Məhkəmə qərarları › İş №2(107)-2219/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2219/2020

03.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2219/2020 03.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-782/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-782/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cehiz əmlak tələbinə dair iddiası təmin edilməmişdir İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək nikahları pozulduğu üçün cavabdehlə aralarında əmlak bölgüsünün aparılması, ərizəyə əlavə edilmiş nəğd pul şəkilində verdiyi 5000 (beş min) manat pulun, 500 manat məbləğində geyim paltarının, iki avtomobildən biri - «Vaz 21099» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin, DƏDRX-dən alınan cavab əsasında müəyyən olunan daşınmaz əmlakda və qızına düşən payın müəyyən edilərək cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh xx xxxxxx 2017-ci il tarixdə ailə qurmular. Nikahlarından xx xxxxx 2019-cu il tarixdə Ayan adlı qızları anadan olmuşdur. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Ayrıldıqdan sonra cavabdeh onun özünə məxsus olan qızıl-zinət əşyalarını, cehiz olaraq gətirdiyi ev məişət əşyalarını, paltarlarını qaytarmamışdır. Birgə nikahları dövründə Cavabdeh avtomobilləri olmuşdur. Hesab edir ki, həmin avtomobillərin biri ona qaytarılmalıdır. Bundan başqa DƏDRX-dən onun sorğusuna cavab olaraq göstərilmişdir ki, Mətləbin mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı ona məlumat verilə bilməz. Odur ki, məhkəmə sorğu ilə Cavabdeh adına qeydə alınmış daşınmaz əmlakları müəyyən etməlidir. Habelə atası qız toyundan yığılan 5000 (beş min) manat məbləğində pulu cehiz alınması üçün cavabdehə vermişdir. Lakin Mətləbgil həmin pulu mənimsəyərək cehiz almamışlar. Bu səbəbdən həmin pulu da ona qaytarmalıdırlar. İddia ərizəsinə əlavə edilmiş cehiz əşyalarının siyahısı aşağıdakı kimidir: qızıllar - 4600 manat dəyərində komplekt dəsti - kolye sep 16,37 qram, sırğa 6,84 qram, üzük 4,02 qram, qolbağı 6,59 qram; nişan üzüyü - 7,6 qram, 550 manat dəyərində, məişət əşyaları qonaq yemək, çəngəl, bıçaq dəsti 8-12 nəfərlik, gündəlik yemək və səhər yeməyi çəngəl, bıçaq qaşıq dəsti 8-12 nəfərlik, süfrələr 10 ədəd, salat meyvə kasaları, çörək səbəti, qazan 7 ədəd, tava dəsti 11 ədəd, tefal qazan 5 ədəd, stəkan dəsti 40 ədəd, bakal dəsti 35 ədəd, əl-üz dəsmalı 19 ədəd, hamam dəsti 12 ədəd, pərdə 3 dəst, xalça 6 ədəd 5x3 ölçüdə, kreslo üstü, tozsoran, paltaryuyan, ət çəkən, mikser, blender, sok (şirə) çəkən, soyuducu, televizor, ütü, ütü masası, yastıq 8 ədəd, yorğan 4 dəst, döşək 4 dəst, yataq örtükləri 6 dəst, odeyal 7 dəst, DVD/VCD pleyer, rəngli saat 2 ədəd, TV altlığı, mətbəx dəsmalları 15 ədəd; ceyim əşyaları - toy donları 10 ədəd, kablok 8 ədəd, ayaqqabı 5 ədəd, əl sumkası 8 ədəd, kvac 3 ədəd, ev dəsmalı 5 ədəd, jaket 3 dəst, kurtka 3 ədəd, cins şalvarları 7 ədəd, kofta 9 ədəd. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, sonuncu dəfə əri Mətləbgildən gedəndə onu döymüşlər. Çox çətinliklə getmişdir və belə vəziyyətdə onun ər evindən nə qızıl, nə də pul götürmək gücü, imkanı olmamışdır. Buna görə də iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı nümayəndəsi (atası) Nümayəndə da qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, iddiaçının dedikləri hamısı yalandır. Belə ki, Aytac gəlin gələrkən heç bir qızıl-zinət əşyası gətirməmişdir. Çünki, o, atasına məxsus iki otaqlı evdə qalırmış və həmin evdə lazım olan bütün ev əşyaları mövcud olmuşdur. Ona görə də Aytacla evlənən zaman cehizin gətirilməsini istəməmişlər. Aytac yaşadığı evdən gedən zaman o, Qəbələ şəhərinin mərkəzində yerləşən «Relaks» çay evini işlədirmiş və buna görə gecələr evə gec gəlirmiş. Qızıl-zinət əşyalarına gəldikdə isə Aytac ondan xəbərsiz evdən çıxıb valideynlərinin yaşadıqları evə gedən zaman evdə heç kim olmadığından o, yaşadığı evdə tək olmuşdur. Yəni, ona heç kim maneçilik törətməmiş, toy vaxtı ona hədiyyə olaraq verilən qızıl-zinət əşyalarını heç kimin maneçiliyi olmadan özü ilə yığışdırıb aparmışdır. Hətta evdə şalvarının cibində olan pulu da Aytac aparmışdır. Bununla bağlı o, Ağdaş rayon polis şöbəsinə müraciət etmişdir. Aytacın evinə pul istəmək üçün gedəndə isə atası tüfənglə qarşısına çıxıraq onu öldürməklə hədələmişdir. Evdə heç kim olmadığı və ona qızılların aparılmasına maneçilik törətmədiyi üçün ona qarşı olan iddialar tam əsassızdır. Ona cehiz alınması üçün də heç bir pul məbləği verilməmişdir. Qız toyundan sonra çıxıb birbaşa öz evinə gəlmişdir. Minik avtomobilini isə nikahdan əvvəl 2016-cı ildə halal zəhməti ilə alaraq idarə etmiş, sonradan ehtiyacı olduğu üçün satmışdır. Həmin minik avtomobillərini etibarnamə əsasında idarə etmişdir. Bunu qeyd etməkdə məqsədi maşının qeydiyyat şəhadətnaməsinin onun adına olmadığını iddiaçının nəzərinə çatdırmaqdır. Qeyd olunan xüsusatlara görə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş: X4 ifadəsində göstərmişdir ki, iddiaçı onun bibisi qızıdır. İddiaçının atası Ramis onun dayısı olduğu üçün bütün işlərində öndə gedəni olmuşdur. Dayısı qız toyunu şadlıq evində keçirib qurtardıqdan sonra axşam evə qayıdıb özünə məxsus Ağdaş rayonu Bəylik kəndində yerləşən evində onun yanında Cavabdeh 5000 (beş min) manat məbləğində pul vermişdir. Həmin vaxt evdə onun özü, dayısı Ramis və İddiaçı olmuşlar. X5 ifadəsində göstərmişdir ki, Mətləbin anasının əmisi qızıdır və onunla doğma bacı kimidirlər. Sözləri və sirrləri həmişə bir olmuşdur. O, Mətləblə Aytacın toyunda yaxından iştirak etmişdir. Hətta toydan sonrakı gün qadınlar üçün təşkil olunan məclisdə də yaxından iştirak etmişdir. Həm toydan əvvəl, həm toy günü və həm də sonrakı gün Mətləbin evinə getmişdir. Lakin heç birində yeni açılmış cehiz əşyaları görməmişdir. Evdəki bütün əşyalar Mətləbin valideynlərinə məxsus və 10-15 il əvvəl alınmış əşyalar olmuşdur. Aytac gəlin gələndə özü ilə yalnız bir ədəd lampa gətirmişdir. X7 ifadəsində qeyd etmişdir ki, o, Cavabdeh qonşusudur. Mətləbgilin ailəsini çox yaxşı tanıyır. Anası ilə də yaxın rəfiqədirlər. Mətləbin toyunda şəxsən iştirak etmişdir. Aytac gəlin olaraq evə gətiriləndə də onların evinə getmişdir. Ancaq evdə heç bir cehiz əşyası görməmişdir. Evdəki bütün əşyalar Mətləbin anası Tənziləyə məxsusdur. İllər əvvəl alınmış əşyalardır. Mətləbin anası ilə yaxın rəfiqə olduğuna görə hətta ondan gəlinin cehiz əşyaları gətirib-gətirmədiyini də soruşmuşdur. Mətləbin anası cavabında ona bildirmişdir ki, gəlinin valideynləri onlardan tələb edirlər ki, nə vaxt oğlunuza ayrı ev alarsınız, onlar da qızına cehiz verəcəklər. Onların da hələ ki, ev almağa maddi imkanları çatmadığına görə gəlin heç bir cehiz əşyası gətirməmişdir. X3 ifadəsində bildirmişdir ki, o, Cavabdeh anasıdır. Aytac onlara gəlin gələndə heç bir cehiz əşyaları gətirməmişdir. O, toy günü gəlin gələndə bir ədəd lampa və yeddi ədəd şam gətirmişdir. Həmin lampanı da qaytarmağa hazırdır. Toyda gəlinə hədiyyə olaraq qızıl dəsti almışdır. Bu qızıl dəstinə boyunbağı, qolbağı, bir cüt sırğa və iki ədəd üzük daxil olmuşdur. Aytac atası evinə gedəndə ona hədiyyə olunmuş qızıl və zinət əşyalarını, eləcə də geyim əşyalarını (paltarlarını) özü ilə aparmışdır. Aytac yaşadığı evdən gedəndə o, gecə vaxtı çörək bişirdiyi yerdə növbədə olmuşdur. Bundan bir neçə gün əvvəl isə Aytacın evdə selofan paketlər hazırladığını görüb bunlardan nəyə istifadə edəcəyini soruşduqda, sonuncu ona paltarlarını yığacağını demişdir. Aytac gecə saat 4-də heç kimin xəbəri olmadan evdən qaçıb getmişdir. Bunu eşidəndə bilmişdir ki, Aytacın yaşadığı evdən getməsi barədə əvvəlcədən firkri olmuş və buna görə də hazırlıq görmüşdür. O, evdən gedəndə evdə tək olmuşdur. Buna görə də ona qızıl-zinət əşyalarını, paltarlarını aparmaqda heç kim maneçilik törətməmişdir. Onu da qeyd edir ki, Aytacı toydan sonra Qəbələ-2 M.Abduyev küçəsində yerləşən mənzilə gəlin gətirmişlər. Toydan sonrakı gün isə qadınlar üçün məclis təşkil emək üçün Qəbələ rayonu Şamlı kəndində yerləşən və qayınatasına məxsus olan iki otaqlı evə aparmışdır. X9 ifadəsində bildirmişdir ki, o, Cavabdeh dayısıdır. Toydan əvvəl, toy vaxtı və sonra da dəfələrlə Mətləbgilin evinə getmişdir. Ancaq orada heç bir cehiz əşyasını görməmişdir. Evdəki bütün əşyalar əvvəldən evdə olan əşyalar olmuşdur. Taksi fəaliyyəti ilə məşguldur və dəfələrlə Mətləbin qaynatası Ramisi onların evinə qonaq aparmışdır. Yusubova Sevda Rövşən qızı ifadəsində göstərmişdir ki, o, Cavabdeh bacısıdır. Anasıgillə qonşuluqda yaşayır. Aytac onlara gəlin gələn zaman heç bir cehiz əşyası gətirməmişdir. Aytac gecə evdən qaçan gün Mətləb ilk olaraq ona xəbər vermişdir. Xəbəri eşidib həmin evə gələndə Mətləbi evdə tək görmüşdür. Mətləblə evə baxanda görmüşdür ki, Aytac evdəki bütün pal-paltarını, qızıl-zinət əşyalarını da aparıb getmişdir. Hətta Mətləb ona Aytacın onun şalvarının cibindəki pulu da götürüb qaçdığını bildirmişdir. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-782/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli 2(025)-782/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edillməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qətnamə qəbul edilərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış və sübut edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi, eyni zamanda atası Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-782/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı ifadəsində əlavə olaraq bildirdi ki, birgə nikahları dövründə əri onu dəfələrlə döymüşdür.xx xxxxxxx 2018-ci il tarixdə səhər saat 05 radələrində əri Mətləb işdən evə qayıtmışdır. O, həyətdə telefonla kiminləsə danışmış, evə daxil olanda ona demişdir ki, “sənin bu evdən çıxıb germəyini istəyirəm”. Mətləb qolundan tutaraq onu möhkəm zərbə ilə qapıya çırpmış və qapıdan çıxarıb bayıra atmışdır. Xahiş etmişdir ki, imkan versinlər səhər açılandan sonra getsin. Lakin ona bu imkanı verməmişlər. Hadisə vaxtı qayınanası, baldızı və qaynı da evdə olmuşlar. Mətləb onunla dava edib onu döyərkən onlar yaxın durmamış, qayınanası dördüncü mərtəbədə yaşayan qızının mənzilinə qalxmış, qaynı da onun ardınca getmişdir. O, sonuncu dəfə evdən çıxan zaman əynində ev paltarı ilə çıxmış, başqa heç bir əmlak götürməmiş, götürməyə imkanı da olmamış, hətta şəxsiyyət vəsiqəsini də götürə bilməmişdir. Evdən çıxandan sonra özünün şəxsi mobil telefonu olmadığından yaxınlıqda olan dükanın açılmasını gözləmiş, dükan açıldıqdan sonra oradan atasına zəng etmiş, hadisəni danışaraq gəlib onu aparmasını xahiş etmişdir. Bir müddət sonra atası dayısı oğlunun maşını ilə gəlmişdir. Atası gələnə kimi yaxınlıqda olan zibil qutularının (konteynerlərin) arasına qısılıb ağlaya-ağlaya gözləmiş, atası gəlib onu həmin yerdə zibil qutularının (konteynerlərin) arasında tapmışdır. Mətləb onu əvvəllər dəfələrlə möhkəm döydüyünə görə evə qayıtmağa qorxmuş, dayısı öğlunun maşınına əyləşib atası ilə birlikdə Ağdaş rayonuna ata evinə getmişdir. Bundan sonra bir daha əri evinə qayıtmamışdır. Əri evində olanda qayınanası onun qızıl-zinət əşyalarını alıb özündə saxladığından qızılları həmişə qayınanasında olmuşdur. Ona görə də axırıncı dəfə evdən qovulub çıxarılanda nə qızıl-zinət əşyalarını, nə də paltarlarını götürə bilməmişdir. Həmin günün axşamı cavabdeh ailəsi ilə onlara gəlib bildirmişdir ki, “sən gedəndə evimizi soyub getmisən.” Cehiz əşyalarının (televizor, paltaryuyan maşın, tozsoran və s.) alınması barədə alqı-satqı qəbzi və digər sənəd olmadığından təqdim edə bilmir, çünki cehiz əşyalarının bəzilərini qohumları alıb hədiyyə etmişlər. İddiaçının nümayəndəsi, eyni zamanda atası Nümayəndə məhkəmə kollegiyasının iclasında iddiaçı ilə eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2018-ci il tarixdə səhər saat 07 radələrində dayısı Nümayəndə telefonla ona zəng edərək bildirmişdir ki, Qəbələ şəhərinə gedərək qızı Aytacı gətirmək lazımdır. Onunla birlikdə Qəbələ şəhərinə getmişlər. O, Aytacın toyu ilə bağlı olaraq bir neçə dəfə həmin ünvana getmiş, toydan sonra da həmin evdə bir neçə dəfə olmuşdur. Odur ki, Aytacgilin evlərini yaxşı tanıyır. Qəbələ şəhərinə çatdıqları vaxt dəqiq yadında deyil, amma səhər çağı olmuşdur. Onlar qeyd edilən ünvana çatanda Aytacı evlərinin yaxınlığında zibil qablarının (konteyner) arasında tapmışlar, Aytac zibil qabına qısılaraq ağlayırmış. Həmin vaxt Aytacın geyindiyi paltar yadında deyil. Habelə Aytac ağladığı üçün üzü tam yadında qalmayıb, odur ki, onun döyüldüyünü dəqiq deyə bilmir. Ancaq dəqiq deyə bilər ki, sonuncu dəfə Aytacı gətirəndə onun qulaqlarında sırğa, barmağında üzük olduğunu, ümumiyyətlə üzərində hər hansı qızıl-zinət əşyası görməmiş, habelə Aytacın əllərində çanta, zənbil və ya sellofan torba olmamışdır. O, Aytacı Ağdaş rayonuna gətirərkən Aytac evlərinə qayıdıb nə isə götürmək istəməmiş, dərhal maşına əyləşmişdir və onlar birbaşa Ağdaşa gəlmişlər. Əlavə olaraq deyə bilər ki, Aytacın toyu ərəfəsində dayısı Ramis Aytaca cehiz əşyası almaq üçün onunla harasa getməmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasinda tədqiq edilən: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)- 771/2020 saylı qətnaməsinin surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(014)-1704/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Qəbələ regional «Asan Xidmət mərkəzi» Qeydiyyat şöbəsində qeydə alınmış xx xxxxxx 2017-ci il tarixli 564 saylı nikah qeydinin pozulması qət edilmişdir. Ağdaş Rayon Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixdə verdiyi AZ-İ 350781 nömrəli «Nikahın pozulması haqqında şəhadət»namənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxx 2020-ci il tarixdə 85 nömrəli qeyd aparılmışdır. Nikah ləğv olunduqdan sonra qadına «Soltanzadə» soyadı verilmişdir. Ağdaş Rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixdə verdiyi AZ-İV 274079 nömrəli «Doğum haqqında şəadətnamə»nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Ramiz qızının nikahlarından xx.xx.2019-cu il tarixdə Ayan adlı uşaq doğulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixdə İddiaçı ünvanladığı **********30 nömrəli məktubda Cavabdeh adına hər hansı daşınmaz əmlakın olubolmamasına dair müraciətinə baxıldığı, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında, o cümlədən nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx xxxx 2009-cu il tarixli 4 saylı Qərarının tələblərinə uyğun olaraq arayışların verilməsi ilə bağlı xidmət haqlarının ödənilməsi barədə sənədlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə müraciət edildiyi təqdirdə verildiyi göstərilmişdir. Qəbələ Rayon Polis Şöbəsinin İddiaçı xx.xx.2020-ci il tarixdə ünvanladığı 11/144- 634s-1220 nömrəli məktubda onun Azərbaycan Respublikası DİN-in BDYPİ-nə etdiyi müraciətə cavab olaraq ünvan 3 ünvanda yaşayan Cavabdeh adına heç bir nəqliyyat vasitəsinin qeydə alınmadığı, lakin «Vaz 21070» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşına xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək və «Vaz 21099» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşına xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək etibarnamələr mövcud olduğu qeyd edilmişdir. Ağdaş RPŞ-in TQ-nun təhqiqatçısı polis kapitanı X6 xx xxxxxxx 2018-ci il tarixdə qəbul etdiyi «cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar»ının surətindən görünür ki, xx xxxxxxx 2018-ci il tarixdə ünvan 3 mənzil 71 ünvanda yaşayan Cavabdeh DİN-nin «102» xidmətinə və Ağdaş RPŞ-nə müraciət edərək xx.xx.2018-ci il tarixdə Ağdaş rayonu Bəylik kəndində qayınatası Ramisin əlində tüfənglə onu öldürməklə hədələməsi barədə məlumat daxil olmuş və müraciət əsasında toplanmış HK-1/967 saylı materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qəbələ RPŞ-in TQ-nun təhqiqatçısı polis leytenantı X1 xx xxxxxx 2018-ci il tarixdə qəbul etdiyi «cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar»ının surətindən görünür ki, xx xxxxxxx 2018-ci il tarixdə Ağdaş rayonu Bəylik kənd sakini Nümayəndə DİNnin «102» xidməti zəng mərkəzi sisteminə zəng vuraraq Qəbələ 2 ünvanda yaşayan qızı Aytacın əri Mətləb tərəfindən döyülməsi və xəsarət alması barədə məlumat vermişdir. Müraciət əsasında toplanmış HK-1/1079 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşin gerçək halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında Qəbələ regional «Asan Xidmət mərkəzi» Qeydiyyat şöbəsində xx xxxxxx 2017-ci il tarixli 564 saylı nikah qeydə alınmış, həmin nikahdan onların xx.xx.2019-cu il tarixdə Ayan adlı uşaqları doğulmuşdur. Birgə nikah müddətində onlar ünvan 3 mənzil 71 ünvanında yaşamışlar. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(014)-1704/2019 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında Qəbələ regional «Asan Xidmət mərkəzi» Qeydiyyat şöbəsində qeydə alınmış xx xxxxxx 2017-ci il tarixli, 564 saylı nikah qeydinin pozulması qət edilmişdir. Tərəflər arasında qeyri-normal ailə münasibətlərinin olması iş materiallarına əlavə olunmuş, Ağdaş RPŞ-n TQ-nun xx xxxxxxx 2018-ci il tarixli və Qəbələ RPŞ-in TQ-nun xx xxxxxx 2018-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar»ları ilə də təsdiq olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı qızıl zinyət əşyalarının və digər cehiz əşyalarını tələb etməsi üçün ilk öncə həmin əşyaların mülkiyyətçisi olmalıdır. Toy mərasimi zamanı verilmiş qızıl zinyət və digər əşyalarla bağlı (geyim əşyaları - paltarları) ona həmin əşyalar hədiyyə verildiyinə görə mülkiyyət hüqüqunu əldə etmişdir. Bu xüsusat iddiaçı və cavabdeh tərəfindən mübahisə edilmir. Ancaq əşyaların qanunsuz sahiblikdə olması mübahisəlidir. Belə ki, iddiaçı həmin əmlakın (qızıl zinət əşyalarının və 500 manat dəyərində geyim əşyalarının - paltarlarının) cavabdehdə olmasını, cavabdeh isə əmlakın iddiaçı tərəfindən aparıldığını və iddiaçının özündə olmasını mübahisləndirir. Qanunun şərh olunan müddəalarına görə bu xüsusat iddiaçı tərəfindən sübut edilməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı qeyd olunan əşyaları özü ilə aparmasına maneçilik törədə bilən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bir sözlə həmin əşyaların cavabdeh tərəfindən aparmağa qoymadığını, eləcə də özünə məxsus geyim əşyalarının aparıdlmadığını bildirsədə də bunu sübut edə, həmin əşyaların cavabdehdə qala bilməsinin səbəblərini və əsaslarını izah edə bilməmişdir. Məhkəmə hesab edir ki, göstərilən xüsusatların olması qızıl-zinət və geyim əşyalarının başqasının qanunsuz sahibliyində olmasını istisna edir. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı və onun nümayəndəsi (atası) Nümayəndə qız toyundan sonra Cavabdeh cehizlərin alınması üçün 5000 manat məbləğində pul verildiyini iddia etsələr də, həmin pulun cavabdehə verilməsinə dair heç bir sübutu və nə də ki, iddia ərizəsinə əlvavə etdiyi siyahıda göstərilmiş cehiz əşyalarının mövcudluğu barədə hər hansı bir mötəbər sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə iddiaçının və onun nümayəndəsinin məhkəmə araşdırılması zamanı verdikləri izahatlarına tənqidi (iddianı müdafiə xarakterində olması baxımından) yanaşır. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının həmin evə iddia ərizəsində göstərdiyi cehiz əşyalarını aparmadığı, evdə olan mişət əşyalarının cavabdehin valideynlərinə məxsus olduğu şahid ifadələri ilə təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisələndirilən, iddiaçının və onun nümayəndəsinin cavabdehə cehiz əşyaları almaq məqsədi ilə verdiklərini iddia edən 5000 (beş min) manat məbləğində pul tələbi ilə iddiaya əlavə olunmuş siyahıda göstərilən cehiz əşyaları tələbi arasında səbəbli əlaqədə mövcuddur (pulun verilməsi məqsədinə dair iddiaçının göstərdiyi xüsusatlar üzrə). Lakin iddiaçılar həmin pulun cavabdehdə olmasını sübut edə bilməmişlər. Buna görə də iddianın 5000 manat məbləğində pul tələbinə dair hissəsi təmin olunmadığı halda, cehiz əmlakı tələbi də təmin edilməməlidir. Çünki, işin qeyd olunan halları konteksində göstərilən məbləğdə pulun cavabdehə verilməsi və eləcə də cehiz əmlakın mövcudluğu sübut olunmur, əksinə şahid ifadələri ilə təkzib edilir. Məlum olan haldır ki, müasir dövrdə keçirilən müsəlman toy adətlərinə görə keçirilən demək olar bütün toy mərasimlərində, şənliyin keçirildiyi məkanlarda və eləcə də bəyin, gəlinin valideynləri evində həmin günün xatirəsi olaraq yaxın qohumların iştirakı ilə videogörüntülər, fotoşəkillər çəkilir. İddiaçı qızıl-zinət əşyalarını aparmadığını, cavabdehdə qaldığını göstərərək həmin əmlakların cavabdehdən alınması barədə tələb irəli sürsə də həmin əşyaların, eləcə də iddia ərizəsindəki siyahıda qeyd olunan cehiz əşyaların onun mülkiyyətində olmasına, (toy mərasimində çəkilmiş fotoşəkillər, videogörüntülər və s.kimi), ümumiliekdə belə əşyaların mövcudluğuna və cavabdlehdə qalmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə həmin tələbə qarşı etirazını əsasladıraraq qeyd etmişdir ki, iddiaçı evdə sərbəst olduğundan heç bir maneə olmadan könüllü olaraq evdən getmiş və bu zaman qızıl-zinət və digər əşyalarını, eləcə də geyim əşyalarını - paltarları da özü ilə aparmışdır. İş üzrə şahidlər X2 və Yusubova Sevda Rövşən qızı da işin göstərilən halını məhkəmə araşdırılması zamanı verdikləri ifadələrində təsdiq etmişlər. Bütün bunlar qızılzinət və digər geyim əşyaların (paltarların) iddiaçının evdən gedən zaman özü ilə aparmadığına dair fikrini şübhə altına alır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qızıl zinət əşyaları, paltarlar (geyim əşyaları) və cehiz əmlakı hissəsində əsassızdır və təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı «Vaz 21099» markalı ** BC *** dövlət qeydiyyatlı avtomobilin, DƏDR-dən alınan cavab əsasında müəyyən olunan daşınmaz əmlakda və qızına düşən payın müəyyən edilərək cavabdehdən alınıb ona verilməsini tələb etsə də, sübutetmə vəzifəsi onun üzərinə düşdüyü halda iddia tələbinin əsaslandığı hallara dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi və Qəbələ RPŞ-in xx.xx.2020-ci il tarixdə ona ünvanladığı 11/144-634s-1220 nömrəli məktubunda isə ünvan 3 ünvanda yaşayan Cavabdeh adına heç bir nəqliyyat vasitəsinin qeydə alınmadığı, lakin «Vaz 21070» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşına xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək və «Vaz 21099» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşına xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək etibarnamələr mövcud olduğu göstərilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(014)-1704/2019 saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasındakı nikah pozulmuşdur. Yəni, cavabdeh həmin minik avtomobillərini tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulduqdan sonra etibarnamə ilə idarə etmidir. Həmin avtomobillərin (əmlakların) cavabdehin adına olması və mülkiyyəti olması sübut olunmur. Bir sözlə, iddiaçı minik avtomobilinin cavabdehin mülkiyyətində olmasını sübut edən qeydiyyat şəhadətnaməsini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyətidir. 32.3-cü maddəsinə görə, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvadın birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə kollegiyası apellyasiya şikayəti əsasında tədqiqat apararaq bu qənaətə gəlir ki, iddiaçı evdən gedərkən özü ilə heç bir əmlak aparmamışdır. Belə ki, işin hallarından, birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsinin iclaslarında verilən izahatlardan, şahid ifadələrindən, iş materiallarından da aydın olur ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları ona hədiyyə verilmişdir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatlarında qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə edilməsini etiraf etmişdir. Bunu birinci instansiya məhkəməsində şahid qismində dindirilən cavabdehin anası X3 da təsdiq etmişlər. İddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının mövcud olması və onların iddia ərizəsində göstərilən dəyərdə olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh həmin qızıl-zinət əşyalarının iddiaçının özündə olduğunu, onları özü ilə apardığını bildirsə də, həmin dəlili təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. İddianın qızıl-zinət əşyaları ilə bağlı hissəsi məhkəmə kollegiyasının iclaslarinda geniş araşdirilmişdir. Belə ki, Aytacın sonuncu dəfə ər evindən hansı vəziyyətdə çıxmasının müəyyən edilməsi məqsədi ilə, Aytacin özü, iddiaçının atası, eyni zamanda nümayəndəsi Nümayəndə, habelə iddiaçı tərəfin vəsatəti ilə onlar tərəfindən təqdim edilən şahid X4 dindirilmişdir. İddiaçı ər evindən sonuncu dəfə çıxmasını təsvir edərək göstərmişdir ki, xx xxxxxxx 2018-ci il tarixdə səhər saat 05 radələrində əri Mətləb işdən evə qayıtmışdır. O, həyətdə telefonla kiminləsə danışmış, evə daxil olanda ona demişdir ki, “sənin bu evdən çıxıb germəyini istəyirəm”. Mətləb qolundan tutaraq onu möhkəm zərbə ilə qapıya çırpmış və qapıdan çıxarıb bayıra atmışdır. Xahiş etmişdir ki, imkan versinlər səhər açılandan sonra getsin. Lakin ona bu imkanı verməmişlər. Hadisə vaxtı qayınanası, baldızı və qaynı da evdə olmuşlar. Mətləb onunla dava edib onu döyərkən onlar yaxın durmamış, qayınanası dördüncü mərtəbədə yaşayan qızının mənzilinə qalxmış, qaynı da onun ardınca getmişdir. O, sonuncu dəfə evdən çıxan zaman əynində ev paltarı ilə çıxmış, başqa heç bir əmlak götürməmiş, götürməyə imkanı da olmamış, hətta şəxsiyyət vəsiqəsini də götürə bilməmişdir. Evdən çıxandan sonra özünün şəxsi mobil telefonu olmadığından yaxınlıqda olan dükanın açılmasını gözləmiş, dükan açıldıqdan sonra oradan atasına zəng etmiş, hadisəni danışaraq gəlib onu aparmasını xahiş etmişdir. Bir müddət sonra atası dayısı oğlunun maşını ilə gəlmişdir. Atası gələnə kimi yaxınlıqda olan zibil qutularının (konteynerlərin) arasına qısılıb ağlaya-ağlaya gözləmişdir. Mətləb onu əvvəllər dəfələrlə möhkəm döydüyünə görə evə qayıtmağa qorxmuş, dayısı öğlunun maşınına əyləşib atası ilə birlikdə Ağdaş rayonuna ata evinə getmişdir. Bundan sonra bir daha əri evinə qayıtmamışdır. Əri evində olanda qayınanası onun qızıl-zinət əşyalarını alıb özündə saxladığından qızılları həmişə qayınanasında olmuşdur. Ona görə də axırıncı dəfə evdən qovulub çıxarılanda nə qızıl-zinət əşyalarını, nə də paltarlarını götürə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X4 ifadəsində bildirmişdir ki, xx xxxxxxx 2018-ci il tarixdə səhər saat 07 radələrində dayısı Nümayəndə telefonla ona zəng edərək bildirmişdir ki, Qəbələ şəhərinə gedərək qızı Aytacı gətirmək lazımdır. Onunla birlikdə Qəbələ şəhərinə getmişlər. O, Aytacın toyu ilə bağlı olaraq bir neçə dəfə həmin ünvana getmiş, toydan sonra da həmin evdə bir neçə dəfə olmuşdur. Odur ki, Aytacgilin evlərini yaxşı tanıyır. Qəbələ şəhərinə çatdıqları vaxt dəqiq yadında deyil, amma səhər çağı olmuşdur. Onlar qeyd edilən ünvana çatanda Aytacı evlərinin yaxınlığında zibil qablarının (konteyner) arasında tapmışlar, Aytac zibil qabına qısılaraq ağlayırmış. Həmin vaxt Aytacın geyindiyi paltar yadında deyil. Habelə Aytac ağladığı üçün üzü tam yadında qalmayıb, odur ki, onun döyüldüyünü dəqiq deyə bilmir. Ancaq dəqiq deyə bilər ki, sonuncu dəfə Aytacı gətirəndə onun qulaqlarında sırğa, barmağında üzük olmamış, ümumiyyətlə Aytacın üzərində hər hansı qızıl-zinət əşyası görməmiş, habelə Aytacın əllərində çanta, zənbil və ya sellofan torba olmamışdır. O, Aytacı Ağdaş rayonuna gətirərkən Aytac evlərinə qayıdıb nə isə götürmək istəməmiş, dərhal maşına əyləşmişdir və onlar birbaşa Ağdaşa gəlmişlər. İddiaçı sonuncu dəfə, yəni xx xxxxxxx 2018-ci il tarixdə ər evindən hansı şəraitdə çıxması ilə bağlı iddiaçının və şahidin göstərdikləri iddiaçının atası, eyni zamanda nümayəndəsi Nümayəndə ifadəsi ilə də təsdiq olunur. Həm iddiaçının izahatından, həm iddiaçının atası, eyni zamanda nümayəndəsi Nümayəndə, həm də iddiaçı tərəfindən təqdim edilən şahidin ifadələrindən müəyyən edilir ki, Aytac xx xxxxxxx 2018-ci ildə səhər saat beş radələrində əri ilə birlikdə yaşadıqları ünvan 3 mənzil 71 ünvandan sonuncu dəfə əri Mətləb ilə aralarında baş vermiş kəskin dava-dalaş nəticəsində çıxmış, özü ilə hər hansı əmlak götürmək imkanı ona verilmədiyindən heç bir əmlak götürməmiş, o cümlədən qızıl-zinət əşyalarını götürməmiş, mənzildən çıxdıqdan sonra həyətdə gözləmiş, saat yeddi radələrində yaxınlıqda yerləşən dükandan atasına zəng edərək gəlib onu aparmasını bildirmiş, atası bacısı oğlu ilə birlikdə Ağdaş rayonundan Qəbələ şəhərinə gələrək onu həyətdən, daha dəqiqi binanın yaxınlığındakı zibil qablarının (konteynerlərin) arasından tapıb götürərək Ağdaş rayonuna öz evinə aparmışdır. Göstərilənlərə əsasən, kollegiya belə qənaətə gəlir ki, iddiaçı xx xxxxxxx 2018-ci ildə əri ilə birlikdə yaşadıqları evi tərk edərkən qızıl-zinət əşyalarını özü ilə aparmamış, həmin qızılzinət əşyaları cavabdeh tərəfdə qalmışdır. İddiaçı sonuncu dəfə evdən çıxarkən özü ilə iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarını götürmədiyindən həmin qızıl-zinət əşyaları cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki,birinci instansiya məhkəməsi iddia tələbini qızılzinət əşyalarına aid hissədə təmin etməməklə səhvə yol vermişdir. Kollegiya iddiaçının digər əmlaklarının, yəni məişət əşyalarının və geyim əşyalarının olması və həmin əşyaların cavabdehdə qalması barədə dəlilinə münasibət bildirirək qeyd edir ki, iddiaçı həmin əşyaların gerçəkdən cehiz olaraq alınması və cavabdehdə qalması barədə məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim etməmişdir. Ümumiyyətlə, iddiaçının həm ər evinə cehiz olaraq apardığı əşyaları (televizor, paltaryuyan maşın, tozsoran və s.) tələb etməsi, həm də atasının Cavabdeh evinə cehiz əşyaları almasından ötrü 5000 manat məbləğində pul verməsini bildirməsi bir-birini təkzib edən ifadələrdir. Çünki iddiaçı atasının ona cehiz əşyaları alınması məqsədi ilə Cavabdeh 5000 manat məbləğində pul verməsini bildirməklə, özünün ər evinə cehiz əşyaları aparmadığıını etiraf etmiş olur. Belə ki, əgər iddiaçı gəlin köçərkən özü ilə cehiz əşyaları aparmışdırsa yenidən cehiz alınması üçün atasının Cavabdeh 5000 manat məbləğində pul verməsi ağlabatan və inandırıcı deyildir. İddiaçı atasının Cavabdeh evinə cehiz əşyaları almasından ötrü 5000 manat məbləğində pul verməsini təsdiq edən hər hansı sübut təqdim etlməmişdir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməklə düzgün qənaətə gəlmişdir. Bundan əlavə kollegiya iddiaçının iddia tələbində qeyd edilən iki avtomobildən biri - «Vaz 21099» markalı, **-BC-*** dövlət qeydiyyatlı avtomobilin cavabdehdən alınıb ona verilməsi barədə tələbinə münasibət bildirirək qeyd edir ki, işdə olan Qəbələ rayon Polis Şöbəsinin İddiaçı xx.xx.2020-ci il tarixdə ünvanladığı 11/144-634s-1220 nömrəli məktubunda onun Azərbaycan Respublikası DİNnin BDYPİ-nə etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, ünvan 8 ünvanda yaşayan Cavabdeh adına heç bir nəqliyyat vasitəsinin qeydə alınmadığı, lakin «Vaz 21070» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşına xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək və «Vaz 21099» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşına xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək etibarnamələrin mövcud olduğu qeyd edilmişdir. Göründüyü kimi, həmin avtomobillərin (əmlakların) cavabdehin adına olması və onun mülkiyyəti olması sübut olunmur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissəsini də təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. İddia tələbinin Cavabdeh adına olan və DƏDRX-dən alınan cavab əsasında müəyyən olunan daşınmaz əmlakda ona düşən payın müəyyən edilərək alınıb verilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, Qəbələ Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh adına xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixə kimi hər hansı daşınmaz əmlak Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini qızıl-zinət əşyalarına aid hissədə təmin etməməklə səhvə yol vermişdir. Lakin İddiaçı idia tələbini digər hissədə sübut edə bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X13 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyаsı hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-782/2020 nömrəli qətnaməsi qismən, yəni qızıl-zinət əşyalarının təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə təmin edilməli və 4600 manat dəyərində komplekt dəsti - kolye sep 16,37 qram, sırğa 6,84 qram, üzük 4,02 qram, qolbağı 6,59 qram və 550 manat dəyərində 7,6 qram nişan üzüyünün, qətnamə icra edilən vaxt həmin qızıl-zinət əşyalarının naturada alınması mümkün olmadıqda isə onların dəyərinin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilməli, iddia qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-782/2020 nömrəli qətnaməsi qismən, yəni qızıl-zinət əşyalarının təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə təmin edilsin. 4600 (dörd min altı yüz) manat dəyərində komplekt dəsti- kolye sep 16,37 qram, sırğa 6,84 qram, üzük 4,02 qram, qolbağı 6,59 qram və 550 (beş yüz əlli) manat dəyərində 7,6 qram nişan üzüyü, qətnamə icra edilən vaxt həmin qızıl-zinət əşyalarının naturada alınması mümkün olmadıqda isə onların dəyəri Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar