Məhkəmə qərarları › İş №2(107)-180/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-180/2023

06.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-180/2023 06.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Göyçay Rayonu Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(046)- 97/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Göyçay rayonu Mallı-Şıxlı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli 3M-274 nömrəli icarə müqaviləsi ilə 2.4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. Həmin 2.4 ha torpaq sahəsinə İddiaçı icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi - xx.xx.2020-ci il olan çıxarışla qeydə alınmışdır. İddiaçı həmin torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edildiyini iddia edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş 16 sentyabr 2019-cu il tarixli 3M-274 nömrəli icarə müqaviləsinə əsasən icarəsində olan Göyçay rayon Mallı-Şıxlı kəndində yerləşən 2.4 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X4 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş 16 sentyabr 2019-cu il tarixli 3M-274 nömrəli icarə müqaviləsinə əsasən Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 2.4 ha torpaq sahəsi (xx.xx.2019 xx.xx.2059) 40 il müddətinə qədər İddiaçı icarəsinə verilmişdir. DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 2.4 ha torpaq sahəsinə dair icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydə alınıb və ona RX seriyalı, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2020-ci il olan çıxarış verilmişdir. Həmin torpaq sahəsi Göyçay rayonu, Mallı-Şıxlı kəndində yaşayan Cavabdeh1 və X4 tərəfindən zəbt edilmiş və onlar tərəfindən qeyri-qanuni istifadə edilir. Bununla da İddiaçı həmin torpaq sahəsi üzərində mövcud olan icarə hüququ pozulmuşdur. İcarəsində olan torpaq sahəsinin Göyçay rayonu Mallı-Şıxlı kəndində yaşayan Cavabdeh1 və X4 tərəfindən zəbt edilməsi və onların həmin torpaq sahəsindən çıxarılmasına köməklikedilməsi barədə Göyçay rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Lakin Göyçay rayon İcra Hakimiyyəti tərəfindən mənə məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur.

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş edir.

5. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə baxışında iştirak etmiş cavabdehlər Cavabdeh1 və X4 iddia tələbini qəbul etməyərək göstərmişlər ki, həmin torpaq sahəsini uzun müddətdir istifadə edirlər.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayon Mallı-Şıxlı kəndində yerləşən 2.4 ha torpaq kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edildiyini iddia edir və cavabdehlərin həmin torpaq sahəsini boşaltmasını barədə qətnamə qəbul edilməsini xahiş edir.

8. İddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 2.4 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və X2 zəbt etməsi, həmin daşınmaz əmlaka olan hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə olan hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının torpaq sahəsi üzərində hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.

9. İstinad olunan maddi hüquq normalarının tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davamlı şəkildə edildikə isə hüququ pozulmuş şəxs pozulmuş hüquqularının bərpasını məhkəmə vasitəsilə tələb edə bilər.

10. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu MallıŞıxlı kəndində yerləşən Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş 16 sentyabr 2019-cu il tarixli 3M-274 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan 2.4 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X4 çıxarılmalı, həmin torpaq sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə 100 manat ekspertiza xərci cavabdehlərdən alınaraq ekspertiza mərkəzinə verilməlidir.

11. Göyçay Rayonu Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(046)-97/2022 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, Göyçay rayonu Mallı- Şıxlı kəndində yerləşən Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş 16 sentyabr 2019-cu il tarixli 3M-274 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan 2.4 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X2 çıxarılması, qeyd edilən torpaq sahəsinin boşaldılması, iş üzrə ekspertiza xərci olan 100 manat cavabdehlərdən müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ34CTRE**********000208 8501 nömrəli hesabına keçirilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə, "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

13. Məhkəməyə təqdim edilmiş 16 sentyabr 2019-cu il tarixli 3M-274 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Göyçay rayon Mallı-Şıxlı kəndində yerləşən 2.4 ha torpaq sahəsi Göyçay rayon Mallı-Şıxlı Bələdiyyəsi tərəfindən İddiaçı 40 il müddətinə icarəyə verilmişdir. DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, qeydiyyat nömrəsi- **********, qeydiyyat tarixi-xx.xx.2020-ci il olan çıxarışdan görünür ki, Göyçay rayon Mallı- Şıxlı kəndində yerləşən 2.4 ha torpaq sahəsi İddiaçı icarəsindədir. Azərbaycan Respublikası ƏMDK yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin 008947 nömrəli 22 avqust 2019-cu il tarixli Şəhadətnamədən görünür ki, İddiaçı həmni Mərkəzin Ucar ərazi torpaq müsabiqə və hərrac komissiyasının keçirdiyi 22 avqust 2019cu il tarixli müsabiqənin qalibi olmuşdur. Göyçay rayon Mallı-Şıxlı kəndində yerləşən 2.4 ha torpaq sahəsi 108 manata ona 40 il müddətinə icarə hüququ ilə satılmışdır.

14. Məhkəməyə təqdim edilmiş X6 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2021-ci tarixli 59 saylı rəydən görünür ki, DNK tərəfindən təsdiqlənmiş xx.xx.2019-cu il tarixli 3M-274 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı istifadəsində ayrılmış Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 2,4 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və X4 tərəfindən tam olaraq zəbt edilmişdir.

15. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/1786 saylı rəydən görünür ki, X6 və Ekspertiza Mərkəzi MMC-nin mütəxəssis rəyində DNK tərəfindən təsdiqlənmiş xx.xx.2019-cu il tarixli 3M-274 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı istifadəsində ayrılmış Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 2,4 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və X4 tərəfindən istifadə edildiyi göstərilmişdir. Mərkəzdə torpaq kadastrının baza məlumatları olmadığı üçün tədqiqat aparılaraq nəticə verilməsi mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

16. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, torpaq sahəsinin vergiləri onun tərəfindən ödənilmişdir. Torpaq sahəsi yararlı hala gətirilmiş və baramaçılığın inkişafı məqsədi ilə 11 min gər tingi, 2 min gər ağacı əkilmişdir. Qeyd edilən hallar Göyçay rayon Mallı-Şıxlı bələdiyyəsinin məhkəməyə təqdim etdiyi məlumatla təsdiq olunur.

18. O, mübahisəli torpaq sahəsindən istifadə etdiyi halda bələdiyyə onun torpaq sahəsini icarəyə götürməkdə üstünlük hüququnu pozmuşdur. Halbuki mülkiyyətçi olmasa da, onun hüquqları dövlət tərəfindən müdafiə edilir. Lakin məhkəmə onun hüquqlarını pozulmaqdan müdafiə etməmiş, onun hüququna deyil iddiaçının qanunsuz sənədlərinə üstünlük vermişdir.

19. Mübahisəli torpaq sahəsinin mülkiyyətçisi iddiaçı deyil, bələdiyyədir. İddiaçı icarəçidir və o iddiaçının mülkiyyətinə qəsd etməmişdir. Həmin torpaq sahəsi 2005-ci ildən onun istifadəsində olduğu halda bələdiyyə qanunsuz olaraq iddiaçıya icarəyə vermişdir.

20. Lakin onun istifadəçi kimi məlumatı olmadan mübahisəli torpaq sahəsi qanunsuz olaraq iddiaçıya icarəyə verilmişdir.

21. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan onun mübahisəli torpaq sahəsinə iddiaçının icarə hüququ yaranmazdan əvvəl onun istifadə hüququnun olması, torpaq sahəsini əldə etməkdə üstünlük hüququnun olması faktını aydınlaşdırmamışdır.

22. Ona görə də, Göyçay Rayonu Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(046)- 97/2022 saylı qətnaməsinin ləğv edilməsini və işin aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və X4 birincinin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

25. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayonu Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(046)-97/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər.

27. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 51-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.

Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu: 1-ci maddəsinə görə Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdarı müddətli istifadə etməkdir. 21-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər bu Qanunda və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada torpaq icarəçisi ola bilərlər. 22-ci maddəsinə görə icarəçinin torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüququ vardır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

30. Cavabdeh Göyçay Rayonu Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(046)- 97/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

32. İddia tələbi sahiblik və istifadə hüququnun müdafiəsi ilə bağlıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır. Yəni iddiaçının mülkiyyətində olan və ya əmlak hüquqları qeydiyyata alınmış torpaq sahəsinin (və ya onun bir hissəsinin) cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilməlidir. Hazırki işdə isə iddiaçının icarə hüququ rəsmi qeydiyyata alınmış 2.40 hektar torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması halı X6 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2021-ci tarixli 59 saylı rəylə, həmçinin cavabdehlərin məhkəmə iclaslarında verdikləri izahatlar, o cümlədən apellyasiya şiakyətinin dəlilləri ilə sübut olunur.

33. Apellyasiya şikayətinin bu qətnamənin 18-21-ci bəndlərində qeyd olunmuş dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində hazırda iddiaçının icarə hüququnun olması və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması işin mübahisəsiz hallarıdır. Cavabdehin hazırki apellyasiya şikayətinin həmin dəlilləri ilə faktiki olaraq icarəçinin hüquqları mübahisələndirilir. Halbuki, Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş 16 sentyabr 2019-cu il tarixli 3M-274 nömrəli icarə müqaviləsi cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir və həmin icarə müqaviləsi və onun əsasında DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2020-ci il olan çıxarış hal-hazırda qüvvədədir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

34. Apellyasiya şikayətinin bu qətnamənin 17-ci bəndində qeyd olunmuş dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hallar mötəbər yazılı sübutlarla sübuta yetirilmiş olduğu halda, cavabdehlər Mülki Məcəllənin 157.6, 157.7-ci maddələrinin tələblərinə uyğun olaraq əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdikləri zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən geri tələb edə və ya əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özlərində saxlaya bilərlər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda isə vicdanlı sahib hesab edildikləri halda əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdikləri məsrəflərin əvəzinin ödənilməsini ayrıca məhkəmə qaydasında mübahisələndirməklə tələb edə bilərlər. Beləliklə, onun bu dəlilləri ayrıca məhkəmə baxışının predmeti ola bilər, lakin hazırki iş üzrə iddia tələbi cavabdehə qarşı yönəldiyindən və sonuncunun mübahisəli torpaq sahəsindən çıxarılması barədə olduğundan onun bu dəlili hazırki iş üzrə əsaslı sayıla bilməz.

35. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdehlərin mübahisəli torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlmədiyindən, habelə birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilmədiyindən, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.

36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayonu Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(046)-97/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayonu Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(046)-97/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar