Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1491/2020 07.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X12 iclas katibliyi, iddiaçılar İddiaçı1 (həmçinin İddiaçı4 nümayəndəsi), İddiaçı2 (həmçinin İddiaçı3 nümayəndəsi) (sonunci iclasda iştirak etmir) və cavabdeh X4 nümayəndəsi və vəkili X9 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh X6 qarşı “müqavilənin etibarsız sayılması, çıxarışın ləğvi və torpağın qanuni istifadəçisinə qaytarılması” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-646/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən X4 adına verilmiş xx xxxxxxx 2016-cı il tarixli, reyestr nömrəsi **********31, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, torpağın qanuni istifadəçisinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 xx xxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrində Şəki rayon 2 saylı Notariat X2 ilə Şəki rayonu, Cəfərəbad kəndi (AZE 13258347, 24.06.06, 2013-Şəki ŞRPŞ) Şəki rayon Cəfərəbad Bələdiyyəsi (Şəki rayonu, Cəfərəad kəndi) adından X11 (AZE 13999899, xx.xx.2013-Şəki ŞRPŞ) arasında xx xxxxxxx 2016-cı il tarixdə imzalanmış reyestrdə 4Ə-799 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X20 tərəfindən X4 adına verilmiş xx xxxxxx 2016- cı il tarixli, reyestr nömrəsi ********** olan, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və 1987-ci ildən onun istifadəsində olan həmin torpağın onun adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-646/2020 nömrəli (hakim E.Mehdiyev) qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh X6 qarşı Şəki rayon 2 saylı Notariat X2 ilə Şəki rayon Cəfərəbad Bələdiyyəsi adından X11 arasında xx xxxxxxx 2016-cı il tarixdə imzalanmış reyestrdə 4Ə-799 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X20 tərəfindən X4 adına verilmiş xx xxxxxx 2016-cı il tarixli, reyestr nömrəsi ********** olan, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və 1987-ci ildən onun istifadəsində olan həmin torpağın onun adına rəsmiləşdirilməsi tələbinə dair iddialarınin təmin edilməməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 dövlət büdcəsinə ödədikləri 10 manat dövlət rüsumunun onların özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 apelyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını apelyasiya instansiyası məhkəməsindən xahiş etmişlər. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, x xxxxxx 1987-ci il tarixli, 917 saylı Partiyanın XXİİ Qurultayı adına Üzümçülük sovxozu üzrə həyətyanı torpaq sahəsinin verilməsi haqqında Şəki rayon XDS icraiyyə komitəsinin xx xxxx 1987-ci il tarixli 15 nömrəli iclas protokolunun qərarı əsasında 0,12 ha torpaq sahəsi ev tikmək məqsədilə ona verilmişdir. Həmin tarixdən bu günədək həmin torpaq sahəsi onun və ailəsinin istifadəsində olmuşdur. Həmin torpaq sahəsi və əlavə 1997-ci il tarixdə Şəki Aqrar islahat komisiysının qərarı ilə onun çöl pay torpağından 0,54 ha çıxilmaqla 0,35 ha zəbt torpaq sahəsinin verilməsi qeydə alınmışdır. Azərbaycan Respublikasının Prezidendi Möhtərəm İlham Əliyevin "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5 bəndinə əsasən göstərilir-Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin DƏDRX-nin 12 saylı idarəsindən xx.xx.2018-ci il tarixli çıxarış alaraq 0,11 hektar torpaq sahəsi üzərində ailəsinin hər bir üzvünün hüququnu bərpa etmişdir. Heç bir alqı-satqı müqaviləsi bağlanmadan Prezident fərmanı əsasında çıxarış əldə etmişlər. Həqiqətən də, 0,12 ha torpaq sahəsi ilə bitişik olan 0,35 ha zəbt torpaq sahəsi 2016-cı il oktyabr tarixinədək onun və ailə üzvlərinin istifadəsində olmuşdur. Ona 0,35 ha zəbt torpağı əvəzinə İslahat zamanı 0,27 ha kənardan torpaq sahəsi verilsə də, göründüyü kimi 0.08 ha zəbt torpaq sahəsi kəsirdə qalmışdır. Digər tərəfdən ona 0,12 ha torpaq sahəsi həyətyanı sahə kimi verilməli olduğu halda həmin ərazidən Cəfərabad kənd bələdiyyəsinin qanunsuzluğu ilə onun xəbəri olmadan Cavabdeh alqı-satqı müqaviləsi əsasında 0.12 ha torpaq sahəsi satılmışdır. Artıq torpaq sahəsi qalmadığ üçün 0,01 ha həyətyanı torpaq sahəsi kəsirdə qalmışdır. Cavabdeh hal hazırda nə Cəfərabad kəndində, nə də ki Çolaxlı kəndində yaşamır. Cavabdeh 40 ildən çoxdur ki, kənddən çıxmış, bir müddət Şəki şəhərində ərdə olmuş daha sonra ərdən boşanaraq Bakı şəhərində daha sonra isə 12 ildən çox bir müddətdə Fərhad adlı ərəblə ailə həyatı quraraq uzun müddət xarici ölkədə yaşamışdır. Çolaxlı kəndində onun nə bir daxması, nə də torpaq sahəsi olmuşdur. X3 verilən torpaq sahəsi onun qanuni həyətyanı sahəsinə və islahat dövründə ona nəzərdə tutulan zəbt torpaq sahəsinə düşür. Bu barədə o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinə rəsmi surətdə ərizə ilə müraciət etmişdir. Ona kənardan 27 sot torpaq sahəsini 35 sot zəbt torpaq sahəsi əvəzinə vermişlər. Aqrar islahatları zamanı ona ailə üzvləri ilə birlikdə 0,12 hektar torpaq sahəsi əvəzinə 0,11 hektar torpaq sahəsi verilmişdir. Onun atasının adına islahat zamanı 0,22 sot torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 12 sotunu da oğlu ona bağışlamışdır. Onun istifadəsində olan torpaq sahəsi əsassız olaraq X4 adına sənədləşdirilmişdir. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiası əsaslıdır. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəİdiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan əsassız qətnamə çıxarmışdır. Belə ki, məhkəmə işə baxarkən müəyyən olunan ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuş, qanunvericiliyin tələblərinə məhəl qoymayaraq onların hüquq və mənafelərinə toxunan qətnamə çıxarmışdır. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-646/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunaraq yeni qətnamə qəbul edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 (həmçinin İddiaçı4 nümayəndəsi) apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi 1987-ci il tarixli, 917 saylı Partiyanın XXİİ Qurultayı adına Üzümçülük sovxozu üzrə həyətyanı torpaq sahəsinin verilməsi haqqında Şəki rayon XDS icraiyyə komitəsinin xx xxxx 1987-ci il tarixli 15 nömrəli iclas protokolunun qərarı əsasında ona verilmişdir. Həmin tarixdən son günlərədək mübahisəli torpaq sahəsi onun və ailəsinin istifadəsində olmuşdur. 1997-ci il tarixdə Şəki X8 qərarı ilə onun çöl pay torpağından 0,54 ha çıxılmaqla 0,35 ha zəbt torpaq sahəsinin verilməsi qeydə alınmışdır. 0,12 ha torpaq sahəsi ilə bitişik olan 0,35 ha zəbt torpaq sahəsi 2016-cı il oktyabr tarixinədək onun və ailə üzvlərinin istifadəsində olmuşdur. Ona 0,35 ha zəbt torpağı əvəzinə İslahat zamanı 0,27 ha kənardan torpaq sahəsi verilsə də, göründüyü kimi 0.08 ha zəbt torpaq sahəsi kəsirdə qalmışdır. Digər tərəfdən ona 0,12 ha torpaq sahəsi həyətyanı sahə kimi verilməli olduğu halda həmin ərazidən Cəfərabad kənd bələdiyyəsinin qanunsuzluğu ilə onun xəbəri olmadan Cavabdeh alqı-satqı müqaviləsi əsasında 0.12 ha torpaq sahəsi satılmışdır. Artıq torpaq sahəsi qalmadığ üçün 0,01 ha həyətyanı torpaq sahəsi kəsirdə qalmışdır. Cavabdeh uzun müddətdir ki, Cəfərabad kəndində yaşamır. Cavabdeh 40 ildən çoxdur ki, kənddən çıxmışdır. O, bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinə rəsmi surətdə ərizə ilə müraciət etmişdir. Hesab edir ki, iddiası tam əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən İddiaçı2 (həmçinin İddiaçı3 nümayəndəsi) apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi sözügedən qətnaməni qəbul edərkən qanunvericiliyin normalarını düzgün təfsir etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 nümayəndəsi və vəkili X15 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, Şəki rayon Cəfərabad kəndində torpaq islahatı aparılan zaman subyektlər siyahısı tərtib olunmuş, həmin siyahının İddiaçı1 ailə üzvlərinə aid hissəsində onların adına 0,12 ha həyətyanı, 0,35 ha zəbt torpaq sahəsinin olması göstərilmiş, faktiki torpaq sahəsi 0,27721 ha olduğundan Şəki rayonu X8 xx.xx.1997-ci il tarixli, 41 nömrəli qərarı əsasında 0,27 ha həyətyanı torpaq sahəsi onların mülkiyyətinə verilmiş, hüquqları torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsinin islahatı zamanı həqiqətən də onun qanuni istifadəsində olması öz təsdiqini tapmamışdır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində göstərilir ki, öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səlahiyyətlərinə daxildir. 2016-cı ilin oktyabr ayında Cəfərabad bələdiyyəsi öz hüquqlarından istifadə edərək X6 fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha ölçüdə torpaq sahəsi satılmışdır. Hesab edir ki, apelyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər İddiaçı5, cavabdehlər Cəfərabad kənd Bələdiyyəsinin və Şəki 2 saylı notariat kontorunun nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-646/2020 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Şəki şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx xxxx 2016-cı tarixli, 9/1472 nömrəli məktubundan görünür ki, Şəki şəhər İcra Hakimiyyəti Başçısı Aparatına daxil olmuş məktuba əsasən Cəfərəbad bələdiyyəsinin alqı-satqı predmeti olan torpaqlarından, fərdi yaşayış evi tikintisi üçün 0,12 hektar həyətyanı torpaq sahəsinin ayrılması məsələsi araşdırılmış, həmin torpaq sahəsinə baxış keçirilmişdir. Əlaqədar idarə və təşkilatların razılıqları alındıqdan sonra Cəfərəbad bələdiyyəsinin alqı-satqı predmeti olan torpaqlarından fərdi yaşayış evi tikintisi üçün 0,12 hektar həyətyanı torpaq sahəsinin ayrılmasına etiraz edilmir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X20 tərəfindən xx xxxxxxx 2016-cı il tarixdə verilmiş **********31 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Cəfərəbad kəndində yerləşən 0,12 hektar torpaq sahəsi Şəki rayonu, Cəfərəbad Bələdiyyəsinin adına qeydə alınmışdır. Şəki rayonu, Cəfərəbad Bələdiyyəsi ilə X13 arasında bağlanmış, Şəki şəhəri 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2016-cı il tarixli, 4Ə-799 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Şəki rayonu, X5 Xidmətinin Şəki şəhər Ərazi İdarəsinin verdiyi xx xxxxxxx 2016-cı il tarixli çıxarışına əsasən Şəki rayonu, Cəfərəbad Bələdiyyəsinə məxsus 0,12 hektar torpaq sahəsini X6 820 manat satmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X20 tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş **********47 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Cəfərəbad kəndində yerləşən 0,12 hektar torpaq sahəsi X4 adına qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X20 tərəfindən xx xxxx 2018ci il tarixdə verilmiş **********82 reyetr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Cəfərəbad kəndində yerləşən 0,11 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 adlarına qeydə alınmışdır. Şəki rayonu, Cəfərəbad Bələdiyyəsi tərəfindən verilmiş avqust 2010-cu il tarixli, 406977 nömrəli, yanvar 2012-ci il tarixli, 569535 nömrəli, xx xxxxx 2013-cü il tarixli, 755368 nömrəli, xx xxxxxxxx 2014-cü il tarixli, 867191 nömrəli və xx xxxxxx 2014-cü il tarixli, 867370 nömrəli qəbzlərdən görünür ki, İddiaçı1 torpaq vergisi olaraq 2010-cu il üçün 50 manat, 2010-2011-ci illər üçün 28,74 manat, 2013-cü il üçün 50 manat, 2014-cü il üçün 3 manat və 2014-cü il üçün 13 manat ödəniş etmişdir. Lakin, həmin qəbzlərlə edilmiş ödənişlərin konkret hansı torpaq sahəsi üçün ödənildiyi müəyyən edilmir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2-1 (084)- 251/2015 nömrəli qərarından görünür ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı qanuni istifadəsində olan 0,12 hektar və verilməyən 0,21 hektar pay torpaq sahəsinin zəbtində və istifadəsində olan torpaq sahəsindən verilərək adına torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Regional Ədliyyə İdarəsi tərəfindən İddiaçı1 göndərilmiş xx xxxxx 2018-ci il tarixli məktubdan görünür ki, həmin məktubla İddiaçı1 torpaq islahatları zamanı ailəsinə verilməli olan torpaq sahəsinin kəsirlə verildiyini hesab etdiyi halda, bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edildi ki, Şəki rayonu, X5 Xidmətinin Şəki şəhər Ərazi İdarəsinin verdiyi xx xxxxxxx 2016-cı il tarixli çıxarışına əsasən Şəki rayonu, Cəfərəbad Bələdiyyəsinə məxsus ,12 hektar torpaq sahəsini X6 820 manata satmış, bununla bağlı Şəki rayonu, Cəfərəbad Bələdiyyəsi ilə X13 arasında Şəki şəhəri 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2016-cı il tarixli, 4Ə-799 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X20 tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş **********47 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Cəfərəbad kəndində yerləşən 0,12 hektar torpaq sahəsi X4 adına qeydə alınmışdır. Məhkəmə kollegiyası iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Azərbaycan Respublikası Torpaq İslahatları haqqında Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları daxildir. Bələdiyyənin ehtiyat fondu torpaqlarına yaşayış məntəqələrinin prespektiv inkişafı üçün ayrılan torpaqları, hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları və ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları aiddir. Həmin Qanunun 7-ci maddəsinin 3-cü bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 5-ci bəndinə əsasən bələdiyyə ehtiyat fondu torpaqları-yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları və ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqlarıdır. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, kənd təsərrüfatına azyararlı və yararsız torpaqlar, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar və qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar xüsusi mülkiyyətə verilə bilər. Məhkəmə kollegiyası hazırki iş üzrə özünün mövqeyini mülki qanunvericiliyin əqdlər institutu ilə bağlı yanaşmasına uyğun hesab edir. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, iddiaçı tərəf mübahisəli torpaq sahəsinin ona məxsus olmasını və bələdiyyə tərəfindən məhz ona satılmalı olmasını bildirsə də, bununla bağlı məhkəmə araşdırmaları zamanı heç bir mötəbər sübut təqdim etməmişdir. İkincisi, kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Üçüncü, nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir. Belə ki, alıcının təklif olunan əşyanın verilməsini tələb etmək hüququna satıcının həmin əşyanı vermək vəzifəsi, satıcının verdiyi əşyanın haqqını tələb etmək hüququna alıcının əşyanın dəyərini ödəmək vəzifəsi qarşılıqlı şərtləndirilmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu, Cəfərəbad Bələdiyyəsi mülkiyyətində olan mübahisəli torpaq sahəsini əvəzi ödənilməklə cavabdeh X1 və sonuncu həmin torpaq sahəsini qəbul edib əvəzində müqavilədə müəyyənləşdirilmiş qeyd olunan pul vəsaitini ödədiyindən, həmçinin alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, alqı-satqı müqaviləsi etibarsız sayıla bilməz. Məhkəmə kollegiyası Cavabdeh münasibətdə əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Məhkəmə kollegiyası sonda iddiaçı tərəfin mübahisələndirdiyi çıxarışın əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi mübahisəli əmlakları əldə edən şəxs, yəni iş üzrə cavabdehdə belə bir etirazın, mübahisənin olması barədə heç bir məlumat olmamış, həmin əmlakla bağlı dövlət reyestrini aparan orqanda etiraz, mübahisə, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahəsini əldə edən şəxs (cavabdeh) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-646/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1491/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1491/2020
07.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver