Məhkəmə qərarları › İş №2(107)-340/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-340/2021

08.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-340/2021 08.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-524/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Öryət kəndində yerləşən JN:194 saylı, kod 40401002 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən onun və cavabdehlərin ümumi birgə mülkiyyətlərinə verilmiş 3.21 ha torpaq sahəsindən 1/5 hissə payının naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-524/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxx 2000-ci il tarixli, 03 nömrəli qərarına əsasən Şəki şəhər sakinlərinin - X2, Cavabdeh1, X3, İddiaçı və Cavabdeh2 birgə mülkiyyətlərinə verilmiş JN-194 saylı Dövlət Aktında ümumi 3.21 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən bölgü sxeminə uyğun, yəni 5707.85 m2 torpaq sahəsi ayrılaraq İddiaçı verilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh1, Əsədova (Musayeva) Aypara Seyfəddin qızı və Cavabdeh2 müştərək qaydada tutularaq «xxxx» MMC-nin “xxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod201025, VÖEN **********, SWİFT kodAİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN ********** , Hesab AZ53AİİB******************** hesaba ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1 apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Şəki rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2000-ci il tarixli 03 saylı qərarına əsasən onun həyat yoldaşı X1 və iddiaçı da daxil olmaqla ailə üzvlərinin hamısına Şəki rayonunun Öryət kəndində yerləşən 3,21 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Torpaq sahəsi iki planda göstərilmişdir. Belə olan halda həmin torpaq sahəsinin naturada ayrılması mümkün deyildir. İş üzrə keçirilmiş ekspert rəyi də düzgün olmamışdır. Bundan əlavə məhkəmə xərcləri də iddiaçıdan tutulmalıdır. Çünki payın naturada ayrılması ona lazımdır. Odur ki, qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-524/2020 saylı qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, digər tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, cavabdehin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-524/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Şəki rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2000-ci il tarixli 03 saylı qərarına əsasən iddiaçının atası X1 və ailə üzvlərinin hamısına Şəki rayonunun Öryət kəndində yerləşən 3,21 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Verilən torpaq sahəsinə uyğun olaraq onlara JN-194 saylı, KOD 40401002 dövlət qeydiyyatlı dövlət aktı verilmişdir. Həmin sənəddə bütün ailə üzvlərinin adları qeyd edilmişdir. Mülkiyyətçi X2 vəfat etmişdir. İddiaçı paylı mülkiyyətdə olan əmlakdan öz payının naturada ayrılması və ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər isə iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yenə Mülki Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, işdə olan «xxxx» MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 307 saylı ekspert rəyindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxx 2000-ci il tarixli, 03 nömrəli qərarına əsasən Şəki rayon sakinlərinin - X2, Cavabdeh1, X3, İddiaçı və Cavabdeh2 birgə mülkiyyətlərinə verilmiş JN-194 saylı Dövlət Aktında ümumi 3.21 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iki planda (JN 194A - 26397 m2 və JN 194 5707.85 m2) göstərilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı üzrə istifadə səmərəliliyi nəzərə alınaraq ayrıca planda bölgü əmsalına yaxın hesab olunan JN 194 5707.85 m2 olan torpaq sahəsindən İddiaçı aid 1/5 hissə payın ayrılması məqsədəmüvafiq hesab edilmişdir. Apellyator ekspert rəyi ilə razılaşmadığını bildirsə də, narazılığını əsaslandırmamışdır. Bundan əlavə məhkəmə xərcləri ilə bağlı da apellyator öz mövqeyində haqlı olmamışdır. Çünki payın naturada ayrılması iddiaçıya lazım olsa da, cavabdehlər məsələnin məhkəmədən kənar həllinə mane olduqları üçün tələb məhkəmə qaydasında mübahisələndirilmiş və məhkəmə xərcləri yaranmışdır. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-524/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-524/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar