli əlavəsini 15 mart 2023-cü il tarixdə imzalamışdır. Ona görə də kollegiya hesab edir ki, 15 mart 2023-cü il tarixli 384 №li əmrdə müəssisənin hüquqi ünvanı və işəgötürənin atasının adının göstərilməməsi həmin əmrin etibarsız hesab edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla dəyişikliklər edilmiş, digər sözlə ifadə edildikdə, cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin mübahisələndirilən hissədə ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Beləliklə kollegiya hesab edir ki, instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə, yəni iddianın təmin edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq yuxarıdakı kimi təmin etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 2 avqust 2023-cü il tarixli, 2(051)-1403/2023 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2 avqust 2023-cü il tarixli, 2(051)-1403/2023 saylı qətnaməsi qismən yəni iddianın təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayevin 15 mart 2023-cü il tarixli 384 №li əmrinin ləğv edilməsi, İddiaçı Mingəçevir ŞMX PHŞ-nin Dəstək xidmətləri şöbəsinin X1 şöbəsinə təsərrüfat bacısı işinə bərpa edilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar