Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1769/2020 10.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı “Nikitin” adına kolxozun nümayəndəsi və vəkili X5, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-667/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “Nikitin” adına kolxoz məhkəməyə müraciət edərək “Nikitin” adına kolxoz və Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli müqavilənin xitam edilməsi, cavabdehin müqavilədə qeyd edilən “sağsağan” adlanan örüş sahəsində yerləşən 663 kv.metr sahəyə malik tövlədən çıxarılması, xx xxxxxx 2019-cu il tarixdən-xx xxxx 2020-ci il tarixədək həmin tövlədən istifadə etməsinə görə aylıq 400 (dörd yüz) manat olmaqla, ümumilikdə 4400 (dörd min dörd yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq “Nikitin” adına Kolxoza ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Nikitin” adına kolxozun Cavabdeh və üçüncü şəxs İvanovka Bələdiyyəsinə qarşı müqavilənin xitamı, sahənin boşaldılması və digər tələbinə dair iddiası üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)667/2020 nömrəli qərardadı ilə iddiaçının iddianın təmini tədbirinin tətbiq olunması barədə vəsatəti təmin edilərək “Nikitin” adına kolxozun balansında olan “sağsağan” adlanan örüş sahəsində yerləşən 663 kv.m sahəyə malik olan tövləyə və həmin tövlənin ətrafında yerləşən torpaq sahəsinə Cavabdeh və qeyrilərinin giriş-çıxışı və istifadəsinin qadağan edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2019-cu ilin avqustun 29-da onunla “Nikitin” adına kolxozun sədri Vasili Novoselçev arasında icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kolxozun istifadəsiz və qorunmasız qalan “sağsağan” adlanan örüş sahəsi və həmin sahədə yerləşən 663 kv.metr sahəyə malik tövlə binası yalnız qoyunçuluq məqsədi ilə dörd illik müddətə onun icarəsinə verilmişdir. İcarə haqqı əvəzi olaraq həmin tikililərin cari təmiri və qorunub saxlanması vəzifəsi onun üzərinə qoyulmuşdur. O, kolxozun sədri Vasili Novoselçevlə aralarında bağlanmış icarə müqaviləsinə arxayın olaraq “xxxxxxxxxx” QSC-dən kredit götürərək müəyyən cari təmir işləri görməklə tövləni qoyun saxlamaq üçün yaralı vəziyyətə gətirmiş və müəyyən qədər də qoyun satın alaraq sahibkarlıq fəaliyyətinə başlamışdır. Müqavilə bağlandıqdan bir müddət sonra kolxozun sədri Vasili Novoselçev onu çağıraraq heç bir əsas olmadan icarəyə götürdüyü sahəni boşaltmağı tələb etmişdir. O, kolxozun sədri Vasili Novoselçevə ondan icarəyə götürdüyü sahənin boşaldılmasını tələb etməsinin qanunsuz olduğunu və sahibkar kimi ona zərər vurmasını bildirmişdir. Bundan sonra kolxozun sədri Vasili Novoselçev xeyli müddət ondan icarəyə götürdüyü sahənin boşaldılmasını tələb etməmişdir. 2020-ci ilin avqustun 13-də icarəsində olan sahədə təsərrüfatla məşğul olarkən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları həmin əraziyə gələrək İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli iddianın təmini tədbiri barədə qərardadının icrasının təmini məqsədi ilə icarəsində olan tövlə binalarını bağlayıb möhürləyərək onun həmin əraziyə giriş-çıxışına qadağa qoymuşlar. Qeyd edilən qərardad əsasında icarəsindəki əraziyə giriş-çıxışına qadağa qoyulması nəticəsində təsərrüfatında olan qoyunlar açıq havada qalaraq vəhşi heyvanların hücumuna məruz qalmış və nəticədə 50 baş qoyunu itmiş, qoyunların yemlənməsi və suvarılması mümkünsüz olduğundan həmin heyvanlar aclıq və susuzluqdan məhv olmaq vəziyyətinə düşmüş və bir sahibkar kimi ona külli miqdarda maddi zərər dəymişdir. Hesab edir ki, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iddianın təmini tədbiri barədə qərardadı qanunsuz və ədalətsizdir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-667/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-667/2020 saylı qərаrdаdı ilə verilmiş şikayət təmin edilməmiş, şikаyətin mülki işlə birlikdə bаxılmаsı üçün Şəki Apelyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili X2 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. Həmçinin Cavabdeh nümayəndəsi və vəkili X2 bildirmişdir ki, tərəflərdən biri sahibkar, digəri isə hüquqi şəxs olduğundan tərəflər arasında yaranmış mübahisəyə ümumi məhkəmədə deyil, Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “Nikitin” adına kolxozun nümayəndəsi və vəkili X5 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İsmayıllı rayon İvanovka bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(037)-667/2020 saylı qərardadından verdiyi şikayətə аpellyаsiyа qаydаsındа bаxılmаsı qeyri-mümkün hesаb edilməli, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 32.4-cü maddəsinin tələblərinə riayət edilməsi, eyni zamanda iddianın təmin edilməsi tədbiri barədə vəsatətlə bağlı sonrakı Prossesual hərəkətlər edilməsi üçün mülki iş İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Öncə qeyd edilməlidir ki, birinci instаnsiyа məhkəməsi mülki işi icraata qəbul edərkən mülki mübahisənin ümumi məhkəməyə yoxsa kommersiya məhkəməsinə aid olduğunu müəyyən etməli idi. Lakin birinci instаnsiyа məhkəməsi Mülki Prossesual qanunvericiliyin tələblərini riayət etməmiş, mülki işi icraata götürərək baxmış və Mülki Prossesual qanunvericiliyin tələblərini pozmuşdur. Bundan sonra birinci instansiya məhkəməsi iddiaçının iddianın təmini tədbirinin tətbiq olunması barədə vəsatətini təmin etmişdir. Mülki iş aidiyyət qaydaları pozulmaqla icraata qəbul edildiyindən, verilmiş vəsatətə də baxılmasında prosessual pozuntuya yol verilmişdir. Birinci instansiya məhkəməsi həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayəti təmin etməmiş və şikayətə baxılması üçün mülki işi Şəki Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.İş materiallarından görünür ki, iddiaçı “Nikitin” adına kolxoz hüquqi şəxsdir. Həmçinin iş materiallarında olan fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli şəhadətnamədən məlum olmuşdur ki, cavabdeh vergi ödəyəcisidir, sahibkarlıq fəaliyyəti ilə məşğuldur və hazırki mübahisə onun sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Oxşar tərif Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 13-cü maddəsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (VM) 13.2.37-ci maddəsində də verilmişdir. Sahibkarlıq fəaliyyətinə aid əsas tələb qeydiyyat və uçot tələbidir. Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinə əsasən, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin qeydiyyatını Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyində göstərilən orqanlar həyata keçirir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotunu onların yaşadıqları və ya fəaliyyət göstərdikləri yerin vergi orqanları aparır. Habelə, Vergi Məcəlləsinin 33.3-cü maddəsi tələb edir ki, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (fərdi sahibkarın) VM ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi X3rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi hazırki mübahisə tərəflərin subyektiv tərkibinə görə ümumi məhkəmələrə deyil, Kommersiya Məhkəmələrinə aiddir. Mülki Prosessuаl Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessuаl Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, aidiyyatla bağlı işlərə baxarkən apelyasiya məhkəmələrinin işin hansı məhkəməyə aid olduğunu müəyyən etmək və işi aidiyyatı üzrə göndərmək səlahiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yəni mülki işi aidiyyəti üzrə göndərmək bilavasitə birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Belə olаn hаldа məhkəmə kollegiyаsı hesаb edir ki, Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-667/2020 saylı qərardadından verdiyi şikayətə аpelyаsiyа qаydаsındа bаxılmаsı qeyri-mümkün hesаb edilməli, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 32.4-cü maddəsinin tələblərinə riayət edilməsi, eyni zamanda iddianın təmin edilməsi tədbiri barədə vəsatətlə bağlı sonrakı Prossesual hərəkətlər edilməsi üçün mülki iş İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 263-264 və 403-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı qərara aldı: Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-667/2020 saylı qərardadından verdiyi şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 32.4-cü maddəsinin tələblərinə riayət edilməsi, eyni zamanda iddianın təmin edilməsi tədbiri barədə vəsatətlə bağlı sonrakı Prossesual hərəkətlər edilməsi üçün mülki iş İsmayıllı Rayon Məhkəməsinə göndərilsin. . Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1769/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1769/2020
10.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver