Məhkəmə qərarları › İş №2(107)-1348/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1348/2021

13.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1348/2021 13.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə X5 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əkin torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbi barədə ilkin iddia ərizəsinə, Cavabdeh İddiaçı qarşı pul və torpaq sahəsinə çəkilmiş xərclər tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(037)-213/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək 06 fevral 2002-ci il tarixli JN-361 KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən,mülkiyyətində olan İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yerləşən 0,42 hektar əkin torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh isə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək iddiaçıdan 4000 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 4030 manatın alınaraq ona verilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, 06 fevral 2002-ci il tarixli JN-361 KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan, İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yerləşən 0,80 hektar torpaq sahəsinin 0,42 hektarından Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılması, torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququna edilən maneçiliklərə qadağanın qoyulması, cavabdehin qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı dəymiş zərərin əvəzi kimi 4000 manat və dövlət rüsumunu olaraq ödənilmiş 30 manat, cəmi 4030 (dörd min otuz) manatın alınaraq Cavabdeh verilməsi və qətnamənin eyni vaxtda icra edilməsi qət edilmişdir. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Əliyev (sədrlik edən və məruzəçi), A.Eyvazov və İ.Şükürov) 06 oktyabr 2020-ci il tarixli, 2(107)-1605/20 nömrəli qətnaməsi ilə ilkin iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən-qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv və Cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(102)-1826/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1605/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddia üzrə 1,09 hektar torpaq sahəsinin əldə edilməsinə xərclənmiş 1.500 manat pul tələbinə aid hissədə ləğv edilməsi və həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 fevral 2002-ci il tarixli JN-361 KOD 40719028 nömrəli dövlət aktına əsasən, İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində yerləşən 0,80 hektar torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Cavabdehla aralarında olan razılaşmaya əsasən, mülkiyyətində olan 0,80 hektar torpaq sahəsinin 0,42 hektarını müvəqqəti istifadə üçün Cavabdeh vermiş, əvəzində isə Cavabdeh Sərvər Məmmədovdan satın aldığı 1,09 hektar torpaq sahəsini müvəqqəti istifadə etmək üçün ona vermişdir. Cavabdeh müvəqqəti istifadə üçün aldığı 1,09 hektar torpaq sahəsini bir neçə il davamlı əksə də, həmin ərazi sarıtorpaq olduğundan, gəlir götürə bilməmişdir. Cavabdeh verdiyi torpaq sahəsindən gəlir götürə bilmədiyindən, həmin torpaq sahəsinin sənədlərini Cavabdeh qaytarmış və 0,42 hektar torpaq sahəsini boşaltmasını xahiş etmişdir. Lakin Cavabdeh həmin torpaq sahəsini qaytarmaqdan imtina edərək torpaq sahəsinə xərc çəkdiyini, çəkdiyi xərci ödədikdən sonra torpağı qaytaracağını bildirmişdir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 0,42 hektarını qaytarmamaqla, onun həmin torpaq sahəsindən istifadə etməsinə mane olur. Cavabdeh 0,42 hektar torpaq sahəsinə mülkiyyət hüququ yoxdur.Həmin torpaq sahəsi onun mülkiyyətindədir və torpaq sahəsinin vergisi hər il onun tərəfindən ödənilir. Cavabdeh ona məxsus torpaq sahəsini boşaltmadığına görə, mülkiyyət hüququ pozulub, əkin torpaq sahəsindən istifadə etməsi məhdudlaşıb. 06 fevral 2002-ci il tarixli JN-361 KOD 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, mülkiyyətində olan İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yerləşən 0,42 hektar torpaq sahəsindən Cavabdeh çıxarılmasını, torpaq sahəsinin boşaldılmasını və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmasını tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş edir. Qarşılıqlı iddia tələbi isə belə əsaslandırmışdır ki, İddiaçı qohumudur. 2013-cü ildə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,42 hektarını almağı ona təklif etmişdir. İddiaçı mülkiyyətində olan 0,42 hektar torpaq sahəsi ona məxsus torpaq sahəsinə bitişik olduğundan, həmin torpaq sahəsini almaq barədə İddiaçıla razılığa gəlmişlər. Razılığa əsasən İddiaçı 0,42 hektar torpaq sahəsini ona vermiş, əvəzində isə 1,09 hektar torpaq sahəsini satın alaraq İddiaçı vermişdir. İddiaçıla qohum olduqlarından torpaq sahələrini rəsmiləşdirməyə cəhd etməmiş və düşünmüşdür ki, istənilən zaman torpaq sahələrinin rəsmiləşdirməsini həyata keçirə bilər. 2013-cü ildən İddiaçı Sərvər Məmmədovdan alıb verdiyi 1,09 hektar torpaq sahəsini əkib becərmişdir. 2019-cu ildə İddiaçı 1,09 hektar torpaq sahəsini istəmədiyini və mülkiyyətində olan 0,42 hektar torpaq sahəsini qaytarmağı bildirmişdir. O, İddiaçı istəyi ilə Sərvər Məmmədovdan aldığı 1,09 hektar torpaq sahəsinə görə 1500 manat xərc çəkmişdir. Bundan əlavə, İddiaçı aldığı 0,42 hektar torpaq sahəsi yararsız vəziyyətdə olduğundan həmin torpaq sahəsinin əkinə yararlı hala gətirilməsi üçün ekskavatora 2000 manat və torpaq sahəsinə suyun çəkilməsi üçün fəhləyə 500 manat olmaqla, ümumilikdə 4000 manat xərc çəkmişdir. O, Famil İbrahimova çəkdiyi 4000 manat xərci ödədikdən sonra mülkiyyətində olan torpağı qaytaracağını bildirmişdir. İddiaçı heç bir halda ona pul ödəməyəcəyini bildirməklə, torpaq sahəsini boşaltmağı və həmin ərazini tərk etməyi tələb etmişdir. İddiaçı çəkdiyi xərci ödəmədiyindən mübahisəli torpaq sahəsini boşaltmamışdır. Əgər həmin torpaq sahəsini İddiaçı qaytararsa, ona 4000 manat məbləğində maddi zərər dəymiş olar. Məhkəmə İddiaçı iddia tələbini təmin edərsə ona 4000 manat məbləğində pul ödənilməlidir ki, həmin məbləğlə özünə başqa ərazidən torpaq sahəsi alsın. Ona görə də iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə ona məxsus 0,42 ha torpaq sahəsindən Cavabdeh 5 ildən artıq istifadə etdiyini, həmin illər ərzində həm 0,42 hektar torpaq sahəsini, həm də 1,09 hektar torpaq sahəsinin vergi və digər xərclərinin onun ödədiyini nəzərə almalıdır. O, ona məxsus torpaq sahəsindən 8 il, o isə ona məxsus torpaq sahəsindən cəmi 3 il istifadə etmişdir. Bu illlər ərzində o, ona məxsus 0,42 hektar torpaq sahəsində yaxılaşdırma işləri aparmışdır, amma həmin illərdə ona məxsus torpaq sahəsini əkib-becərərək çoxlu gəlir əldə etmişdir. O, onun torpaq sahəmdən 5 il artıq istifadə etmişdir. Digər tərəfdən, bu illər ərzində hər iki torpağın vergisi onun tərəfindən ödənilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməlidir. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehin ona vermiş olduğu torpaq sahəsi təsərrüfat üçün yararlı olmadığından cavabdehə qaytarmışdır. Hazırda həmin torpaq sahəsindən cavabdeh istifadə edir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını kollegiyadan xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, aralarındakı razılığa əsasən torpaqlar dəyişdirilmiş, lakin rəsmiləşdirilmə aparılmamışdır. O, almış olduğu 1,09 hektar torpaq sahəsi üçün torpağın mülkiyyətçisinə 1500 manat pul ödəmişdir. Hazırda həmin torpaq özünün istifadəsindədir. Hesab edir ki, bütün bunlar iddiaçının səhvi ucbatından baş vermişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(102)-1826/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1605/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddia üzrə 1,09 hektar torpaq sahəsinin əldə edilməsinə xərclənmiş 1.500 manat pul tələbinə aid hissədə ləğv edilərək, həmin hissədə yenidən baxılması üçün iş Şəki Apellyasiya Məhkəməsinə göndərildiyindən yeni məhkəmə araşdırması da yalnız həmin hissədə aparılmalıdır. Digər hissələr qüvvədə qaldığından həmin hissələr üzrə yenidən araşdırma aparılmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatlarını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1605/2020 nömrəli, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunmuş hissəsində qismən ləğv edilərək, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Famil əri, İlqar isə qohumudur. İlqar mülkiyyətlərində olan torpaq sahəsinin 0,42 hektarı hissəsində əkin əkmişdir. Əri ilə İlqar arasında 0,42 hektar torpaq sahəsinə dair razılaşmaya əsasən İlqar 0,42 hektar torpaq sahəsini müvvəqəti istifadə etməsi əvəzində onlara həmin ərazidən 1,09 hektar torpaq sahəsi vermişdir. İlqardan müvəqqəti istifadə üçün aldıqları 1,09 hektar torpaq sahəsini bir neçə il əksələr də həmin ərazidən gəlir götürə bilməmişlər. Mülkiyyətlərində olan 0,42 hektar torpaq sahəsini İlqara müvəqqəti istifadəyə vermişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 göstərmişdir ki, İlqar və Famil ilə həmkəndlidirlər. Ekskavatorçu işləyir. İlqar ona müraciət edərək torpaq sahəsinə su çəkdirmək istədiyini, bunun üçün ərazidə olan torpaq sahəsini hamarlamaq lazım olduğunu bildirdi. İlqarın su çəkdirmək istədiyi əraziyə getmiş və ərazinin pis vəziyyətdə olduğunu görmüşdür. Torpaq sahəsinin hamarlanması və həmin əraziyə suyun çəkilməsi üçün İlqarla 2000 manata razılaşmışlar. İlqar pulun 1200 manatını əvvəlcədən, qalan 800 manatını isə işi qurtardıqdan sonra hissə-hissə vermişdir. İlqarın su çəkdirmək istədiyi ərazidə işləyərkən ərazinin Familə məxsus olduğunu bilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, İlqar və Famil ilə həmkəndlidirlər. İlqarın təsərrüfatla məşğul olduğu ərazidə əvvəllər su olmamışdır. İlqar həmin əraziyə sonradan su çəkmişdir. İlqar istifadəsində olan torpaq sahəsinə su çəkərkən orada fəhlə işləmişdir. İlqar fəhlə işləyərkən ona pul versə də həmin pulun məbləğini xatırlamır. İlqarın istifadəsində olan ərazidə işlədiyi müddətdə Famili həmin ərazidə görməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, İlqar və Famil kəndçiləridir. Mülkiyyətində olan torpaq sahəsini 1500 manata İlqara satmışdır. İlqar torpaq sahəsinin pulunu ödəsə də həmin torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir. Mülkiyyətində olan torpaq sahəsini İlqara satdıqdan sonra həmin ərazinin kimin istifadə etməsi ilə maraqlanmamışdır. Bundan başqa, iş materillarında olan 06 fevral 2002-ci il tarixli JN-361 KOD 40719028 nömrəli dövlət aktının surətindən görünür ki, İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində yerləşən 0,80 hektar torpaq sahəsi İddiaçı, X8 və X4 birgə mülkiyyətinə verilmişdir. 12 fevral 2002-ci il tarixli JN-776 KOD 40719028 nömrəli dövlət aktının surətindən görünür ki, İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində yerləşən 1,09 hektar torpaq sahəsi X7, X3, X9 və X2 birgə mülkiyyətinə verilmişdir. 12 may 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. 06 fevral 2002-ci il tarixli JN-361 KOD 40719028 nömrəli dövlət aktına əsasənİsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində yerləşən 0,80 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apellyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən işə baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 06 fevral 2002-ci il tarixli JN-361 nömrəli 40719028 kodlu dövlət aktına əsasən İsmayıllı rayonunun İsmayıllı kəndindində özünün və ailə üzvlərinin mülkiyyətində olan 0,80 hektar torpaq sahəsinin 0,42 hektarını almaq təklifi ilə Cavabdeh müraciət etmiş və həmin torpaq sahəsi Cavabdeh pay torpaq sahəsi ilə bitişik olduğundan, həmin torpaq sahəsini almaq barədə İddiaçıla razılığa gəlmişlər. Razılığa əsasən İddiaçı 0,42 hektar torpaq sahəsini Cavabdeh vermiş, əvəzində isə 1,09 hektar torpaq sahəsini satın alaraq İddiaçı vermiş, lakin qohum olduqlarına görə torpaq sahələrini alıb vermələrini rəsmiləşdirməmişlər. 2013-cü ildən İddiaçı Cavabdeh Sərvər Məmmədovdan alıb ona verilmiş 1,09 hektar torpaq sahəsini əkib becərmiş, lakin iddiaçı 2019-cu ildə 1,09 hektar torpaq sahəsini istəmədiyini və öz mülkiyyətində olan 0,42 hektar torpaq sahəsini qaytarmağı cavabdehdən tələb etmişdir. Cavabdeh iddiaçıya alıb verdiyi 1,09 hektar torpaq sahəsinə görə 1500 manat, iddiaçıdan aldığı 0,42 hektar torpaq sahəsi yararsız vəziyyətdə olduğundan, həmin torpaq sahəsinin əkinə yararlı hala gətirilməsi üçün ekskavatora 2000 manat, torpaq sahəsinə suyun çəkilməsi üçün isə fəhləyə 500 manat olmaqla, ümumilkildə 4000 manat xərc çəkmişdur. Çəkdiyi 4000 manat xərcin iddiaçı tərəfin ödənildiyi halda 0,42 ha torpaq sahəsini iddiaçıya qaytarmağa hazırdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qismən əsaslı olduğundan qətnamənin qismən ləğv edilməsi üçün əsasdır. Belə ki, işin faktiki halından göründüyü kimi qarşılıqlı iddiaçı, ümumilikdə 4.000 manat təşkil edən tələbinin iki hissədən ibarət olduğunu bildirmişdir: 1) ilkin iddiaçıya verdiyi 1,09 hektar torpaq sahəsinin alınmasına xərclədiyi 1.500 manat; 2) əldə etdiyi 0,42 hektar torpaq sahəsini əkinə yararlı hala gətirmək üçün çəkdiyi 2.500 manat. Bu baxımdan həmin xərclər tələbdə birləşdirilmiş olsa belə, göstərilən məbləğlərə dair tələblərin hüquqi əsasları ayrı-ayrılıqda düzgün müəyyən edilməlidir. Kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə 1,09 hektar torpaq sahəsinin əldə edilməsinə xərclənmiş 1.500 manat pulun İddiaçı tutulması tələbinin qanuni əsası qətnamədə göstərilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin edərkən 1.500 manat xərcin Cavabdeh sahibliyindən geri alınan 0,42 ha torpaq sahəsinə qoyulmuş yaxşılaşdırma xərcinə aid olub-olmamasına qiymət verməmişdir. Hansıki, işdən müəyyən edilir ki, 1500 manat xərc yaxşılaşdırmaya çəkilmiş xərcə aid olmamaqla, 1,09 ha torpaq sahəsinin əldə edilməsi üçün torpağın əvvəlki mülkiyyətçisinə ödənilmiş puldur. Göründüyü kimi qarşılıqlı iddia üzrə tələb olunan 1500 manatın İddiaçı ödənildiyi yox, 0,42 ha torpaq sahəsinin müqabilində İddiaçı istifadəsinə verilmiş 1,09 ha torpaq sahəsinin əldə edilməsindən ötrü Cavabdeh Vadim Məmmədova ödədiyi vəsait olduğu müəyyən edilir. Başqa sözlə, həmin vəsaitin İddiaçı verilməməsi işin mübahisəsiz halıdır. Bu baxımdan MM-in 157-ci maddəsi həmin xərc üzrə tələbin hüquqi əsası kimi çıxış edə bilməz. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, qarşılıqlı iddiaçının mübahisələndirdiyi 1500 manat pulun müqabilində əldə etdiyi 1.09 ha torpaq sahəsi hazırda onun özünün istifadəsindədir. Kollegiya sonda onu da qeyd edir ki, 1,09 ha sahəsi hazırda Cavabdeh istifadəsində olmaqla, torpağın əvvəlki mülkiyyətçisi Vadim Məmmədov tərəfindən geri tələb olunmamışdır. Göründüyü kimi Cavabdeh əldə etmiş torpaqdan istifadə etməklə, sonda hər hansı maddi itki ilə qarşılaşmamışdır. Bu halda kollegiya qeyd edir ki, İddiaçı tərəfindən 1,09 ha sahəsi Cavabdeh qaytarılmışdırsa, həmin sahənin sonuncu tərəfindən əldə edilməsi üçün çəkilən xərcin İddiaçı yenidən tələb etməsi absurddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, işə yenidən baxan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(037)-213/2020 nömrəli qətnaməsi qismən- qarşılıqlı iddia tələbinin “ilkin iddiaçıya verdiyi 1,09 hektar torpaq sahəsinin alınmasına xərclədiyi 1.500 manatın” təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(037)-213/2020 nömrəli qətnaməsi qismən - “1,09 hektar torpaq sahəsinin alınmasına xərclənmiş 1.500 manatın İddiaçı alınaraq Cavabdeh verilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar