Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-394/2023 28.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı əmlak tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tаrixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdehin oğlu Famil Qasımov 08 fevral 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü övladları doğulmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı və Famil Qasımov arasında bağlanmış nikah qeydi pozulmuşdur. xx.xx.2017-ci il tarixdə iddiaçı və Famil Qasımov barışaraq yenidən ər-arvad kimi birgə yaşamışlar, onların xx.xx.2018-ci il tarixdə ikinci övladları anadan olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdeh X2 qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək 1800 manat dəyərində çəkisi 18 qram olan 1 ədəd damcı formalı boyunbağı, 700 manat dəyərində çəkisi 7 qram olan 1 ədəd damcı formalı qolbaq, 1100 manat dəyərində çəkisi 11 qram olan 1 dəst damcı formalı sırğa-üzük, 600 manat dəyərində çəkisi 5,6 qram olan 1 ədəd nişan üzüyünün, mövcud olmadığı halda ümumi dəyəri olan 4200 manat pulun, ona və qızı X4 məxsus olan ümumvətəndaş pasportunun, mediasiya xərci olaraq ödənilən 50 manat və dövlət rüsumu olaraq ödənilən 12 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 ilə 08 fevral 2013-cü il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Göyçay Rayon Məhkəməsinin 03 iyul 2015-ci il tarixli, 2(046)-1069/2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. 17 may 2017-ci il tarixdə tərəflər barışaraq, yenidən birgə yaşamışlar. Məişət zorakılığı zəminində (2-ci övladının da qız olması səbəbindən) tərəflər yenidən ayrılmışlar və o gündən də ayrı yaşayırlar (ikinci qız övladı xx.xx.2018-ci il tarixdə doğulmuşdur). İddiaçı toy günündə 1.800 manat dəyərində çəkisi 18 qram olan 1 ədəd damcı formalı boyunbağı, 700 manat dəyərində çəkisi 7 qram olan 1 ədəd damcı formalı qolbaq, 1.100 manat dəyərində çəkisi 11 qram olan 1 dəst damcı formalı sırğa-üzük, 600 manat dəyərində çəkisi 5,6 qram olan 1 ədəd nişan üzüyü hədiyyə edilmişdir. Sözügedən zinyət əşyalarının çəkisi həmin məmulatların üzərində olan qəbzlərdə qeyd edilmişdir. Cavabdehlə ayrıldıqdan sonra yuxarıda sadalanan heç bir zinət əşyasını həmin evdən götürə bilməmişdir. Bundan əlavə İddiaçı və tərəflərin övladı olan X4 məxsus ümum vətəndaş pasportları da cavabdeh tərəfdə qalmışdır. İddiaçı ərizədə qeyd edilənləri dəfələrlə cavabdehdən istəsə də, sadalananların heç biri bu günə qədər ona qaytarılmamışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh X5 əsl Cavabdeh ilə əvəz edilmişdir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(046)- 1100/2022 nömrəli iş üzrə qəbul etdiyi 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia qismən təmin edilmiş, dəyəri 1.500 manat, çəkisi 18 qram olan 1 ədəd damcı formalı boyunbağının, çəkisi 7 qram olan 1 ədəd damcı formalı qolbağının, çəkisi 11 qram olan 1 dəst damcı formalı sırğa-üzüyün və dəyəri 380 manat, çəkisi 5,6 qram olan 1 ədəd nişan üzüyünün, həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 1880 manatın Cavabdeh Şərəfəddin qızından alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, işin halları ilə müəyyən olunur ki, İddiaçı məxsus qızıl-zinət əşyaları Cavabdeh Şərəfəddin qızının qanunsuz sahibliyindədir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçıya məxsus qızıl-zinət əşyalarının iddiaçının anası X1 tərəfindən "xxxx" MMC-yə girov qoyularaq kredit götürüldüyü, həmin kredit müqaviləsi üzrə borcun cavabdeh tərəfindən ödənildiyi, daha sonra qeyd edilən qızıl-zinət əşyalarının cavabdeh tərəfindən 900 manata satılaraq iddiaçı və keçmiş əri X2 verildiyi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi iddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdeh tərəfindən satılmışdır. Cavabdehin məhkəmə baxışı zamanı bu cür izahat verməsi, ididaçıya məxsus qızıl-zinət əşyalarının hal-hazırda Cavabdeh Şərəfəddin qızının qanunsuz sahibliyində qaldığını ehtiva edir. Məhkəmə baxışı zamanı İddiaçı özünə məxsus qızıl-zinət əşyalarının iddia ərizəsində qeyd edilən məbləğdə olduğuna, eləcə də özünə və qızı X4 məxsus ümumvətəndaş pasportunun cavabdehin qanunsuz sahibliyində qaldığına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya məxsus qızıl-zinət əşyalarının dəyəri cavabdehin məhkəmə baxışı zamanı göstərdiyi həddə təmin edilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29.3, 71.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri "xxxx" BOKT MMC-nin məhkəmənin sorğusuna verdiyi 09 sentyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının anası X1 05 fevral 2018-ci il tarixdə 12 ay müddətinə kredit müqaviləsi bağlayaraq 16,23 qram çəkidə 583 əyar qızıl-zinət əşyalarını girov qoymuş və 580 manat kredit götürmüşdür. Həmin kredit 05 fevral 2019-cu il tarixdə Mətanət İsmayılova tərəfindən bağlanmışdır. Göründüyü kimi qızıl zinət əşyalarının cavabdehdə olmaması sübuta yetirildiyi halda hakim qızılların mənim qanunsuz sahibliyimdə olması qənaətinə gəlmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin hakim sübutlara düzgün qiymət verməmiş, qızılları iddiaçının anası girov qoyub geri götürməsi məhkəmənin sorğusuna verilmiş cavabla sübut edilsə də, işin bu həqiqi halına deyil, gəldiyi nəticəni yalnız iddiaçı tərəfin mənafeyinə uyğun əsaslandırmışdır. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan iddiaçı ilə qızı Saranın Rusiya Federasiyasına 2018-ci ilin yanvar ayında getməsi, 2018-ci ilin fevral ayında qızılların iddiaçının anası tərəfindən girov qoyularaq kredit götürməsi hallarını aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi qızılların cavabdehin qanunsuz sahibliyində olduğunu göstərsə də, əslində bu halın "xxxx" BOKT MMC-nin məktubu ilə təkzib olunmasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, hakim qızılların cavabdehin qanunsuz sahibliyində olması, guya cavabdehin qızılları satıb pulunu iddiaçı ilə oğluna verməsi barədə ziddiyyətli nəticəyə gəlsə də, bu nəticə məhkəmənin özünün sorğu verib aldığı məktubda iddiaçının anasının 05 fevral 2018-ci il tarixdə həmin qızılları girov qoyub kredit götürməsi hallarına uyğun gəlmir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın qismən təmin olunması ilə bağlı Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermiş və o, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməsi hissəsini mübahisələndirmişdir. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq, qətnamənin yalnız mübahisələndirilən hissəsinin əsaslılığını yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldəetdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlarınümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisə doğurmayan hallarından görünür ki, iddiaçı və cavabdehin oğlu Famil Qasımov 08 fevral 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların bu nikahdan bir uşağı olmuşdur. Sonradan iddiaçı və Famil Qasımov arasında münasibətlər pozulduğuna görə onların nikahı 2015-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Bundan bir müddət sonra, yəni 2017-ci ildə iddiaçı və Famil Qasımov barışmış və birgə yaşamışlar. Lakin sonralar münasibətləri yenidən pozulmuş və onlar ayrılmışlar. Hazırki iş üzrə mübahisə predmeti olan qızıl-zinət əşyalarının iddia ərizəsində qeyd olunan çeşiddə, qiymətdə və sayda toy ərəfəsində iddiaçıya hədiyyə olunması da tərəflər arasında mübahisə doğurmur. Mübahisə doğuran hal, həmin qızıl-zinət əşyalarının kimdə olmasıdır. İddiaçı bildirir ki, qızıl-zinət əşyaları lombarda girov qoyularaq kredit götürülmüş və kredit ödənildiyi üçün qızıllar ona qaytarılmışdır. Bundan sonra o, qızılları qaynanasına cavabdehə vermişdir. Məhkəmə bildirir ki, tərəflər arasında mövcud mübahisənin həllində sübut etmə yükü cavabdehin üzərinə düşür, çünki qızıl-zinət əşyaların ümumiyyətlə mövcud olması cavabdeh tərəfindən mübahisələndirilməmiş, cavabdeh qızıl-zinət əşyaların mövcudluğu, qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə olaraq verilməsi və qızıl-zinət əşyaların toydan sonra onların yaşadığı evdə olması ilə razılaşmışdır. Mülki işin Rayon Məhkəməsində baxılması zamanı izahatı alınmış cavabdeh bildirmişdir ki, mübahisələndirilən qızıl-zinət əşyaları girovdan götürüldükdən sonra, onun tərəfindən satılmış və satışdan əldə olunmuş pul vəsaiti oğlu Famil Qasımova verilmişdir. Cavabdehin həmin izahatı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində də öz əksini tapmış, cavabdeh məhkəmə iclas protokoluna qeyd verməmiş, protokolda qeyd olunanlarla razılaşmışdır. Hazırda isə cavabdeh bildirir ki, həmin qızıl-zinət əşyaları onda olmamış və hazırda da yoxdur. Məhkəmə, bununla bağlı bildirir ki, cavabdeh, Rayon Məhkəməsinin iddiaçının təqdim etdiyi sübutlara münasibətdə uğurlu hüquqi qiymət verdiyini bildikdən və peşəkar vəkildən hüquqi yardım aldıqdan sonra apellyasiya instansiya məhkəməsində Rayon Məhkəməsində verdiyi izahatdan fərqli izahat (qızıl-zinət əşyalarının heç vaxt onda olmaması) verməsi Rayon Məhkəməsinin iclas protokolunun əsassızlığına dəlalət edə bilməz. Qeyd olunanlara əsasən müəyyən edilir ki, cavabdeh qızıl-zinət əşyalarının iddiaçı tərəfindən özü ilə aparılması və ya cavabdehin özü tərəfindən satılaraq pulunun iddiaçıya verilməsi faktını sübuta yetirə bilməmişdir. Belə olan halda hesab edilməlidir ki, mübahisəli qızıl-zinət əşyaları cavabdehin qanunsuz sahibliyində qalmışdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apelyasiya baxışının predmeti olan hissədə qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə iddia tələbi əsaslıdır. Rayon Məhkəməsi həmin tələbi təmin etməklə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apelyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 noyabr 2022ci il tarixli qətnamə apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-394/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-394/2023
28.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver