Məhkəmə qərarları › İş №2(107)-151/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-151/2022

17.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-151/2022 17.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlakın zəbtdən azad olması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı "çəkilmiş xərcərinin ödənilməsi, və s." barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın zəbtdən azad olması, çəkilmiş xərcərin ödənilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlakın zəbtdən azad olması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı "çəkilmiş xərcərinin ödənilməsi, və s." barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(014)-22/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İşin halları:

1. 10 sentyabr 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən 0.06254 hektar əmlak kompleksi kimi müəssisə mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir.

2. Ağdaş Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli 2(014)-160/2020 saylı qərardadından görünür ki, məhkəmənin həmin qərardadı ilə iddiаçı İddiaçı Cavabdeh qarşı “əmlakın zəbtdən azad olunması” tələbinə dair iş üzrə işin düzgün və obyektiv həll edilməsi üçün məhkəmətikinti texniki ekspertiza təyin edilmişdir.

3. Azərbaycan Respublikası "xxxx" 30 noyabr 2020-ci il tarixli 520 saylı ekspert rəyindən məlum olur ki, hüquqmüəyyənedici sənədlərdə Ağdaş şəhəri, N.Nərimanov küç 10 ünvanında İddiaçı istifadəsində olan torpaq sahəsi ümumi olaraq 0.0654 ha qeyd olunmuşdur. Natura üzrə faktiki istifadəsində isə 0.23724 ha təşkil edir. ünvan 3 ünvanında yerləşən iddia predmeti olan mübahisəli torpaq sahəsi hüquqmüəyyənedici sənədə və koordinatlara əsasən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsində yerləşir və bu torpaq sahəsi RX seriyalı ******* saylı çıxarış əsasında əmlak kompleksi kimi müəssisə növü olaraq İddiaçı xidməti təyinatlı verilən torpaq sahəsidir. İddiaçı tərəfindən mübahisələndirilən, cavabdeh tərəfindən tikilən, təmin edilən 56 m2 talvar sahəsi iddiaçının xüsusi mülkiyyətinə verilmiş əmlak kompleksi kimi müəssisənin qeyriyaşayış binası olan talvar altında yerləşir və bu torpaq sahəsi də iddiaçının məxsus çıxarışda qeyd olunan torpaq sahəsində yerləşir. Cavabdeh tərəfindən aparılan tikinti-təmir işləri zamanı tikinti norma və qaydalarına əməl edilmişdir.

4. 30.10.2020-ci il tarixli Baxış aktından məlum olur ki, Ağdaş rayon məhkəməsinin hakimi Nizam Əliyevin icraatında olan 2(014)-160/2020 saylı mülki iş üzrə təyin olunmuş Məhkəmə tikinti-texniki ekspertizanın aparılması üçün tədqiq olunan ünvan 4 ünvanda yerləşən mübahisəli torpaq sahəsi və tikililərə baxış keçirilmiş, baxış zamanı tədqiq olunan mübahisəli torpaq sahəsinin və tikililərin mövcud vəziyyəti və koordinatları qeyd edilmişdir.

5. Azərbaycan Respublikasının Vergilər Nazirliyində 08.11.2016-cı il tarixdı qeydiyyata alınmış "xxxx" MMC-nin (VÖEN **********) 14 mart 2019-cu il tarixli mütəxəssis rəyindən məlum olur ki, ünvan 5 ünvanda yaşayan Cavabdeh yumanın tikilməsi və ona çəkilən xərclər siyahı üzrə əmlakın qiymət qoyulması üçün müraciətinə əsasən iddia ərizəsində göstərilən əmlakına pərakəndə satış mağazalarından öyrənilərək və iddiaçının dediyinə görə həmin əmlakları hazırki bazar satışı qiyməti ilə qiymətləndirilmiş, cəmi 13451 manat xərc qoyulmuşdur. Verilən mütəxəssis rəyinə görə yuxarıdakı göstərilən əşyaların dəyəri orta bazar qiymətlərinə uyğundur.

6. Ağdaş Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(014)-22/2021 saylı qərardadından görünür ki, məhkəmənin həmin qərardadı ilə iddiаçı İddiaçı Cavabdeh qarşı “əmlakın zəbtdən azad olunması” tələbinə dair iş üzrə işin düzgün və obyektiv həll edilməsi üçün məhkəmətikinti texniki ekspertiza təyin edilmişdir.

7. Azərbaycan Respublikası "xxxx" 19 aprel 2021-ci il tarixli 190 saylı ekspert rəyindən məlum olur ki, Cavabdeh tərəfindən ünvan 3 ünvanda yerləşən avtomobil təmir-tikinti və quraşdırma işlərinin xərci (təmir-tikinti və quraşdırma işlərinə sərf ediləcək mal-material və usta əmək haqqısı nəzərə alınmaqla) 13356.0 (on üç min üç yüz əlli altı) manat təşkil edir.

8. 09.04.2021-ci il tarixli Baxış aktından məlum olur ki, Ağdaş rayon məhkəməsinin hakimi Nizam Əliyevin icraatında olan 2(014)-22/2021 saylı mülki iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizanın aparılması üçün tədqiq olunan ünvan 4 ünvanda yerləşən mübahisəli torpaq sahəsi və tikililərə baxış keçirilmiş, baxış zamanı tikilinin mövcud vəziyyəti üzrə ölçüləri və məlumatları götürüldü. Tədqiq olunan mübahisəli tikili 6.2x10.60m ölçüdə olub 5.8 m hündürlükdə mişar daşından inşa edilmiş, üzəri taxta millər üzərində quraşdırılmış dəmir təbəqəli siferlərdən ibarətdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli, 10/7127 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən ünvan 6 ünvanda yerləşən avtomobil təmir sexinin təmir-tikinti və quraşdırma işlərinin xərci (təmir- tikinti və quraşdırma işlərinə sərf ediləcək mal-material və usta əmək haqqısı nəzərə alınmaqla) 9862.0 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlakın zəbtdən azad olması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 3 ünvanında yerləşən xüsusi mülkiyyətində olan əmlak kompleksi kimi müəəssisənin qanunsuz zəbt etdiyi 50 kv.m və 40 kv.m-lik Talvar sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-in 17 saylı ərazi idarəsi tərəfindən RX ******* saylı seriya nömrəsi və **********03-12301 saylı reyestr nömrəsi ilə ona ümumi sahəsi 0.6254 ha torpaq sahəsi olmaqla 559.2 kv.m tikili müəssisəsi olan əmlak kompleksinə mülkiyyət hüququna dair çıxarış verilmişdir. 5 ildən artıq bir müddətdir ki ona məxsus əmlak kompleksindən 50 kv.m və 40 kv.mlik örtülü əmlak kompleksinə aid Talvar sahələri zəbt olunmaqla onun razılığı olmadan cavabdeh tərəfindən istifadə edilmişdir. İllərdir ki, cavabdeh ona məxsus əmlak sahəsini heç bir kommunal və vergi ödəmədən istifadə edir. Onun əvəzinə həmin kommunal və vergi borclarını o ödəmişdir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh zəbt etdiyi ona məxsus əmlak kompleksini tərk etməmişdir. Hazırda 5 ildən artıq bir müddətdir ki, cavabdeh əmlak sahəsini qanunsuz zəbt etmişdir və qanunsuz olaraq istifadə edərək qazanc götürür. O, isə onun yerinə əlavə xərc ödəyir. Cavabdehin sadalanan əməlləri öz növbəsində cinayət xarakterlidir. Hazırda onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, cavabdehin isə əlində heç bir hüquqverici sənəd mövcud deyildir. Hesab edir ki, əmlak sahəsini qanunsuz zəbtdən azad edilməsi məhkəmə qaydasında həllini tapmalıdır. Hazırda cavabdeh əmlak sahəsini qanunsuz zəbt etdiyindən illərdir ki ona xeyli miqdarda ziyanlıq vurur, o isə halal qazancından məhrum olmuşdur.

12. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "çəkilmiş xərclərin ödənilməsi, və s" tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, sərf etdiyi 13451 (on üç min dörd yüz əlli bir) manat məbləğin cavabdeh tərəfindən ona qaytarılması və ya iş fəaliyyətinin davam edilməsi, işıq və suyun bərpa edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ilin mart ayında atası İddiaçı öz təşəbbüsüylə ailəsini dolandırmaq üçün 9 x 6 =54 kv/m örtüklü əmlak kompleksindən yer verib, həmin yerə öz vəsaiti ilə təmir edib işlətməyini, ailəsini dolandırmaq üçün nə istəsə edə biləcəyini bildirmişdir. Adı gedən obyekti təmir edib, pul qazanmaqdan ötrü əmlak kompleksinə külli miqdarda vəsait qoyub işə başlamışdır. Obyekti təmir edib, pul qazanmaqdan ötrü əmlak kompleksinə külli miqdarda vəsait qoyub işə başlamışdır. Yəni əsas kompleks dəmir və beton üzərində olmuş və iş görmək üçün yararsız vəziyyətdə qalmışdır. Tikintidə çalışan mütəxəsislərin məsləhəti və iştirakı ilə həmin əmlak kompleksinə vəsait qoyub 3 ay ərzində yararlı vəziyyətə gətirəndən sonra işıq idarəsi tərəfindən texniki şərtlər alınıb və işıq çəkdirilib. Bundan başqa adı gedən obyektə, sukonolizasiya xətti çəkdirib işə başlamışdır. İşığın və suyun ödənişlərini özü ödəmiş və atası ilə aralarında heç bir narazılıq olmamışdır. Atası ilə onun arasında yaradılmış mübahisə varlanmaq məqsədi daşıyır. Obyekt real gəlir gətirdiyi səbəbindən əlindən almaq məqsədi ilə onun işlərinə maneəçilik yaradıb. Yəni işığını və suyunu kəsib. Ədalətsiz hərəkəti ilə onun tərəfindən yaradılan müştərili obytektin mənimsənilməsi qabaqcadan planlaşdırılıb. Mübahisəni kimin tərəfindən doğru dürüst aparılmasını sübut etmək məqsədiylə qiymətləndirici şirkətə müraciət edib obyektə qoyulan sərmayenin miqdarını rəsmi qaydada məhkəməyə təqdim etmişdir.

14. Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev) 01 iyun 2021-ci il tarixli, 2(014)- 22/2021 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı RX seriyalı ******* nömrəli çıxarışla məxsus olan, əmlak kompleksi kimi xüsusi mülkiyyətində olan müəəssisəsinin istifadəsində olan, ünvan 3 ünvanında yerləşən, həmin müəssisənin tərkib hissə kimi "Talvar"ın yerləşdiyi torpaq sahəsindən çıxarılması; qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh sərf etdiyi 13451 (on üç min dörd yüz əlli bir) manat məbləğində pulun cavabdeh İddiaçı tərəfindən ona qaytarılması, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumları və çəkilmiş xərclər tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, DƏDRX-in 17 saylı ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən ilkin iddiaçının xüsusi mülkiyyətinə ünvan 1 yerləşən, ümumi sahəsi 559.2 kv.m olan "əmlak kompleksi kimi müəssisə", istifadəsinə isə ölçüsü 0.06254 ha olan torpaq sahəsi verilmişdir. İlkin iddiaçının sənəd üzrə istifadəsində olan torpaq sahəsi 0.0654 ha qeyd olunsa da, natura üzrə faktiki istifadəsində 0.23724 ha təşkil edir. ünvan 1 ünvanında yerləşən iddia predmeti olan mübahisəli torpaq sahəsi ilkin idiaçının istifadəsinə verilmiş torpaq sahəsində yerləşir və bu torpaq sahəsi əmlak kompleksi kimi müəssisə növü olaraq ilkin İddiaçı xidməti təyinatlı verilən torpaq sahəsidir. İlkin iddiaçı tərəfindən mübahisələndirilən, ilkin iddia üzrə cavabdeh tərəfindən tikilən, təmir edilən 56 kv.m talvar sahəsi ilkin iddiaçının xüsusi mülkiyyətinə verilmiş əmlak kompleksi kimi müəssisənin qeyri-yaşayış binası olan "Talvar" altında yerləşir və bu torpaq sahəsi də ilkin iddiaçıya məxsus çıxarışda qeyd olunan torpaq sahəsində yerləşir. İlkin iddia üzrə cavabdeh tərəfindən aparılan tikinti-təmir işləri zamanı tikinti norma və qaydalarına əməl edilmişdir. ilkin iddia üzrə iddiaçı tərəfindən əvvələr tikilin aparılmasına, təmirinə və sonradan istifadəsinə hər hansı maneəyə və ya etiraz edilməsə də, sonradan tərəflər arasında münasibətlərin kəskinləşməsi səbəbindən həmin tikilidən istifadəyə manelər yaradılmış və etiraz edilmişdir. İlkin iddia üzrə Cavabdeh tərəfindən ünvan 3 ünvanda yerləşən avtomobil təmir-tikinti və quraşdırma işlərinin xərci (təmir-tikinti və quraşdırma işlərinə sərf ediləcək mal-material və usta əmək haqqısı nəzərə alınmaqla) 13356.0 (on üç min üç yüz əlli altı) manat təşkil edir. Məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli, Cavabdeh İddiaçı oluna məxsus ünvan 3 ünvanında yerləşən xüsusi mülkiyyətində olan əmlak kompleksi kimi müəəssisənin "Talvar sahəsindən" çıxarılmalı, qarşılıqlı iddia qismən təmin edilməli, iddiaçının sərf etdiyi 13451 (on üç min dörd yüz əlli bir) manat məbləğ cavabdeh tərəfindən ona qaytarılmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu və məhkəmə xərcləri tərəflərə aid edilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə,

17. Avropa Konvensiyanın 1 saylı Protokolunun 1, 6-cı maddələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarına, “Marks Belçikaya qarşı” iş üzrə qərarına, “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarına, “Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarına, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarına, “X3rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarına, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1, 68, 84.1, 111.1, 111.2 və 111.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 240.1, 241.1, 241.2, 241.3, 243, 1091.1, 1092.1 və 1092.2-ci maddələrinə, Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.4 maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin “qarşılıqlı iddianın təmin olunmuş hissəsində”ləğv edilməsini xahiş etmişdir.

19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş rayon məhkəməsi 01 iyun 2021-ci il tarixli 2(014)-22/2021 saylı qətnaməsi ilə cavabdehin şişirdilmiş və əsassız qarşılıqlı iddia tələbini təmin etmişdir. Həmin qərar ilə o, razı deyil. Cavabdeh məhkəməyə əsassız sübutlar təqdim etmiş, məhkəmə isə əsassız olaraq onun hüquqlarını pozaraq iddianı təmin etmişdir. Həmçinin cavabdeh saxta sübutlarla məhkəməni yanıltmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o hazırki ekspert rəyi ilə razılaşmır. Ekspert tərəfindən qiymət “şişirdilmiş” şəkildə göstərilib. Bundan əlavə həmin ərazini istifadə etmək üçün cavabdehə versə də, tikilini tikən və pulu verən adam tamam başqa adamdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı olan atası həmin sahəni ona istifadə etmək, ailəsini dolandırmaq məqsədilə vermişdir. O da bu etimaddan istifadə edərək orada tikinti inşa etmiş, xeyli məbləğdə xərc çəkmişdir. Lakin ata-oğul münasibətləri pisləşdikdən sonra iddiaçı onu həmin yerdən çıxarmaq qərarına gəlmişdir. Belə olan halda o da tikintiyə çəkmiş olduğu xərci tələb edir. Sonuncu ekspert rəyində tikintinin dəyəri az göstərilib. Ona görə də Ağdaş Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

119.1-ci mаddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. 372.1-ci maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikatətinin dəlillərindən müəyyən edilir ki, iddiaçı qətnamənin “qarşılıqlı iddianın təmin olunmuş hissəsində” ləğv edilməsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir.

26. Qətnamənin digər hisələri üzrə araşdırma aparılmır. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və birinci instansiya məhəkəməsinin qətnaməsinin qarşılıqlı iddia üzrə müəyyən edilmiş məbləğə münasibətdə dəyişdirilməsi üçün əsaslıdır.

28. Belə ki, Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır.

29. Hazırki işdə də birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının çəkmiş olduğu xərc hesabına cavabdeh İddiaçı əsassız varlanması qənaətinə gəlmişdir.

30. Mövcud mübahisə üzrə qarşılıqlı iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin maddi hüquq normalarını tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşır.

31. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

32. İşin faktiki hallarından müəyyən edilir ki, DƏDRX-nın 17 saylı ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən ilkin iddiaçının xüsusi mülkiyyətinə ünvan 1 yerləşən, ümumi sahəsi 559.2 kv.m olan "əmlak kompleksi kimi müəssisə", istifadəsinə isə ölçüsü 0.06254 ha olan torpaq sahəsi verilmişdir.

33. İlkin iddiaçının sənəd üzrə istifadəsində olan torpaq sahəsi 0.0654 ha qeyd olunsa da, natura üzrə faktiki istifadəsində 0.23724 ha təşkil edir. ünvan 1 ünvanında yerləşən iddia predmeti olan mübahisəli torpaq sahəsi ilkin idiaçının istifadəsinə verilmiş torpaq sahəsində yerləşir və bu torpaq sahəsi əmlak kompleksi kimi müəssisə növü olaraq ilkin İddiaçı xidməti təyinatlı verilən torpaq sahəsidir.

34. İlkin iddiaçı tərəfindən mübahisələndirilən, cavabdeh tərəfindən tikilən, təmir edilən 56 kv.m talvar sahəsi ilkin iddiaçının xüsusi mülkiyyətinə verilmiş əmlak kompleksi kimi müəssisənin qeyri-yaşayış binası olan "Talvar" altında yerləşir və bu torpaq sahəsi də ilkin iddiaçıya məxsus çıxarışda qeyd olunan torpaq sahəsində yerləşir.

35. İş üzrə cavabdeh (qarşılıqlı iddiaçı) tərəfindən aparılan tikinti-təmir işləri zamanı tikinti norma və qaydalarına əməl edilmişdir. İddiaçı tərəfindən əvvələr tikilin aparılmasına, təmirinə və sonradan istifadəsinə hər hansı maneəyə və ya etiraz edilməsə də, sonradan tərəflər arasında münasibətlərin kəskinləşməsi səbəbindən həmin tikilidən istifadəyə manelər yaradılmış və etiraz edilmişdir.

36. İş üzrə Cavabdeh özü tərəfindən tikilmiş tikilinin dəyərinin 13451 manat olduğunu göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübutu təqdim etməmiş, lakin işə baxan birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə ekspertiza təyin etmiş, ekspertizanın aparılmasını "xxxx" MMC-yə həvalə etmişdir. Həmin MMC tərəfindən mübahisəli tikilinin təmir-tikinti və quraşdırma işlərinin xərci 13.356 manat müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi qətnamədə həmin rəyə istinad etsə də, sonda qarşılıqlı iddianı iddia tələbi həçmində (13451 manat) təmin etmişdir.

37. Kollegiya qeyd olunan "xxxx" MMC-nin müvafiq səlahiyyətə malik olmamasını (xüsusi lisenziyaya malik olmamasını) nəzərə alaraq, həmin MMC tərəfindən verilmiş rəyi mötəbər sübut kimi qəbul etməyərək, yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını ƏN-in MEM-ə həvalə etmişdir.

38. Məhkəmə kollegiyası Müstəqil Məhkəmə Ekspertizası MMC-nin rəyi ilə razılaşmamasının əsas səbəbini onunla əsaslandırır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

39. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli, 10/7127 nömrəli ekspert rəyiə əsasın Cavabdeh tərəfindən ünvan 6 ünvanda yerləşən avtomobil təmir sexinin təmir-tikinti və quraşdırma işlərinin xərci (təmir- tikinti və quraşdırma işlərinə sərf ediləcək mal-material və usta əmək haqqısı nəzərə alınmaqla) 9862.0 manat təşkil edir.

41. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.

42. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazı əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.

43. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

44. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

45. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyatorun apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsaslı olmasa da, dəyişdirilməsi üçün əsasdır.

46. Əvvala ona görə ki, apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.

47. İkincisi, iddiaçı apellyasiya şikayətində məhkəmənin cavabdehin şişirdilmiş və əsassız qarşılıqlı iddia tələbini təmin etdiyini, cavabdehin məhkəməyə əsassız sübutlar təqdim etdiyini, məhkəmə isə əsassız olaraq onun hüquqlarını pozaraq iddianı təmin etdiyini, həmçinin cavabdeh saxta sübutlarla məhkəməni yanıltdığını bildirsədə mövqeyini sübut edəcək faktları və dəlilləri məhkəməyə təqdim etməmişdir.

48. Əksinə apellyasiya icraatı zamanı yenidən ekspertiza təyin edilmiş və verilmiş rəy üzrə mübahisəli tikintiyə çəkilmiş xərc 9862 manat müəyyən edilmişdir. Lakin iddiaçı tərəf bu rəylə də razılaşmamış, gah məbləğin yenə də çox olduğunu, gah da xərc çəkən şəxs cavabdeh deyil, başqa şəxs olduğunu mübahisələndirmişdir.

49. Apellyasiya məhkəməsi iddiaçının bu dəlillərini də inandırıcı hesab etmir. Əvvəla ona görə iddiaçı mübahisəli ərazini cavabdehə verilməsini özü etiraf etsə də, tikintinin başqa şəxs tərəfindən inşa edilməsini qeyd edir, lakin təklif olunmasına baxmayaraq dəlilinin bu hissəsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmir.

50. Bundan əlavə apellyator tikintininin inşası üçün Cavabdehlik daşımamasını bildirsə də, nədənsə öz iddiasında sonuncunu cavabdeh kimi göstərməsini unudur.

51. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(014)- 38/2021 nömrəli qətnaməsi ekspert rəyi əsas götürülməklə qarşılıqlı iddianın təmin olunmuş hissəsinə mübnasibətdə dəyişdirilməlidir.

52. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir.

53. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci cavabdehə аid edilməli və məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat tərəflərin təraflər arasında mütənasib olaraq bölünüb, onlardan alınaraq dövlət büdcəsinə ödənilməlidir. 54.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(014)-22/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan məbləğ 9862.0 (doqquz min səkkiz yüz altmış iki ) manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın 73.32 manatı İddiaçı, 26.68 manatı isə Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X2 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən, qarşılıqlı iddia üzrə cavabdeh tərəf, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına (elektron kabinet və vəkil vasitəsilə) kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar