Məhkəmə qərarları › İş №2(107)-340/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-340/2020

18.02.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-340/2020 18.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil; Cavabdeh - Cavabdeh iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-424/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-424/2019 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) İddiaçı iddia tələbi təmin edilmiş, İsmayıllı şəhəri, H.Əliyev prospekti ev 14 ünvanında yerləşən 0.10 hektar torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş tikilinin sökülməsi, Cavabdeh Ağabala oğlunun həmin torpaq sahəsindən ailəsi ilə birlikdə çıxarılması və İddiaçı mülkiyyət hüquqlarına olan müdaxilələrə son qoyulması, Cavabdeh qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı vurulmuş zərərin əvəzi kimi 47720 (qırx yeddi min yeddi yüz iyirmi) manat məbləğinin alınaraq Cavabdeh verilməsi, qətnamənin eyni vaxtda icra edilməsi qət edilmişdir. İşin halları: İddiaçı məhkəməyə müraciət edərək mülkiyyətində olan İsmayıllı rayonu H.Əliyev prospekti ev 14 ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin sökülməsi, həyətyanı torpaq sahəsindən ailəsi ilə birlikdə çıxarılması və mülkiyyət hüquqına olan müdaxilələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona vurulmuş zərərin əvəzi kimi 47.720 manat məbləğin alınaraq ona verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, 2013-cü ilin yanvar ayında mərhum əri X4 xəstə olduğundan müalicəsinə pul lazım olmuş, maddi imkanları olmadığı üçün özlərinə məxsus həyətyanı torpaq sahəsinin bir hissəsini satmaq qərarına gəlmişlər. Mülkiyyətlərində olan 0,10 ha həyətyanı torpaq sahəsinin 0,04 hektarını 10000 manata satmaq barədə Cavabdehlə razılığa gəlmişlər. Cavabdeh razılaşdıqları puldan 5000 manatı vermiş, qalan 5000 manatı isə torpağın sənədləri düzəldikdən sonra, torpaq sahəsində ev tikərkən verəcəyini bildirmişdir. 2013-cü ilin iyun ayında mərhum əri torpağın sənədlərini düzəltdikdən sonra torpağın notariat qaydada alqı-satqısının aparılmasının mümkün olmasını və qalan 5000 manat pulu da alqı-satqı zamanı ödəməsini Cavabdeh bildirmişlər. Cavabdeh həmin pulu yaxın günlərdə qaytaracağını bildirsə də, pulu verməmişdir. Həmin vaxt Cavabdeh onların razılığı olmadan, heç bir ölçü işləri aparmadan həyətyanı torpaq sahəsinin bir hissəsini hasara almış və orada ev tikməyə başlamışdır. Onlar torpağı rəsmiləşdirənə qədər Cavabdeh qalan pulu ödəyəcəyinə inanmışlar. Bu müddət ərzində mərhum əri evin tikintisində fəhlə kimi işləmiş, lakin Cavabdeh 350 manat əməkhaqqını əri Tərlan Mahmudova verməmişdir. O, evin tikintisi zamanı ustalara gün ərzində çay və günorta yeməyi vermişdir. Ona görə də Cavabdeh 300 manat pul borcludur. Cavabdeh müxtəlif bəhanələr gətirərək torpaq sahəsinin satışından qalan 5000 manat pulu və əmək haqqı kimi ona və mərhum ərinə verməli olduğu 650 manat pulu ödəməkdən boyun qaçırır. Borcu istədikdə Cavabdeh onu təhqir edərək heç bir sənədin lazım olmadığını, tikdiyi evdə yaşayacağını və pulu verməyəcəyini bildirmişdir. Ona görə də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikilinin yerləşdiyi həyətyanı torpaq sahəsi hazırda onun mülkiyyətindədir. Cavabdeh ona məxsus torpaq sahəsini tərk etmədiyinə görə mülkiyyət hüququ pozulub, həyətyanı torpaq sahəsində hərəkəti məhdudlaşıb. Mülkiyyətində olan İsmayıllı rayonu H.Əliyev prospekti ev 14 ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin sökülməsi, həyətyanı torpaq sahəsindən ailəsi ilə birlikdə çıxarılması və mülkiyyət hüququna olan müdaxilələrə son qoyulmasını tələb edir. İddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı nümayəndəsi Vəkil da iddia tələbini müdafiə etdiyini və qarşılıqlı iddia tələbini isə etiraf etmədiyini bildirmiş və İddiaçı izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh iddia tələbini qəbul etmədiyini, özünün qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o, 2013-cü ildə mülkiyyətində olan mənzilini satmış və fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi almaq qərarına gəlmişdir. Sahib Əliyevdən eşitmişdir ki, Tərlan Mahmudov adlı şəxs torpaq sahəsi satır. O, Sahib Əliyevin vasitəçiliyi ilə Tərlan Mahmudovla tanış olmuş və onun mülkiyyətində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti dalan 4, ev 14 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin 0,04 hektarının 6400 manata ondan satın alınması barədə razılığa gəlmişlər. İlkin olaraq o, Sahib Əliyevin iştirakı ilə Tərlan Mahmudov və ailə üzvlərinə beh olaraq 2000 manat pul vermişdir. Tərlan Mahmudov və ailə üzvləri evin tikintisinə başlamağa razılıq vermişlər. Evin tikintisini iki nəfər usta ilə razılaşmış, razılaşdırılmış qiymətə fəhləyə ödəniləcək pul da daxil edilmişdir. Tikinti işlərinə başladıqdan təqribən bir həftə sonra Tərlan Mahmudovun arvadı İddiaçı onu evlərinə dəvət edərək torpağın razılaşdırılmış qiymətinin onları qane etmədiyini bildirmiş, torpağın qiymətini 800 manat artıraraq 7200 manata razılaşdırmışlar. Həmin gün o, Sahib Əliyevin iştirakı ilə İddiaçı və ailə üzvlərinə 5000 manat pulu vermişdir. Az müddət sonra İddiaçı ona yenidən zəng edərək torpağın qiymətini səhv olaraq 7200 manat hesabladıqlarını, qiymətin 7800 manat olduğunu bildirmişlər. Həmin vaxt divarın hörgüsü başa çatmaq üzrə olduğuna görə torpağın qiymətinin 7800 manata artırılması ilə razılaşmış və əlavə olaraq onlara 500 manat ödəmişdir. Razılığa gəlmişlər ki, qalan 300 manatı da alqı-satqı zamanı ödəyəcəkdir. Evin tikintisi 2013-cü ilin aprel ayında yekunlaşmış və həmin ayın sonunda ailəsi ilə birlikdə İddiaçı və ərinin razılığı ilə evə köçmüşdür. 2013-cü ilin iyun ayında arvadı ilə birlikdə İddiaçı evinə gələrək alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsini xahiş etmişdir. Ancaq İddiaçı torpaq sənədlərinin səhvən Moskva şəhərinə gedən qızının çantasında qaldığını bildirmişdir. İddiaçı hər dəfə müxtəlif bəhanələr gətirərək torpağın alqı-satqısının rəsmiləşdirilməsindən imtina etdiyinə görə 300 manat pulu verməmişdir. Onun mübahisəli torpaq sahəsinin alqısatqısına görə İddiaçı ümumilikdə 300 manat borcu qalmışdır. Bundan sonra İddiaçı ona şər-böhtan ataraq sənədləşmənin aparılmasından imtina etmiş və torpağı qəti olaraq satmayacağını bildirmişdir. O, İddiaçı torpağa görə 7500 manat pul ödəmiş, həyətyanı torpaq sahəsinin ətrafını hasarlamış, həmin torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi və digər yardımçı tikililər inşa etdirmiş və fərdi yaşayış evini təmir etdirmiş, bunlara ümumilikdə 47.720 manat xərc çəkmişdir. İddiaçı qanunsuz əməlləri nəticəsində ona 47.720 manat məbləğində maddi zərər dəymişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iddiaçı İsmayıllı rayon Hacıhətəmli bələdiyyəsi apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2013-ci ilin yanvar ayında mərhum həyat yoldaşı X4 xəstə olduğundan müalicəsinə pul lazım idi, maddi imkanı olmadığı üçün özlərinə məxsus həyətyanı torpaq sahəsinin bir hissəsini satmaq qərarına gəlmişlər. Bu məqsədlə iş üzrə cavabdeh olan İsmayıllı rayon Xənəyə kənd sakini olan Cavabdeh Ağabala oğlu ilə razılığa gələrək, mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,04 hektar hissəsini, bir sotunun qiyməti 2500 (iki min beş yüz) manat olmaqla, 10 000 (on min) manata ona satmaq qərarına gəlmişlər. Cavabdeh torpaq sahəsinə baxaraq bəyənmiş və razılaşdıqları 10 000 manatın 5 000(beş min ) manatını razılıqdan 5- 6 gün sonra evimizə gələrək vermiş, qalan 5 000(beş min) manatıda torpağın sənədləri düzəldikdən sonra, torpaq sahəsində ev tikə-tikə verəcəyini bildirmişdir. 2013-ci ilin iyun ayında mərhum əri torpaq sahəsinin sənədlərini qaydasına qoyaraq, mülkiyyət sənədini aldıqdan sonra cavabdehi evin çağıraraq sənədlərin hazır olduğunu, qalan pulu, yəni 5 000 (beş min) manatı da verməyini ona bildirərək alqı-satqı üçün Notariat Kontoruna getməyinə heç bir problemin qalmadığını nəzərinə çatdırmışlar. Cavabdeh Ağabala oğlu qalan 5 000 manatıda yaxın günlərdə verəcəyini bildirsədə pulu verməkdən boyun qaçırmağa baçladı. Bu müddət ərzində o, bizim razılığımız olmadan həyətyanı torpaq sahəsini ölçmədən, onun bir hissəsini hasara aldı və evi tikməyə başladı. Həmin vaxt onlar inanırdılar ki, qalan pulu da az vaxt ərzində ödəyər və torpaq sahəsini cavabdehin adına rəsmiləşdirərlər. Bu müddətdə razılığa əsasən həyət yoldaşı xəstə olsa da, onun evinin tikintisində fəhlə kimi işləyirdi və həyət yoldaşına çatacaq 350 manat əmək haqqını hələ də verməyib. İddiaçı özü də cavabdehin istəyi ilə əmək haqqı müqabilində onun ustalarının günorta yeməyini və gün ərzində onlara çay verirdi. Buna görə ona 300 manat əmək haqqı borcu vardır. Cavabdeh müxtəlif bəhanələrlə torpaq sahəsinin satışından qalan 5 000 manat və əmək haqqı kimi ona və mərhum ərinə çatacaq 650 manatı, cəmi 5650 manatı pulu ödəməkdən boyun qaçırır. Bu müddət ərzində mərhum əri Tərlan Mahmudov vəfat etmiş və o, vərəsə kimi qeyd olunan ünvanda yerləşən 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini öz adına dövlət qeydiyyatına aldıraraq mülkiyyət sənədi, çıxarış və fərdi yaşayış evinin texniki pasportunu almışdır. Həmin əmlak tam mülkiyyət hüququ ilə ona məxsusdur. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-424/2019 saylı qətnaməsinin şikayət etdiyi hissədə ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-424/2019 saylı qətnaməsinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-424/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqındaKonvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu, H.Əliyev prospekti ev 14 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 114 m2 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsindən tərəfindən tərtib olunmuş **********55-10301 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, İsmayıllı rayonu H.Əliyev prospekti ev 14 ünvanında yerləşən fərdi yaşayış evi X1 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli ƏQ-25/2019 nömrəli daşınmaz xxxx barədə mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu H.Əliyev prospekti ev 14 ünvanında yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 114 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 64 000 manat, likvid dəyəri 58 000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2006-cı il tarixli AZ-İ seriyalı 627566 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxxxx 2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2018-ci il tarixi 559 nömrəli arayışından görünür ki, Mahmudova X3 şəhəri, H.Əliyev prospekti dalan 4, ev 14də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mahmudova X3 şəhəri, H.Əliyev prospekti dalan 4, ev 14-də qeydiyyatdadır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, Cavabdeh evinin tikintisində fəhlə işləmişdir. Cavabdeh onun pulunu vaxtlı-vaxtında vermişdir. İddiaçının əri Tərlan Mahmudov da həmin vaxt onunla birlikdə fəhlə işləmişdir. Tərlan Mahmudov ona həyətyanı torpaq sahəsini 10.000 manata satdığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki, İddiaçı ilə qonşudur, Cavabdeh isə evin tikintisi ilə əlaqədar tanımışdır. O, Cavabdeh evinin tikintisi zamanı dam işlərini görmüşdür. Cavabdeh gördüyü işə görə ödəməli olduğu pulun bir hissəsini ona verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadə verərək göstərdi ki, mübahisəli evdə hörgü işlərini aparmışdır. İddiaçı və Cavabdeh usta işlədiyi vaxt tanımışdır. Sonaxanım bir neçə dəfə onlara günorta yeməyi vermişdir. Mübahisəli torpaq sahəsinin alqı-satqısı ilə barədə heç bir məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, o, əvvəllər torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Cavabdeh ona öz evini satdığını demiş və ev tikmək üçün torpaq sahəsi almaqda köməklik göstərməyi xahiş etmişdir. Tərlan Mahmudov ona özünə məxsus torpaq sahəsinin bir hissəsini satmaq istədiyini demiş və o bu barədə Cavabdeh bildirmişdir. O, tərəfləri tanış etmiş və satış qiyməti barədə özləri razılığa gələrək torpağın satış qiymətini ilkin olaraq 6400 manata razılaşmışlar. Onun yanında Cavabdeh tərəfindən Sonaxanım və ailə üzvlərinə 2000 manat beh verilmişdir. Sonradan Sonaxanım və ailə üzvləri ilkin razılaşmaya dəyişiklik edərək torpağın qiymətini 7800 manat məbləğində müəyyən etmişlər. Onun yanında Cavabdeh, İddiaçı və onun ailə üzvləri yenidən görüşmüşlər. Lakin həmin vaxt Möhübbət X5 nə qədər pul verməsini xatırlamır. Ancaq tərəflər arasında gedən söhbətlərdən Cavabdeh İddiaçı 300 manat borclu qaldığı ona məlum olmuşdur. Sonradan Sonaxanımın əri Tərlan Mahmudov vəfat etdiyindən və torpaq sahəsi onun adına olduğundan alqı-satqı notarial qaydada rəsmiləşdirilməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İsmayıllı rayonu, H.Əliyev prospekti ev 14 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi hazırda Sonxanım Mahmudovanın mülkiyyətindədir. Cavabdeh həmin torpaq sahəsinin rəsmi alqı-satqısını həyata keçirmədən mülkiyyətçinin şifahi razılığı əsasında həmin torpaq sahəsində özü üçün fərdi yaşayış evi tikmişdir. Həmin torpaq sahəsi hazırda da Sonxanım Mahmudovaya mülkiyyətində olduğundan Cavabdeh tərəfindən Sonxanım Mahmudovanın qeyd olunan torpaq sahəsindən sahiblik və istifadə hüququnun həyata keçirilməsinə mane olması Sonxanım Mahmudovanın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinəəsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 155.5-ci maddəsinəəsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı və əri Tərlan Mahmudov 0,10 ha həyətyanı torpaq sahəsinin 0,04 hektar hissəsini Cavabdeh satmaq barədə razılığa gəlmişlər. Cavabdeh razılaşdıqları pulun çox hissəsini vermiş, qalan 300 manat borcunu isə torpaq sahəsinin alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilmədiyindən ödəməmişdir. Tərəflər torpağın qiyməti barədə razılığa gələ bilmədiklərindən alqı-satqı baş tutmamışdır. Cavabdeh mülkiyyətçilərin razılığı ilə həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. xx xxxxxxxx 2019-cu il tarixli ƏQ-25/2019 nömrəli daşınmaz xxxx barədə mütəxəssis rəyinə əsasən İsmayıllı rayonu H.Əliyev prospekti ev 14 ünvanında yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 114 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 64 000 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxmasını tələb etdiyindən və həmin tələb əsaslı olduğundan İddiaçı hərəkətləri nəticəsində Cavabdeh maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdeh qarşılıqlı iddia tələbində ona dəymiş zərəri 47720 (qırx yeddi min yeddi yüz iyirmi) manat göstərdiyindən birinci instansiya məhkəməsi haqlı olaraq tələbi həmin həddə təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı sayır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında mübahisə onların hər ikisinin təqsiri üzündən yaranmışdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apelyasiya qaydasında işə baxılarkən cavabdeh, məhkəmə kollegiyasına heç bir sübut növü təqdim etməmiş və apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-424/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-424/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar