Məhkəmə qərarları › İş №2(107)-1605/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1605/2020

06.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1605/2020 06.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) və Cavabdeh (bundan sonra cavabdeh) iştirakı ilə iddiaçının cavabdehə qarşı əkin torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbi barədə ilkin iddiaya, cavabdehin isə iddiaçıya qarşı pul və torpaq sahəsinə çəkilmiş xərclər tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək xx xxxxxx 2002-ci il tarixli JN- 3xx xxx 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən,mülkiyyətində olan İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yerləşən 0,42 hektar əkin torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh isə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək iddiaçıdan 4000 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 4030 manatın alınaraq ona verilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, xx xxxxxx 2002-ci il tarixli JN-3xx xxx 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan, İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yerləşən 0,80 hektar torpaq sahəsinin 0,42 hektarından Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılması, torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququna edilən maneçiliklərə qadağanın qoyulması, cavabdehin qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı dəymiş zərərin əvəzi kimi 4000 manat və dövlət rüsumunu olaraq ödənilmiş 30 manat, cəmi 4030 (dörd min otuz) manatın alınaraq Cavabdeh verilməsi və qətnamənin eyni vaxtda icra edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2002-ci il tarixli JN-3xx xxx 40719028 nömrəli dövlət aktına əsasən, İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində yerləşən 0,80 hektar torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Cavabdehla aralarında olan razılaşmaya əsasən, mülkiyyətində olan 0,80 hektar torpaq sahəsinin 0,42 hektarını müvəqqəti istifadə üçün Cavabdeh vermiş, əvəzində isə Cavabdeh Sərvər Məmmədovdan satın aldığı 1,09 hektar torpaq sahəsini müvəqqəti istifadə etmək üçün ona vermişdir. Cavabdeh müvəqqəti istifadə üçün aldığı 1,09 hektar torpaq sahəsini bir neçə il davamlı əksə də, həmin ərazi sarıtorpaq olduğundan, gəlir götürə bilməmişdir. Cavabdeh verdiyi torpaq sahəsindən gəlir götürə bilmədiyindən, həmin torpaq sahəsinin sənədlərini Cavabdeh qaytarmış və 0,42 hektar torpaq sahəsini boşaltmasını xahiş etmişdir. Lakin Cavabdeh həmin torpaq sahəsini qaytarmaqdan imtina edərək torpaq sahəsinə xərc çəkdiyini, çəkdiyi xərci ödədikdən sonra torpağı qaytaracağını bildirmişdir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 0,42 hektarını qaytarmamaqla, onun həmin torpaq sahəsindən istifadə etməsinə mane olur. Cavabdeh 0,42 hektar torpaq sahəsinə mülkiyyət hüququ yoxdur.Həmin torpaq sahəsi onun mülkiyyətindədir və torpaq sahəsinin vergisi hər il onun tərəfindən ödənilir. Cavabdeh ona məxsus torpaq sahəsini boşaltmadığına görə, mülkiyyət hüququ pozulub, əkin torpaq sahəsindən istifadə etməsi məhdudlaşıb. xx xxxxxx 2002-ci il tarixli JN-3xx xxx 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, mülkiyyətində olan İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yerləşən 0,42 hektar torpaq sahəsindən Cavabdeh çıxarılmasını, torpaq sahəsinin boşaldılmasını və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmasını tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş edir. Qarşılıqlı iddia tələbi isə belə əsaslandırmışdır ki, İddiaçı qohumudur. 2013-cü ildə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,42 hektarını almağı ona təklif etmişdir. İddiaçı mülkiyyətində olan 0,42 hektar torpaq sahəsi ona məxsus torpaq sahəsinə bitişik olduğundan, həmin torpaq sahəsini almaq barədə İddiaçıla razılığa gəlmişlər. Razılığa əsasən İddiaçı 0,42 hektar torpaq sahəsini ona vermiş, əvəzində isə 1,09 hektar torpaq sahəsini satın alaraq İddiaçı vermişdir. İddiaçıla qohum olduqlarından torpaq sahələrini rəsmiləşdirməyə cəhd etməmiş və düşünmüşdür ki, istənilən zaman torpaq sahələrinin rəsmiləşdirməsini həyata keçirə bilər. 2013-cü ildən İddiaçı Sərvər Məmmədovdan alıb verdiyi 1,09 hektar torpaq sahəsini əkib becərmişdir. 2019-cu ildə İddiaçı 1,09 hektar torpaq sahəsini istəmədiyini və mülkiyyətində olan 0,42 hektar torpaq sahəsini qaytarmağı bildirmişdir. O, İddiaçı istəyi ilə Sərvər Məmmədovdan aldığı 1,09 hektar torpaq sahəsinə görə 1500 manat xərc çəkmişdir. Bundan əlavə, İddiaçı aldığı 0,42 hektar torpaq sahəsi yararsız vəziyyətdə olduğundan həmin torpaq sahəsinin əkinə yararlı hala gətirilməsi üçün ekskavatora 2000 manat və torpaq sahəsinə suyun çəkilməsi üçün fəhləyə 500 manat olmaqla, ümumilikdə 4000 manat xərc çəkmişdir. O, Famil İbrahimova çəkdiyi 4000 manat xərci ödədikdən sonra mülkiyyətində olan torpağı qaytaracağını bildirmişdir. İddiaçı heç bir halda ona pul ödəməyəcəyini bildirməklə, torpaq sahəsini boşaltmağı və həmin ərazini tərk etməyi tələb etmişdir. İddiaçı çəkdiyi xərci ödəmədiyindən mübahisəli torpaq sahəsini boşaltmamışdır. Əgər həmin torpaq sahəsini İddiaçı qaytararsa, ona 4000 manat məbləğində maddi zərər dəymiş olar. Məhkəmə İddiaçı iddia tələbini təmin edərsə ona 4000 manat məbləğində pul ödənilməlidir ki, həmin məbləğlə özünə başqa ərazidən torpaq sahəsi alsın. Ona görə də iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə mənə məxsus 0,42 ha torpaq sahəsindən Cavabdeh 5 ildən artıq istifadə etdiyini, həmin illər ərzində həm 0,42 hektar torpaq sahəsini, həm də 1,09 hektar torpaq sahəsinin vergi və digər xərclərinin onun ödədiyini nəzərə almalıdır. O, mənə məxsus torpaq sahəsindən 8 il, mən isə ona məxsus torpaq sahəsindən cəmi 3 il istifadə etmişəm. Düzdür, bu illlər ərzində o, mənə məxsus 0,42 hektar torpaq sahəsində yaxılaşdırma işləri aparmışdır, amma həmin illərdə mənə məxsus torpaq sahəsini əkib-becərərək çoxlu gəlir əldə etmişdir. O, mənim torpaq sahəmdən 5 il artıq istifadə etmişdir. Digər tərəfdən, bu illər ərzində hər iki torpağın vergisi mənim tərəfimdən ödənilmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh qarşılıqlı iddianın dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdəolan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilmədən və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixliqətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün faktiki halları kifayət qədər araşdırmış və mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olan hüquqi nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Famil əri, İlqar isə qohumudur. İlqar mülkiyyətlərində olan torpaq sahəsinin 0,42 hektarı hissəsində əkin əkmişdir. Əri ilə İlqar arasında 0,42 hektar torpaq sahəsinə dair razılaşmaya əsasən İlqar 0,42 hektar torpaq sahəsini müvvəqəti istifadə etməsi əvəzində onlara həmin ərazidən 1,09 hektar torpaq sahəsi vermişdir. İlqardan müvəqqəti istifadə üçün aldıqları 1,09 hektar torpaq sahəsini bir neçə il əksələr də həmin ərazidən gəlir götürə bilməmişlər. Mülkiyyətlərində olan 0,42 hektar torpaq sahəsini İlqara müvəqqəti istifadəyə vermişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 göstərmişdir ki, İlqar və Famil ilə həmkəndlidirlər. Ekskavatorçu işləyir. İlqar ona müraciət edərək torpaq sahəsinə su çəkdirmək istədiyini, bunun üçün ərazidə olan torpaq sahəsini hamarlamaq lazım olduğunu bildirdi. İlqarın su çəkdirmək istədiyi əraziyə getmiş və ərazinin pis vəziyyətdə olduğunu görmüşdür. Torpaq sahəsinin hamarlanması və həmin əraziyə suyun çəkilməsi üçün İlqarla 2000 manata razılaşmışlar. İlqar pulun 1200 manatını əvvəlcədən, qalan 800 manatını isə işi qurtardıqdan sonra hissə-hissə vermişdir. İlqarın su çəkdirmək istədiyi ərazidə işləyərkən ərazinin Familə məxsus olduğunu bilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, İlqar və Famil ilə həmkəndlidirlər. İlqarın təsərrüfatla məşğul olduğu ərazidə əvvəllər su olmamışdır. İlqar həmin əraziyə sonradan su çəkmişdir. İlqar istifadəsində olan torpaq sahəsinə su çəkərkən orada fəhlə işləmişdir. İlqar fəhlə işləyərkən ona pul versə də həmin pulun məbləğini xatırlamır. İlqarın istifadəsində olan ərazidə işlədiyi müddətdə Famili həmin ərazidə görməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, İlqar və Famil kəndçiləridir. Mülkiyyətində olan torpaq sahəsini 1500 manata İlqara satmışdır. İlqar torpaq sahəsinin pulunu ödəsə də həmin torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir. Mülkiyyətində olan torpaq sahəsini İlqara satdıqdan sonra həmin ərazinin kimin istifadə etməsi ilə maraqlanmamışdır. Bundan başqa, iş materillarında olan xx xxxxxx 2002-ci il tarixli JN-3xx xxx 40719028 nömrəli dövlət aktının surətindən görünür ki, İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində yerləşən 0,80 hektar torpaq sahəsi İddiaçı, X8 və X5 birgə mülkiyyətinə verilmişdir. xx xxxxxx 2002-ci il tarixli JN-7xx xxx 40719028 nömrəli dövlət aktının surətindən görünür ki, İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində yerləşən 1,09 hektar torpaq sahəsi X7, X3, X9 və X2 birgə mülkiyyətinə verilmişdir. xx xxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materillarında olan xx xxxxxx 2002-ci il tarixli JN-3xx xxx 40719028 nömrəli dövlət aktına əsasənİsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində yerləşən 0,80 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 2002-ci il tarixli JN-361 nömrəli 40719028 kodlu dövlət aktına əsasən İsmayıllı rayonunun İsmayıllı kəndindində özünün və ailə üzvlərinin mülkiyyətində olan 0,80 hektar torpaq sahəsinin 0,42 hektarını almaq təklifi ilə Cavabdeh müraciət etmiş və həmin torpaq sahəsi Cavabdeh pay torpaq sahəsi ilə bitişik olduğundan, həmin torpaq sahəsini almaq barədə İddiaçıla razılığa gəlmişlər. Razılığa əsasən İddiaçı 0,42 hektar torpaq sahəsini Cavabdeh vermiş, əvəzində isə 1,09 hektar torpaq sahəsini satın alaraq İddiaçı vermiş, lakin qohum olduqlarına görə torpaq sahələrini alıb vermələrini rəsmiləşdirməmişlər. 2013-cü ildən İddiaçı Cavabdeh Sərvər Məmmədovdan alıb ona verilmiş 1,09 hektar torpaq sahəsini əkib becərmiş, lakin iddiaçı 2019-cu ildə 1,09 hektar torpaq sahəsini istəmədiyini və öz mülkiyyətində olan 0,42 hektar torpaq sahəsini qaytarmağı cavabdehdən tələb etmişdir. Cavabdeh iddiaçıya alıb verdiyi 1,09 hektar torpaq sahəsinə görə 1500 manat, iddiaçıdan aldığı 0,42 hektar torpaq sahəsi yararsız vəziyyətdə olduğundan, həmin torpaq sahəsinin əkinə yararlı hala gətirilməsi üçün ekskavatora 2000 manat, torpaq sahəsinə suyun çəkilməsi üçün isə fəhləyə 500 manat olmaqla, ümumilkildə 4000 manat xərc çəkmişdur. Çəkdiyi 4000 manat xərcin iddiaçı tərəfin ödənildiyi halda 0,42 ha torpaq sahəsini iddiaçıya qaytarmağa hazırdır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan 0,80 hektar torpaq sahəsinin 0,42 hektar hissəsini Cavabdehla aralarında olan şifahi razılığa əsasən sonuncuya 1,09 hektar torpaq sahəsi müqabilində vermişdir. Cavabdeh İddiaçı aldığı 0,42 hektar torpaq sahəsi yararsız vəziyyətdə olduğundan həmin torpaq sahəsini əkinə yararlı hala gətirmək üçün ümumilikdə 4000 manat xərc çəkmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılmasını tələb etdiyindən və məhkəmə də həmin tələbi təmin etmək barədə qərara gəldiyindən, İddiaçı hərəkətləri nəticəsində Cavabdeh maddi ziyan dəymişdir. Apelyasiya şikayətinin isə əsas dəlili ondan ibarətdir ki, məhkəmə 0,42 ha torpaq sahəsindən cavabdehin 5 ildən artıq istifadə etməsini, həmin illər ərzində həm 0,42 hektar torpaq sahəsi, həm də 1,09 hektar torpaq sahəsinin vergi və digər xərclərini ödəməsini nəzərə almalıdır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən 8 il, iddiaçı isə cavabdehə məxsus torpaq sahəsindən cəmi 3 il istifadə etmişdir. Düzdür, bu illlər ərzində cavabdeh iddiaçıya məxsus 0,42 hektar torpaq sahəsində yaxılaşdırma işləri aparmışdır, amma həmin illərdə iddiaçıya məxsus torpaq sahəsini əkib-becərərək çoxlu gəlir əldə etmişdir. Cavabdeh iddiaçının torpaq sahəsindən 5 il artıq istifadə etmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin mübahisəli hüquq münasibətləri üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Əvvəlcə qeyd olunmalıdır ki, MPM-ə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (mad. 76). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (mad. 106.3). İddiaçı və cavabdehin izahatlarından iddiaçının mülkiyyətində olan 0,42 ha torpaq sahəsini cavabdehə verməsi və bunu əvəzində cavabdehin iddiaçıya 1,09 hektar torpaq sahəsi alıb verməsi heç bir mübahisə doğurmur. Yəni, hazırda mülkiyyətçi olan iddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehdən sahibliyindən alınıb ona verilməsi tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmçinin, Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Mülki Məcəllənin (bundan sonra MM) 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (MM-in 157.1-ci maddəsi). Ona görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin edib cavabdehin iddiaçının mülkiyyətində olan 0,42 hektar torpaq sahəsindən çıxarılmasını qət etməkdə haqlı olmuş, qanuni və əsaslı nəticəyə gəlmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı da təmin etməklə qanuni və ədalətli nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, cavabdehin izahatından, şahidlər X8, X11, X1 və X2 ifadələrindən müəyyən olunur ki, Cavabdeh İddiaçı aldığı 0,42 hektar torpaq sahəsinin əvəzinə 1,09 hektar torpaq sahəsi vermək, həmin torpaq sahəsini əkinə yararlı vəziyyətə gətirmək və su çəkdirmək üçün ümumilikdə 4000 manat xərc çəkmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehin bu tələbi ayrı-ayrılıqda xərclərə münasibətdə də ağlabatan və inandırıcıdır. Cavabdehin 0,42 ha torpaq sahəsindən 8 il, iddiaçının isə cavabdehin ona verdiyi 1,09 hektar torpaq sahəsindən üç il müddətində istifadə etməsi və bu müddət ərzində cavabdehin ondan gəlir əldə etməsi, habelə iddiaçının həm cavabdehə verdiyi 0,42 ha torpaq sahəsi, həm də 1,09 hektar torpaq sahəsinin vergi və digər xərclərini ödəməsi barədə dəlillər gətirsə də, ancaq bununla bağlı məhkəmələrə heç bir sübut təqdim edilməmişdir. Hazırda nə iddiaçının, nə də cavabdehin həmin torpaq sahəsindən nə qədər gəlir əldə etməsi barədə heç bir sübut yoxdur. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması tələbi təmin edildiyindən, cavabdehə dəyən maddi ziyan da iddiaçıdan alınıb cavabdehə verilməlidir. MM-in 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. Məhkəmə kollegiyası göstərilənlərə əsasən, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-in 385.2-ci maddəsi). MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 88-ci mаddəsi). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarm Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (mad. 217). Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia və qarşılıqlı iddia tələblərinin təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apelyasiya şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar