Məhkəmə qərarları › İş №2(107)-1330/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1330/2023

05.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1330/2023 05.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlundan və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinə küçürülmə” tələbinə dair mülki işi üzrə Yevlax Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tаrixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, Yevlax rayonu, Qoyunbinəsi kəndində(Yeni qaydalarla: Yevlax şəhəri Qoyunbinəsi kəndi, Nizami Gəncəvi küçəsi 144) yerləşən 0,27 ha torpaq sahəsində və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 63.9 kv.m fərdi yaşayış evində hazırki iş üzrə iddiaçıların - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və hazırki iş üzrə üçüncü şəxs - X3 1/5 hissədə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə 12 aprel 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyesrindən çıxarış əsasında iddiaçıların birgə mülkiyyətində olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0,27 ha torpaq sahənindən və 63,90 kv.m fərdi yaşayış evindən çıxarılması; iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətlərində olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 63,90 kv.m fərdi yaşayış evinə köçürülməsi; həmin torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçıların istifadə və sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, mülkiyyətlərində olan yaşayış sahəsindən sərbəst qaydada istifadə edə bilmirlər. Belə ki, həmin ev iddiaçılara mərhum ataları X4 miras qalmışdır. Musa Kərimov 1994-cü ildə vəfat etmiş və həmin vaxtdan iddiaçılar Cavabdeh öz ailəsi ilə birlikdə mübahisəli yaşayış sahəsində yaşamasına icazə vermişlər. Lakin Cavabdeh həmin evdən təyinatı üzrə istifadə etməmiş, evin həyətində narkotik vasitələr əkib-becərmiş və buna görə Yevlax Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Cavabdehin anası Əfruz Səfərova notariat orqanına ərizə verməklə mübahisəli yaşayış evinin yeganə vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi almışdır. Bununla da onun məqsədi əmlakı tamamilə ələ keçirmək olmuşdur. Halbuki iddiaçılar Cavabdeh özünə ev alana kimi mübahisəli yaşayış sahəsində müvəqqəti yaşayacağını düşündükləri üçün onun oraya köçüb yaşamasına icazə vermişlər. Hazırda iddiaçılar öz ata-baba yurdları olan yaşayış sahəsindən sərbəst şəkildə istifadə etmək, ora köçüb yaşamaq, ona faktiki sahibliyi həyata keçirmək və ya lazım olduqda ondan fayda götürmək niyyətindədirlər. Cavabdeh isə öz ailəsi ilə birlikdə həmin evdə yaşamaqla iddiaçıların öz mülkiyyət hüquqlarını həyata keçirməyə mane olur. Yevlax Rayon Məhkəməsinin 04 iyul 2023-cü tarixli qərardadı ilə X6 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs(maraqlı şəxs) qismində cəlb edilmişdir. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)- 1886/2023 nömrəli iş üzrə qəbul etdiyi 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Əlizadə) iddia tələbinin qismən təmin edilməsi, 12 aprel 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçıların birgə mülkiyyətində olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 63,90 kv.m fərdi yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi işin müəyyən edilmiş hallarına əsaslanaraq belə qənaətə gəlmişdir ki, mübahisəli evin mülkiyyətçilərindən bir olan X6 Cavabdeh anasıdır. Ev və torpaq sahəsi naturada bölünməmişdir. Cavabdehin X3 ailə üzvü kimi həmin evdə yaşamaq hüququ vardır. X6 həmin evdə və torpaq sahəsində olan payından cavabdehin istifadə etməsinə razılıq vermişdir. Ona görə də iddia tələbinin cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxarılması hissəsi təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçıların evdə payı olduğundan, yəni mülkiyyətçi olduqlarında iddia tələbinin iddiaçıların həmin evə köçürülməsi hissəsi təmin edilməlidir. İddia tələbinin torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçıların istifadə və sahibliyinə qaytarılması hissəsində məhkəmə qeyd etmişdir ki, iddiaçıların evə köçürülməsi təmin edildiyindən, onların həmin evə köçərək istifadə və sahiblik etmək imkanları olduğundan iddia tələbi bu hissədə təmin edilməməlidir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,152.5, 157.2, 157.4, 228.2, 228.5, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 191.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı1 apellyasiya şikayəti verərək həmin qətnamənin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, cavabdehin ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0,27 ha torpaq sahəsindən və 63,90 kv.m fərdi yaşayış evindən çıxarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Mülki Məcəllənin 262-ci maddəsində servituta xitam verilməsi əsasları göstərilib. Mülki Məcəllənin 262.2 və 262.3-cü maddəsinə görə yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Fiziki və ya hüquqi şəxsə mənsub daşınmaz əşya servitutla yüklü olma nəticəsində öz təyinatına uyğun istifadə edilə bilmədikdə mülkiyyətçi servituta xitam verilməsini məhkəmə yolu ilə tələb edə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarına görə Mülki Məcəllənin 228-ci maddəsində göstərilən hüquq servitutdur. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Hazırki iş üzrə məhkəmə Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad edərək Cavabdeh yaşayış sahəsindən istifadə hüququ olduğunu bildirməklə onun yaşayış sahəsindən çıxarılması üçün əsas olmadığını bildirmişdir. Lakin yuxarıda göstərilən maddi hüquq normalarından göründüyü kimi Cavabdeh öz ailə üzvləri ilə birlikdə mübahisəli yaşayış sahəsində yaşaması servitut münasibətləri olub və hal-hazırda servituta xitam verilməsi üçün əsaslar var. Belə ki, Cavabdeh özünün də məhkəmədə etiraf etdiyi kimi və iş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmündən görünür ki, Cavabdeh həmin evdən təyinatı üzrə istifadə etməmiş, evin həyətində narkotik vasitələr əkib-becərmişdir. Bu da onun həmin mənzildən təyinatı üzrə istifadə etməməsi anlamına gəlmək üçün əsasdır. Bundan əlavə, servitut üçün verilmiş əsas da aradan qalxmışdır. Belə ki, həmin ev iddiaçılar tərəfindən Cavabdeh öz ailəsi ilə birlikdə yaşamağa icazə verilən zaman hazırki məhkəmə mübahisələri yox idi. Hal-hazırda isə iddiaçılar özləri həmin evdə yaşamaq istəyirlər. Belə olan halda isə Cavabdeh öz ailə üzvləri ilə birlikdə həmin evdə yaşaması üçün əsas aradan qalxmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayətini müdafiə etdiklərini və cavabdehin mübahisəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, 2016-cı ildən mübahisəli evdə yaşayır və həmin evin təmiri üçün pul xərcləyib. O, iddiaçıların evə köçməsinə etiraz etmir, amma ona qarşı irəli sürülmüş tələb əsassızdır. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi X2 izahatında bildirmişdir ki, təmsil etdiyi şəxs cavabdehin mübahisəli mənzildə yaşamasına etiraz etmir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, qətnamə ilə iddia qismən təmin olunsa da, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və cavabdeh qətnaməni mübahisələndirməmişlər. Qətnamədən narazı qalaraq apellyasiya şikayəti verən İddiaçı1 qətnamənin iddianın təmin edilməyən - cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması hissəsində ləğv edilərək, həmin tələbinin təmin edilməsi xahiş etmişdir. Göstərilənlərə əsasən Məhkəmə birinci instansiyası məhkəməsinin qətnaməsini yalınz mübahisələndirilən hissədə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur. Belə ki, işdə olan sənədlərə və işdə iştirak edən şəxslərin məhkəmələrə bildirdiklərində əsasən işin halı kimi müəyyən olunur ki, iş üzrə iddiaçılar cavabdehin xalaları, maraqlı şəxs Əfruz Səfərova isə anasıdır. Mübahisəli ev və evin yerləşdiyi torpaq sahəsi iddiaçılar və iş üzrə maraqlı şəxs Əfruz Səfərovanın atası Musa Kərimova məxsus olmuşdur. Musa Kərimov 2016-cı ildə vəfat etdikdən sonra hər iki miras əmlak vərəsəlik qaydasında iddiaçılar və maraqlı şəxsə keçmiş, 2023-cü ildə əmlaklar üzərində 1/5 hissədə onların paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçılar və maraqlı şəxs Əfruz Səfərovanın paylı mülkiyyətində olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi mülkiyyətçilər arasında naturada bölünməmişdir. İşin halı kimi həmçinin müəyyən edilir ki, Cavabdeh ailə üzvləri ilə birlikdə 2016-cı ildən mübahisəli evdə yaşayır və onun həmin evdə yaşamasına məhz evin paylı mülkiyyətçiləri olan iddiaçılar və maraqlı şəxs Əfruz Səfərova icazə vermişlər. Hazırda iddiaçılar cavabdehin ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmasını tələb etsələr də, maraqlı şəxs Əfruz Səfərova əvvəlki mövqeyini dəyişməmişdir, o, hazırda da övladı olan cavabdehin ailəsi ilə birgə həmin evdə yaşamasına razıdır. Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-nin 217.2-ci maddəsinin tələbini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə” dair xx.xx.2001-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyini, iş üzrə tərəflər arasında mübahisənin 2016-cı ildə yaranmasını nəzərə alaraq hesab edir ki, mübahisə Mülki Məcəllənin 228-ci maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə” dair xx.xx.2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsinə görə əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi halında ona xitam verilməsinin şərtləri qanunvericilikdə müəyyən olunmamışdır. Mülki Məcəllənin 228.2-ci maddəsinin ikinci cümləsinin mənasına görə isə bu hüquqa xitam verilməsi kompensasiya verilməklə mümkündür. Ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu, yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə yuxarıda göstərilən normaların tələblərini, habelə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmiş mövqeyi nəzərə alıb, belə qənaətə gəlir ki, Cavabdeh 2016-cı ildən mübahisəli evin paylı mülkiyyətçilərinin, o cümlədən etibarlı ailə əlaqələrində olan anası Əfruz Səfərovanın razılığı ilə sözügedən evə köçmüş və bu evdə daimi olaraq yaşamaqla özünün mənzil ehtiyacını məhz oradan qarşılamışdır. Hazırda da Cavabdeh mübahisəli yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmamışdır. Cavabdehin atasına məxsus evin olması da (əgər varsa) onun mübahisəli yaşayış sahəsindən istifadə etmək ehtiyacını qarşılamır. Məhkəmə onu da qeyd edir ki, cavabdehin mübahisəli evin həyətyanı torpaq sahəsində cinayət qanunu ilə qadağan edilən bitkiləri əkib-becərməsi və bu əmələ görə məhkum olunması halı cavabdehin mübahisəli yaşayış sahəsindən təyinatı üzrə istifadə etməməsi anlamına gəlməməli, habelə şəxsi yaşayış yerindən məhrum etməməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 avqust 2023cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar