Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1588/2021 21.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, cavabdeh X3 iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı “mülkiyyətində olan əşyaların qaytarılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(051)-530/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh X2 qeyd edilən əmlakın naturada qaytarılması və ya onun dəyəri olan 2750 manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə. Süleymanov) 30 aprel 2021-ci il tarixli, 2(051)-530/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçı Süleymanov X9 Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(051)-530/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüquqularının ½ hissəsi ona məxsus olan ünvan 1 ünvanda yaşayır. İş üzrə cavabdeh X7 ilə aralarında olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsində qeydə alınmış nikah Mingəçevir Şəhər Məhkəməsinin 02.06.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Aralarında olan nikaha xitam verildikdən sonra birgə nikahdan olan Rafiq adlı uşağı ilə birlikdə atasına məxsus olan Mingəçevir şəhəri ünvan 2 ünvanda yaşayırlar. 03 oktyabr 2019-cu ildə anası vəfat edərkən anasından miras qalmış qızıl-zinət əşyalarını və bir ədəd gəbəni iş üzrə cavabdeh Nərmin Süleymanova onun xəbəri olmadan öz yaşadığı evə aparmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olaraq çıxarılmışdır. İşə baxan Mingəçevir Şəhər Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-14. 384-387-ci maddələrinin tələblərinə riayyət etmədən qeyri-obyektiv qətnamə qəbul etməklə onun Konstitusion hüquqlarını pozmuşdur. Ona görə də hesab edir ki, aşağıdakılara əsasən Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(051)-530/2021 saylı qətnaməsi ləğv edilməlidir. Mərhumə anası Cavabdeh Əlişah qızından miras qalmış -bir ədəd Rusiya istehsalı. 583 əyyarlı çəkisi 8 qram - qiyməti 660 manat dəyərində; bir ədəd Rusiya istehsalı brilyant qaşlı , 583 əvyarlı. çəkisi-7 qram-qiyməti 660 manat; 1 cüt Rusiya istehsalı brliyant qaşlı , 583 əyyarlı. çəkisi-5 qram- qiyməti 650 manat dəyərində olan və bir ədəd 5x4 ölçüdə olan, qiyməti 800 manat dəyərində olan gəbə mərhumə anası Cavabdeh Əlişah qızı xəstə olarkən, yaşadığı evə gəlib edən çox olduğundan saxlamaq üçün cavabdeh - X7 götürərək öz anasına saxlamağa vermiş və nikahları pozulduqdan sonra isə geri qaytarmamışdır. Qeyd edilən əşyaları özündə saxlayaraq mənimsəməyə çalışır. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi nədənsə bu halları düzgün qiymətləndirməmiş və qeyri-obyektiv və qərəzli olaraq qərar qəbul etmişdir. Tam və hərtərəfli araşdırma aparmadan ədalətsiz qətnamə qəbul etmiş, son anda o-İddiaçı hüquqlarını pozmuşdur. Məhz bu səbəbə görə də Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(051)-530/2021 saylı məhkəmə qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(051)-530/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, apellyasiya şikayəti tam əsassızdır. Belə ki, o iddiaçıya və ya onun anasına məxsus olan hər hansı bir əşyanı, o cümlədən qızıl-zinət və xalçanı götürməmiş, buna heç ehtiyacı da olmamışdır. Əksinə iddiaçı anasının sağlığında mübahisələndirdiyi qızıl-zinət əşyasını, həmçinin onun özünə məxsus olan üzüyü sataraq anasının müalicəsinə (əməliyyatına) xərcləmişdir. Birinci instansiya məhkəməsinin iclasında da eyni şeyləri demişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. İddiaçı rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 055 242 24 14 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, cavabdehin izahatı və iş üzrə təqdim edilmiş sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(051)-530/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki o, Tofiqin bacısı və Nərminin baldızıdır. Anası xəstə idi. Gəlib gedən çox olurdu. Bu səbəbdən də iddia ərizəsində qeyd olunan anasına məxsus qızılları və gəbəni Nərmin atası evinə apardı ki, evə gəlib gedən çox olur it-bata düşməsin. Onlarda buna narazı olmadılar ki, gəlinləridi onlara nə ziyanı dəyəcəkdir ki, anasının qızıllarını və Nərmin öz qızıllarını apardı atası evinə. X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Tofiqin qardaşı, Nərminin qaynıdır. Təsdiq edir ki, iddia ərizəsində qeyd olunan anasına məxsus qızılları və gəbəni Nərmin atası evinə aparmışdır. X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Nərminin atasıdır. İddiaçı onun qızına böhtan atır. Tofiqin anası 2015-ci ildən xəstə olub, anasının cərahiyyə əməliyyatı üçün qızıl əşylarını və Nərminin sepini brasltini və nəvəsinin sırğasını satıb anasının əməliyyatı üçün xərcləmişdir. "xxxx" MMC tərəfindən verilmiş 13 saylı, 25 yanvar 2021-ci il tarixli rəydən görünür ki, Sep 8qr çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızılın qiyməti 640 manat, Blilliant qaşlı üzük 7 qr çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızılın qiyməti 660 manat, 1 cüt brlilliant qaşlı sırğa 5 qr çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızılın qiyməti 650 manat və 1 ədəd xalça 5x4 qiyməti 800 manat cəmi dəyəri 2750 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş hallardan tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əşyaların, həmçinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 166.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, iddia tələbinə etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarının cavabdehdə olduğunu və cavabdeh tərəfindən qaytarılmadığını sübut etməlidir. İddiaçı tərəfin dəlillərinə münasibətdə kollegiya nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İkincisi, iddiaçı cavabdehə qarşı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etsə, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Şahid ifadələrinə gəldikdə isə kollegiya iddiaçı tərəfindən məhkəməyə təqdim olunan şahidlərin ifadələrini məhz bu xarakterli mübahisə üçün mötəbər hesab etmir. Çünki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübut etmə predmetinə daxil olan hallar) barədə bilvasitə qavradığı və ya başqa məlumat mənbələrindən aldığı və qanunvericiliklə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid ifadələri arasında da kifayət qədər ziddiyyətlər mövcuddur.Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən aparılan qızıl -zinət və xalçanın onun xəbəri olmadan aparıldığını bildirsə də, şahidlər tamamilə bunun əksinə ifadə vermişlər. Göründüyü kimi iddiaçının izahatı ilə onun tərəfindən dəvət olunmuş şahid ifadələri üst-üstə düşməməklə, ziddiyyət təşkil edir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni kifayət qədər əsas olmadan düzgün hesab etməmək işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(051)-530/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1588/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1588/2021
21.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver