Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1848/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(039)-973/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 08 iyul 2021-ci il tarixli, 2(039)-973/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3714,50 manat dəyərində olan 39,1 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı moruq boyunbağı, 2000 manat dəyərində olan 20 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı brilyant qaşdan ibarət sırğa və üzük dəsti, 2000 manat dəyərində olan 20 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı sepli saat, 2000 manat dəyərində olan 20 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı brilyant qaşlı saat, 400 manat dəyərində olan 6 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı sadə sırğa, 460 manat dəyərində olan 4,6 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı brilyant qaşı olan paxlava formalı üzük və 200 manat dəyərində olan 2 ədəd tikiş maşının naturada özü və ya hər birinə münasibətdə dəyərinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Cavabdeh ona qarşı 10.700 manat pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə vermiş olduğu qəbzlər əsasında həmin məbləğ təmin edilmişdir. Baxmayaraq ki, həmin məbləğ müəyyən faiz müqabilində ona verilmiş, pulun zəmanəti olaraq isə ondan qızıl əşyaları götürülmüşdür. O, bu barədə Yevlax Rayon Məhkəməsinin çıxarmış olduğu 19.11.2020-ci il tarixli qətnaməsində öz ifadəsində bildirmişdir ki, cavabdeh vermiş olduğu pulun müqabilində çoxsaylı qızıl əşyalarını və 2 ədəd tikiş maşınını girov olaraq götürmüşdür. O, hazırkı cavabdehin ilkin iddiasına qarşı qarşılıqlı iddia ərizəsi verməmiş, çünki cavabdeh qızıl əşyalarını qaytaracağını ona vəd etmişdir. Hazırkı müddətədək qızıl əşyaları qaytarılmadığından hazırkı tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instnasiya məhkəməsinin icasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instnasiya məhkəməsinin icasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçıdan nə qızıl əşyaları, nə də tikiş maşını aldığını bildirərək tələbin təmin olunmamasını xahiş etmişdir. Birinci instnasiya məhkəməsinin icasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı onun uşaqlarının və nəvələrinin həkimi olub, 1976-cı ildən iddiaçını tanıyır. İddiaçı 2018-ci ildə onunla birlikdə Şəmkir şəhərinə getmiş, oradakı bankdan girov qoyduğu qızılları götürərək evinə gəlmiş və evində həmin qızılları girov olaraq cavabdehə vermiş və ondan pul götürmüşdür. Birinci instnasiya məhkəməsinin icasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçı onun uşaqlarının və nəvələrinin həkimi olub, 46 ildir iddiaçını tanıyır. 2018-ci ilin yay aylarında o, nəvəsini iddiaçının yanına aparanda, iddiaçının özünə məxsus qızılları girov qoyaraq cavabdehdən pul götürdüyünün şahidi olmuşdur. Birinci instnasiya məhkəməsinin icasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun uşaqlarının həkimi olub, o, 2018-ci ilin yay ayında iddiaçının evində olan zaman cavabdehin ora gəldiyini, iddiaçının cavabdehə pul verdiyini və cavabdehin pulu götürərək qaçdığını görmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(039)-973/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Yevlax Rayon Məhkəməsinin həmin qətnaməsi ilə razılaşmır. Hesab edir ki, qətnamə tam əsassız və onun hüquqlarını əhəmiyyətli dərəcədə pozmaqla çıxarılmış bir qətnamədir. Belə ki, Cavabdeh bir sələmçidir və Yevlax rayonunda hər kəs onu sələmçi kimi tanıyır. 2018-ci ildə pula ehtiyacı olduğu üçün bankdan kredit götürmək istəsə də, yaşı ilə əlaqədar ona kredit verilməsindən imtina edildi. Ona görə də, o, faizə pul götümək məcburiyyət qarşısında qaldığından Cavabdeh müraciət etmişdir. Sehrigül ona girov qarşılığında pul verə biləcəyini bildirmişdir. O da öz növbəsində pula ehtiyacı olduğu üçün onunla razılaşaraq iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarını cavabdehə vermişdir. Lakin Cavabdeh bununla kifayətlənməyərək pulu götürməyinə dair qəbz yazılmalı olduğunu ona bildirdi. Beləliklə Sehrigül götürdüyü pulun müqabilində ondan həm pulun götürülməsinə dair qəbz, həm də, qızıllarını girov almışdır. Sonradan Cavabdeh əlində olan qəbzi əsaslandıraraq Yevlax Rayon Məhkəməsində ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. Yevlax Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin olunaraq 10.700 manat həddində pul məbləği əsassız olaraq onun üzərinə qoyulmuşdur. Halbuki, onun hazırkı Cavabdeh borcu yox idi. O, bütün məhkəmə proseslərində bildirmişdir ki, Cavabdeh sələm götürdüyü pul müqabilində istədiyi pul məbləğini ona tam verdikdən sonra girov verdiyi qızıl-zinət əşyalarını ona qaytaracağını vəd etsə də, sonradan o, vədinə əməl etməyərək ondan pulu aldıqdan sonra onu aldadaraq gəldiyi avtomobilə minərək qaçmışdır. Bu halı məhkəmədə şahidləri bir daha təsdiq edə bilər. O, məhkəmədə tələbini şahid ifadələri və digər sübutlarla tam olaraq əsaslandırmışdır. Lakin, qətnamə qəbul edilərkən məhkəmə tərəfindən qeyd etdiyi bu halların və şahid ifadələrinin heç biri nəzərə alınmamışdır. Bu azmış kimi şahidlərin ifadələri cavabdehin mənafeyinə uyğun təhrif olunmuşdur. Bu və digər səbəblərdən hesab edir ki, mənim hüquqları pozulmuşdur. Ona görə də, sözügedən qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh sələmə pul götürmüşdür. Sələmə pul götürəndə 2017-ci ildə pensiya kartını, 2018-ci ildə isə qızıllarını girov qoymuşdur. 2019-cu ildə o, pulunu qaytardıqdan sonra Cavabdeh onun girov qoyduğu qızılları qaytarmamışdır. Onun pulunu ödədiyindən ona məxsus olan qızılları və yaxud pulunun geri qaytarılmasını xahiş edir. Buna görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak edən şəxslərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(039)-973/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə yaxın (ailə dostu) olduğundan işin gedişində yüksək marağı var. Ancaq təkcə bu hal, onun dediklərini mütləq olaraq şübhəli qəbul etməyə əsas vermir. İfadənin inandırıcılığına təsir edən amil, şahidin detallı ifadə verməməsi, cavabdehə verilən qızıl əşyalarının nədən ibarət olmasını dəqiq ifadə edə bilməməsi, eyni zamanda ifadəsinin digər şahid ifadəsi ilə ziddiyət təşkil etməsidir. Həmçinin, ikinci şahid ifadəsinin qiymətləndirilməsi ilə bağlı qeyd edilmişdir ki, şahid ifadəsində mübahisələndirilən qızıl əşyalarının çəkilərini dəqiq göstərmişdir ki, bu hal da şahidin ifadəsini iddiaçının dedikləri və əvvəlcədən öyrətdikləri əsasında verməsinə dəlalət edir. Habelə üçüncü şahid ifadəsinin qiymətləndirilməsi ilə bağlı isə qeyd edilmişdir ki, şahid ifadəsində iddiaçının cavabdehə qızıl əşyası verdiyinin deyil, cavabdehin iddiaçıya pul qaytardığının şahidi olduğunu bildirmişdir. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən onun Cavabdeh qarşı “əmlak tələbinə dair” iddiası təmin edilməməlidir. İşə yenidən baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşır və hesаb edir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin “Bu azmış kimi şahidlərin ifadələri cavabdehin mənafeyinə uyğun təhrif olunmuşdur” dəlilinə də münasibət bildirərək qeyd edir ki, iddiaçı şahid ifadələrinin təhrif olunduğunu iddia etsdə, işdən bəlli olur ki, nə iddiaçı, nə də onun vəkili bununla bağlı birinci instansiya məhkəmə iclasının protokoluna hər hansı bir qeyd verməmişdir. Göründüyü kimi, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(039)-973/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(039)-973/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov
Məhkəmə qərarları › İş №2(107)-1848/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1848/2021
28.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver