Məhkəmə qərarları › İş №2(107)-280/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-280/2020

04.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-280/2020 04.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-625/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-625/2019 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh hər biri 60 manat olmaqla cəmi 120 manat dəyərində iki ədəd döşək, hər biri 50 manat olmaqla cəmi 100 manat dəyərində iki ədəd yorğan, hər biri 10 manat olmaqla cəmi 40 manat dəyərində dörd ədəd balış, 150 manat madonna servis dəstindən ibarət cehiz əşyaları, hər biri 150 manat olmaqla cəmi 450 manat dəyərində üç ədəd gözəllik salonu üçün güzgü, 40 manat dəyərində gözəllik salonu üçün şkaf, hər biri 70 manat olmaqla cəmi 140 manat dəyərində iki stol, hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində iki ədəd divar şkafı, 175 manat dəyərində uşaq üçün yellənçək çarpayı, 70 manat dəyərində uşaq üçün çarpayı, 350 manat dəyərində 3x4 ölçüdə bir ədəd xalça, 1200 manat dəyərində yataq mebel dəsti, hər biri 50 manat olmaqla cəmi 100 manat dəyərində iki ədəd ədyal, 400 manat dəyərində pərdə dəsti, 145 manat dəyərində “Samsung” markalı çörək bişirən, 37 manat dəyərində bir ədəd “tefal” markalı piltə, 80 manat dəyərində boşqab dəsti, 20 manat dəyərində kasa dəstindən ibarət əmlaklar, əmlaklar olmadıqda onların dəyəri 3667 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh 3135 manat dəyərində cehzi əşyaları, 4180 manat dəyərində birgə nikah dövründə alınmaq şəxsi istifadədə olan əşyalar, 245 manat dəyərində uşaq üçün alınan əşyalar, 9256 manat dəyərində ümumi birgə mülkiyyətdə olan əmlakın 2/3 hissəsi – yəni 6170 manat təşkil edən hissəsinə pay hüququnun tanınması ilə həmin paya daxil olan əmlakın naturada alınaraq ona verilməsi, naturada verilməsi qeyri-mümkün olduğu təqdirdə isə əvəzinin - 13730 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək cavabdehdən 1965 manat dəyərində cehiz əşyaları, 4180 manat dəyərində birgə nikah dövründə alınmaqla şəxsi istifadədə olan əmlaklar, 245 manat dəyərində uşaq üçün alınan əşyalar, cavabdehlə birgə mülkiyyətdə olan 9256 manat dəyərindəki əmlakların 5063 manat təşkil edən hissəsinə pay hüququnun tanınması ilə həmin paya daxil olan əmlakların naturada cavabdehdən alınaraq ona verilməsi, naturada verilməsi qeyri-mümkün olduğu təqdirdə isə əvəzinin 11453 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, cavabdeh onun keçmiş əridir. Birgə nikahlarından xx xxxx 2009-cu il tarixdə bir qız övladları doğulmuşdur. Cavabdehlə nikahlarını xx xxxxxx 2009-cu il tarixdə rəsmiləşdirmişlər. Gəlin köçdüyü evə cehiz əmlakları aparmışdır. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Birgə nikah dövründə əri tərəfindən icarəyə götürülmüş qadın bərbəri salonunda işləmişdir. Cavabdeh tərəfindən həmin salon üçün 4180 manat dəyərində bir neçə əşyalar alınmışdır. Birgə yaşadıqları müddət ərzində 245 manat dəyərində uşaq üçün çarpayılar almışlar. Bundan başqa birgə nikah dövründə yaşadıqları ev üçün 9256 manat dəyərində əşyalar almışlar. Hazırda cavabdehdən hər biri 60 manat olmaqla cəmi 180 manat dəyərində üç ədəd döşək, hər biri 50 manat olmaqla cəmi 150 manat dəyərində üç ədəd yorğan, hər biri 10 manat olmaqla cəmi 60 manat dəyərində altı ədəd balış, dəsti 45 manat olmaqla cəmi 90 manat dəyərində iki dəst çay servisi, dəsti 30 manat olmaqla cəmi 60 manat dəyərində iki dəst qəhvə servisi, hər biri 40 manat olmaqla cəmi 80 manat dəyərində iki ədəd güldan, 18 ədədlik 150 manat dəyərində boşqab dəsti, 24 ədədlik 125 manat dəyərində xrustal bakal dəsti, 50 manat dəyərində çaydan-çaynik dəsti, 60 manat dəyərində “tefal” markalı ütü, 24 ədədlik 50 manat dəyərində xörək qaşığı, 24 ədədlik 50 manat dəyərində çay qaşığı, hər biri 10 manat olmaqla cəmi 80 manat dəyərində səkkiz ədəd döşək üzü, hər biri 10 manat olmaqla 80 manat dəyərində səkkiz ədəd yorğan üzü, 150 manat dəyərində madonna servis dəsti, bir ədəd 60 manat dəyərində bagema güldan, bir ədəd 3x4 ölçüdə 120 manat dəyərində xalça, bir ədəd 70 manat dəyərində “LG” markalı tozsoran, bir ədəd 60 manat dəyərində “Tefal” markalı ətçəkən, bir ədəd 20 manat dəyərində “Tefal” markalı mikser, bir ədəd 30 manat dəyərində “Tefal” markalı şirəçəkən, bir ədəd 20 manat dəyərində “Tefal” markalı blender, üç ədəd hər biri 30 manat olmaqla 90 manat dəyərində odeyal, bir ədəd 40 manat dəyərində 12 şamdanlı çılçıraq, 40 manat dəyərində yataq otağı üçün pərdədən ibarət cəmi 1965 manat dəyərində cehiz əşyaları, uşaq üçün alınmış bir ədəd 175 manat dəyərində yellənçək çarpayı (kolyaska), bir ədəd 70 manat dəyərində çarpayı, işlədiyi gözəllik salonuna şəxsi istifadə üçün alınmış bir ədəd 3500 manat dəyərində İPL S-300 modelli lazer aparatı, üç ədəd hər biri 150 manat olmaqla cəmi 450 manat dəyərində güzgü, bir ədəd 40 manat dəyərində şkaf, iki ədəd hər biri 70 manat olmaqla cəmi 140 manat dəyərində stol, iki ədəd hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində divar şkafından ibarət cəmi 4180 manat dəyərində əşyalar, birgə nikah dövründə əldə olunmuş əmlaklardan uşağın payı nəzərə alınmaqla 2/3 hissəsi yəni, bir ədəd 863 manat dəyərində “Samsung” markalı 107 ekran televizor, 350 manat dəyərində stol-stul dəsti (bir ədəd stol, səkkiz ədəd stul), 860 manat dəyərində divan-kreslo dəsti, bir ədəd 350 manat dəyərində 3x4 ölçüdə xalça, 1200 manat dəyərində yataq mebel dəsti, 400 manat dəyərində pərdə dəsti, 150 manat dəyərində mətbəx divanı, bir ədəd 145 manat dəyərində “Samsung” markalı xörək qızdırıcı, bir ədəd 450 manat dəyərində “Stinopol” markalı soyuducu, bir ədəd 145 manat dəyərində “Samsung” markalı çörək bişirən, üç ədəd hər biri 50 manat olmaqla cəmi 150 manat dəyərində yay yorğanından ibarət 5063 manat dəyərində əmlakların, əmlaklar olmadıqda onların cəmi 11453 manat dəyərinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərdiyi 1 ədəd 870 manat Toshiba markalı kompyuter və 1 ədəd 700 manat dəyərində Zunnap markalı yarış üçün velosiped cavabdehin birinci evliliyindən olan uşaq üçün alındığından həmin əmlakları, 1 ədəd 700 manat dəyərində “Beko” markalı paltaryuyan və 1 ədəd 479 manat dəyərində mobil telefonu tələb etmir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddiaçının izahatının məzmununa uyğun izahat verərək hazırkı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə nikahlarını xx xxxxxx 2009-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından bir qız övladları doğulmuşdur. Aralarında bağlanmış nikah məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı gəlin köçərkən özü ilə cehiz əmlakı kimi yalnız iki ədəd döşək, 2 ədəd yorğan, dörd ədəd balış və bir dəst çay servisi gətirmişdir. Birgə yaşadıqları müddət ərzində iddiaçının bərbər kimi fəaliyyət göstərməsi üçün gözəllik salonu icarəyə götürmüşdür. Həmin gözəllik salonu üçün 3500 manat dəyərində İPL S300 modelli lazer aparatı, 450 manat dəyərində güzgü, 40 manat dəyərində şkaf, 140 manat dəyərində stol, 50 manat dəyərində divar şkafından ibarət cəmi 4180 manat dəyərində əşyalar almışlar. Həmin əşyaların pulunu o, ödəmişdir. Gözəllik salonu üçün lazer aparatını iddiaçının ona xəyanət etdiyini bildikdən sonra əsəbləşərək sındırmışdır. Gözəllik salonu üçün alınmış digər bütün əşyalar ondadır. Uşaq üçün aldıqları yellənçək çarpayı qırılaraq yararsız hala düşmüş, digər çarpayı isə ondadır. İddiaçının birgə mülkiyyətdə olan əmlaklardan tələb etdiyi əmlaklardan bir hissəsi iddiaçı ilə ailə qurarkən onun evində olmuşdur. Birgə mülkiyyətdə olan əmlaklardan bir ədəd 863 manat dəyərində “Samsung” markalı 107 ekran televizor, 350 manat dəyərində stol-stul dəsti (bir ədəd stol, səkkiz ədəd stul), 860 manat dəyərində divan-kreslo dəsti, bir ədəd 350 manat dəyərində 3x4 ölçüdə xalça, 1200 manat dəyərində yataq mebel dəsti, 400 manat dəyərində pərdə dəsti, 50 manat dəyərində çılçıraq, hər biri 50 manat olmaqla cəmi 200 manat dəyərində dörd ədəd adyal, bir ədəd 145 manat dəyərində “Samsung” markalı xörək qızdırıcı, bir ədəd 142 manat dəyərində elektrik çaydanı, bir ədəd 37 manat dəyərində piltə, 150 manat dəyərində qazan dəsti, 120 manat dəyərində tava dəsti, 20 manat dəyərində kasa dəsti, 80 manat dəyərində boşqab dəsti, 85 manat dəyərində çarpayı örtüyü, bir ədəd 145 manat dəyərində “Samsung” markalı çörək bişirən, üç ədəd hər biri 50 manat olmaqla cəmi 150 manat dəyərində yay yorğanından ibarət 5347 manat dəyərində əmlaklar vardır. Həmin əmlaklardan bir ədəd xalçanı, yataq mebel dəstini, iki ədəd ədyalı, pərdə dəsti, “Samsung” markalı çörək bişirəni, “tefal” markalı piltəni, boşqab və kasa dəstlərindən ibarət cəmi 2333 manat dəyərində əmlakları və gözəllik salonu üçün alınmış güzgü, şkaf, stol, divar şkafından ibarət 680 manat dəyərində əşyaları iddiaçıya verməyə razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda iddiaçı İsmayıllı rayonunun Aşıqbayramlı kəndində, ata evində yaşayır. İddiaçının nikaha daxil olanadək mülkiyyətində olan əmlak, birgə nikah dövründə şəxsi istifadəsində olmuş əmlak, uşağı üçün alınan əmlak və cavabdehlə ümumi birgə nikah dövründə mülkiyyətlərində olan əmlak hazırda cavabdehin yaşadığı evdə qalmışdır. O, cavabdehlə birgə nikah dövründə gözəllik salonu icarəyə götürərək qadın bərbəri işləmiş, həmin salona 2017-ci ilin yanvar ayında “İPİ S- 300” markalı lazer aparatı, iyun ayında isə digər salon əşyalarını alıb qoymuşdur ki, icarəyə götürülmüş həmin salon 2018-ci ildə bağlanmış və cavabdeh salonda olan lazer aparatı və digər əşyaları iddiaçıya verməyib özü ilə aparmışdır. Məhkəmə iş üzrə sübutlara birtərəfli qiymət vermişdir. Belə ki, məhkəmə İddiaçı iddia ərizəsində göstərdiklərini və məhkəmə baxışı zamanı verdiyi izahatı nəzərə almamaqla yalnız Cavabdeh verdiyi izahatı inandırıcı saymış və sonuncunun izahatı əsasında da 1965 manat dəyərində olan cehiz əşyalarından cəmi dəyəri 410 manat olan iki ədəd döşək, iki ədəd yorğan, dörd ədəd balış və madonna servisinin cehiz əmlakı olması qənaətinə gəlmişdir. Məhkəmə iş üzrə iddiaçı tərəfdən təqdim olunan şahidin dindirilməsinə baxmayaraq onun ifadəsinə hüquqi qiymət verməmiş, cavabdeh tərəfindən təqdim olunan şahidin ifadəsinə isə cavabdehin maraqlarına uyğun şəkildə birtərəfli qiymət vermişdir. Belə ki, iddiaçının anası X3 məhkəmədə şahid qismində dindirilməklə iddia ərizəsində göstərilənlərə uyğun olaraq ifadə versə də onun ifadəsi məhkəmə qətnaməsində öz əksini tapmamış, lakin cavabdeh tərəfindən şahid qismində dindirilən X1 ifadəsində bütün dedikləri qətnaməyə daxil edilərək obyektiv gerçəkliyi əks etdirən sübut kimi qiymətləndirilmişdir. Məhkəmə iddiaçının tələb etdiyi əmlaklar sırasında daha çox dəyərə malik “İPL S-300” markalı lazer aparatı ilə bağlı da qanunvericiliyin tələblərini ciddi şəkildə pozmuşdur. İddiaçı tərəfin göstərdiyi kimi, o, qadın bərbəri işləmiş və həmin aparatı icarəyə götürərək işlətdiyi gözəllik salonuna 2017-ci ilin yanvar ayında alıb qoymuşdur. Aparatın onun tərəfindən alınmasını və qiymətini təsdiq edən müvafiq sənədlər iş materiallarında vardır. Məhkəmə nəzərə almalı idi ki, “İPİ S-300” markalı lazer aparatı iddia ərizəsində qeyd olunduğu kimi, İddiaçı şəxsi istifadəsində olan əmlak olmuşdur, yəni qanunvericiliyin tələblərinə əsasən iddiaçının cavabdehlə birgə nikahı dövründə alınmış olsa da İddiaçı şəxsi istifadəsində olan əmlak olduğundan ona məxsus sayılır və əmlak bölgüsünə daxil edilmir. Bundan başqa, Cavabdeh məhkəmədə izahat verərkən sözügedən lazer aparatını əsəbiləşərək sındırdığını desə də, məhkəmə nəzərə almalı idi ki, aparat gözəllik salonunda sındırılmış olsaydı qalıqları qalardı, həmin aparat gözəllik asalonunda sındırılmamışdır. Bundan başqa, məhkəmə nəzərə almalı idi ki, cavabdeh lazer aparatını iddiaçı ondan ayrılma qərarını verdikdən sonra, cavabdehlə birgə yaşadığı evi tərk edib atası evinə getdikdən sonra iddiaçının razılığı olmadan ona məxsus gözəllik salonundan götürüb aparmışdır. Məhkəmə tərəflərin ümumi birgə mülkiyyətində olan əmlakı bölərkən iddia tələblərinə uyğun olaraq birgə nikahdan doğulmuş azyaşlı uşağın maraqlarını deyil, cavabdehin maraqlarını nəzərə almışdır, yəni azyaşlı uşağın anasının yanında qalması ilə əlaqədar ümumi birgə mülkiyyətdə olan əmlakın tələb olunan təxminən 2/3 hissəsini təşkil edən 5063 manat dəyərində əmlakdan 2522 manat dəyərində olan hissəsinin iddiaçıya, qalan hissəsinin, o cümlədən həmin əmlaklar sırasında iddia tələblərinin ziddinə olaraq daha qiymətli əşyaların, 863 manat dəyərində olan “Samsunq” markalı, 107 ekran televizorun, 860 manat dəyərində olan divan-kreslo dəstinin və 450 manat dəyərində olan “Stinopol” markalı soyuducunun cavabdehə verilməsini qət etmişdir. Beləliklə hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını yetərincə aydınlaşdırmamış, iddiaçının və onun azyaşlı övladının yuxarıda qeyd olunan qanunvericilik normaları ilə təsbit olunmuş mülki hüquqlarını və bu hüquqların pozulmasından ibarət olan hərəkətləri işin faktiki halları nöqteyi-nəzərindən doğru-düzgün qiymətləndirməyərək hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-625/2019 saylı qətnaməsini ləğv edilməsini, iddiaçının 1965 manat dəyərindəki cehiz əşyaları, birgə nikah dövründə alınmaqla şəxsi istifadəsində olan 4180 manat dəyərindəki əmlak, uşağı üçün alınan 245 manat dəyərindəki əşyaların və cavabdehlə ümumi birgə mülkiyyətində olan 9256 manat dəyərindəki əmlakın 5063 manat təşkil edən hissəsinə pay hüququnun tanınması ilə həmin paya daxil olan əmlakın naturada cavabdehdən alınaraq iddiaçıya verilməsi, naturada verilməsi qeyri-mümkün olduğu təqdirdə isə əvəzinin cavabdeh tərəfindən iddiaçıya 11453 manat məbləğində pulla ödənilməsi tələbinə dair iddiasının tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyаsının iclаsındа iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-625/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli, 2(037)-625/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(037)- 625/2019 saylı qətnaməsi qismən ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, cavabdeh onun keçmiş bacanağıdır. Aytən Zaurun ikinci arvadı olmuşdur. Aytən onun baldızı olduğundan gəlin köçərkən onun toy mərasimində yaxından iştirak etmişdir. Zaur əvvəllər evli olduğundan evi və ev üçün lazım olan bütün əşyaları olmuşdur. Aytən Zaurun evinə yorğan-döşək dəstindən başqa digər cehiz əmlakları aparmamışdır. Birgə nikah dövründə aldıqları əmlaklarla bağlı heç bir məlumatı yoxdur. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-25 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı ilə cavabdehin arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 252 nömrə ilə qeyd olunmuş nikah pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər xx xxxxxx 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxx 2009-cu il tarixdə bir qız övladları doğulmuşdur. Aralarında olan nikah xx xxxxxx 2019-cu il tarixdə pozulmuşdur. İddiaçı cavabdehin ikinci arvadı olmuşdur. İddiaçı cavabdehə məxsus evə gəlin köçərkən özü ilə bir neçə adda cehiz əşyaları aparmış, birgə nikah dövründə cavabdeh tərəfindən iddiaçının işlədiyi gözəllik salonu üçün lazım olan əşyalar və birgə nikahlarından doğulmuş uşaq üçün iki ədəd çarpayı alınmışdır. İddiaçı iddia ərizəsində göstərdiyi 1 ədəd 870 manat Toshiba markalı kompyuter və 1 ədəd 700 manat dəyərində Zunnap markalı yarış üçün velosiped cavabdehin birinci evliliyindən olan uşaq üçün alındığından həmin əmlakları, 1 ədəd 700 manat dəyərində beko markalı paltaryuyan cavabdehin evinə köçrəkən həmin evdə olduğundan və 1 ədəd 479 manat dəyərində mobil telefonu tələb etmir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində göstərdiyi cehiz əşyalarını özü ilə cavabdehin evinə aparmasını və iddia ərizəsində göstərdiyi əmlakların birgə nikah dövründə alınmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, tələbinin əsası kimi istinad etdiyi halları sübut etməyə borclu olduğu halda bunu etməmişdir. Ona görə də, iddia tələbi ancaq cavabdehin etiraf etdiyi hissədə təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmaq olmaz. Belə ki, tərəflər 10 ildən artıq müddətdə nikahda olmaqla birlikdə yaşayaraq birgə təsərrüfat aparmışlar. Digər tərəfdən, cavabdeh, məhkəmə kollegiyasının iclasında iddiaçının iddia ərizəsində göstərdiyi əmlakın birgə nikah dövründə alındığını etiraf etmişdir. İddiaçı 1965 manat dəyərində cehiz əşyalarını, birgə nikah dövründə əldə olunmuş 9256 manat dəyərində əmlakın 2/3 hissəsi olan 5063 manat dəyərində əmlakı və gözəllik salonu üçün 4180 manat dəyərində avadanlığı, cəmi 11453 manat məbləğində müxtəlif çeşidli əmlakı və ya onun dəyərini tələb etmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək əmlakı yuxarıda göstərilən qaydada bölmüş və iddia tələbinin tərəflərin birgə nikahı dövründə alınmış, iddiaçının istifadəsində olmuş dəyəri 3500 manat olan “İPL S- 300” markalı lazer aparatı ilə bağlı hissəsini həmin aparatın cavabdeh tərəfindən sındırılaraq məhv edilməsini əsas gətirərək təmin etməmişdir. Müəyyən edilmişdir ki, iddiaçı gəlin köçərkən, yorğan döşəkdən başqa mebel əşyaları aparmamışdır. Bunu biirinci instansiya məhkəməsində cavabdeh və şahid qismində dindirilmiş iddiaçının bacısının əri X2, ifadəsi birnci instansiya məhkəməsinin qətnaməsində qeyd edilməsə də iddiaçının anası X3 təsdiq etmişlər. Tərəflərin birgə nikahda olduqları vaxt bir ədəd 863 manat dəyərində “Samsung” markalı 107 ekran televizor, 350 manat dəyərində stol-stul dəsti (bir ədəd stol, səkkiz ədəd stul), 860 manat dəyərində divan-kreslo dəsti, bir ədəd 350 manat dəyərində 3x4 ölçüdə xalça, 1200 manat dəyərində yataq mebel dəsti, 400 manat dəyərində pərdə dəsti, bir ədəd 150 manat dəyərində mətbəx divanı, bir ədəd 450 manat dəyərində “Stinopol” markalı soyuducu, 50 manat dəyərində çılçıraq, hər biri 50 manat olmaqla cəmi 200 manat dəyərində dörd ədəd adyal, bir ədəd 145 manat dəyərində “Samsung” markalı xörək qızdırıcı, bir ədəd 142 manat dəyərində elektrik çaydanı, bir ədəd 37 manat dəyərində piltə, 150 manat dəyərində qazan dəsti, 120 manat dəyərində tava dəsti, 20 manat dəyərində kasa dəsti, 80 manat dəyərində boşqab dəsti, 85 manat dəyərində çarpayı örtüyü, bir ədəd 145 manat dəyərində “Samsung” markalı çörək bişirən, üç ədəd hər biri 50 manat olmaqla cəmi 150 manat dəyərində yay yorğanından ibarət 5947 manat dəyərində əmlak, həmçinin, iddiaçının işlədiyi gözəllik salonunda istifadə məqsədilə bir ədəd qiyməti 3500 manat olan “İPL S-300” markalı lazer aparatı, hər biri 150 manat olmaqla cəmi 450 manat dəyərində üç ədəd gözəllik salonu üçün güzgü, 40 manat dəyərində gözəllik salonu üçün şkaf, hər biri 70 manat olmaqla cəmi 140 manat dəyərində iki stol və hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində iki ədəd divar şkafından ibarət cəmi 4180 manat dəyərində, ümumilikdə isə 10127 manat məbləğində əmlak əldə etdikləri müəyyən olunmuşdur. Tərəflər həmin əmlakların qiymətini mübahisələndirməmişlər. Birinci instansiya məhkəməsi tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakın sayını az müəyyən etmişdir və bu səbəbdən də iddianı az hissədə təmin etmişdir. Cavabdeh, məhkəmə kollegiyasının iclasında iddiaçının istifadəsində olmuş dəyəri 3500 manat olan “İPL S-300” markalı lazer aparatını sındıraraq məhv etdiyini göstərsə də, bu barədə mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən aparat iddiaçının təqsirli hərəkətləri nəticəsində sınmış olsa da belə, bu, cavabdehi həmin əmlakın iddiaçıya düşən payını verməkdən azad etmir. Eyni zamanda, həmin aparatın bütövlükdə özünə verilməli olması barədə iddiaçının bəyanını da əsassız sayır. Birinci instansiya məhkəməsi tərəfindən təmin edilən 3667 manat dəyərində əmlakın 547 manat dəyərində olan hissəsi cehiz əşyaları, 245 manat hissəsi uşaq əşyaları, qalanı isə tərəflərin birgə nikah dövründə əldə etdiyi əmlaklar olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 71ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, nikаhа dаxil olаnаdək onlаrа məxsus olаn əmlаk, hаbelə nikаh dövründə hədiyyə şəklində və yа vərəsəlik qаydаsındа, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlаk ər-аrvаdın hər birinin аyrıcа mülkiyyətindədir (ərаrvаdın hər birinin əmlаkıdır). Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.2-ci madəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(037)-625/2019 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh bir ədəd 860 manat dəyərində olan divan-kreslo dəstinin yarı dəyəri olan 430 manat və 3500 manat dəyərində olan “İPL S-300” markalı lazer aparatının yarı dəyəri olan 1750 manat alınaraq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-625/2019 saylı qətnаməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh bir ədəd 860 manat dəyərində olan divan-kreslo dəstinin yarı dəyəri olan 430 manat və 3500 manat dəyərində olan “İPL S-300” markalı lazer aparatının yarı dəyəri olan 1750 manat alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar