Məhkəmə qərarları › İş №2(107)-1362/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1362/2021

08.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1362/2021 08.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Kəlbəcər rayon 25 saylı məktəbinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- əmrin ləğv edilməsi, işə bərpa olunma tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, vəkili X3, cavabdeh Kəlbəcər rayon 25 saylı məktəbin direktoru X1 iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tаrixli, 2(051)-773/2021 saylı qətnaməsindən cavabdeh Kəlbəcər rayon 25 saylı məktəbin direktoru X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Kəlbəcər rayon 25 saylı orta məktəbinin direktorunun onun işdən azad olunmağı barədə 16 iyun 2018-ci il tarixli əmrinin ləğv edilməsini, həmin məktəbə İngilis dili müəllimi vəzifəsinə müddətsiz bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2005-ci ildə Bakı bədən Tərbiyəsi və Turizm Kollecinin xarici dil- ingilis dili fakultəsinə daxil olmuş və 23 iyun 2008-ci ildə Mingəçevir Şəhər Turizm Kollecini bitirib ona xarici dil – ingilis dili müəllimi ixtisası verilmişdir. 19 sentyabr 2017-ci ildə Kəlbəcər rayon 25 №li orta məktəbə İngilis dili müəllimi vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. 23 fevral 2021-ci il tarixdə işdə olarkən məktəbin direktoru X2 onu yanına çağıraraq onunla bağlanmış əmək müqaviləsinə 16 iyun 2018-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyini bildirmişdir. Lakin, E.Allahverdiyeva müxtəlif bəhanələr gətirərək, əmrin surətini ona verməkdən imtina etmişdir. Aradan uzun müddət küçəndən sonra, yəni 03 mart 2021-ci ildə o əmrdən çıxarışın surətini almışdır. O, qeyd olunan əmri əsassız və qanunsuz hesab edir. Belə ki, Kəlbəcər rayon 25 saylı məktəbin direktoru qanunsuzluğu o işə qəbul olunduğu vaxtdan etmişdir. O, bunları müvafiq sənədlər ona təqdim olunandan sonra bilmişdir. Belə ki, o, 19 sentyabr 2017-ci il tarixdə müddətsiz olaraq işə qəbul olunduğu halda, təqdim olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində onunla əmək müqaviləsinin bağlandığı tarix 05 sentyabr 2017-ci il, sistemə daxil edilmə tarixi isə 16 oktyabr 2017-ci il göstərilmişdir. Əmək müqaviləsi bildirişində onun müddətsiz işə qəbul olunduğu göstərilmişdir. Göründüyü kimi məktəbin direktoru Elnarə Allahverdiyeva hər cür qanun pozuntusuna yol verərək və öz mənafeləri naminə qanunsuzluqlar etmişdir. Bundan başqa o 2017-ci ildən 2021-ci ilin fevral ayının 23-nə kimi daim işə gedibgəlmişdir. Bundan başqa məktəbin direktoru E.Allahverdiyeva təxminən 2018-ci ildə onu yanına çağıraraq əmək haqqı kartının vaxtının bitdiyini, buna görə də aylıq əmək haqqının digər müəllimənin maaş kartına yüklənəcəyini, bundan sonra yalnız öz əmək haqqı kartı gəldikdən sonra əmək haqqını öz maaş kartından alacağını bildirmişdir. Bu minvalla da o aylıq əmək haqqını müəllimə yoldaşının əmək haqqı kartından almışdır. Üstündən bir neçə ay keçmiş o Elnarə Allahverdiyevadan onun əmək haqqı kartının nə vaxt gələcəyini soruşsa da, Elnarə Allahverdiyeva hər dəfə müxtəlif bəhanələr gətirərək onun əmək haqqı kartının nə vaxt gələcəyini dəqiq deməmişdir. Buna baxmayaraq, o hər gün dərsə getmiş, dərs keçmiş və ayın sonunda ştat cədvəlinə uyğun olaraq əmək haqqını almışdır. Ümumiyyətlə Kəlbəcər rayon 25 saylı orta məktəbin direktoru X1 onun işdən azad olunmağı barədə qəbul etdiyi 16 iyun 2018-ci il tarixli əmr tam qanunsuzdur. O, Kəlbəcər rayon 25 saylı orta məktəbinin direktorunun onun işdən azad olunmağı barədə 16 iyun 2018-ci il tarixli əmrinin ləğv edilməsini, həmin məktəbə ingilis dili müəllimi vəzifəsinə müddətsiz bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tаrixli, 2(051)-773/2021 saylı qətnaməsi ilə (hakim Ə. Hüseynov) iddia tələbi təmin edilmiş, Kəlbəcər rayon 25 saylı məktəbnin direktorunun 16 iyun 2018-ci il tarixli 111 № li əmrinin ləğv edilməsi, İddiaçı Kəlbəcər rayon 25 saylı məktəbə ingilis dili müəllimi kimi işə bərpa edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 2005-ci ildə X4 ingilis dili fakultəsinə daxil olmuş və 23 iyun 2008-ci ildə universiteti bitirib, İngilis dili müəllimi ixtisası üzrə diplom almışdır. O, 19 sentyabr 2017-ci ildə Kəlbəcər rayon, 25 №li orta məktəbə İngilis dili müəllimi vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. 19 sentyabr 2017-ci il tarixdə məktəbin direktoru X2 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 16 iyun 2018-ci il tarixdən Əmək Məcəlləsinin 68 maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi bildirilmişdir. Lakin sözügedən əmr elektron sistemə 13.12.2018-ci il tarixdə vurulmuş- imzalanmış və 23.02.2021-ci il tarixdə çap edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçının icra etdiyi işi daimi xarakterə malikdir. Bundan əlavə iddiaçı Kəlbəcər rayon 25 saylı məktəbinin direktorunun Sevda Əliyavanı işdən çıxarma səbəbi kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndini əsas götürsə də nəzərə almamışdır ki, işəgötürənin işçini işdən çıxarma səbəbi 70-ci maddədə konkret göstərilib. Əmək Məcəlləsinin 70-ci maddəsində isə işə götürən (yəni Kəlbəcər rayon 25 saylı məktəb) tərəfindən işçi (İddiaçı) işdən çıxarılması üçün heç bir əsas yoxdur. Bundan əlavə iş materiallarından da dəqiq görünür ki, İddiaçı əmək müqaviləsi daimi xarakter daşımaqdadır və bu hal əmək müqaviləsində öz əksini tapmışdır. Bundan əlavə məhkəmə iclasında cavabdeh Kəlbəcər rayon 25 saylı məktəbin direktoru X2 iddia tələbini tam qəbul edərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə isə öz növbəsində cavabdehin etirafını qəbul edir və bu səbəbdən də iddiaçının irəli sürdüyü tələblərin təmin olunmasını məqsədə müvafiq sayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi, 14-cü maddəsi, 43-cü maddəsinin 3cü hissəsi, 46-cı maddəsinin 6-ci hissəsi, 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsi, 71-ci maddəsinin 3-cü bəndi, 288-ci maddəsi, 292-ci maddəsinin 2-ci hissəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsi İddiaçı iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Çünki, Kəlbəcər rayon 25 saylı məktəbin direktoru X1 İddiaçı işdən azad olunması barədə qəbul etdiyi 16 iyun 2018-ci il tarixli əmri tam qanuni və əsaslıdır. Belə ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Bu isə qanunvericiliyə uyğun olaraq tam qanuni və əsaslıdır. Odur ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tаrixli, 2(051)-773/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması haqqında yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X6 apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tаrixli, 2(051)-773/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Kəlbəcər rayon 25 saylı məktəbin direktoru X2 qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 43-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-ci hissəsinə görə, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə. əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin tələbinə görə, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsinin şərtlərinin tətbiq edilməsi məsələlərinin tənzimlənməsi zamanı yaranan fərdi əmək münasibətlərinin həlli həmin Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 84-cü maddəinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, apelyator apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tаrixli, 2(051)- 773/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması haqqında yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tаrixli, 2(051)-773/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 2005-ci ildə X4 ingilis dili fakultəsinə daxil olmuş və 23 iyin 2008-ci ildə universiteti bitirib İngilis dili müəllimi ixtisası üzrə diplom almışdır. O, 19 sentyabr 2017-ci ildə Kəlbəcər rayon 25 №li orta məktəbə İngilis dili müəllimi vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. 19 sentyabr 2017-ci il tarixdə məktəbin direktoru X2 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 16 iyun 2018-ci il tarixdən Əmək Məcəlləsinin 68 maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi bildirilmişdir. Lakin sözügedən əmr elektron sistemə 13.12.2018-ci il tarixdə vurulmuş- imzalanmış və 23.02.2021-ci il tarixdə çap edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apelyator şikayətində bildirmişdir ki, Kəlbəcər rayon 25 saylı məktəbin direktoru X1 İddiaçı işdən azad olunması barədə qəbul etdiyi 16 iyun 2018-ci il tarixli əmri tam qanuni və əsaslıdır. İlk olaraq qeyd edilməlidir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunvericiliyə uyğun tərtib edilməmiş və əmək Məcəlləsinin 84cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. İşə əlavə olunmuş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 14.06.2018-ci il tarixli 123 nömrəli əmrə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2a bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 84-cü maddəinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadaqıda; e) dövlət büdcəsindən maliyyələşən müəssənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Halbuki işəgötürən tərəfindən əmr imzalanarkən yuxarıda qeyd edilən əsaslardan heç birinə istinad edilməmiş, əmək qanunvericiliyi işəgötürən tərəfindən pozulmuşdur. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tаrixli, 2(051)-773/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Kəlbəcər rayon 25 saylı məktəbin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tаrixli, 2(051)-773/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar