Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-152/2022 13.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlak tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh1 və cavabdehlərin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(051)-705/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiasını cavabdehlər tərəfindən cəmi qiyməti 3200 manat olan 30 adda əşyasının talanması və geri qaytarılmaması ilə əsaslandırmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25 №li ev onun valideynlərinə məxsus olmuşdur. Atasının ölümündən sonra ev X8nın mülkiyyətinə keçmişdir. O da valideynləri və bacı-qardaşları ilə birlikdə həmin evdə yaşamışdır. 1994- cü ildə ailə qurduqdan sonra həmin evdən çıxmış, cehiz əşyalarnı da aparmışdır. Özü əri ilə bir müddət Mingəçevir şəhərində yaşamış, sonra qazanc üçün Rusiya Federasiyasına getmiş, bir neçə il fasilələrlə orada yaşamışlar. 1998-ci ildə Mingəçevir şəhərində yaşadıqları evi satıldıqdan sonra anasının evinə qayıtdı. Cehiz əşyalarını da həmin evə gətirdi. X8 2005-ci ildə vəfat etmişdir. Anasından miras qalmış Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 25 №li ev vərəsələr arasında bölünən zaman qardaşı Yaşar onu inandırdı ki, miras pay tələb etməsin, sonra ona ayrı ev alacaqdır. O da inanıb mirasdan pay tələb etmədi. Lakin sonra münasibətləri pozuldu, qardaşı Yaşar ona həmin evdə yaşamağa imkan vermədi. Ona görə də evə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət etdi. Mİngəçevir şəhər məhkəməsinin 30.06.2011-ci il tarixli qətnaməsi ilə onu Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 25 №li evə köçürülməsi qət edildi. Lakin cavadehlərin təqsiri üzündən qətnaməni icrası uzun müddət mümkün olmamışdır. O, Bakı şəhərində yaşamışdır. 11.11.2020-ci ildə qətnamə icra olunan zaman evə köçürüləndə anasının evində yerləşdirdiyi, hazırda cavabdehlərinn yaşadığı evdə əşyaların talan edildiyi, yoxa çıxdığını gördü. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsində qeyd etdiyi 50 adda əşyaların və ya onların cəmi dəyəri olan 3120 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(051)-705/2021 saylı qətnaməsi ilə (hakim M.Kərimova) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qiyməti 150 (bir yüz əlli) manat olan 1 ədəd xalça, qətnamə icra olunan zaman naturada alınması mümükün olmadqda isə onun dəyəri alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25 №li evə köçürülməsi qət edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 19.02.2021-ci il tarixli 33№ li rəylə iddia ərizəsində göstərilən 50 sayda əşyaların cəmi məbləği 3120 manatdır. Mingəçevir şəhər məhkəməsinin 30.06.2011-ci il tarixli qətnaməsi icra edilmiş, iddiaçı Xəlilova X3 şəhəri T.Z.Tağıyev küçəsi 25 №li evə köçürülmüşdür və köçürülərkən şəxsi qeyim paıtarlarını və 1 ədəd xalçanı özü ilə gətirmişdir. Məhkəmədə şahid kimi dindirilmiş X4 ifadə verərək iddiaçı onun bacısı, cavabdeh isə qardaşı olduğunu bildirmiş. Bacısı ailə qurduqdan sonra ər evinə köçmüş, özü də ailə qurduqdan sonra evdən çıxmışdır. Valideynlərinin vəfatından sonra o, miras qalmış evlə arabir əlaqə saxlamışdır. Ona məlumdur ki, bacısı Mingəçevir şəhərindən köçüb gedən zaman bəzi əşyalarını anasının evinə yerləşdirmişdir. Hər dəfə qardaşıgilə qonaq gələrkən həmin əşyalardan Cavabdeh2 istifadə etdiyini görmüşdür. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, İddiaçı iddiasının ancaq xalçaya aid hissəsində tələbində haqlıdır, qalan hissədə iddia təmin edilə bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçı 30.06.2011-ci il tarixdə evə köçürülmə barədə qətnamə çıxarılsa da evə 10.11.2020-ci ildə köçmüş, lakin evdə bir gün də olsa yaşamamışdır. İddiaçı uzun müddət ərzində özününkü hesab etdiyi əmlakın taleyi ilə maraqlanmamış, həmin əmlakı tələb etməmişdir. Hazırda evdə qalan əmlak tərəflərin mərhum analarına məxsus olmuşdur. İddiaçı miras əmlakın qəbulundan imtina etdiyinə görə həmin əmlakı da tələb edə bilməz Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı, qiyməti 150 (bir yüz əlli) manat olan 1 (bir) ədəd xalça, qətnamə icra olunan zaman naturada alınması mümükün olmadıqda isə onun dəyəti cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni İnsan Haqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən iddia tələbini tam təmin etməməkdə haqli olmamişdir. Cavabdeh1 onun qardaşıdır. Mingəçevir şəhərinin H.Z.Tağıyev küçəsində yerləşən 25 saylı ev valideynlərinə məxsus olmuşdur. Atasın ölümündən sonra ev X8nın mülkiyyətinə keçmişdir. O də anası, bacısı və qardaşı ilə həmin evdə yaşamışdır. Qardaşı Yaşar isə atasının qardaşına aldığı başqa ünvanda yerləşən 2 otaqlı mənzildə yaşamışdır. O ailə qurduqdan sonra özünə məxsus əmlaklarını qeyd olunan evə yerləşdirmişdir. Qardaşı Cavabdeh1 08 may 2010-cu il tarixdə Mingəçevir şəhərinin H.Z.Tağıyev küçəsində yerləşən 25 saylı evin və həyətyanı torpaq sahəsinin qardaşına məxsus olan hissəsini ona vəsiyyət etmişdir. Daha sonra Cavabdeh1 ona başqa mənzil alacağını vəd edərək, onun Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi 25 saylı ev və torpaq sahəsindən imtina etməyinə nail olmuşdur. Ancaq buna baxmayaraq qardaşı Cavabdeh1 onu aldatmış və ona heç bir mənzil almamışdır. Bundan sonra o fərdi yaşayış evinə köçürülmə ilə bağlı məhkəməyə müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 30 iyun 2011- ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin təmin olunaraq onun Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 25 saylı fərdi yaşayış evinə köçürülməyi qət edilmişdir. Məhkəmədə işə baxılan zaman, iş üzrə şahid qismində dindirilmiş X2 verdiyi ifadəsini təhrif edərək qətnamədə başqa qaydada ifadə etməyə çalışmışdır. Halbuki, şahid məhkəmə iclası zamanı ona məxsus əmlakların cavabdehlər tərəfindən istifadə olunduğunu və həmin əşyaların ona (iddiaçı) məxsus olduğunu dəqiq bildirmişdir. Lakin, məhkəmə şahid ifadəsini olduğu kimi qətnamədə qeyd etməmişdir. Əslində o bunun səbəbini bilir. Belə ki, cavabdehlərdən Cavabdeh2 hakim Məhburə Kərimovanın tabeliyində Mingəçevir Şəhər Məhkəməsində ştatdan kənar işləmişdir. Belə olan halda hakim məhkəmə iclası zamanı özü-özünə etiraz verməli olduğu halda bunu etməmiş, cavabdehlərin mənafelərinə uyğun olaraq qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən o Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(051)- 705/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam həcmdə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və cavabdehlərin nümayəndəsi və vəkili X5 verilmiş apellyasiya şikayətinin məhkəmə iclası zamanı iddiaçı tərəfindən təqdim edilmiş diskə baxış zamanı aşkar edilmiş qabların tələbi hissəsində təmin edilməsinə, Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(051)- 705/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın həmin hissədə təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(051)-705/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam həcmdə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(051)-705/2021 saylı qətnaməsini iddianın təmin edilməyən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(051)-705/2021 saylı iddianın təmin edilməyən qəhvəyi rəngli iri meyvə qabı – 50 manat, sarı göy rəngli sadə bakallar – 30 manat, lepkalı qrafin bakal 6 ədəd – 80 manat, xrustal meyvə qabı yumru – 60 manat, romb formasında meyvə qabı – 50 manat, xrustal meyvə qabı 1 ədəd -40 manat, qalın xrustal meyvə qabı 2 ədəd – 50 manat hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25 №li evə köçürülməsi qət edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 19.02.2021-ci il tarixli 33№ li rəylə iddia ərizəsində göstərilən 50 sayda əşyaların cəmi məbləği 3120 manatdır. Mingəçevir şəhər məhkəməsinin 30.06.2011-ci il tarixli qətnaməsi icra edilmiş, iddiaçı Xəlilova X3 şəhəri T.Z.Tağıyev küçəsi 25 №li evə köçürülmüşdür və köçürülərkən şəxsi qeyim paltarlarını və qəhvəyi rəngli iri meyvə qabı – 50 manat, sarı göy rəngli sadə bakallar – 30 manat, lepkalı qrafin bakal 6 ədəd – 80 manat, xrustal meyvə qabı yumru – 60 manat, romb formasında meyvə qabı – 50 manat, xrustal meyvə qabı 1 ədəd -40 manat, qalın xrustal meyvə qabı 2 ədəd – 50 manat özü ilə gətirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə qismən razılaşır. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından qeyd edilən əşyalarının cavabdehin evinə gətirilməsi, eyni zamanda həmin əşyaların cavabdehdə qalmasını sübut etmə vəzifəsi iddiaçıya aiddir, odur ki, həmin halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh tərəfin etiraf etdiyi əşyalardan başqa digər əşyaların cavabdehlərə məxsus evə gətirilməsi, cavabdehdə qalması, yaxud da həmin əşyaların caavbdeh tərəfindən ondan alınması barədə məhkəməyə heç bir mötəbər dəlil təqdim edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, iddia qəhvəyi rəngli iri meyvə qabı – 50 manat, sarı göy rəngli sadə bakallar – 30 manat, lepkalı qrafin bakal 6 ədəd – 80 manat, xrustal meyvə qabı yumru – 60 manat, romb formasında meyvə qabı – 50 manat, xrustal meyvə qabı 1 ədəd -40 manat, qalın xrustal meyvə qabı 2 ədəd – 50 manat hissəsində təmin edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(051)- 705/2021 saylı qətnaməsi iddianın təmin edilməyən qəhvəyi rəngli iri meyvə qabı – 50 manat, sarı göy rəngli sadə bakallar – 30 manat, lepkalı qrafin bakal 6 ədəd – 80 manat, xrustal meyvə qabı yumru – 60 manat, romb formasında meyvə qabı – 50 manat, xrustal meyvə qabı 1 ədəd -40 manat, qalın xrustal meyvə qabı 2 ədəd – 50 manat hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, qətnamənin mübahisələndirilən digər hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(051)-705/2021 saylı qətnaməsi iddianın təmin edilməyən qəhvəyi rəngli iri meyvə qabı – 50 manat, sarı göy rəngli sadə bakallar – 30 manat, lepkalı qrafin bakal 6 ədəd – 80 manat, xrustal meyvə qabı yumru – 60 manat, romb formasında meyvə qabı – 50 manat, xrustal meyvə qabı 1 ədəd -40 manat, qalın xrustal meyvə qabı 2 ədəd – 50 manat hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə də təmin edilsin. İddiaçıya məxsus qəhvəyi rəngli iri meyvə qabı – 50 manat, sarı göy rəngli sadə bakallar – 30 manat, lepkalı qrafin bakal 6 ədəd – 80 manat, xrustal meyvə qabı yumru – 60 manat, romb formasında meyvə qabı – 50 manat, xrustal meyvə qabı 1 ədəd -40 manat, qalın xrustal meyvə qabı 2 ədəd – 50 manat, qətnamə icra edilən zaman həmin əmlaklar mövcud olmadıqda onların dəyəri cavabdehlərdən alınaraq iddiaçıya ödənilsin. Qətnamə mübahisələndirilən digər hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-152/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-152/2022
13.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver