Məhkəmə qərarları › İş №2(107)-486/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-486/2021

04.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-486/2021 04.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-104/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxxx 2020-ci il tarixli 2(033)-104/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon Gözbarax Bələdiyyəsi cəlb edilməklə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən istifadə və sahiblik edilməsinə qarşı yönəlmiş qəsdə son qoyma, zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılmaları, suyun təbii axarının cavabdehlərin hesabına bərpa edilməsi, maddi zərərin və 300 kq fındıq məhsulunun dəyərinin ödənilməsi tələbinə dair iddiаsı qismən təmin edilərək Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,0178 ha hissəsindən iddiaçıların istifadə və sahiblik etməklərinə qarşı yönəlmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qərəzli hərəkətlərinə son qoyulması və cavabdehlərin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 paylı mülkiyyətində olan 0,2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,0178 ha hissəsindən çıxarılmaları qət edilmiş, iddia tələbinin qalan hissəsi təmin edilməmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (bundan sonra iddiaçı və ya İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (bundan sonra cavabdeh və ya Cavabdeh1 və Cavabdeh2) iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək iddiaçıların ümumi birgə mülkiyyətlərində olan və Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,04 ha hissəsindən istifadə və sahiblik etməklərinə qarşı yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə (torpaq sahəsinə daxil olmağa qoymamaq) son qoyulması, mülkiyyətlərində olan və Zaqatala rayonu Gözbarax kəndində yerləşən və cavabdehlərin zəbt etdikləri 0,04 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması, suyun təbii axımının cavabdehlərin hesabına bərpa edilməsi, torpaq sahələrinin hasarına dəymiş 100 (bir yüz) manat, fərdi yaşayış evlərinə dəymiş 2000 (iki min) manat ziyanın, o cümlədən 300 (üç yüz) kiloqram fındıq məhsulunun dəyəri olan 1080 (bir min səksən) manat pulun cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların ümumi birgə mülkiyyətlərində Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi üzərində hüquqları xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. İş üzrə cavabdehlər ümumi birgə mülkiyyətlərində olan həmin torpaq sahəsinin 0,04 ha hissəsini zəbt etmiş, o cümlədən, qeyd olunan torpaq sahəsinin sərhəddi ilə keçən su kanalını hasarlarını dağıtmaq (deşmək) yolu ilə həyətlərinə istiqamətləndirmiş, nəticədə kanalla gələn su fərdi yaşayış evlərinin zirzəmisinə dolmuş, bununla yanaşı torpaq sahəsində yerləşən fındıq kollarında yetişmiş 300 (üç yüz) kiloqram fındıq məhsulu məhv olmuşdur. Nəticədə, torpaq sahələrininin hasarına 100 (bir yüz) manat, fərdi yaşayış evlərinə 2000 (iki min) manatdan artıq ziyan dəymiş, o cümlədən, 300 (üç yüz) kiloqram fındıq məhsulundan əldə edəcəkləri (300 kq x 3,6 manat) 1080 (bir min səksən) manat puldan məhrum olmuşlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onların Azərbaycan Repsublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırkı tələblə aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Mövcud problemlə bağlı dəfələrlə müvafiq dövlət orqanlarına müraciət etsələr də, sonda məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmiş və eyni zamanda iddia tələbinin suyun təbii axarının cavabdehlərin hesabına bərpa edilməsi, maddi zərərin və 300 kq fındıq məhsulunun dəyərinin ödənilməsi hissələrinə münasibət bildirərək qeyd etmişdir ki, torpaq sahələrinin sərhəddində olan hasarın dağıldılması nəticəsində sərhəddə yerləşən su kanalında suyun təbii axımı dəyişmiş və nəticədə onun mülkiyyətinə zərər dəymişdir. Lakin o həmin hasarın cavabdehlər tərəfindən dağıdılmasını şəxsən görməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsində göstərilənlərə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçılara məxsus 0,2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə onun anası Həsənova Gözəl Həsən qızına məxsus olmuş torpaq sahəsi qonşu ərazilərdə yerləşir. O, həmin torpaq sahəsinin 1967-ci ildən istifadə edir. Onlar iddiaçının torpaq sahəsini zəbt etməmişlər. Həmin torpaq sahələri arasında su kanalı və hasar mövcuddur. İddiaçı iddia tələbində qeyd edir ki, həmin hasarın dağılması nəticəsində su kanalında olan suyun təbii axımı dəyişmiş və nəticədə ona xeyli miqdarda zərər dəymişdir. Lakin qeyd edir ki, həmin hasar o və ya ailə üzvləri tərəfindən dağıdılmamış, dağıdılan hasar onun istifadə etdiyi torpaq sahəsində yerləşmir. Tanımadığı bir şəxs tərəfindən Gözbarax Bələdiyyəsi və ya Gözbarax kənd İcra nümayəndəsinin tapşırığı ilə dağıdılmışdır. İddia ərizəsində qeyd edilənlər əsassız olduğundan iddia tələbinin rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 mülki iş üzrə digər cavabdeh olan Cavabdeh1 izahatına uyğun izahat verərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayon Gözbarax Bələdiyyəsinin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə münasibət bildirərək qeyd etmişdir ki, iddia ərizəsində göstərilən iddiaçılar və cavabdehlərə məxsus torpaq sahələri qonşudur. Həmin torpaq sahələri arasında su kanalı və hasar mövcuddur. Həmin hasarın dağıdılması ilə bağlı iddiaçılar tərəfindən Gözbarax kənd X10 üzrə nümayəndəliyinə müraciət edilmişdir. Həmin hasar cavabdehlər tərəfindən dağıdılmamışdır. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-104/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Rasim İmanov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır. Məhkəmə iclasında vermiş olduğu ifadələrdədə bildirmişdir ki, həmin torpaq sahəsi keçmişdən onların istifadəsində olmuş, X4 qərarına əsasən həmin torpaq sahəsi ailə üzvlərinə verilmişdir. Məhkəmədə təqdim edəcəyi sübutlara əsasən hesab edir ki, qətnamə qanuni və əsaslı verilməmiş, iddiaçıların torpaq sahəsi bizim tərəfimizdən zəbt olunmamışdır. X7 tərəfindən onların mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə istifadələrində olan torpaq sahəsinin koordinatları üst-üstə düşür. Eyni zamanda ekspertin vermiş olduğu rəy ilə razı deyillər. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)- 104/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-104/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayon Gözbarax Bələdiyyəsinin nümayəndəsi X3 qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdə 126 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində ********** nömrə ilə aparılmış qeydiyyata əsasən Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 adına qeydiyyata alınmışdır. A seriyalı 246333 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdə 40 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində ********** nömrə ilə aparılmış qeydiyyata əsasən Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,1499 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 adına, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153,10 kv.m. olan fərdi yaşayış evi İddiaçı1 adına qeydiyyata alınmışdır. İddiaçı1 adına xx xxxx 2017-ci il tarixdə tərtib edilmiş, inventar nömrəsi 357 olan Zaqatala rayonu Gözbarax kəndində sənəd üzrə 0,1499 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ümumi sahəsi 153.1 kv.m., yaşayış sahəsi 107.6 kv.m. olan, 2012-ci ildə tikilmiş 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi X5 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsindən Həsənova Gözəl Həsən qızının adına verilmiş Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 200 nömrə ilə uçota alınmış A seriyalı ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Zaqatala Rayon X4 xx xxxxxxxx 2003cü il tarixli 110 nömərli qərarı ilə Zaqatala rayonunun Gözbarax kəndində yerləşən 4301 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsindən Həsənova Gözəl Həsən qızının adına verilmiş Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 598 nömrə ilə uçota alınmış A seriyalı 432725 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Zaqatala Rayon X4 xx xxxxxxxx 2003cü il tarixli 110 nömərli qərarı ilə Zaqatala rayonunun Gözbarax kəndində yerləşən 998 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsindən X2 adına verilmiş Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2010-cu il tarixdə 286 nömrə ilə uçota alınmış A seriyalı 276941 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Zaqatala Rayon X4 xx xxxxxxxx 2003-cü il tarixli 110 nömərli qərarı ilə Zaqatala rayonunun Gözbarax kəndində yerləşən 1776,75 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilməklə, tərəflərin iştirakı ilə mübahisə predmeti olan Zaqatala rayonu Gözbarax kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Keçirilmiş yerində baxış zamanı müəyyən edilmişdir ki, tərəflərə məxsus torpaq sahələri daş hasar və metal tor hasar vasitəsi ilə ayrılmışdır. Daş hasarın bir tərəfi iddiaçının sərhədində, digər tərəfi isə ümumi istifadədə olan kəndin yol ərazisindədir. Həmin su kanalının keçdiyi, dağıdıldığı iddia edilən hasar ümumi istifadədə olan yolda yerləşir. Tərəflərin torpaq sahələrinin hazırki sərhədində su kanalı mövcuddur. İddiaçı bildirdi ki, cavabdehlər zəbt etdikləri torpaq sahəsindən çıxarıldıqdan sonra həmin su kanalı onun mülkiyyətində olan torpaq sahəsinin daxilində qalacaqdır. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edildi. Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin X1 Məsuliyyətli Cəmiyyəti Şəki Layihə-Tətqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində bildirilmişdir ki, Zaqatala rayonu Gözbarax kəndində yerləşən və iddiaçılar X6. İddiaçı2, İddiaçı3 və İddiaçı4 paylı mülkiyyətində olan 0.2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri, ölçüləri və koordinatları tərtib edilmiş sxemdə göstərilmişdir. Zaqatala rayonu Gözbarax kəndində yerləşən və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 paylı mülkiyyətində olan 0,2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə DƏDRX-nin tərtib etdiyi A seriyalı 246333 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədindəki göstərilən 0,2150 ha torpaq sahəsinin cizgilərinə əsasən 0.0178 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Safam qızı tərəfindən istifadə edilir. xx xxxxxx 2020-ci il tarixli 10/585 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Zaqatala rayonu Gözbarax kəndində yerləşən və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 paylı mülkiyyətində olan 0,2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri, ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Zaqatala rayonu Gözbarax kəndində yerləşən və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 paylı mülkiyyətində olan 0,2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə DƏDRX-nin tərtib etdiyi A№246333 nömrəli Torpaq sahəsinin Planı və sənədindəki göstərilən 0,2150 ha torpaq sahəsinin cizgilərinə əsasən 0,0178 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. İşin gerçək halı ondan ibarətdir ki, Zaqatala rayonu Gözbarax kəndində iddiaçıların adına 0,2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,1499 kv.m yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçıların mülkiyyətində olan 0,1499 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyətində olan ümumi sahəsi 153,10 kv.m olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. Həmin torpaq sahələri ilə qonşu sahələrdə cavabdehlər istifadəsində olan Zaqatala Rayon X4 xx xxxxxxxx 2003-cü il tarixli 110 nömərli qərarı ilə Həsənova Gözəl Həsən qızının mülkiyyətinə verilmiş Zaqatala rayonu Gözbarax kəndində yerləşən 4301 kv.m. kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və X2 adına ayrılmış 1776,75 kv.m. kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi vardır. Tərəflərə məxsus torpaq sahələri daş hasar və metal tor hasar vasitəsi ilə ayrılmışdır. Daş hasarın bir tərəfi iddiaçının sərhədində, digər tərəfi isə ümumi istifadədə olan kəndin yol ərazisindədir. Həmin su kanalının keçdiyi, dağıdıldığı iddia edilən hasar ümumi istifadədə olan yolda yerləşir. Torpaq sahələrinin sərhədində su kanalı mövcuddur. İddiaçılar tərəfindən Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş 0,04 ha hissəsindən cavabdehlərin çıxarılmasını, torpaq sahələrinin sərhəddində yerləşən daş hasarın cavabdehlər tərəfindən dağıdılması nəticəsində həmin hasara dəymiş zərər, hasarın dağılması nəticəsində tərəflərə məxsus torpaq sahələrinin sərhəddində yerləşən su kanalının təbii axımının dəyişməsi nəticəsində İddiaçı1 mülkiyyət hüququ əsasında məxsus olan ümumi sahəsi 153.10 kv.m. olan fərdi yaşayış evinə və fındıq məhsuluna dəymiş zərərin ödənilməsini, suyun təbii axımının cavabdehlərin hesabına bərpa edilməsini tələb edir. Cavabdehlər iddia tələbini qəbul etmir və iddiaçılara mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsini zəbt etmədiklərini, eləcə də sərhəddə olan daş hasarın onlar tərəfindən yox, Gözbarax Bələdiyyəsi və ya Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Gözbarax kənd X10 üzrə Nümayəndəliyinin tapşırığı ilə tanımadıqları şəxs tərəfindən dağıdıldığını bildirmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gözbarax Bələdiyyəsi tərəflərə məxsus torpaq sahələri arasında mövcud daş hasarın cavabdehlər tərəfindən dağıdılmadığını bildirmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə Zaqatala rayonu Gözbarax kəndində yerləşən və iddiaçıların paylı mülkiyyətində olan 0,2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 0,0178 ha hissəsinin cavabdehlər tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçılar Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,2150 ha kənd təsərrüfatı təyinatlı və 0.1499 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləridir və onların öz əmlakından öz istədikləri kimi istifadə etmək hüquqları vardır. Cavabdehin isə həmin torpaq sahələri üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçilərə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,0178 ha hissəsindən iddiaçıların istifadə və sahiblik etməklərinə qarşı yönəlmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qərəzli hərəkətlərinə son qoyulmalı və cavabdehlər 0,2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,0178 ha hissəsindən çıxarılmalıdırlar. Məhkəmə iddia tələbinin tərəflərə məxsus torpaq sahələri arasında mövcud olan daş hasarın dağıdılması nəticəsində hasara dəymiş zərərin, həmin hasarın dağıdılması nəticəsində torpaq sahələri arasında olan su kanalının təbii axımının dəyişməsi nəticəsində İddiaçı1 mülkiyyətində olan ümumi sahəsi 153.10 kv.m olan fərdi yaşayış evinə və fındıq məhsuluna dəymiş zərərin cavabdehlərdən alınaraq onlara ödənilməsi, suyun təbii axımının cavabdehlərin hesabına bərpa edilməsi hissələrinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş torpaq sahəsinin adına qeydə alınmasından asılı olmayaraq zərərin cavabdehlər tərəfindən vurulmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbinin bu hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatı olmuşdur. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesаb edir ki, iddia ərizəsində iddia edilən torpaq sahələri arasında mövcud olan daş hasarın cavabdehlər tərəfindən dağıdılması təsdiq edilmədiyindən, daş hasarın bir tərəfi iddiaçının sərhədində, digər tərəfi isə ümumi istifadədə olan kəndin yol ərazisində yerləşdiyindən, həmin su kanalının keçdiyi, dağıdıldığı iddia edilən hasar ümumi istifadədə olan yolda yerləşdiyindən və iddia ərizəsində göstərilən dəlillər əsаssız оlduğundаn iddiа tələbinin tərəflərə məxsus torpaq sahələri arasında mövcud olan daş hasarın dağıdılmasına görə əmələ gəlmiş nəticələr - yəni hasara dəymiş zərər, həmin hasarın dağıdılması nəticəsində torpaq sahələri arasında olan su kanalının təbii axımının dəyişməsi nəticəsində İddiaçı1 mülkiyyətində olan ümumi sahəsi 153.10 kv.m. olan fərdi yaşayış evinə və fındıq məhsuluna dəymiş zərər, nəticədə suyun təbii axımının dəyişməsi cavabdehlərin təqsiri üzündən baş verməmişdir və iddia ərizəsində qeyd edilənlər iddianın bu hissəsinin təmin edilməsi üçün əsаs оlа bilməz. İlk öncə оnа görə ki, iddiаçı iddia etdiyi mövcud olan daş hasarın cavabdehlər tərəfindən dağıdılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmin daş hasarın dağıdılması nəticəsində isə “su kanalının təbii axımının dəyişməsi və iddiaçının evinə və fındıq bağına zərər vurulması” birinci, yəni daş hasarın dağıdılmasından törəmə tələblərdir. İddiaçının izahatından və işin hallarından görünür ki, daş hasar dağıdılmamış olsa idi, digər nəticələr baş verə bilməzdi. Bununla da iddiaçı iddia tələbinin qeyd edilən hissədə doğruluğunu sübuta yetirə bilməmişdir. Ona görə də iddia ərizəsi tərəflərə məxsus torpaq sahələri arasında mövcud olan daş hasarın dağıdılması nəticəsində hasara dəymiş zərərin, həmin hasarın dağıdılması nəticəsində torpaq sahələri arasında olan su kanalının təbii axımının dəyişməsi nəticəsində İddiaçı1 mülkiyyətində olan ümumi sahəsi 153.10 kv.m. olan fərdi yaşayış evinə və fındıq məhsuluna dəymiş zərərin cavabdehlərdən alınaraq onlara ödənilməsi, suyun təbii axımının cavabdehlərin hesabına bərpa edilməsi hissələrində təmin edilməməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. X12 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. “Broniovski Polşaya qarşı” işdə (xx xxxx 2004-cü il tarixli məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. X12 Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. X12 Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Cavabdeh apellyasiya şikayətində iddia tələbinin əsassız olmasını, iddiaçıların torpaq sahəsinin onlar tərəfindən zəbt edilməməsini göstərsə də, bütün bunları təsdiq edən hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apelyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-104/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-104/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar