Məhkəmə qərarları › İş №2(107)-230/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-230/2024

13.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-230/2024 13.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı yaşayış evindən (mənzildən) məcburi çıxarma, özünə və ərinə məxsus yaşayış evinə köçürmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzildən çıxarılma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evindən (mənzildən) məcburi çıxarma, özünə və ərinə məxsus yaşayış evinə köçürmə tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(014)-1195/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı yaşayış evindən (mənzildən) məcburi çıxarma, özünə və ərinə məxsus yaşayış evinə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı 63,7 kv.m. ümumi sahəsi olan mənzil DƏDRX-dən verilmiş, qeydiyyat tarixi xx.xx.2017-ci il olan çıxarışa əsasən atası X4 tam xüsusi mülkiyyətindədir. Ağdaş Rayon Məhkəməsinin 2(014)- 368/2019 saylı qətnaməsinə əsasən onların iddia tələbləri təmin edilmiş, iddiaçı, yəni İddiaçı və onun xx.xx.2016-cı ildən rəsmi nikahda olduğu arvadı X3 birlikdə Ağdaş şəhəri, H.Əliyev prospekti dalan 9, ev 18, mənzil 10-a köçürülmələri qət edilmişdir. Məhkəmənin həmin qətnaməsinin icrası qaydasında o, həmin evə və ünvana köçürülmüş və birgə nikahlarından xx.xx.2018-ci ildə doğulmuş uşaqları X8 ilə birlikdə həmin ünvanda daimi yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Ondan və azyaşlı uşağından başqa həmin ünvanda yalnız anası X9 qeydiyyatda vardır. Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarının belə olmasına baxmayaraq rəsmi nikahda olduğu arvadı və bir azyaşlı övladı bu günə kimi həmin mənzildə yaşaması təmin edilə bilməmişdir. Buna səbəb qeyd olunan ünvandakı mənzildə heç bir qeydiyyatı, heç bir yaşamaq və ya istifadə hüququ olmayan, qeydə alınmayan, özbaşına şəkildə və qeydiyyatsız yaşayan, rəsmi olaraq Ağdaş rayonu, Türyançay qəsəbəsində ərdə olan, ərdə olduğu zaman birgə tikdirdikləri və daimi yaşayış yeri üzrə qeydiyyatda olduqları şəxsi mülkiyyətdə evləri olduğu halda bu mənzildə yaşamalarına imkan verməyən Cavabdehdır. Cavabdeh özü və 13 yaşında övladı, bir çox hallarda isə əri Kərimov Sahib heç bir hüquqi əsasları olmadığı halda bu mənzildə onların, yəni iddiaçının ailəsinin dinc və sakit şəraitdə daimi köçüb yaşamaqlarına, evə köçürülməsi hüququ olan arvadını və azyaşlı övladının evə köçürmələrinə imkan vermir. Hələ bunlar azmış kimi həmin şəxslər onu öz evində bir neçə dəfə döymüş, ona zor tətbiq etmiş, buna görə inzibati qərarla cərimə olunmuşlar. Ürək çatışmamazlığı səbəbi ilə İ dərəcəli əlildir. Buna belə baxmayaraq həmin şəxslər ona evdə dinc yaşamağa imkan vermir, daimi olaraq evdə qəsdən onunla açıq düşmənçilik edirlər. Cavabdeh və 13 yaşlı qızı heç bir müvafiq hüquqi əsaslar olmadan onların yaşadıqları mənzildə yaşayır, oradan özbaşına şəkildə istifadə edir, mülkiyyət hüquqlarını pozmaqda davam edir. Ona mənzil sahəsindən könüllü çıxması ilə əlaqədar etdiyi müraciətlər nəticəsiz qalmışdır. Odur ki, qeyd olunan məsələlərə məhkəmə qaydasında baxılması və həll edilməsi üçün hazırkı iddia ərizəsi ilə müraciət edir. Qeyd olunanlarla bərabər hesab edir ki, xüsusi mülkiyyət hüququ əsasında ayrıca olaraq özünə və ərinə məxsus yaşayış evi olan, 2010-cu ildən faktiki olaraq 2020-ci ilə kimi özünün və digər iki nəfər ailə üzvünün də yaşadığı, daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu evi olan cavabdeh hazırki mənzildən məcburi qaydada çıxarılmalıdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı birinci instansiya məhkəməsində məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izah verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh vəkili və nümayəndəsi Vəkil birinci instansiya məhkəməsində məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sözü gedən mülkiyyətdə cavabdehin də payı vardır və həmin mülkiyyət onlara atasında qalıb. İddiaçının iddiası tam əsassızdır. Buna görə də iddianın təmin edilməməsini xahiş etmişdir.

5. Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(014)-1195/2023 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) İddiaçı Cavabdeh qarşı yaşayış evindən (mənzildən) məcburi çıxarma, özünə və ərinə məxsus yaşayış evinə köçürmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X4 vəfatından sonra ondan miras qalmış Ağdaş şəhəri, Heydər Əliyev prospekti dalan 9, ev 18, 10 nömrəli mənzili iddiaçılar X9, X5, Cavabdeh İnqlab qızı və cavabdeh İddiaçı faktiki qəbul etmiş, həmin miras əmlaka sahiblik etmişlər. Ağdaş şəhəri, H.Əliyev prospekti, dalan 9, 18 nömrəli evin ümumi sahəsi 63.7 kv.m olan 10 nömrəli mənzilində X9, X5, Cavabdeh İnqlab qızı və cavabdeh İddiaçı payları bərabər hissədə, yəni hər birinə 1/4 hissədə müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehin həmin mənzildən çıxarılmasını tələb etmişdir.

7. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı yaşayış evindən (mənzildən) məcburi çıxarma, özünə və ərinə məxsus yaşayış evinə köçürmə tələbinə dair iddiası təmin edilməməlidir.

8. Məhkəmə, həmçinin, hesab etmişdir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 213.1-ci maddələrinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

11. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Türyançay kənd sakinləri Cavabdeh, onun əri və uşaqları ona məxsus evdə qanunsuz yaşayırlar. Ağdaş şəhəri H.Əliyev prospekti dalan 9 ev 18 mənzil 10 saylı evin ümumi sahəsi 63,7 kv.m-dir. Həmin evə DƏDRX-dən xx.xx.2017-ci il tarixli çıxarışa əsasən atası X4 tam mülkiyyətindədir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-368/2019 saylı qətnaməsinə əsasən onun və arvadı X7 birlikdə həmin evə köçürülmələri qərara alınmışdır. Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarının olmasına baxmayaraq rəsmi nikahda olduğu arvadı və bir azyaşlı qızı bu günə kimi həmin evdə yaşa bilmirlər. Buna səbəb həmin evdə heç bir qeydiyyatı, heç bir yaşamaq və ya istifadə hüququ olmayan, qeydə alınmayan, özbaşına şəkildə və qeydiyyatsız yaşayan, rəsmi olaraq Ağdaş rayonu, Türyançay qəsəbəsində ərdə olan, ərdə olduğu zaman birgə tikdirdikləri və daimi yaşayış yeri üzrə qeydiyyatda olduqları şəxsi mülkiyyətdə evləri olduğu halda bu həmin evdə yaşamalarına imkan verməyən Cavabdehdır.

12. Onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüququ pozulmuşdur. Cavabdeh özü və 13 yaşında övladı, bir çox hallarda isə əri Kərimov Sahib heç bir hüquqi əsasları olmadığı halda həmin evdə onu və ailəsini dinc və sakit şəraitdə daimi köçüb yaşamalarına imkan vermir. Hələ bunlar azmış kimi həmin şəxslər onu öz evində bir neçə dəfə döymüş, ona zor tətbiq etmiş, buna görə inzibati qərarla cərimə olunmuşlar.

13. Onun mülkiyyət hüququ pozulmuşdur. Birinci İnstansiya Məhkəməsi tərəfindən düzgün araşdırılmış, sübutlar olduğu halda düzgün qətnamə qəbul edilməmişdir. Məhkəmə ümumiyyətlə işin hallarını və sübutlar düzgün araşdırılmamışdır.

14. Odur ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1195/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(014)-1195/2023 nömrəli qətnaməsininin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(014)- 1195/2023 nömrəli qətnaməsininin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X5 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

Qərarlar:

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

22. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

27. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirir. Belə ki, o, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(014)-1195/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Ona görə də məhkəmə kollegiyası Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-1195/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

31. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti, dalan 9, ev 18-də yerləşən 10 nömrəli mənzil Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 sentyabr 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən X6, X1, Cavabdeh və İddiaçı ¼ hissələrlə paylı mülkiyyətlərindədir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh ona məxsus evdə qanunsuz yaşaması, Ağdaş şəhəri H.Əliyev prospekti dalan 9 ev 18 mənzil 10 saylı evin DƏDRX-dən xx.xx.2017-ci il tarixli çıxarışa əsasən atası X4 tam mülkiyyətində olması, onun mülkiyyət hüququnun pozulmasına dair dəlillərini əsaslı hesab etmir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 sentyabr 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti dalan 9, ev 18-də yerləşən, 63,70 kvadratmetrlik 10 nömrəli mənzil X6, X1, Cavabdeh və İddiaçı ¼ hissələrlə paylı mülkiyyətlərindədir. Yəni mübahisəli mənzil hazırda iddiaçının atasının mülkiyyətində deyildir və Cavabdeh da mübahisəli mənzilin İddiaçı ilə bərabər pay sahibi olan mülkiyyətçilərindən biridir. Cavabdeh da Ağdaş şəhəri, Heydər Əliyev prospekti dalan 9, ev 18-də yerləşən, 63,70 kvadratmetrlik 10 nömrəli mənzilin bərabər pay sahibi olan mülkiyyətçilərindən olduğundan onun mübahisəli mənzildəki yaşayışı qanunsuz hesab edilə bilməz.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh ərinin və uşaqlarının ona məxsus evdə qanunsuz yaşamalarına dair dəlilinə də münasibət bildirərək hesab edir ki, şikayətin həmin dəlili də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş üzrə iddia ərizəsindən göründüyü kimi İddiaçı tərəfindən hazırkı iddia tələbi cavabdeh qismində yalnız Cavabdeh qarşı irəli sürülmüşdür. İddia tələbi üzrə birinci instansiya məhkəməsində müzakirə predmetini təşkil etməmiş bir məsələnin apellyasiya qaydasında həlli qanunvericiliyin tələblərinə uyğun deyildir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qanuni qüvvəyə minmiş qərarın olmasına baxmayaraq həmin evdə yaşa bilməmələri, buna səbəbin Cavabdeh olması, onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüququnun pozulması, cavabdehin həmin evə köçüb yaşamalarına imkan verməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2019cu il tarixli, 2(014)-368/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçilar İddiaçı və X7 ilə birlikdə Ağdaş şəhəri, Heydər Əliyev prospekti dalan 9, ev 18, mənzil 10-da yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir.

35. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

36. Məhkəmə kollegiyası şikayətin həmin dəlilləri ilə bağlı əlavə olaraq qeyd edir ki, əgər qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasına maneçilik halları vardırsa iddiaçı bununla bağlı aidiyyəti üzrə icra sənədinin icrasına məsul olan icra qurumuna və yaxud icra məmuruna müraciət etməlidir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin şəxslərin onu öz evində bir neçə dəfə döyməsi, ona zor tətbiq edilməsinə dair dəlilinə də münasibət bildirərək qeyd edir ki, iddiaçı hər hansı fiziki təzyiqə məruz qalması halı ilə bağlı aidiyyəti hüquq mühafizə orqanına müraciət etməlidir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(014)- 1195/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(014)- 1195/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar