Məhkəmə qərarları › İş №2(107)-344/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-344/2022

03.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-344/2022 03.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı evə köçürülməsi tələbinə dair (Açar sözlər: evə köçürmə, analogiya, yerli baxış) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(051)-730/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı torpaq sahəsində tikilniş evin ümumi birgə əmlak hesab edilməsi, payın müəyyən olunması və evə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Mingəçevir şəhəri Kənar küçəsinin 7-ci döngəsində yerləşən Cavabdeh məxsus torpaq sahəsində yerləşən evə onun və 09.01.2010-cu il təvəllüdlü qızı Rizvanlı Nəzrin ilə birlikdə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı keçmiş əridir. Onlar 27 dekabr 2005-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikalarından Nəzrin və İlkin adlı iki uşaqları olmuşdur. İddiaçının İlkin adlı oğlu 2018-ci ildə vəfat etmişdir. Tərəflər arasında olan nikah 20 avqust 2019-cu ildə məhkəmə qaydasında pozulmuşdur. Onlar birgə evlilik müddətində Cavabdeh xüsusi mülkiyyətində olan JN-3412A saylı torpaq sahəsidə fərdi yaşayış evi inşa etdirib orada yaşamışlar. Əslində həmin torpa sahəsi tərəflərin ümumi qazancları hesabına alınmışdır. Ancaq sənədləşdirmə aparılarkən verilmə tarixi 2005-ci ilin avqust ayı göstərilmişdir. Torpaq sahəsi tərəflərə verildikdən sonra orada 3 otaqlı ev inşa etmişdilər. Tərəflərin İlkin adlı uşaqları vəfat etdikdən sonra onlar birgə yaşaya bilməmişlər. Tərəflərin ailələrinin dağılmasına səbəb cavabdehin iddiaçıya qarşı kobud münasibətidir. İddiaçının oğlu İlkin bu münaqişələrin nəticəsində vəfat etmişdir. İddiaçı qızı Nəzrinin qorumaq məqsədilə evi tərk etmişdir. Hazırda cavabdeh iddiaçı ilə birgə inşa etdikləri evdə yaşasa da iddiaçının həmin evdə yaşamasına imkan vermir. İddiaçıya məxsus əşyalar həmin mənzildədir. İddiaçıya məxsus yataq, soyuducu, qabqacalar cavabdehin istifadəsindədir. Onu da bildirir ki, ev yaşayış üçün yararlıdır, Lakin cavabdeh qərəzli olaraq evə mülkiyyət sənədi almır ki, müəyyən müddət keçsin ki, iddiaçı həmin evdən payını tələb edə bilməsin. İddiaçının başqa yaşayış yeri yoxdur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını, ddiaçının Nəzrin adlı azyaşlı uşağı ilə birlikdə Mingəçevir şəhəri Kənar küçəsinin 7-ci döngəsində yerləşən Cavabdeh adına olan torpaq sahəsində inşa edilmiş evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(051)-730/2021 saylı qətnaməsi ilə (hakim M.Kərimova) iddianın təmin olunması, İddiaçı 09.01.2010-cu il təvəllüdlü uşağı X3 ilə birlikdə Mingəçevir şəhəri Kənar küçəsi 7-ci döngə, Cavabdeh məxsus torpaq sahəsində yerləşən evə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 20 avqust 2019-cu il tarixli 2(051) 1653/2019 №-li qətnaməsi ilə, Cavabdeh ilə X1 arasında 27 dekabr 2005-ci ildə Mingəçevir şəhər VVADQ şöbəsində bağlanmış 609 №-li nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş 09 yavar 2010-cu il təvəllüdlü X2 anası X1 yanında qalması qət edilmişdir. Cavabdeh ilə X1 birgə nikahlarından 09 yanvar 2010-cu il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. 0.06 hektar torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 16 iyun 2021-ci il tarixli **********88 №-li məktubu ilə müəyyən edilir ki, Mingəçevir şəhəri Kənar küçəsi 7-ci döngəsində yerləşən, Cavabdeh məxsus həyatyanı torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi mövcuddur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı evi könüllü surətdə deyil, cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etmişdir. İddiaçıya məxsus məişət əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçının geri qayıtmaq niyyəti olmuşdur. Onun başqa yaşayış sahəsi olması müəyyən edilmədi. Beləliklə, mübahisəli yaşayış sahəsini iddiaçı və cavabdehinin bigə nikah dövründə inşa etdiklərini, iddiaçının uşaqları ilə birlikdə həmin evdə yaşamasını məhkəmə işin mübahisəsiz halı kimi qəbul edir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Qasıım qızı 09.01.2010-cu il təvəllüdlü uşağı X3 ilə birlikdə Mingəçevir şəhəri Kənar küçəsi 7-ci döngə, Cavabdeh məxsus torpaq sahəsində yerləşən evə köçürülməsi qanunvericiliyin qeyd olunan normaları baxımından mümkün və ədalətlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 217.7, 225, 228.5-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli, apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bundan əlavə Mingəçevir Şəhər Məhkəməsinin hakimi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin 2-ci bəndində göstərilmiş “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar” tələbləri kobud şəkildə pozulmuşdur. Aşağıda sadalayacağı faktlar özlüyündə məhkəmə prosedurunun düzgün və ədalətli şəkildə keçirilmədiyinin bariz nümunəsidir. İlk öncə qeyd edir ki, İddiaçı ilə 27 dekabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Məlumat üçün qeyd edir ki, hazırda mübahisəsi gedən torpaq sahəsi onun vəsaiti ilə 2005-ci ilin avqust ayında əldə olunmuşdur və iddiaçının həmin torpaq sahəsinin alınmasında və tikilməsində heç bir xidməti olmamışdır. Əminliklə məhkəməyə xatırladır ki, birgə nikahda olduqları dövrdə iddiaçı heç bir yerdə çalışmamış və maddi qazanc əldə etməmişdir. Bununla yanaşı qeyd edir ki, iddiaçı bir ana olaraq boynuna düşən vəzifə öhdəliklərini də tam yerinə yetirə bilməmişdir. Məhz bunun səbəbidir ki, bir övladı kiçik yaşlarında dünyasını dəyişmişdir. Qeyd olunanlar və dövlət sənədləri onu deməyə əsas verir ki, iddiaçının sözü gedən evdən istifadə hüququ yoxdur. Bundan əlavə qeyd edir ki, iddiaçı uzun müddət sözü gedən evi tərk edib getmiş başqa yerdə yaşamışdır. Belə ki, bir mənalı şəkildə iddiaçının yaşayış sahəsinə ehtiyacı yoxdur. İddiaçının tələbi yalnız şəxsi prinsiplərə söykənmişdir. O, apellyasiya şikayəti üçün nəzərdə tutulmuş vaxtı ötürmüşdür. Belə ki, məhkəmə qətnaməsini gözləsə də qətnamə ona vaxtında gəlib çatmamışdır. Sonradan isə məlum olmuşdur ki, Mingəçevir Şəhər Məhkəməsinin qərarı ona təqdim olunmadan kimlərsə tərəfindən imzalanıb götürülmüşdür. Bu isə hazırki, zamanda ötürülmüş apellyasiya müddətinin üzürlü hesab olunması üçün əsasdır. Bundan əlavə məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənilməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında Akimova Azərbaycana qarşı 27 sentyabr 2007-ci il; Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970ci il tarixli qərarı; X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyidə aydın görünməlidir. Ona görə də, o, məhkəmə kollegiyasından Mingəçevir Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(051)-730/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, Mingəçevir Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(051)-730/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Həmin qanunun 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı: Həmin qərara əsasən, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. X6 haqqında Azərbaycan Respublikası Qanunun: 1.0.10-cu bəndinə əsasən qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi; 1.0.11-ci bəndinə əsasən hüququn analogiyası – yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Mingəçevir Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(051)-730/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi üzrə qəbul etdiyi qətnamə nəticə olaraq düzgün olsa da, qətnamə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamışdır. Maddi hüquq norması səhv tətbiq edilmişdir. Kollegiya qeyd edir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, işin halları barədə məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillər və rəhbər tutduğu qanunlar göstərilməklə hüquqi cəhətdən əsaslandırılmalıdır. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qətnamənin əsaslandırıcı hissəsində, məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad edilən qanunun adı, maddəsi, bəndi, hissəsi dəqiq göstərilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(051)- 730/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə qismən razılaşsa da bu, iddianın rədd edilməsi üçün əsas deyildir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 20 avqust 2019-cu il tarixli 2(051)-1653/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 27 dekabr 2005-ci ildə Mingəçevir Şəhər VVADQ şöbəsində bağlanmış 609 №-li nikah qeydi pozulmuş, birgə nikahdan 09 yanvar 2010-cu il tarixdə anadan olmuş X2 anası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarından olan torpağın mülkiyyətə verilməsinə dair JN-3412A KOD 90200002 saylı şəhadətnamənin surətindən görünür ki, 0.06 hektar torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 16 iyun 2021-ci il tarixli **********88 №-li məktubundan görünür ki, Mingəçevir şəhəri, Kənar küçəsi, 7-ci döngəsində yerləşən, Cavabdeh məxsus həyatyanı torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi mövcuddur. Həmçinin məhkəmə kollegiyası tərəfindən Mingəçevir şəhəri, Kənar küçəsinin 7-ci döngəsi ünvanında keçirilmiş yerli baxış zamanı Cavabdeh məxsus JN-3412A saylı torpaq sahəsində fərdi yaşayış evinin mövcud olması və yaşayışa yararlı olması müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, hazırda mübahisəsi gedən torpaq sahəsi onun vəsaiti ilə 2005-ci ilin avqust ayında əldə olunmuşdur və iddiaçının həmin torpaq sahəsinin alınmasında və tikilməsində heç bir xidməti olmamışdır. Əminliklə məhkəməyə xatırdır ki, birgə nikahda olduqları dövrdə iddiaçı heç bir yerdə çalışmamış və maddi qazanc əldə etməmişdir. Bununla yanaşı qeyd edir ki, iddiaçı bir ana olaraq boynuna düşən vəzifə öhdəliklərini də tam yerinə yetirə bilməmişdir. Məhz bunun səbəbidir ki, bir övladı kiçik yaşlarında dünyasını dəyişmişdir. Qeyd olunanlar və dövlət sənədləri onu deməyə əsas verir ki, iddiaçının sözü gedən evdən istifadə hüququ yoxdur. Bundan əlavə qeyd edir ki, iddiaçı uzun müddət sözü gedən evi tərk edib getmiş başqa yerdə yaşamışdır. Belə ki, bir mənalı şəkildə iddiaçının yaşayış sahəsinə ehtiyacı yoxdur. İddiaçının tələbi yalnız şəxsi prinsiplərə söykənmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. İşin hallarından görünür ki, tərəflər 27.12.2005-ci ildə nikaha daxil olmuşlar və birgə nikah dövründə cavabdehin mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi inşa edib ora köçmüşlər. İddia həmin evə cavabdehin razılığı ilə köçmüş və onlar 2019-cu ilədək birgə ailə kimi həmin ünvanda yaşamışlar. İddiaçı bildirir ki, cavabdeh onun həmin evdə yaşamasına imkan vermir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmadığı halda mübahisəli evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Çünki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış edilməməli, məhkəmələr öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda - hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur. Hazırki mübahisəyə də yuxarıda göstərilən aspektdən yanaşıldıqda ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmini üçün qanunvericilikdə nəzərdə tutulmuş vasitələrdən istifadə edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, habelə evin iddiaçı vəsaiti hesabına əldə edilməməsinə və ya iddiaçının heç yerdə işləməməsi, maddi qazanc əldə etməməsinə istinad olunmaqla iddiaçının sözügedən evə köçürülməsi tələbinin rədd edilməsi, təxminən 14 il ərzində mübahisə predmeti olan evdə yaşamış, orada birgə təsərrüfat aparmış və tikiliyə münasibətdə artıq iqtisadi marağı formalaşmış iddiaçıya münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu poza bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Odur ki, işin müəyyən edilmiş halları nəzərə alındıqda, iddia tələbinin hüquqi əsası kimi tərəflər arasında hüquq münasibətlərinin yarandığı (27.12.2005-ci il) vaxt - 01.10.2009cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələri nəzərdən keçirilə bilər (analogiya qaydasında). Həmin normaların məzmunundan görünür ki, xüsusi mülkiyyətdə olmayan yaşayış sahəsinin icarədar ilə birlikdə yaşayan ailə üzvləri həmin sahəyə dair onunla bərabər bütün hüquq və vəzifələrə malikdirlər. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Əksi sübut edilmədikcə həmin hallar tərəflərin keçən müddət ərzində ümumi təsərrüfat aparmalarına və bu səbəblə də iddiaçının sözügedən yaşayış sahəsində cavabdehlərlə birgə yaşamaq hüququnun yaranmasına dəlalət edir. Belə olan halda, əgər başqa yaşayış yeri yoxdursa, iddiaçının həmin evə buraxılmaması qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Bu baxımdan tərəflərin uzun illər ərzində orada birgə yaşamaqla bağlı formalaşmış maraqları eynidir. Həmin ev qeydiyyatdan keçmədiyinə görə tərəflərin hər hansı birinin ona münasibətdə əşya (mülkiyyət və s.) hüququ yoxdur. Həmin evə buraxılmayan iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi olmadığı təqdirdə onun digərləri kimi sözügedən evdə yaşamaq hüququ istisna olunmur. Cavabdeh mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququnun təmin olunmaması bərabərlik prinisipinin pozulmasına səbəb olardı. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və bu da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Bu hallar isə qətnamənin ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olsa da, iddia tələbinin rədd edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmadan iddia tələbini təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(051)- 730/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(051)-730/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. İddiaçı 09.01.2010-cu il təvəllüdlü X3 ilə birlikdə Cavabdeh məxsus torpaq sahəsində yerləşən Mingəçevir şəhəri Kənar küçəsinin 7-ci döngəsində yerləşən evə köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar