Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-250/2022 27.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “kreditin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(025)-242/2021 saylı qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “kreditin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 07R000007517 saylı kredit razılaşması üzrə 1993,72 ABŞ dolları kredit borcu, 371,14 ABŞ dolları faiz borcu və 5697,71 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 8062 (səkkiz min altmış iki) ABŞ dolları 57 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması; tutmanın Cavabdeh2 Rza oğlunun mülkiyyətində olan, lakin faktiki olaraq isə Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 8062 (səkkiz min altmış iki) ABŞ dolları 57 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması; Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Rza oğlunun, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.12.2010-cü il tarixli 07L000002478 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.08.2013-cü il tarixli 07R000007517 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 10.03.2016-cı il tarixli 07R000007517S saylı, 16.08.2016-cı il tarixli 07R000007517SA saylı, 07.03.2017-ci il tarixli 07R000007517SB saylı, 27.08.2018-ci il tarixli 07R000007517SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 27.02.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 8006,28 ABŞ dolları ödəmiş, onun 1993,72 ABŞ dolları məbləğində kredit borcu qalmamışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01.10.2020-ci il tarixə 582 gün üçün hesablanmış faiz borcu 371,14 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminli müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətt müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmə məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 22.12.2010-cu il tarixli 07M000000288 saylı ipoteka müqaviləsi əsasında Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 1nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmış və MA ******* nömrəli çıxarışa əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 28.08.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin mənzildə qeydiyyatda olan Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yənəldikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(025)-242/2021 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddia qismən təmin edilmiş, cavabdeh (borclu) Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyirinə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 07R000007517 saylı kredit razılaşması üzrə 1993,72 ABŞ dolları məbləğində əsas kredit borcu, 371,14 ABŞ dolları faiz və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2464,86 (iki min dörd yüz altmış dörd dollar səksən altı sent) ABŞ dolları kredit borcu, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 60 (altmış) manat tutulması, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan, Cavabdeh1 məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılması, Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 48750 (qırx səkkiz min yeddi yüz əlli) (likvid dəyəri) manat müəyyən edilməsi, torpaq sahəsi və fərdi yaşayış evi satılması və ondan əldə ediləcək vəsait Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh1 qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan ən geci bir ay ərzində tərk etmələri, torpaq sahəsinin və fərdi yaşayış evinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc İcra haqqında Qanunun tələblərinə uyğun olaraq ümumi qaydada cavabdehdən tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. 100 manat qiymətləndirmə xərci Cavabdeh1 tutularaq təqdim edilmiş hesab üzrə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslı olduğundan təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(025)-242/2021 saylı qətnaməsi ləğv edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya məhkəməsinin icraatı zamanı iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Fiziki Şəxsin Sahibkarlıq Uçotu haqqında Şəhadətnaməyə əsasən cavabdehin fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (Cavabdeh1 VÖEN **********). Eyni zamanda kollegiyanın iclasında iştirak edən cavabdeh həqiqətən də kredit məbləğini sahibkarlığın inkişaf etdirilməsi üçün aldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Həmin Qərarın 8-ci bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə üzrə tərəflərdən hər ikisi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz ortaq kommersiya fəaliyyətindən irəli gələn münasibət olmaqla korporativ mübahisəyə aid olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(025)-242/2021 saylı qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Qərarının tələbləri baxımından mülki iş məhkəmə aidyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(025)-242/2021 saylı qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərardad, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-250/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-250/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver