Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2215/2021 21.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, İddiaçı, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X10 və onun vəkili X12 iştirakı ilə İddiaçı İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “ƏMDK yanında DƏDRX-nin verdiyi 13.03.2020-ci il tarixli ********* nömrəli Çıxarışa əsasən onun mülkiyyətinə verilmiş payın naturada ayrılıb verilməsi” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(024)-47/2021 nömrəli qətnaməsindən iş üzrə qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ƏMDK yanında DƏDRX-nin verdiyi 13.03.2020-ci il tarixli ********* nömrəli Çıxarışa əsasən onun mülkiyyətinə verilmiş payın naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən onun, X4 və Nəcəfova Gülnarə İmam qızının paylı mülkiyyətində olan Qax rayonunun İlisu kəndində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsini açıq hərracda satılması və satış pulunun müvafiq qaydada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 17 mart 2021-ci il tarixli, 2(024)- 47/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Qax rayonu İlisu kəndində yerləşən, 0.03 ha torpaq sahəsi üzərində yerləşən 1930-cu il tarixdə tikilmiş iki otaqlı, ümumi sahəsi 95.6 kv.m evə və evin yerləşdiyi 0.03 ha torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin İddiaçı, X4 və X5 arasında onların daşınmaz əmlakda paylarına mütənasib surətdə bölüşdürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manatın İddiaçı alınıb "xxxx" ASC-nin Sahil filialı, KOD 2012018, VÖEN **********, SFİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab-AZ64AİİB400900C**********208 saylı hesaba ödənilməsi qət edilmişdir. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X10 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Qax rayonu Qaxbaş kəndində yaşayır. Qax rayonu İlisu kəndində valideyinlərindən miras qalmış ata yurdu vardır. X23 13.04.2008-ci il tarixdə, anası Firəngiz Kərimova 19.03.2012-ci il tarixdə ölmüşdür. Atası və anasından ona Qax rayonu İlisu kəndində yerləşən 95.6 kv.m yaşayış evi və 0.03 ha həyətyanı sahə miras qalmışdır. Daha sonra anasından miras qalmış əmlakdan ona düşən pay məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir. Lakin bacısı Gülçöhrə İmamova ilə birlikdə həmin evdən istifadə edə bilmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Apellyasiya şikayətinin dəlilləri: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X10 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı tələbi ilə bağlı işə baxmış Qax Rayon Məhkəməsi onun və bacısının da həmin əmlakda payı olmasına baxmayaraq, onların iştirakını təmin etmədən hazırda mübahisələnidirilən qətnaməni qəbul etmişdir. İddiaya heç bir aidiyyatı olmayan və iddiaya cavab verməli olmayan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşmmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi isə iş üzrə cavabdeh qismində tanınmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Ona görə də Qax Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(024)-47/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X10 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir, mübahisəsi gedən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə iddiaçıya, ona və bacıları Gülnarəyə məxsusdur. Lakin iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən onlar xəbərdar edilməmiş, keçirilmiş məhkəmə proseslərindən xəbərsiz olmuşdur. Ev hərracda satıldıqdan sonra ona məlum olmuşdur ki, belə bir qətnamə var. Ona görə də Qax rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən hüquq və vəzifələrinə toxunan şəxs X4 vəkili X17 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, buirinci instansiya məhkəməsi mübahisələndirilən qətnamənin qəbul edərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, həmin əmlakda payı olmasına baxmayaraq, nə apellyator, nə də ki, digər payçı işə cəlb edilməmiş, iddiaya heç bir aidiyyatı olmayan və iddiaya cavab verməli olmayan Daşmmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi iş üzrə cavabdeh qismində tanınmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən digər mülkiyyətçilər cavabdeh kimi işə cəlb edilə bilərdi. Mübahisəsi gedən ev artıq hərracda satılıb və hərracın qalibi də müəyyən edilib. Hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsində iddia qaldırıblar. Odur ki, Qax Rayon Məhkəməsinin qətnaməsininn ləğv edilərək, iddianın tamamilə ləğv olunmasını kollegiyadan xahiş edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, düzdür apellyasiya şikayəti vermiş şəxsin də mübahisəli əmlakda payı var. Lakin o bilmirdi ki, Gülcöhrə və Gülnarə də cavabdeh qoyulmalıdır. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Ona görə də şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq apellyasiya icraatı zamanı zəlb edilmiş 3-cü şəxs X2 və mümkünsüzlüyü barədə məlumat vermədən, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, işə baxılan zaman cəlb edilməmiş və sonda işə onun iştirakı olmadan baxılıb nəticə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 138.1-ci maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. 138.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi işə baxarkən, qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X7 işə cəlb etməməklə və ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməməklə yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinin tələbinə görə başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 54.1-ci maddəsinin tələbinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 387.2.2-ci maddəsiə görə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X7 işə cəlb etməməklə və ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməməklə işə baxmışdır ki, bu da nəticə etibarı ilə tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipinin pozulmasına səbəb olmuşdur və bu hal qətnamənin mübahisələndirilən hissəsində ləğvi üçün əsasdır. İddia tələbi ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax rayonu İlisu kəndində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 95.6 kv.m . sahədən ibarət fərdi yaşayış evinin 8/10 hissəsi İddiaçı, 2/10 hissəsi X4, 2/10 hissəsi X5 mülkiyyətindədir. Qax Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(024)-201/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, həmin qətnaməyə əsasən iddia qismən təmin edilərək mərhum X1 miras qalmış Qax rayonu İlisu kəndində yerləşən, 1930-cu il tarixdə tikilmiş iki otaqlı, ümumi sahəsi 95.6 kv.m evə və evin yerləşdiyi 0.03 ha torpaq sahəsinə vərəsəlik açılması və Qax rayon DNK-da təsdiq olunmuş 02 dekabr 2009-cu il tarixli vəsiyyətnamənin icra edilməsi, X1 miras qalmış Qax rayonu İlisu kəndində yerləşən, 1930-cu il tarixdə tikilmiş iki otaqlı, ümumi sahəsi 95.6 kv.m ev və evin yerləşdiyi 0.03 ha torpaq sahəsindən ibarət miras əmlakdan İddiaçı vəsiyyətnamə üzrə düşən pay 1/2 hissə və yerdə qalan 1/2 hissədən iddiaçının məcburi payı və X16, X14 iddiaçının xeyrinə imtina etdikləri məcburi payları nəzərə alınmaqla ümumilikdə 3/5 hissəsi İddiaçı verilməsi, müvafiq sənədləşmə işlərinin aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsinə həvalə edilməsi və iddianın qalan hissəsi rədd edilməsi qət edilmişdir. “X9”nin 18 yanvar 2021-ci il tarixli, 32 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanından DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin verdiyi 13.03.2020-ci il tarixli ********** qeydiyat nömrəli Çıxarışa əsasən Qax rayonu, İlisu kəndində yerləşən, ümumi sahəsi 95.6 kv.m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.03 ha həyətyanı torpaq sahəsinin naturada bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un tələblərinə uyğun olaraq mümkün deyildir. Müstəqil Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 300 (üç yüz) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə - daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Onu da, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əmələ gəlməsinin xüsusi formal prosedurunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydə alındığı andan yaranır. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 .04.2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmə hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermə imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi bir başa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyildir. Bu baxımdan paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüquqununun qanunsuz məhdudlaşdrılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gələrək qeyd etmişdir ki, Mülkü Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və ya satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırlması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas olmaqla, eyni zamanda iddianın rədd olunması üçün də əsaslıdır. Birincisi, ona görə ki, iş materialları ilə tam sübut olunur ki, mübahisəsi gedən əmlak- Qax rayonu İlisu kəndində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 95.6 kv.m sahədən ibarət fərdi yaşayış evi DƏDRX-i tərəfindən verilmiş Çıxarış əsasında paylı mülkiyyət hüququ üzrə İddiaçı 8/10 hissə, X6 2/10 hissə və X8 2/10 hissə məxsusdur. İkincisi, kollegiyanın araşdırması zamanı müəyyən edildi ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən, sonradan isə iddia tələbini dəyişərkən (/m səh. 41) İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Əİ-ni cavabdeh qismində qoymuş, digər mülkiyyətçilər ümumiyyətlə işə cəlb edilməmiş, məhkəmə iclasının yeri və vaxtı barədə onlara məlumat verilmədən iş üzrə yekun qərar qəbul edilmişdir. Hansıki, Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinin tələbinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Üçüncüsü, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, DƏDRX-in 12 saylı Əİ hazırki tələb üzrə cavabdehlik daşımağa hüququ olmayan orqan olduğundan, iddia tələbi həmin orqana qarşı təmin edilə bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, hazırkı mübahisə üzrə Mülki Prosessual Məcəllənin bir sıra normalarının da tələblərini kobud şəkildə pozmaqla işin hallarına uyğun olmayan nəticəyə gəlmiş və sonda apellyatorun, həmçinin digər mülkiyyətçinin mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. 387.2 və 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının kobud pozulması ilə çıxarıldığından və məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmədiyindən, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(024)-47/2021 nömrəli qətnaməsi ləğv edilərək, yeni qətnamə ilə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəlir ki, iddia tələbi rədd edilyindən, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(024)-47/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Məmmədova İmam qızının cavabdeh İqtisadiyyat Nazirliyi Yanında DƏDRXnin 12 saylı Ərazi İdarəsinə qarşı “onun, X4 və Nəcəfova Gülnarə İmam qızının paylı mülkiyyətində olan Qax rayonunun İlisu kəndində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsini açıq hərracda satılması və satış pulunun müvafiq qaydada bölünməsi barədə” iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat İddiaçı alınıb "xxxx" ASC-nin Sahil filialı, KOD 2012018, VÖEN **********, SFİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab-AZ64AİİB400900C**********208 saylı hesaba ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2215/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2215/2021
21.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver