Məhkəmə qərarları › İş №2(107)-411/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-411/2021

09.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-411/2021 09.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı Yusibova (Qasımova) Aygün Məhəmməd qızının, onun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, Cavabdeh2 Zabit qızı və onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zabit qızına qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-929/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 600 manat dəyərində olan 583 əyarlı, 12 qram çəkidə nişan üzüyünün, 800 manat dəyərində olan 583 əyarlı, 14 qram çəkidə sırğa-üzük dəstinin, 400 manat dəyərində olan 583 əyyarlı 12,7 qram çəkidə qızıl sepin, 350 manat dəyərində olan 583 əyyarlı, 7 qram çəkidə qızıl klonunun və cehiz əşyaları- 600 manat dəyərində bir ədəd xalça, 60 manat dəyərində bir ədəd süfrə, 8 manat dəyərində bir ədəd ağ klyonka süfrə, 50 manat dəyərində bir ədəd ütü, 60 manat dəyərində 48 ədəd boşqab dəsti, 10 manat dəyərində iki ədəd qənd qabı, 25 manat dəyərində altı ədəd bakal dəsti, 300 manat dəyərində 4 ədəd tək, 4 ədəd cüt olan, cəmi 8 ədəddən ibarət yataq dəsti, 20 manat dəyərində qaşıq dəsti, 20 manat dəyərində 12 ədəd asılqan, 20 manat dəyərində 12 ədəd nəlbəki, 7 manat dəyərində 2 ədəd padnos, 25 manat dəyərində 6 ədəd qəndqabı, 20 manat dəyərində 6 ədəd şirniyyat qabı, 250 manat dəyərində bir ədəd döşək, 200 manat dəyərində bir ədəd yorğan, 80 manat dəyərində bir ədəd ədyal və 50 manat dəyərində bir ədəd mütəkkənin, həmin əşyalar naturada olmadıqda onların dəyərinin cavabdehlərdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbinin həcmi azalmışdır) Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-929/2020 nömrəli qətnaməsi ilə (hakim G.Cavadova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zabit qızına qarşı əmlak tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin qətnamənin ləğv edilməsini, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin faktiki halları: İddiаçı tələbi оnunlа əsаslаndırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə ailə qurub evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan övladları olmamışdır. Aralarında olan nikah qeydi xx xxxxxx 2020-ci il tarixində Yevlax Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə pozulmuşdur. Hazırda ona aid olan qızıl və digər cehiz əşyaları dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdehlər tərəfindən ona qaytarılmamışdır. Ona məxsus qızıl əşyaları cavabdehlər tərəfindən məcburi şəkildə ondan alınaraq “sələmçiyə” verilmiş və bunun müqabilində Cavabdeh1 pul götürmüşdür. İddia ərizəsində göstərilən digər cehiz əşyaları isə ona qaytarılmamışdır. Qeyd olunan iddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi (aktı) çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sübutları sadalamaqla kifayətlənmiş, sübutları əlaqələndirməmiş, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydınlaşdırılmamış, heç bir araşdırma aparmadan, qanunun tələblərini kobud şəkildə pozmaqla, fərziyyələrə əsaslanmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)- 929/2020 nömrəli qətnamənin ləğv edilməsini, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəf ona məxsus olan cehiz əşyalarını maşına yığıraq onun yaşadığı evə göndərsə də, iddia ərizəsində qeyd olunmuş əşyaları və qızıl-zinəti qaytarmaqdan imtina edirlər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Məmmədov Fərhad Möhübbət oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə tərəflər arasındakı münasibəti düzgün qiymətləndirməmişdir. Belə ki, cavabdeh tərəf iddiaçının xəbəri olmadan cehiz əşyalarını maşına yığaraq göndərmişdir. Hansı ki, bu halda iddiaçının da iradəsi öyrənilməli idi. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Zabit qızı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus olan bütün cehiz əşyaları maşına yığılaraq aparılmış, iddiaçı da qəbul etmişdir. Bir neçə əşya - karniz, çilçıraq qalımışdır ki, onları da birinci instansiya məhkəməsinin icraatı zamanı qaytarmışdır. Hazırda iddiaçıya aid olan heç bir əşya onlarda yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Əvvəla ona görə ki, əgər cavabdeh tərəf bütün əşyaları maşına yığıb iddiaçıya göndərirsə, onda bir neçə əşyanı saxlamaqda məqsəd nədən ibarətdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Apellyasiya şikayəti qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-929/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlakların araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə isə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Eləcə də, Mülki Məcəllənin 225.2-ci maddəsində təsbit edilmişdir ki, nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.2.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1-ci maddəyə əsasən ər-arvadın ümumi birgə əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Qeyd olunan Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə ailə qurub evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan övladları olmamışdır. Aralarında olan nikah qeydi xx xxxxxx 2020-ci il tarixində Yevlax Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə pozulmuşdur. Hazırda ona aid olan qızıl və digər cehiz əşyaları dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdehlər tərəfindən ona qaytarılmamışdır. Ona məxsus qızıl əşyaları cavabdehlər tərəfindən məcburi şəkildə ondan alınaraq “sələmçiyə” verilmiş və bunun müqabilində Cavabdeh1 pul götürmüşdür. İddia ərizəsində göstərilən digər cehiz əşyalarının ona qaytarılmasını tələb edir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi üçün əsаs оlа bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İkincisi, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, cavabdeh tərəf iddiaçıya məxsus olan cehiz əşyalarını maşına yığaraq iddiaçının yaşadığı ünvana göndərmiş, iddiaçı da həmin əşyaları qəbul etmişdir. Lakin sonradan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbini və apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş cehiz əşyalarının və qızıl-zinət əşyalarının mövcudluğunu, onların cavabdehdə olduğunu və cavabdeh tərəfindən qaytarılmadığını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbinin bu hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddiaçı tərəfin izahatı və toy-nişan mərasimindən foto şəkillər olmuşdur. Belə ki, həmin sübutlar qızıl-zinət əşyalarının mövcudluğunu, cavabdeh tərəfindən hədiyyə olaraq verilməsi, eləcə də həmin qızıl-zinət əşyasının cavabdehdə olmasına dəlalət edən sübut kimi qiymətləndirilə bilməz. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin bu hissəsinin sübutetmə yükü iddiaçının üzərinə düşsə də, yuxarıda qeyd edildiyi kimi məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı həqiqətən də bu halları sübuta yetirəcək mötəbər dəlillər gətirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-929/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar