Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-279/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X9 iclas katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 Orucali qızının iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 Orucali qızına qarşı “mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş hissəsində cavabdehlər tərəfindən qanunsuz çəkilmiş tor setka hasarın sökülməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(075)-1314/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin 14 metr uzunluğunda, 50 sm enində olan hissəsini zəbt etməklə həmin hissədə çəkdikləri tor setka hasarın cavabdehlərin özləri tərəfindən sökülməsi və həmin torpaq hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(075)-1314/2020 nömrəli (hаkim C.İmanov) qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı mülkiyyətlərində olan torpaq sahəsinin 14 metr uzunluğunda, 50 sm enində olan hissəsini zəbt etməklə həmin hissədə çəkdikləri tor setka hasarın cavabdehlərin özləri tərəfindən sökülməsi və həmin torpaq hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsinə qadağa qoyulması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 həmin qətnаmədən аpellyаsiyа şikаyəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər onların 60 illik qonşularıdır. Göstərmişdir ki, cavabdehlərin torpaq sahəsi ilə yanaşı olan Şəki rayonu, Oraban kəndində yerləşən 0,23 ha torpaq sahəsi Şəki rayonu Aqrar islahat komissiyasının 25 dekabr 1997-ci il tarixli 42 nömrəli qərarına əsasən 40408038, JN-117A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə nənəsi X3 və onun mülkiyyətlərinə verilmişdir. Cavabdehlər onlardan 10 il sonra həmin torpaq sahəsində məskunlaşmışlar. Uzun illərdir ki, həmin mübahisəli torpaq sahəsinə onlar istifadə və sahiblik etmiş və tərəflərindən orada ağaclar əkilmişdir. Bu günədək də aralarında heç bir söz-söhbət olmamışdır. Cavadehlərin torpaq sahəsi ilə onların torpaq sahələrini ayıran sərhəd əvvəllər kol çəpərlə hörülmüşdür. Təqribən 3 il bundan qabaq cavabdehlərlə aralarındakı razılaşmaya əsasən torpaqlarını ayıran 27 metr sərhəd xəttinin yarısına onlar, digər yarısına isə cavabdehlər tor setka hasar çəkməli olmuşlar. Onlar özlərinə düşən hissəyə tor setka hasar çəkmişlər. Lakin cavabdehlər özlərinə düşən hissəni hasarlamamışlar. Bu səbəbdən də cavabdehlərin iti həmin hissədən onlar tərəfə keçərək mütəmadi olaraq şəxsi təsərrüfatlarına, ailəyə, uşaqlarına ziyanlıq vurmuşdur. Hətta həyat yoldaşı itin hücumlarından qorxduğuna görə xəstəliyə tutulmuş və hazırda müalicə olunur. Göstərmişdir ki, cavabdehlər tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin 14 metr uzunluğunda, 50 sm enində olan hissəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Buna görə də cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin hüdudlarına çəkdikləri tor setkadan hasar onların özləri tərəfindən sökülməli və həmin torpaq hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsinə qadağa qoyulmalıdır. Hesab edir ki, iddia əsaslıdır və iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, əvvəla məhkəmənin hər iki tərəfə torpaq sahələri üzrə müvafiq çıxarışın alınmasını və bundan sonra eyni tələblə məhkəməyə müraciət etmək hüququnun olmasını qeyd etməsini əsassız hesab edirlər. Məhkəmənin belə nəticəyə gəlməsi Konstitusiyanın 60, 125-ci maddələrinə ziddir. Çünki cavabdehlərlə aralarında məhz torpaq sərhədləri ilə bağlı mübahisə olduğu üçün məhkəməyə müraciət etmişlər. Onların əlində 0,33 ha torpaq sahəsi ilə bağlı Şəki rayonu Aqrar islahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 41 nömrəli qərarına əsasən verilmiş 408038, JN -117A nömrəli torpağm mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır, belə olan halda onlar nəyə görə çıxarışın alınması üçün müvafiq quruma müraciət etməlidir. Əgər onlar çıxarışın alınması üçün müraciət etsələr qurum hazırkı faktiki vəziyyətə uyğun çıxarış verəcəkdir ki, bununla da üzləşdikləri problem, mübahisə yenə də öz həllini tapmayacaq, onlara məxsus 0,33 ha torpaq sahəsi tam olaraq müəyyən edilməyəcəkdir. Çıxarış alırdılarsa nəyə görə məhkəməyə müraciət edirdilər? Məhkəmənin bu mövqeyi ilə razılaşsalar, onların mübahisələri heç vaxt öz həllini tapmayacaq. Bundan başqa, tərəflərə məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə olan torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının göstərilməməsi isə iddianın təmin edilməməsi, mübahisənin həll edilməməsi üçün əsas ola bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(075)-1314/2020 nömrəli qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, heç kimdən əlavə torpaq sahəsi tələb etmir, öz torpağının sərhədinin düzgün müəyyən edilməsini istəyir. Lakin mütəxəsiss və ekspertlər iş üzrə düzgün rəy verməyiblər. Hesab edir ki, birinci instansiya məhkəməsi düzgün araşdırma aparmayıb. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 da apellyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin icraatı zamanı mübahisəli əraziyə mütəxəssislər baxış keçirərək rəy vermişlər. Bundan sonra apellyasiya icraatı zamanı ekspertlər gələrək həmin torpağa yenidən yerində baxış keçirərək rəy vermişlər. Göründüyü kimi onlar heç kimin torpağını zəbt etməyib. Odur ki, Şəki Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Orucali qızı apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Mülki Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə və Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(075)- 1314/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; JN-117A KOD 40408038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 42 nömrəli qərarına əsasən X7 və X4 mülkiyyətinə 0,23 hektar torpaq sahəsi verilmişdir. JN-060F KOD 40408038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 42 nömrəli qərarına əsasən X2, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə 0,27 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2020-ci il tarixli, 32015 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi H.Aydəmirovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki.Məhkəmə tərəfindən təqdim olunmuş tərəflərə məxsus hüquqmüəyyənedıci sənədlərdə (Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə) mülkiyyətlərində olan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları göstərilmədiyindən sənəd üzrə olan torpaq sahələrini naturada, iş üzrə qeyd olunan 0.35 metr dəqiqliklə müəyyən etmək texniki imkanlarımız xaricindədir. Bu səbəblə də məhkəmə tərəfindən mütəxəssisin qarşısına qoyulmuş hər iki sualın cavablandırılması mümkün olmamışdır. Şəki Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(075)-119/2020 saylı qərardadından görünür ki, iddiaçılar X2, Cavabdeh1 və Cavabdeh2, cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin və cavabdehlər İddiaçı2 və İddiaçı1 iddiaçılar X1, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsində qanunsuz çəkilmiş tor setka hasarın sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması, mülki iş üzrə keçirilmiş 50 manat ekspertiza xərcinin 25 manatının iddiaçılar Abdurahmanov Yaqub Hidayət oğlu, Cavabdeh1 və Cavabdeh2 qızı, 25 manatının isə cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X5 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qərara alınmışdır. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası “X6” MMC tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli 80 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlərdə olan plan-sxemə , həmçinin ərazinin ümumi xəritəsinə (islahat xəritə materialına) əsasən Şəki rayonu Aqrar islahat komissiyasının 25 dekabr 1997-ci il tarixli 42 nömrəli qərarına əsasən 40408038, JN-117A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X3 və İddiaçı2 mülkiyyətlərinə verilmiş Şəki rayonu, Oraban kəndində yerləşən 0.23 ha torpaq sahəsi cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilməsi aşkarlanmamışdır. Belə ki, iddia olunan qonşu çəpər hər iki qonşu torpaq mülkiyyətçilərində olan şəhadətnamələrin plan hissəsində göstərildiyi kimi yerində düzgün quraşdırılmışdır. Belə olan halda bir daha aydın olur ki, mülki iş materiallarına əlavə edilmiş, iddiaçılar və cavabdehlərə aid “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin 1:1000 miqyaslı planında göstərilən sərhəddin ölçülərinə və yerindəki faktiki ölçülərə əsasən Şəki rayonu Aqrar islahat komissiyasının 25 dekabr 1997-ci il tarixli 42 nömrəli qərarına əsasən 40408038, JN-117A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X3 və İddiaçı2 mülkiyyətlərinə verilmiş Şəki rayonu, Oraban kəndində yerləşən 0.23 ha torpaq sahəsi ilə JN-117A kod- 40408038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X2, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə verilmiş Şəki rayonu, Oraban kəndində yerləşən 0.27 ha torpaq sahəsi qonşu torpaq sahələridir və bir-birinin üstünə düşmür. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Bundan əlavə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmamasının əsas səbəbi kimi mütəxəssislərin düzgün rəyə gəlməməsi ilə əlaqələndirmişdir. Kollegiya iddiaçı tərəfin bu dəlilinə aydınlıq gətirmək məqsədilə xüsusi bilik tələb olunan məhkəmə-tikinti texniki ekspertizası təyin etmiş və bununla bağlı iş üzrə yuxarıda qeyd olunmuş ekspert rəyi verilmişdir. İddiaçılar həmin rəylə də razı olmadıqları bildirsələr də, kollegiya tərəfindən təklif olunmasına baxmayraq bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bunu yalnız öz mülahizəsi əsasında əsaslandırmağa çalışmışlar. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci iddiaçılara аid edilməli və məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 300 manat iddiaçı tərəfdən alınaraq “xxxx” MMC-yə Kapital Bank ASC Gənclik Mail filialı, KOD 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesаbа ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(075)-1314/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsin. İş üzrə 300 manat iddiaçılar İddiaçı2 və İddiaçı1 alınaraq “xxxx” MMC-yə Kapital Bank ASC Gənclik Mail filialı, KOD 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Maymudov
Məhkəmə qərarları › İş №2(107)-279/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-279/2021
18.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver