Məhkəmə qərarları › İş №2(107)-2221/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2221/2020

12.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2221/2020 12.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli2(025)-593/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, Qəbələ rayonu Zarağan bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli qərarı ilə satılmış torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, orada cavabdehlər tərəfindən quraşdırılmış dəmir konstruksiyanın öz vəsaitləri hesabına sğkülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli2(025)-593/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə Cavabdeh1 hüquq varisi müəyyən edilənə kimi hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixliqərardadından İddiaçı şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci ildə 2(025)-593/2020 saylı iş üzrə qəbul etdiyi qərardadı ilə cavabdehlərdən Cavabdeh1 vəfat etdiyi üçün iş üzrə icraat dayandırılıb. Lakin buna baxmayaraq Cavabdeh1 vərəsələri Zarağan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə ona satılmış və mülkiyyətində olan torpaq sahəsindən hələ də istifadə edirlər, orada tikinti işləri ilə məşğul olur və hüquqlarını pozurlar. Hesab edir ki, həmin iş üzrə icraatın dayandırılması faktiki durumda qanuna uyğun deyil və hüquqlarını pozur. Ona görə də həmin qərardadın ləğv edilməsini və iş üzrə icraatın davam edilməsini xahiş edir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli2(025)-593/2020 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki iş baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh2 izahatında şikayətin təmin edilməməsini, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli2(025)-593/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı X1, nümayəndəsi X3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-593/2020 nömrəli qərardadı ləğv edilməli, iş baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Birinci instansiya məhkəməsi Cavabdeh1 hüquq varisi müəyyən edilənə kimi hazırkı iş üzrə icraatın dayandırılması qərarına gəlmiş, bu zaman MPM-in 58.1, 254.1.1 və 258.1ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, Qəbələ rayonu Zarağan bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli qərarı ilə ona satılmış torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, orada cavabdehlər tərəfindən quraşdırılmış dəmir konstruksiyanın öz vəsaitləri hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx xxxxxx 2010-cu il tarixli 141 nömrə ilə uçota alınmış A № 282456 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qəbələ rayonu Zarağan bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 14 saylı qərarı ilə İddiaçı ticarət obyekti tikintisi məqsədi ilə 105.00 kv.m. torpaq sahəsi ayrılmışdır. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli 271 nömrəli məhkəmə tikinti-texniki ekspertizası rəyində qeyd edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 282456 saylı Torpaq sahənin planı və ölçüsünə əsasən Qəbələ rayonu Zarağan kəndində İddiaçı məxsus olan 105 m2 torpaq sahəsinin 66,3 m2 hissəsindən Cavabdeh2 istifadə edərək orada dəmir konstruksiya (çardaq) quraşdırmış, 38,7 m2 hissəsi isə Cavabdeh1 tərəfindən hasara alınaraq faktiki istifadə olunur. xx xxxxxxxx 2020-ci il tarixli 109/69 saylı ölüm haqqında arayışdan görünür ki, Cavabdeh1 xx xxxx 2020-ci il tarixdə ölmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə, mülki işin Cavabdeh2 aid hissədə dayandırılması iddiaçının hüquqlarının pozulması deməkdir. Belə ki, iddia tələbi iki müxtəlif şəxslərə qarşı yönəlmişdir. İşin hallarından da görünür ki, cavabdehlər iddiaçıya məxsus olan torpaq sahəsindən birlikdə, müştərək qaydada istifadə etmirlər, hər bir cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsinin müəyyən hissəsindən ayrıca, müstəqil olaraq istifadə edir. Ekspert rəyindən də görünür ki, mübahisəli 105 m2 torpaq sahəsinin 66,3 m2 hissəsini Cavabdeh2, 38,7 m2 hissəsini isə Cavabdeh1 hasara alaraq faktiki istifadə edirlər. Belə olan halda, hər bir cavabdehin faktiki olaraq zəbt etdikləri torpaq sahəsindən ayrı-ayrılıqda çıxarılması mümkündür. Birinci instansiya məhkəməsi mülki işi iki müstəqil icraata ayırıb ölmüş Cavabdeh1 hüquq varisi müəyyən edilənə kimi ona münasibətdə iş üzrə icraatı dayandıraraq, Cavabdeh2 aid hissədə mülki işə ayrıca icraat qaydasında baxılmasını davam etdirə bilərdi. Lakin birinci instansiya məhkəməsi qanunvericiliyin yaratdığı həmin imkandan yararlanmaq yerinə ölmüş Cavabdeh1 hüquq varisi müəyyən edilənə kimi bütövlükdə iş üzrə icraatı dayandırmışdır ki, kollegiyaya görə bununla da iddiaçının hüquqları pozulmuşdur. Ölmüş Cavabdeh1 hüquq varisinin hansı vaxt çərçivəsində müəyyən edilməsi məlum deyildir və bu xeyli uzun müddət ərzində də baş verə bilər. Belə olan halda digər Cavabdeh2 iddiaçıya məxsus olan torpaq sahəsindən qanunsuz istifadə etməsi davam edə bilər və həmin cavabdehə münasibətdə iddiaçının ədalət mühakiməsindən yararlanmaq imkanlarının qarşısı alınar ki, kollegiya qeyd edilənləri İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Qəbələ Rayon Məhkəməsi Cavabdeh1 hüquq varisi müəyyən edilənə kimi hazırkı mülki iş üzrə icraatı bütövlükdə dayandırmaqda səhvə yol vermişdir. Ona görə də, şikayət təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-593/2020 nömrəli qərardadı ləğv edilməli, mülki iş apelyasiya məhkəməsinin qərardadında göstərilənlərin nəzərə alınması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli 2(025)-593/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar