Məhkəmə qərarları › İş №2(107)-376/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-376/2021

19.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-376/2021 19.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 qarşı “avtomobil tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)-256/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək hazırkı iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank uçot dərəcəsinin və ona uyğun ödəniləcək fazilərin müəyyənləşdirilməsi, “VOLVO PUTZMEİSTER (yük)” markalı, istehsal ili 1988-ci il olan, **- BG-*** dövlət nömrə nişanlı avtomobilin naturada və ya onun dəyəri olan 28.200 ABŞ dollarının və həmin məbləğə müəyyən olunmuş fazilərlə hesablanmış gəlirin cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə, habelə cavabdehlərin törətdiyi cinayət barədə prokurora xəbər verilməsinə dair xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)-256/2019 nömrəli qətnaməsi ilə (hakim Cavabdeh1) iddia təmin edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 qarşı VOLVO PUTZMEİSTER yük maşınının naturada və ya onun dəyəri olan 28.200 ABŞ dollarının, həmin məbləğin müəyyən olunmuş faizlərlə hesablanmış maddi gəlirin, bank uçot dərəcəsinin və ona uyğun ödəniləcək faizlərin müəyyənləşdirilərək cavabdehlərdən alınması və cavabdehlərin törətdiyi cinayət haqqında prokurora xəbər verilməsi barədə xüsusi qərardad çıxarılması tələblərinə dair iddiası təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(033)-256/2019 nömrəli qətnaməsindən iddiаçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apelyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxx 2019-cu il tarixli, 2(107)- 2260/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(033)-256/2019 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxx 2019-cu il tarixli 2(107)- 2260/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-7411/2019 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə yenidən baxılmış və Ali Məhkəmənin göstərişinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)-256/2019 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 qarşı “avtomobil tələbinə dair” iddiası qismən təmin edilmiş və VOLVO PUTZMEİSTER YÜK markalı, istehsal ili 1988-ci il olan, **-BG-*** dövlət nömrə nişanlı avtomobil təmir edilərək işlək vəziyyətdə naturada, bu mümkün olmadıqda isə onun qalıq dəyəri (təmirinə çəkiləcək xərclər) əvəzində 19.000 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxxx 2020-ci il tarixli 2(107)- 571/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2(102)-4261/2020 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Yeni apellyasiya icraatı zamanı İddiaçı məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq cavabdehlərlə aralarında olan danışıqlar nəticəsində mübahisənin yekunlaşdığını və cavabdehlərə qarşı vermiş olduğu iddia tələbindən imtina etdiyini, iddiadan imtinanın hüquqi nəticələrinin ona aydın olmasını, ərizənin qəbul edilməsini və mülki işin icraatına xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə Cavabdeh2 ərizə ilə tanış olduğunu və işə mahiyyəti üzrə baxılmasının tələb etmədikləri barədə ərizədə qeyd etmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası İddiaçı iddiadan imtina barədə ərizəsinii iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, imtina imtina barədə ərizə qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci və 52.1. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 370.1-ci maddəsinə görə, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə görə, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həl edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkləmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Apellyasiya icraatı zamanı iddiadan imtinanın hüquqi nəticələrinin İddiaçı aydın olması və iddiadan imtinanı könüllü iradə ifadəsi əsasında imzaladığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinası qanunvericiliyin tələbinə uyğundur, eləcə də iddiadan imtina digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə toxunmur. Belə olduğu təqdirdə iddiadan imtina qəbul edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)-256/2019 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 qarşı “avtomobil tələbinə dair” mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddiadan imtina barədə ərizə qəbul edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)-256/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar