Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-141/2021 22.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-225/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-225/2020 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış, Oğuz rayonu Calut kəndində yerləşən, 66,00 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi və 2644,60 kv.metr torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli 4353 nömrəli müqavilənin ləğv edilməsi, 66,00 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinin və 2644,60 kv.metr torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq iddiçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi, xx.xx.2019-cu il tarixli 4353 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən ödənilmiş 1000 (bir min) manat məbləğində vəsaitin iddiaçıya vurulmuş zərərin əvəzi kimi qəbul edilmsi, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu məbləğinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Calut kəndində yerləşən, 66,00 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi və 2644,60 kv.metr torpaq sahəsinin alqı-satqısına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019- cu il tarixli 4353 nömrəli müqavilənin ləğv edilməsi, həmin əmlak kompleksi və torpaq sahəsinin boşaldılaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqaviləüzrə cavabdeh tərəfindən ödənilmiş 1000 (bir min) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayonu Calut kəndində yerləşən 66,00 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi və 2644,60 kv.metr torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4353 nömrəli alqı-satqı müqaviləsinə əsasən 10.000 (on min) manata cavabdehə satılmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.2.2-ci maddəsinə əsasən alıcı müqavilə imzalandığı andan 30 gün müddətində əmlakın tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ona satılmış qeyr-yaşayış sahəsinin müqavilə ilə müəyyən edilmiş dəyərinin 1000 (bir min) manatdan ibarət hissəsini ödəmiş, qalan hissəsini isə ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4353 nömrəli alqı-satqı müqaviləsi ləğv edilməlidir. Cavabdeh ona satılmış əmlakın dəyərini tam şəkildə ödəmədiyinə görə onun həmin əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, qeyd olunan əmlak dövlət mülkiyyətində qalmışdır. Bu səbəbdən hazırki vəziyyətdə cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuz hesab edilir. Ona görə də həmin əmlak kompleksi və torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Cavabdeh ona satılmış əmlakın dəyərini tam şəkildə ödəməməklə əmlakın mülkiyyətçisinə də maddi ziyan vurmuş, həm də satıcını dövlət əmlakının satışından dövlət büdcəsinə daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. Qeyd olunan əsaslara görə müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 1000 (bir min) manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməli və cavabdehə qaytarılmamalıdır. Qeyd olunan əsaslara görə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh iddia tələbinə etirazı olmadığını bildirmiş və izhatında göstərmişdir ki, onunla Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4353 nömrəli alqı-satqı müqaviləsinə əsasən Oğuz rayonu Calut kəndində yerləşən 66,00 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi və 2644,60 kv.metr torpaq sahəsi 10.000 (on min) manata ona satılmışdır. O həmin əmlakların dəyərindən cəmi 1000 (bir min) manat ödəmiş, qalan 9000 (bir min) manat məbləği isə maddi imkansızlıq üzündən ödəyə bilməmişdir. Heç bir yerdə işləmədiyinə və maddi vəziyyətinə görə ona satılmış əmlakın dəyərinin qalan hissəsini hazırda da ödəmək imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi göstərilən qətnaməni qəbul edilərkən işin taktik halları düzgün qiymətləndirilməmiş, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu və aşağıdakı əsaslara görə qətnamədən narazıdır. Hazırda iddiaçı ilə ona olan borcunun ödənməsi ilə əlaqədar ümumi razılıq əldə etmişlər. İddiaçıya olan borcunu qısa bir müddət ərzində hissə-hissə şəkildə ona ödəmək istəyir. Oğuz Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərkən qanunun bu tələblərini pozmuşdur. Həmin qətnaməni qanunsuz və əsassız hesab edir. Ona görə də, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025) - 225/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi və Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclaslarına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəmə kollegiyasına qəbz təqdim edərək bildirmişdir ki, o, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə olan borcundan 2000 manat da ödəniş etmişdir. O Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-225/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-225/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 421.1, 421.2, 423.2, 492.1, 492.2, 567, 598.1, 598.2, 598.4, 600.1, 600.2, 600.4, 646.2 və 648.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinəəsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinəəsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinəəsasən özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 492.1-ci maddəsinəəsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinəəsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfəödəməyə borcludur. Həmin Məcəllənin 567-ci maddəsinəəsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinəəsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa vəöhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsindəəşyanın hissə-hissəödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən vəödəməkdən imtina edirsə, satıcı öz seçimi iləəşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 646.2-ci maddəsinəəsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinəəsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 4353 nömrəli alqı-satqı müqaviləsi, xx.xx.2020-ci il tarixli bildiriş məktubu ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, Oğuz rayonu Calut kəndində yerləşən 66,00 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi və 2644,60 kv.metr torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən 10.000 (on min) manata cavabdehə satılmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən alıcı müqavilə imzalandığı andan 30 gün müddətində əmlakın tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ona satılmış qeyryaşayış sahəsinin müqavilə ilə müəyyən edilmiş dəyərinin 1000 (bir min) manatdan ibarət hissəsini ödəmiş, qalan hissəsini isə ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək əmlakın dəyərinin tam şəkildə ödənilməsi tələb edilmiş, əks halda tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin əlavə xəbərdarlıq edilmədən ləğv ediləcəyi izah edilmişdir. cavabdeh ona satılmış əmlakın dəyərindən qalan 9000 (bir min) manat məbləği indiyədək də ödəməmişdir. Hazırda iddiaçı Oğuz rayonu Calut kəndində yerləşən, 66,00 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi və 2644,60 kv.metr torpaq sahəsinin alqı-satqısına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4353 nömrəli müqavilənin ləğv edilməsi, həmin əmlak kompleksi və torpaq sahəsinin boşaldılaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 1000 (bir min) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə istinad edir. Cavabdeh iddia tələbinə etiraz etməmiş və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Tərəflər alqı-satqı müqaviləsinin məzmunu və şərtləri ilə tanış olduqdan sonra öz iradələrinin ifadəsi olaraq müqaviləyə imza etmişlər. İddiaçı alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra edərək satılan əmlakı cavabdehin faktiki sahibliyinə versə də, cavabdeh müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etməmiş, ona satılan əmlakın dəyərini tam şəkildə ödəməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4353 nömrəli alqı-satqı müqaviləsinin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan məhkəmə hesab edir ki, iddiaçının həmin müqavilənin ləğv edilməsini tələb etmək hüququ yaranmış və iddiaçı məhkəməyə müraciət edənədək qanunvericilikdə nəzərdə tutulan zəruri prosedur qaydalarına riayət etmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin Oğuz rayonu Calut kəndində yerləşən, 66,00 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi və 2644,60 kv.metr torpaq sahəsinin alqısatqısına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4353 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin əmlak kompleksi və torpaq sahəsinin boşaldılaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi xx.xx.2019-cu il tarixli 4353 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair hissəsi təmin edilməlidir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh ona satılmış əmlakların dəyərini tam şəkildə ödəmədiyinə görə onun həmin əmlaklar üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və qeyd olunan əmlak hazırda da dövlət mülkiyyətindədir. Mübahisə predmetinə aid olan əmlaklarla bağlı tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi ləğv edildiyindən hazırki vəziyyətdə həmin əmlaklar üzərində cavabdehin faktiki sahibliyi üçün hər hansı hüquqi və qanuni əsas qalmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin Oğuz rayonu Calut kəndində yerləşən, 66,00 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi və 2644,60 kv.metr torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsinə dair hissəsi də təmin edilməlidir. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4353 nömrəli alqı-satqı müqaviləsinin 3.1-ci maddəsinə əsasən əgər alıcı satın aldığı daşınmaz əmlakın dəyərini müqavilə imzalandığı andan 30 (otuz) bank günü ərzində ödəməzsə, müqavilə qüvvədən düşmüş hesab edilir və onun tərəfindən ödənilmiş beh geri qaytarılmır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə tərəflər arasında alqısatqı müqaviləsinin icra edilməməsi üçün cavabdeh məsuliyyət daşıdığına görə, cavabdeh tərəfindən beh kimi ödənilən 1000 (bir min) manat məbləğ iddiaçıda qalmalıdır. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia tələbinin xx.xx.2019-cu il tarixli 4353 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilmiş 1000 (bir min) manat məbləğində vəsaitin iddiaçıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsinə dair hissəsi də təmin edilməlidir. Ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyrindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiklərindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-225/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-225/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-141/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-141/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver