Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-28/2022 23.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 hüquqi varisləri X3, X1, X4 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və torpaq sahəsinin boşaldılması“ tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, maneələrin aradan qaldırılması, ekspertiza məsələləri) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Mehdiyev Nümayəndə, Cavabdeh2 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tаrixli, 2(025)-164/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən JN-0039 saylı kodu 40615048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə onun mülkiyyətinə verilmiş 1,11 ha torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, tor və ağac hasarların cavabdehlərin hesabına sökülərək boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq islahatı keçirilən zaman beş nəfər ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1,40 ha pay torpaq sahəsi verilmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 №-li qərarı ilə verilmiş 1,40 ha torpaq sahəsi JN-0039 saylı kodu ********* olan Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Qeyd edilən 1,40 ha torpaq sahəsinin 28 ha-sı Qaş adlanan ərazidə 1,11 ha-sı isə Yemişənli kəndi ərazisindədir. Xeyli müddət yəni, 20 ildən artıq vaxt keçməsinə baxmayaraq Yemişənli kəndi ərazisində yerləşən 1,11 ha torpaq sahəsindən mülkiyyətlarinə verilməsinə baxmayaraq istifadə edə bilmirlər. Səbəbi cavabdehlər tərəfindən 1,11 ha torpaq sahəsinin zəbt edilməsi, ərazinin bir hissəsinin dəmir torla, bir hissəsinin isə ağac hasarla bağlanılması, əraziyə müxtəlif növ ağaclar əkilməsi, illərlə şumlanıb taxıl səpilməsi, yonca əkilməsidir. Ailə üzvlərinin mülkiyyətində olmasına baxmayaraq cavabdehlər əraziyə daxil olmaqlarına imkan verməyərək torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozurlar. Qeyd olunan formada törədilən maneələr səbəbindən ərazidən istifadə edə bilməməklərinə görə cavabdehlər onlara həm də maddi ziyan vurmaqla özləri həmin sahəni becərməklə əldə etdikləri kənd təsərrüfatı məhsullarını satmaqla qanunsuz yolla qazanc əldə etməklə varlanırlar. Dəfələrlə hər iki cavabdehdən mülkiyyətlərinə verilmiş torpaq sahəsinin boşaldılmasını təklif və tələb etsələr də nəticəsi olmayıb. Ona görə də ərazinin boşaldılması və maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tаrixli, 2(025)-164/2020 saylı qətnaməsi ilə JN-0039 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Yemişanlı kəndində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,11 ha torpaq sahəsindən istifadəyə Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulsun, metal çəpər (ekspert rəyinə uyğun olaraq) Cavabdeh2 hesabına sökülərək həmin torpaq sahəsinin boşaldılması, iddianın qalan hissəsinin rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh2 tutularaq "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia ərizəsində adı qeyd olunan JN- 0039 nömrəli (kod: ********) olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən verilmiş torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin mülkiyyətindədir. İddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi Cavabdeh2 metal çəpər daxilinə alınaraq istifadə olunur. Həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət və istifadə hüquqları mövcud deyil. Cavabdeh qeyd olunan ərazini zəbt etmişdir və iddiaçıya həmin torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. Bundan başqa digər Cavabdeh1 tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməmiş və yaxud hər hansı maneə yaradılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı özünə məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə Cavabdeh2 tərəfindən maneələr yaradılmış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, JN-0039 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Yemişanlı kəndində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,11 ha torpaq sahəsindən istifadəyə Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması, metal çəpər (ekspert rəyinə uyğun olaraq) Cavabdeh2 hesabına sökülərək həmin torpaq sahəsi boşaldılamalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh2 tutularaq "xxxx" MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin iddianın Cavabdeh1 qarşı "maneələrin aradan qaldırılması və torpaq sahəsinin boşaldılması" hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı iddianı bu hissədə, yəni Cavabdeh1 tərəfindən torpaq sahəsinin nə cür və hansı formada zəbt olunduğunu əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1, 29.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarı, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. 76.1, 76.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına və çıxarılmış məhkəmə qətnaməsinə əsasən belə bir qənaətə gəlir ki, məhkəmə qətnamə qəbul edərkən sübutlara obyektiv qiymət verməmiş, iddiaçının dediklərini ehkam kimi qəbul edərək qətnamə qəbul etmişdir. Bununla da məhkəmə qanun və məhkəmə qarşısında bərabərlik və çəkişmə prinsipinin tələblərini pozmuşdur. Məhkəmə 20 avqust 2020-ci il tarixdə məhkəmə tikintitexniki ekspertizası təyin etmiş və öz qətnaməsini həmin ekspert rəyinə əsaslanaraq qəbul etmişdir. Ekspertin rəyində göstərilir ki, GPS aləti vasitəsilə mübahisəli ərazidə göstərilən koordinatlar əsasında kameral şəraitdə hüquqmüəyyənedici sənədlərə və Kompleks Yerququluşu xəritəsinə əsasən müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan JN-0039 nömrəli Dövlət Aktında göstərilən 1,12 ha olan torpaq sahəsi Cavabdeh2 tərəfindən metal çəpər daxilində istifadə etdiyi torpaq sahəsinin daxilinə düşür və həmin torpaq sahəsinin sərhədləri daxilində heç bir tikili daxil deyil. Birincisi onu qeyd edir ki, torpaq sahəsi yerində yoxlanılmamış, sadəcə olaraq kameral yoxlama aparılmışdır. Əgər torpaq sahəsi yerində yoxlanılsaydı bəlkə də ekspertin rəyi başqa cür ola bilərdi. Bunu nəzərə alaraq o. məhkəmədə əlavə ekspertiza keçirilməsini istəmişdir. Lakin əlavə ekspertiza keçirilməmişdir. Məhkəmə isə ekspertin bu rəyinə əsasən qətnamə qəbul etmişdir. Ona görə də məhkəmənin qətnaməsindən narazıdır. Qüvvədə olan mülki prosessual qanunvericiliyin tələbinə görə ekspert rəyi öz hüquqi qüvvəsinə görə digər sübutlardan fərqlənmir. Bu baxımdan sözügedən qətnamə əlavə ekspertiza təyin edilməklə ləğv edilməli və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir. Həmçinin qeyd edir ki, məhkəmə qətnaməsi tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Qeyd edir ki, qətnamənin surəti 23 oktyabr 2020-ci il tarixdə Uludaş poçt şöbəsinə daxil olmuş 5 oktyabr 2020-ci il tarixdə ona təqdim edilmişdir. Bununla onu demək istəyir ki, apellyasiya şikayəti qanunda göstərilən müddətdə verilmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Qəbələ Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(025)- 164/2020 saylı qətnaməsinin ləğv edib iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Mehdiyev Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsi və Qəbələ Rayon Məhkəməsinin 2(025)-164/2020 saylı, 13 oktyabr 2020-ci il tаrixli qətnaməsinin dəyişirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi və Qəbələ Rayon Məhkəməsinin 2(025)-164/2020 saylı, 13 oktyabr 2020-ci il tаrixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh1 hüquqi varisləri X3, X1, X4 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin ona münasibətdə təmin edilmiş hissədə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilmiş hissəsində qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq 1,11 ha torpaq sahəsinə münasibətdə təmin etmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(025)-164/2020 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş cavabdehin torpaq sahəsinin 0.86 ha hissəsindən çıxarılması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin Cavabdeh1 hüquqi varisləri X3, X1, X2 qarşı “maneələrin aradan qaldırılması və torpaq sahəsinin boşaldılması“ tələbinə dair hissəsi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, JN-0039 nömrəli (kod: ********) olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən verilmiş torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin mülkiyyətindədir. İddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 0,25 ha hissəsi Cavabdeh2 tərəfindən metal çəpər daxilinə alınaraq istifadə olunur. Həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət və istifadə hüquqları mövcud deyil. Cavabdeh qeyd olunan ərazini zəbt etmişdir və iddiaçıya həmin torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, məhkəmə 20 avqust 2020ci il tarixdə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və öz qətnaməsini həmin ekspert rəyinə əsaslanaraq qəbul etmişdir. Ekspertin rəyində göstərilir ki, GPS aləti vasitəsilə mübahisəli ərazidə göstərilən koordinatlar əsasında kameral şəraitdə hüquqmüəyyənedici sənədlərə və Kompleks Yerququluşu xəritəsinə əsasən müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan JN-0039 nömrəli Dövlət Aktında göstərilən 1,12 ha olan torpaq sahəsi Cavabdeh2 tərəfindən metal çəpər daxilində istifadə etdiyi torpaq sahəsinin daxilinə düşür və həmin torpaq sahəsinin sərhədləri daxilində heç bir tikili daxil deyil. Birincisi onu qeyd edir ki, torpaq sahəsi yerində yoxlanılmamış, sadəcə olaraq kameral yoxlama aparılmışdır. Əgər torpaq sahəsi yerində yoxlanılsaydı bəlkə də ekspertin rəyi başqa cür ola bilərdi. Bunu nəzərə alaraq o. məhkəmədə əlavə ekspertiza keçirilməsini istəmişdir. Lakin əlavə ekspertiza keçirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq, ilk növbədə onu qeyd edir ki, apellyator bildirir ki, məhkəmədən yenidən ekspertiza keçirilməsini xahiş etsə də məhkəmə tərəfindən əlavə ekspertiza təyin edilməmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, ekspertizanın keçirilib keçirilməməsi məhkəmənin səlahiyyətində olan bir məsələdir. Birinci instansiya məhkəməsi Müstəqil Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyi əsaslı hesab edərək, qətnamə qəbul etmişdir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin edərək, ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasına həvalə etmişdir. Lakin məhkəmə kollegiyası bu ekspert rəyini mötəbər sübut kimi qəbul etməmiş və ekspertiza təyin edilməsinə dair qərardad qəbul edərək, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspetiza Mərkəzinə həvalə etmişdir. xx.xx.2022-ci il tarixli 10/1903 saylı ekspert rəyinə əsasən Cavabdeh2 tərəfindən istifadə olunan 0.25 hektar torpaq sahəsinin ətrafına metal torun çəkildiyi müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və rəy cavabdehin torpaq sahəsinin yalnız 0.25 ha hissəsindən çıxarılması ilə bağlı dəlillərini təsdiq edir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən hissədə iddianı təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvi üçün əsas olsa da, iddia tələbinin tam rədd edilməsi üçün əsas deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 13 oktyabr 2020-ci il tаrixli, 2(025)-164/2020 saylı qətnaməsi qismən yəni Cavabdeh2 mübahisəli torpağın 0.86 ha hissəsində törətdiyi maneələrin aradan qaldırılması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Qətnamə mübahisələndirilən JN-0039 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Yemişanlı kəndində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.25 ha hissəsindən istifadəyə Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması, metal çəpərin Cavabdeh2 hesabına sökülərək həmin torpaq sahəsinin boşaldılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 13 oktyabr 2020-ci il tаrixli, 2(025)-164/2020 saylı qətnaməsi qismən, yəni Cavabdeh2 mübahisəli torpağın 0.86 ha hissəsində törətdiyi maneələrin aradan qaldırılması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən, JN-0039 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Yemişanlı kəndində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.25 ha hissəsindən istifadəyə Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması, metal çəpərin Cavabdeh2 hesabına sökülərək həmin torpaq sahəsinin boşaldılması hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh2 tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-28/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-28/2022
23.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver