Məhkəmə qərarları › İş №2(107)-1486/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1486/2020

29.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1486/2020 29.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclas katibiyi, İddiaçı vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-06/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 baş keçi, 1 baş at, 1 baş atın balası (dayça), 4 baş inək, bir baş dana və artezian quyusunun qazılması və elektrik xətlərinin çəkilməsi üçün sərf edilmiş 22600 manat pul və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxx 2017-ci il tarixdə, 2(075)- 4638/2017 nömrə ilə qeydiyyata alınmışdır. Sonradan iddiaçının razılığı ilə iddiaçı X4 əsl iddiaçı olan İddiaçı ilə əvəz edilmişdir. Eyni zamanda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 450 baş qoyunun naturada, yaxud onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxxxx 2019-cu il tarixdə, 2(075)- 1805/2019 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1805/2019 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-22/2019 saylı və 2(075)- 1805/2019 saylı mülki işlər birləşdirilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh 243 baş qoyunquzu, 207 baş əldən çıxmış fayda üzrə qoyun-quzunun, o cümlədən 19 baş keçi, 1 baş at, 1 baş inəyin naturada özünün və yaxud onun dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-06/2020 nömrəli (hakim P.Hacıyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh bir başının orta satış bazar qiyməti 160 (bir yüz altmış) manat olmaqla 261 (iki yüz altmış bir) baş qoyun, bir başının orta satış bazar qiyməti 140 (bir yüz qırx) manat olmaqla 130 (bir yüz otuz) baş quzu, bir başının orta satış bazar qiyməti 80 (səksən) manat olmaqla 19 (on doqquz) baş keçi və bir başının orta satış bazar qiyməti 800 (səkkiz yüz) manat olmaqla 01 (bir) baş at, olmadıqda onların dəyəri alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında xx xxxx 2014-cü il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu Öryət kəndinin ərazisində yerləşən ümumi sahəsi 1328.3 m2 olan fermanı içərisindəki avadanlıqları ilə birlikdə Cavabdeh nisyə alqı-satqı müqaviləsi ilə 63.800 manata satılmışdır. Satılan əmlak “Səadət” MKM-yə məxsus olmaqla o, mərhum atası X8 və digər ailə üzvü X3 “Səadət" MKM-nin təsisçiləridirlər. Alqı-satqı müqaviləsi bütün təsisçilər, o, cümlədən tərəfindən imzalanmaqla həmin müqavilənin birinci səhifəsində satıcı müəssisənin nümayəndəsi qismində məhz onun olması aydın şəkildə qeyd edilmişdir. Müqavilənin şərtinə görə Cavabdeh həmin qeyri-yaşayış sahəsini, yəni fermanı aldıqdan sonra onun dəyərinin yarısı olan 31.900 manatı aldığı gündən 10 gün müddətində, qalan 31.900 manatı isə carı ilin, yəni 2014-cü ilin dekabr ayının sonunadək ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə heç bir məbləğin hesabına ödənilməsini təmin etməmişdir. Yəni iddiaçı olaraq o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatan məbləği cavabdehdən almamışdır. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq bağlanmış alqı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsini, fermanın avadanlıqları ilə birlikdə Səadət MTK-ya qaytarılmasını və 450 baş qoyunu tələb etmişdir. Məhkəmə prossesində MPM-nın 53-cü maddəsi istinad edilərək tələb çoxşahəi və mürəkkəb olduğundan iddiasındakı qoyun-quzu tələbi iddiadan çıxarılmış, sonra əldə edilmiş sübutlar çərçivəsində tələbin yenidən qaldırılacağı bildirilməklə ümumi tələb məhkəmə baxışına iki müstəqil tələb çərçivəsində ayrılmaqla baxılmışdır. Tələbin bir hissəsi ona aid olduğu üçün həmin mübahisəni qaldıraraq iddianı müdafiə etmişdir. Şəki Rayon Məhkəməsi xx xxxxxx 2017-ci il tarixli, 2(075)-2720/2017 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında əldə edilmiş çıxarışın ləğv edilməsi, müqavilə üzrə satılmış əmlakın bütün avadanlıqları ilə birlikdə əvvəlki mükiyyətçisinə qaytarılması barədə ilk iddiasının təmin edilməsi, onunla ilə Cavabdeharasında xx xxxx 2014-cü il tarixdə bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi, həmin müqavilə əsasında DƏDRX-in 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş RX serialı ******* saylı xx xxxx 2014- cü il tarixli daşınmaz əmlakın dövlət reyestirindən çıxarışın ləğv edilməsi, xx xxxx 2014-cü il tarixdə bağlanmış daşımaz əmlakın alqı-satqı müqaviləsi üzrə satılmış 1328.3 m3 torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının bütün avadanlıqları ilə birlikdə «Səadət» MKMnə qaytarılması, Cavabdeh ona qarşı 105.000 ABŞ dollar və 50.000 manat mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumu məbləğlərinin tərəflərin özlərinə aid edilməsinə dair qətnamə çıxarılmışdır. Qeyd olunan qətnaməsindən apelyasiya şikayəti verilmiş, həmin şikayət Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh məhkəməyə vermiş olduğu ifadələrində 243 baş qoyunu qəbul etdiyini və təhvil götürdüyünü etiraf etmişdir. Eləcə də məhkəmə protokollarında 243 baş qoyunun XəyyamDaşdəmirov tərəfindən nisyə alqı-satqıdan sonra götürüldüyü təksib edilməzdir. İddia qaldıran zaman əmlak tələbi ilə müqavilənin ləğv edilməsi tələblərinin mümkün olmadığını nəzərə alaraq, ilkin tələbinin son mərhələsinə qədər gedərək mübahisələndirilən alqı-satqı müqaviləsi ləğv edildiyindən tələb tam olaraq öz həllini tapdığından o, müqavilədə rəsmi olaraq qeyd edilməyən, ancaq ferma təhvil-təslim edilərkən fermanın üzərində verilmiş 243 baş qoyu və 207 baş həmin ərəfədə əldə edilən mənfəətin, ümumilikdə 450 baş qoyunun, həmçinin 19 baş keçinin, 1 baş atın, 1 baş inəyin ondan alınmasında qəti və israrlıdır. Hesab edir ki, cavabdeh fermanı və 243 baş qoyunu alan zaman onlara həmin əmlakın dəyərini vaxtında və zamanında ödəməli idi. Əksinə bu günə kimi ferma qaytarılmış olsa da, qoyun-quzu, digər əmlak – at, keçi, inəyi isə mənə qaytarılmamışdır. Cavabdeh iki il ərzində qoyun-quzudan istifadə etmiş, bu səbəbdən də ondan külli miqdarda mənfəət və gəlir əldə etmişdir. O, əldən çıxmış fayda ilə müraciət edərək 207 baş qoyun-quzu tələb edir. Buda ümumilikdə 450 baş qoyun-quzu edir. O, uzun müddət cavabdehdən əhəmiyyətli bir addım atmasını gözləmiş, ancaq təəssüflər olsun ki, bu günədək qaytarılmalı olan heyvanlar qaytarmamaqdadır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehapelyasiya şikayətini onunla əsaslandırmışdır ki,birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin ümumi həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də tərəflər arasındakı hüquq münasibətlərinə diqqət yetirməmişdir. Vəsatəti ilə dindirilmiş şahidlərin ifadələri nəzərə alınmamış, sübut kimi qəbul edilməmiş, qəbul edilməməsinin səbəbləri də qətnamədə əsaslandırılmamışdır. Belə ki, fermanın avadanlıqlar və içərisindəki qoyunlar ilə birlikdə Aydın Qaffarov tərəfindən təhvil verilməsi həmin qoyunların nə iddiaçıya nə də ki, Aydın Qaffarova məxsus olması demək deyildir. X13 bağlanılmış alqı-satqı müqaviləsində heyvan qeyd edilməmişdir və bu hal etiraf kimi qəbul edilə bilməz. İddiaçı iddia ərizəsində qeyd etdiyi heyvanların ona məxsus olması barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun iddiaçıya heç bir iri və xırdabuynuzlu heyvan borcu yoxdur. Fermadakı heyvanlar onun özünə məxsus olmuşdur. İddia tələbini qəbul etmir, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər də ayrı-ayrı işlər üzrə uzun sürən məhkəmə mübahisələri olmuşdur. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini, işdə iştirak edən şəxslərin izahatlarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; “xxxxxxxxxx” ASC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş, 05 nömrəli məlumatdan görünür ki, bir baş qoyunun orta satış bazar qiyməti 160 (bir yüz altmış) manat, bir baş 6 aylıq bala quzunun orta satış bazar qiyməti 140 (bir yüz qırx) manat, bir ədəd yonca presinin orta satış bazar qiyməti 5 (beş) manat və bir ədəd qarışıq ot presinin orta satış bazar qiyməti 4.5 (dörd manat 50 qəpik) manat təşkil edir. “xxxxxxxxxx” ASC tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş, 73 nömrəli məlumatdan görünür ki, bir baş orta çəkisi 15 kq olan keçinin orta satış bazar qiyməti 80 (səksən) manat, bir baş diri çəkisi təxmini 250 kq olan atın orta satış bazar qiyməti 800 (səkkiz yüz) manat, bir baş diri çəkisi 300 kq olan balalı inəyin orta satış bazar qiyməti 1350 (bir min üç yüz əlli) manat təşkil edir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 2385/14 nömrəli məktubundan görünür ki, xx xxxx 2016-cı il tarixində Şəki rayonu üzrə İcra Şöbəsinin icraatına daxil olmuş Şəki Rayon Məhkəməsinin 2(075)-6495/2016 saylı, xx xxxx 2016-cı il tarixli qərardadına əsasən Cavabdeh məxsus Şəki rayonu Öryət kəndində yerləşən qeyri-yaşayış binasının, 11 ha, 3,21 ha və 3,59 ha torpaq sahələrinin və 450 baş qoyunun üzərinə həbs qoyulmalıdır. Qeyd edilən icra sənədinin ilə əlaqədar xx xxxx 2016cı il tarixdə borclu Cavabdeh məxsus Şəki rayonu Öyrət kəndində yerləşən fermaya baxış keçirilmişdir. Baxış keçirilən zaman həmin fermada 261 baş qoyun, 174 baş quzu, 19 baş keçi olmaqla, cəmi 454 baş xırda buynuzlu heyvanın olması müəyyən edilmişdir. İcra sənədinin tələblərinə uyğun olaraq tərəflərindən 261 baş qoyun, 174 baş quzu olmaqla, cəmi 435 baş qoyun cinsindən olan xırda buynuzlu heyvanın üzərinə müvafiq akt tərtib edilərək həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş 435 baş qoyun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələbləri izah edilərək borclu Cavabdeh saxlancına verilmiş və bu barədə borcludan qəbz alınmışdır. Lakin borclu Cavabdeh saxlanc qaydalarına əməl etməyərək üzərinə həbs qoyulmuş qoyunların kütləvi azalmasına səbəb olan hərəkətlərə yol verdiyi üçün xx xxxxxx 2017-ci il tarixdə onun saxlancında qalmış 261 baş qoyun və yeni doğulmuş 130 baş quzu alınaraq ünvan 1 ünvanda yaşayan X1 verilmişdir. Əmlakın saxlanılması barədə ondan qəbz alınmış və akt tərtib edilmişdir. Bundan sonra Rahim Həmidov saxlancına qəbul etdiyi 261 baş qoyun və yeni doğulmuş 130 baş quzunu Zərdab rayonu Xanməmmədli kəndində yerləşən fermaya aparmışdır. Tərəflərin dən xx xxx 2017-ci il tarixində fermaya baxış keçirilən zaman 391 baş qoyunun həmin fermada olması müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-2720/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında əldə edilmiş çıxarışın ləğv edilməsi, müqavilə üzrə satılmış əmlakın bütün avadanlıqları ilə birlikdə əvvəlki mükiyyətçisinə qaytarılması barədə ilk iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2014-cü il tarixdə bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında DƏDRX-in 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş RX serialı ******* saylı xx xxxx 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestirindən çıxarışın ləğv edilməsi, xx xxxx 2014-cü il tarixdə bağlanmış daşımaz əmlakın alqı-satqı müqaviləsi üzrə satılmış 1328.3 m3 torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının bütün avadanlıqları ilə birlikdə «Səadət» MKM-nə qaytarılması, Cavabdeh İddiaçı qarşı 105.000 ABŞ dollar və 50.000 manat mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumu məbləğlərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən apelyasiya və kassasiya şikayətləri verilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)- 2720/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2(107)-320/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin 6-cı vərəqinin 1-ci abzasında olan Cavabdeh izahatından görünür ki, “X14 birlikdə fermaya getmiş, həmin vaxt fermanın çobanı Ələfsər kişi də orada qoyun otarmışdır. X12 fermanı ona satması barədə məlumat vermişdir. O, Ələfsərdən fermada neçə baş qoyunun olmasını soruşduqda, Ələfsər cavabında fermada 243 baş qoyunun olduğunu bildirmişdir. O, Aydın Qaffarovdan fermada 262 baş qoyun olmalı olduğu halda onların sayının 19 baş azalmasının səbəbini soruşduqda Aydın Qaffarov 19 baş qoyunun Cabbar tərəfindən satıldığını demişdir. X16 müəllimdən onun 2 aylıq əmək haqqısı olan 400 manat pulun kim tərəfindən ödəniləcəyini soruşmuşdur. X11 əmək haqqından 200 manatını özü ödəmiş, 200 manatın isə onun tərəfindən ödənilməsini təklif etmişdir. O buna da etiraz etməyib Ələfsərin bir aylıq əmək haqqını, yəni 200 manatı ödəmişdir. Bu zaman onların söhbət etdikləri yerə qonşu Məmmədemin də gəlmişdir. Ələfsər isə 243 baş qoyunların tərkibi barədə əlyazma kağız yazmışdır. Beləliklə, həmin vaxt ferma avadanlıqları, içərisindəki qoyunları ilə birlikdə Aydın Qaffarov tərəfindən ona təhvil verilmişdir.” Hazırki iş üzrə işin faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər etimadlı münasibət olmuş, lakin sonradan həmin münasibətlər pozulmuşdur. Münasibətlər pozulduqdan sonra tərəflər arasında uzun müddət məhkəmə mübahisələri olmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, hazırki mübahisənin əsası da məhz əvvəlki münasibətlərin normal olduğu zaman yaranmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçı ilə arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında aldığıfermanın içərisi boş olduğunu, heyvanları sonradan almaqla artırdığını bildirsə də bununla bağlı nə birinci instansiya məhkəməsinin icraatı zamanı, nə də ki, apelyasiya icraatı zamanı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmişdir. Bundan başqa Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2(107)- 320/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsində həmin fermanı avadanlıqları, içərisindəki 243 baş qoyun qoyunla birlikdə aldığı aydın olur. Odur ki, bu hal məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 2385/14 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, Şəki Rayon Məhkəməsinin 2(075)-6495/2016 saylı, xx xxxx 2016-cı il tarixli qərardadına əsasən Cavabdeh məxsus Şəki rayonu Öryət kəndində yerləşən qeyri-yaşayış binasının, 11 ha, 3,21 ha və 3,59 ha torpaq sahələrinin və 450 baş qoyunun üzərinə həbs qoyulmuş, həmin fermada 261 baş qoyun, 174 baş quzu, 19 baş keçi olmaqla, cəmi 454 baş xırda buynuzlu heyvanın olması müəyyən edilmişdir. xx xxxxxx 2017-ci il tarixdə onun saxlancında qalmış 261 baş qoyun və yeni doğulmuş 130 baş quzu alınaraq digər şəxsin saxlancına verilmişdir. Bunu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx xxxxxx 2017-ci il tarixdə tərtib edilmiş akt sübut edir. Odur ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-2720/2017 saylı qətnaməsi ilə sözügedən qeyri-yaşayış binası – ferma iddiaçıya qaytarıldığından göstərilən heyvanlar da iddiaçıya qaytarılmalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli və düzgün araşdırmağa çaışmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini aşağıdakı hüquq normalarına istinad etməklə dəyərləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nə-ticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əm-lakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödə-nil-məlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vur-ma-yan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edil-məsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il ta-rixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.Həmin qərara əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apelyasiyainstansiyaməhkəməsihesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən ləğvi üçün əsaslı olsa da, tam ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sözügedən qətnaməni qəbul edərkən iddia tələbindən kənara çıxmaqla prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, iddia tələbindən göründüyü kimi iddiaçı Cavabdeh 243 baş qoyun-quzu, 207 baş əldən çıxmış fayda üzrə qoyun-quzunun, o cümlədən 19 baş keçi, 1 baş at, 1 baş inəyin naturada özünün və yaxud onun dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə yanaşı “bir başının orta satış bazar qiyməti 160 (bir yüz altmış) manat olmaqla 261 (iki yüz altmış bir) baş qoyun, bir başının orta satış bazar qiyməti 140 (bir yüz qırx) manat olmaqla 130 (bir yüz otuz) baş quzunun” da cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etmişdir. Halbuki iş üzrə iddiaçı tərəfindən ümumilikdə 243 baş qoyun–quzu tələb edilmişdir. Birinci instansiya məhkəməsi isə 261 baş qoyun və 130 baş quzu, cəmi 391 baş qoyunquzunu təmin etməklə həmin heyvanlara münasibətdə iddia tələbindən kənara çıxmışdır. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq belə hesab edir ki, apelyasiya şikayəti qətnamənin tamamilə ləğvi və iddianın rədd olunması üçün əsaslı olmasa da, qismən ləğv və qətnamənin həmin hissələrinin qətnamədən xaric olunması üçün əsasdır. Belə ki, qətnamənin bu hissələri yəni əlavə 148 (bir yüz qırx səkkiz) baş qoyun-quzunun cavabdehdən alınaraq iddiaçıya verilməsi iddia tələbi arasında yer almadığından, bu iddia tələbindən kənara çıxmaq kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-06/2020 nömrəli qətnaməsi “bir başının orta satış bazar qiyməti 160 (bir yüz altmış) manat 18 baş qoyunun və bir başının orta satış bazar qiyməti 140 (bir yüz qırx) manat olmaqla 130 (bir yüz otuz) baş quzunun” cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilməli və həmin hissələr qətnamədən xaric edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402- 406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-06/2020 nömrəli qətnaməsi qismən, yəni “bir başının orta satış bazar qiyməti 160 (bir yüz altmış) manat 18 baş qoyunun və bir başının orta satış bazar qiyməti 140 (bir yüz qırx) manat olmaqla 130 (bir yüz otuz) baş quzunun” cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsində ləğv edilsin və həmin hissələr qətnamədən xaric edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə -yəni “bir başının orta satış bazar qiyməti 160 (bir yüz altmış) manat olmaqla 243 (iki yüz qırx üç) baş qoyun, bir başının orta satış bazar qiyməti 80 (səksən) manat olmaqla 19 (on doqquz) baş keçi və bir başının orta satış bazar qiyməti 800 (səkkiz yüz) manat olmaqla 01 (bir) baş at, olmadıqda onların dəyəri alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi” hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar