Məhkəmə qərarları › İş №2(107)-207/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-207/2021

16.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-207/2021 16.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-8/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-8/2020 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddia qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi olaraq 7595 manat və mənəvi zərərin əvəzi olaraq 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 7595 manatın və vurduğu ziyanın əvəzinin gec verilməsi ilə bağlı pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdikləri xərclərin, habelə hüquqları pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəkləri gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 1000 manatın və dövlət büdcəsinə ödədikləri 30 manat dövlət rüsumunun cavabdej Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 9595 manat, əldən çıxmış faydanın əvəzi olaraq isə 2000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 9595 (doqquz min beş yüz doxsan beş) manat, mənəvi zərərin əvəzi olaraq isə 2000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahat verərək göstərmişdir ki, Cavabdeh xx xxxxxxx 2017-ci il tarixdə “Niva2121” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən, saat 09:20 radələrində Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində Şəki rayonu Baş Göynük kəndi istiqamətindən Şəki rayonu, Aşağı Göynük kəndi istiqamətində hərəkətdə olarkən asfalt yolda özünün hərəkət istiqamətində ara məsafəsini gözləmədən və yüksək surətlə onun eyni istiqamətdə idarə etdiyi “Mercedes GLK 350” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vuraraq onun avtomobilinə xəsarət yetirmiş, nəticədə ona maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı HK-1/1182 nömrəli material ayrılmış və həmin material üzrə xx xxxxxx 2018-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 339.1 və 469.3-cü maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddələrlə inzibati protokol tərtib olunmasından ötrü ayrılmış materialın nəzərə alınması qərara alınmışdır. Lakin Cavabdeh həmin qərardan və ondan sonra qəbul edilən bütün qərarlardan birinci və apellyasiya məhkəmələrinə şikayət etdiyindən iddia ərizəsi üzrə mülki işə baxılması mümkün olmamışdır. Nəhayət xx xxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 339.1 və 469.3-cü maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddələrlə inzibati protokol tərtib olunmasından ötrü ayrılmış materialın nəzərə alınması qərara alınmışdır. Cavabdeh həmin qərardan yenidən şikayət vermiş və Şəki rayon məhkəməsinin 6(075)-11/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəki ŞRPŞnin İB-nin müstəntiqi, polis baş leytenantı X1 HK-1/1182 cinayət işi üzrə çıxarılmış olduğu “cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx xxxx 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apelyasiya Məhkəməsinin 21 sentyabr qərarı ilə onun şikayəti təmin edilməmişdir. Bildirmişdir ki, cavabdeh qərəzli olaraq ona vurulmuş zərəri ödəməkdən yayınmaq üçün şikayətlər etmişdir. Bundan başqa cavabdeh onun avtomobilinə zərər vurmaqla, həmçinin ona mənəvi də zərər vurmuşdur. Belə ki, cavabdeh vurmuş olduğu zərəri qarşılamaq, onunla razılığa gəlmək əvəzinə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan şikayət verməklə daima onu polis şöbəsinə və ya məhkəmələrə getməyə məcbur etmişdir. Beləliklə də hadisə baş verən xx.xx.2017-ci il tarixdən bu günədək 3 il müddətində mülki işə baxmaq mümkün olmamış və cavabdeh tərəfindən ona hər hansı vəsait ödənilməmişdir. Btün bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə təxminən saat 08:30 radələrində Niva markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə asfalt yolla Aşağı Göynük kəndi istiqamətinə saatda 60 km/saat surətlə gedərkən iddiaçı İslamın idarə etdiyi “Mercedes” markalı avtomaşının əks hərəkət istiqamətindən Baş Göynük kəndi tərəfə qalxdığını görmüşdür. İslamın idarə etdiyi avtomobil onun maşınının ona çatmağına təxminən 3 metr qalmış İslam avtomaşınını öz hərəkət istiqamətindən qəfildən döndərib onun hərəkət istiqamətinə çıxmışdır. O, isə çaşdığı üçün tormoz verməyi unutmuşdur. Buna görə də onun idarə etdiyi avtomobil İslamın idarə etdiyi avtomobilin arxa tərəfindən dəymiş və nəticədə özü xəsarət almışdır. Bundan başqa onun özünün müalicəsi üçün müəyyən xərc çəkilmişdir. Göstərmişdir ki, baş vermiş hadisənin günahkarı o yox İslamın özüdür. Belə ki, İslamın avtomobilini qəfil döndərməsi və onun hərəkət zolağına çıxması nəticəsində qeyd olunan hadisəni törətmişdir. Hesab etmişdir ki, iddia əsassızdır və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi X3 Cavabdeh verdiyi izahata uyğun izahat verərək qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cаvаbdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsindən narazıdır. Belə ki, “Mercedes” markalı maşına dəyən ziyanlıq on dəfədən çox şişirdilmişdir. Polis müstəntiqinin qərarlarında göstərilir ki, “Mersedes” markalı avtomobilin arxa yük qapısı əzilmiş, arxa yük qapısının şüşəsinin sınmış, bamper əzilmiş, dövlət nömrə nişanı qopmuşdur. Maşının 3 detalı əzilməklə məhkəmə 8095 ziyan müəyyən etmişdir. Hansısa özəl ekspertin verdiyi arayış əsasında, heç bir araşdırma aparmadan həmin məbləğ təyin edilmişdir. Hazırda həmin maşınların öz dəyəri 8-10 min manatdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)- 8/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında istirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-8/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında istirak etmiş Cavabdeh və onun nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-8/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqişəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-8/2020 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli rəyindən görünür ki, 2008-ci il buraxılışlı, X204 kuzalı, **-OX-*** dövlət qeydiyyat nişanlı Mercedes GLK markalı avtonəqliyyat vasitəsinə qəza zamanı dəymiş zərər nəticəsində lazım olan detalların və təmir işlərinin xx xxxxxx 2018-ci il tarixinə olan dəyəri müvafiq olaraq 7595 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, HK-1/1182 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 339.1 və 469.3-cü maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddələrlə inzibati protokol tərtib olunmasından ötrü ayrılmış materialın nəzərə alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 6(075)-11/2020 saylı qərarınadan görünür ki, Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X1 HK-1/1182 cinayət işi üzrə çıxarılmış olduğu “cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx xxxx 2020-ci il tarixli qərarın qanuni hesab edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 6(107)12/2020 saylı qərarından çıxarışdan görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 6(075)-11/2020 saylı qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxxxx 2017-ci il tarixdə “Niva 2121” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən, saat 09:20 radələrində Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində Şəki rayonu Baş Göynük kəndi istiqamətindən Şəki rayonu, Aşağı Göynük kəndi istiqamətində hərəkətdə olarkən asfalt yolda özünün hərəkət istiqamətində ara məsafəsini gözləmədən və yüksək surətlə İddiaçı eyni istiqamətdə idarə etdiyi “Mercedes GLK 350” markalı, **- OX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vuraraq sonuncunun avtomobilinə xəsarət yetirmiş, nəticədə ona maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsi işdə olan “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli rəyinə istinad edərək belə hesab etmişdir ki, xx.xx.2017-ci il tarixdə baş vermiş, hadisə nəticəsində iddiaçıya 7595 manat maddi zərər dəymişdir. Həmin zərər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə qаnuni və obyektiv qərar qəbul edilməsi üçün 2008-ci il buraxılışlı, **-OX-*** dövlət qeydiyyat nişanlı Mercedes GLK markalı avtonəqliyyat vasitəsinə qəza zamanı dəymiş zərərin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvаlə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/5835 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiq edilən 2008-ci il buraxılışlı “Mersedes GLK 350 minik” markalı, **-OX- *** dövlət nömrə nişanlı avtomobilin xx xxxxxxxx 2017-ci ıl tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 6914 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X2rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci mаddəsinə uyğun оlаrаq ətrаfdаkılаr üçün yüksək təhlükə ilə bаğlı fəаliyyət (nəqliyyаt vаsitələrindən, mexаnizmlərdən istifаdə edilməsi) nəticəsində mülki hüquq pоzuntusu törətmiş hüquqi və fiziki şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə bоrcludurlаr. Məhkəmə kellegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı 6914 manat ziyan vurulmuşdur. Bu səbəbdən də İddiaçı ona vurulmuş maddi ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Baş vermiş yuxarıda bəhs edilən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mənəvi istirab çəkməsi qaçılmazdır. Bundan başqa iş materialları ilə də müəyyən olunur ki, cavabdeh vurmuş olduğu zərəri qarşılamaq və ya iddiaçı ilə müəyyən razılığa gəlmək əvəzinə baş vermiş hadisə ilə əlaqədar qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan” şikayət verməklə iddiaçının polis şöbəsinə və məhkəmələrə getməsinə və ya gəlməsinə səbəb olmuşdur. Beləliklə də hadisə baş verən xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixixədək olan müddətdə iddiaçının mənəvi istirab və zərər çəkməsi labüddür. Göründüyü kimi, Cavabdeh yol hərəkəti qaydalarına riayət etməməsi səbəbindən onun törətməsində təqsirli bilindiyi və xx xxxxxxx 2017-ci il tarixdə, saat 09:20 radələrində Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində baş vermiş hadisə nəticəsində İddiaçı istifadəsində olan 2008-ci il buraxılışlı “Mersedes GLK 350 minik” markalı, **-OX-*** dövlət nömrə nişanlı minik avtomobilinə maddi ziyan dəymişdir. İddiaçı, avtomobilinin təmiri üçün lazım olan müddət ərzində avtomobilindən istifadə etmək imkanları məhdudlaşmış, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Bu hallar, o cümlədən iddiaçının əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etməsi onun mənəvi iztirab və sarsıntı keçirtməsini təsdiq edir. Bu səbəbdən də iddiaçı cavabdehdən ona vurulmuş mənəvi ziyanın ödənilməsini də tələb etməkdə haqlıdır. Lakin birinci instansiya məhkəməsi tələb edilən mənəvi ziyan məbləğini işin hallarını nəzərə alaraq yüksək hesab etməklə onun ağlabatan həddə azaldılmasının məqsədəmüvafiq olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənəvi zərərin 500 manat müəyyən edilməsinə dair qənaətini əsaslı sayır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət versə də, iddiaçıya vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-8/2020 saylı qətnaməsi Cavabdeh tutulmalı olan maddi ziyan məbləği hissəsində dəyişdirilərək həmin məbləğ 6914 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-8/2020 saylı qətnaməsi Cavabdeh tutulmalı olan maddi ziyan məbləği hissəsində dəyişdirilərək həmin məbləğ 6914 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar