Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-494/2022 29.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İskəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(033)-1038/2019 saylı qətnaməsindən iş üzrə İddiaçı və Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) 11 dekabr 2019-cu il tarixli, 2(033)-1038/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı, üçüncü şəxs X5 olmaqla, Cavabdeh ilə X5 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair ilk iddiasının və Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin 11-ci bəndinin tələbi pozulduğundan icarə müqaviləsinin şərtinə uyğun olaraq İddiaçı 300000 (üç yüz min) manat pulun tutularaq ona qaytarılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Sözügedən qətnamədən İddiaçı və Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2(107)-644/2020 saylı qətnaməsi ilə cavabdeh (qarşılıqlı tələb üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, ilk iddiaçı (qarşılıqlı tələb üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(033)-1038/2019 nömrəli qətnaməsi “İddiaçı Cavabdeh, cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şəxs X3 qarşı Cavabdeh ilə X5 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair ilk iddiasının təmin edilməməsi” hissəsində ləğv edilməsi, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbi təmin edilməsi, İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şəxs X3 qarşı Cavabdeh ilə X5 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsi (fındıq emalı sexinə dair) vaxtından əvvəl ləğv (xitam) edilməsi və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2(107)-644/2020 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(102)-730/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2(107)- 644/2020 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(107)- 1030/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(033)-1038/2019 saylı qətnaməsi “İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şəxs X3 qarşı Cavabdeh ilə X1 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair ilk iddiasının təmin edilməməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılaraq ilk iddia tələbi təmin edilməsi, X5 ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsi (fındıq emalı sexinə dair) vaxtından əvvəl ləğv (xitam) edilməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(107)- 1030/2021 saylı qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2(102)-6404/2021 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(107)-1030/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi və iddianın həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh, Zaqatala rayon 2 saylı Notariat Ofisi və üçüncü şəxs X3 qarşı Cavabdeh ilə X5 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə mahiyyəti üzrə baxılarkən Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək iddiaçı-cavabdeh İddiaçı tərəfindən 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinin 11-ci bəndinin tələbi pozulduğundan icarə müqaviləsinin şərtinə uyğun olaraq İddiaçı 300.000 (üç yüz min) manat pulun tutularaq ona qaytarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-cavabdeh iddia tələbini belə əsaslandırmışdır ki, vaxtilə Nurullah Osmanova məxsus olan və 30.07.2015-ci il tarixli icarə müqaviləsilə Cavabdeh müəyyən şərtlərlə icarəyə verilmiş fındıq emalı sexi onun tərəfindən 27.07.2016-cı il tarixdə notariat qaydasında təsdiq olunmuş Müqavilə ilə satın alınmış və müvafiq qaydada Dövlət Reyestrində onun bu mülkiyyətinin qeydiyyatı aparılmışdır. Bundan sonra adı gedən X12 əvvəlki sahibi Osmanov NurullaAbdulla oğlu, hazırkı iş üzrə cavabdeh - Cavabdeh qarşı Yasamal Rayon Məhkəməsinə İddia Ərizəsilə müraciət edərək, cavabdehlə arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehdən vaxtında ödənilməmiş 14.972 manat icarə haqqının və istismar xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 14 may 2018-ci tarixli, 2(004)-2765/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 2967 manat icarə haqqı borcu, 230 manat maddi zərər, ümumilikdə 3197 manatın tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellvasiya şikayətilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(103)-10875/2018 saylı qətnaməsilə adı gedən iddianı vermək üçün subyektiv hüququn yalnız bu mülkün yeni sahibinə: mənə - İddiaçı aid olması əsas gətirilərək, Yasamal Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli, 2(004)-2765/2018 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni Qətnamə qəbul edilərək, iddiaçı X4, cavabdeh - Cavabdeh qarşı iddiası rədd edilmişdir. (Bu hissədə Ali Məhkəmə də Qətnaməni qüvvədə saxlamışdır).Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin adı gedən Qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçı - N.A.Osmanov ümumiyyətlə “...hazırkı iddianı vermək üçün subyektiv hüquqa malik olmamışdır...”. Belə ki, adı gedən mülk hazırda N.A.Osmanova məxsus olmadığından bu hüquq yalnız yeni mülkiyyətçiyə yəni ona aiddir. İddiaçının şikayətilə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının 20.05.2019-cu il tarixli, 2(102)-3694/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(103)-10875/2018 saylı Qətnaməsi müqavilənin ləğv edilməsi hissəsində subyektiv hüququn bu mülkün yeni sahibinə: - hazırkı iş üzrə İddiaçı aid olması qənaətinə gəlməsini doğru hesab etmiş, bu Qətnamə qismən icarə haqqının ödənilməsi hissəsində ləğv edilmiş, iş bu hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, adı gedən Məhkəmə Aktlarında da qeyd olunduğu kimi, bu müqavilənin ləğv edilməsi üçün müraciət etmək hüququ məhz ona məxsusdur. İlkin Məhkəmə Aktlarından da göründüyü kimi, cavabdeh bu icarəyə götürdüyü X12 icarəsi üzrə nə onun ilkin mülkiyyətçisinə, nə dəki sonradan bu mülkün sahibi olan ona hər hansı bir məbləğdə icarə haqqı ödəməmişdir. Cavabdehlə olan ilkin İcarə Müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən icarəyə verənə illik 3000 manat icarə haqqını verməyi öz öhdəsinə götürür. Tərəflərin qarşılıqlı razılığı ilə hər il icarə haqqının dəyişdirilməsinə baxıla bilər.Adı gedən Müqavilənin 10-cu bəndinə əsasən İcarəçi hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş vergilərin ödənilməsini də öz üzərinə götürmüşdür.Bununla belə, hələ o dövr üçün də kəskin ucuz qiymətə götürülmüş 0,1412 ha torpaq sahəsi olan və 702,5 m2 qeyri yaşayış sahəsi olan X12 aylıq icarə haqqı 250 manat olması reallığı əks etdirmədiyindən və Vergi Orqanları tərəfindən qəbul edilmədiyindən bu X8 müvafiq qeydiyyatdan keçirmək mümkün olmamışdır.Göründüyü kimi, həm vaxtilə bazar qiymətindən dəfələrlə ucuz qiymətə icarəyə götürülmüş və bugunədək də bu icarə müqaviləsi üzrə hər-hansı bir ödəniş olunmamış icarə predmeti olan X12 mülkiyyətçisi dəyişdiyindən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi də həmin sahə üzrə icarə münasibətlərinə yenidən baxılmasını zəruri etmişdir. Bununla əlaqədar, o, 29 iyul 2019-cu il tarixdə icarə münasibətlərinin Cavabdehlə davam etdirilməsini, müqavilə şərtlərinə yenidən baxılmasını sonuncuya təklif etmiş və 5 gün ərzində bu təklifinə cavab verilməsini xahiş etmişdir. Təklifinə müsbət cavab olmadığı təqdirdə adı gedən icarə müqaviləsinin ləğv edilməsi və icarə münasibətlərinə xitam verilməsi barədə tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə Cavabdehə bildirilmişdir. Bununla belə, bu günədək Cavabdeh adı gedən Təklifini almasına baxmayaraq bu təklifinə heç bir reaksiya verməmiş, bu təklifinə məhəl qoymamış, onu cavablandırmamışdır.Məlum olduğu kimi, mülki qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur. Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar. Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. O hal da nəzərə alınmalıdır ki, adı çəkilən icarə müqaviləsinin 5-ci bəndinə görə, müqavilə bağlandıqdan ilk 3 ay ərzində icarəçi icarəyə verənə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür, bununla belə, nə o vaxt nə dəki halhazıradək icarəçi bu icarə haqqını ödəməmişdir. Həmçinin, cavabdeh-iddiaçı icarə müqaviləsini bağlamasına baxmayaraq, nəinki illik icarə haqqını ödəməmiş, hətta icarə haqqından tutulmalı olan vergi öhdəliklərini belə yerinə yetirməmişdir. Cavabdeh nümayəndəsi X6 qarşılıqlı iddianı tələbini onunla əsaslandırmışdır ki, hazırki ilk iddianı irəli sürmüş İddiaçı 2017-ci ildə də eyni iddianı irəli sürmüş, həmin iddianın rədd edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxarılmışdır. Qanunvericiliyin tələbinə görə bu iddia tələbi yenidən mübahisələndirilə bilməz. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 11-ci bəndinə əsasən icarəyə verən müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda icarə müddəti ərzində ödəniləcək icarə haqqının on qat məbləğini icarəyə götürənə qaytarmalıdır. Hesab edir ki, iddia tələbi əsassızdır və qanunsuzdur. Odur ki, ilk iddianın rədd olunmasını və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı və Cavabdeh tərəfindən аpellyаsiyа şikayətləri verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış, şikayətdə göstərilmişdir ki, məhkəmə sübutları sadalamaqla kifayətlənmiş, sübutları əlaqələndirməmiş, araşdırılan sübutların qəbul edilib edilməməsinin səbəbləri aydınlaşdırılmamış, heç bir araşdırma aparmadan, qanunun tələblərini kobud şəkildə pozmaqla, fərziyyələrə əsaslanmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(033)1038/2019 nömrəliqətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən müqavilənin birtərəfli ləğvi müqavilənin 11-ci bəndində göstərilən və tərəflərin iradəsinə uyğun olaraq qarşılıqlı iddia ərizəsində göstərilən məbləğin icarəçi tərəfindən tələb edilməsi hüququnu yaradır. 3 ildən artıqdır qarşı tərəfin təqsiri səbəbindən sexdən istifadə edə bilmirlər. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(033)-1038/2019 saylı qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, həmin şikayətin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(033)-1038/2019 saylı qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, eyni zamanda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh, Zaqatala rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi və üçüncü şəxs X5 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2(102)-6404/2021 saylı qərarında göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(033)-1038/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2(102)-6404/2021 saylı qərarında göstərmişdir ki, “...Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddiasını 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbinə dair hissədə təmin edərkən icarə müqaviləsinin dövlət qeydiyyatına alınmamasını, Cavabdeh tərəfindən 10 illik icarə haqqının əvvəlcədən ödənilməsi barədə onun göstərdiklərinin inandırıcı olmamasını, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının Cavabdeh iddiası əsasında baxılmış başqa iş üzrə qəbul edilmiş 10 iyul 2017-ci il tatixli qətnaməsi ilə onun tərəfindən əmlakın əvvəlki mülkiyyətçisi N.Osmanova 30.000 manat ödənilməsinin müəyyən olunmaması, İddiaçı əmlaka dair Cavabdehlə icarə müqaviləsinin bağlanmasından xəbərsiz olmasını və belə vəziyyətdə uzun müddətə bağlanmış icarə müqaviləsinin onun mülkiyyət hüququnu pozmasını əsas göstərmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, məhkəmə iş üçün əhəmiyyəti olan bütün halları nəzərə almadan, onlara müvafiq hüquqi qiymət vermədən nəticəyə gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz...” İş materiallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi onun mülkiyyətçisi N.Osmanov tərəfindən 30 iyul 2015-ci il tarixli icarə müqaviləsi əsasında Cavabdeh 10 il müddətinə - 30 iyul 2025-ci il tarixə kimi icarəyə verilmiş və illik icarə haqqı 3000 manat məbləğində müəyyən olunmuşdur. Həmin əmlak N.Osmanov tərəfindən İddiaçı 2016-cı ilin iyul ayında satıldıqdan sonra Cavabdeh N.Osmanova qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, icarə müqaviləsindən irəli gələn istifadə hüququnun bərpa edilməsi, N.Osmanov və 3-cü şəxs İddiaçı icarə obyektindən şıxarılması və özünün həmin obyektə köçürülməsi barədə məhkəmədə iddia qaldırmış, həmin iddia tələbi üzrə cavabdeh N.Osmanov isə icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı tələb irəli sürmüşdür. Zaqatala Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilməmiş, N.Osmanovun qarşılıqlı iddiası isə təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilərək Cavabdeh iddiası icarə obyektindən istifadə hüququnun bərpa edilməsi, cavabdehlər N.Osmanov və İddiaçı icarə müqaviləsində göstərilən fındıq sexindən çıxarılması və Cavabdeh həmin sexə köçürülməsi hissəsində təmin edilmiş, alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair hissədə iddianın təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə N.Osmanovun S. Abdullayevə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 dekabr 2017-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2018-ci ildə N.Osmanov Cavabdeh qarşı 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehdən onun xeyrinə 14.972 manatın tutulması barədə iddia qaldırmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edilmiş, Cavabdeh H.Osmanovun xeyrinə 3197 manat tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, icarə müqaviləsinin ləğv edilməsi və s. tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 20 may 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi icarə haqqı üzrə borcun tutulması tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, icarə haqqı üzrə borcun, zərərin, gecikdirilmə faizinin və hüquqi xidmət xərcinin ödənilməsi tələbinə dair N.Osmanovun iddiası rədd edilmişdir. Sadalanan məhkəmə qərarlarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh icarə obyektindən istifadə hüququ bərpa edilməklə N.Osmanov və İddiaçı fındıq sexindən çıxarılması və Cavabdeh həmin sexə köçürülməsi qət olunsa da, həmin qətnamə icra olunmamış və o, icarəci kimi fındıq sexindən müqaviləyə uyğun istifadə etmək imkanından məhrum olunmuş və həmin sex İddiaçı istifadəsindədir. Lakin buna baxmayaraq əmlakın yeni mülkiyyətçisi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilədə müəyyən olunmuş icarə haqqının az olmasını, müqavilə şərtlərinə yenidən baxılması barədə 28 iyul 2019-cu il tarixdə göndərdiyi təklifə Cavabdeh münasibət bildirməməsini və ümumiyyətlə ona hər hansı məbləğdə icarə haqqının ödənilməməsini əsas göstərməklə icarə müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Cavabdeh iddia etməsinə görə o, əmlakın əvvəlki mülkiyyətçisi olan N.Osmanova müxtəlif vaxtlarda cəmi 30.000 manat olmaqla bütün 10 illik icarə dövrü üçün icarə haqqını əvvəlcədən ödəmişdir. Mülki işin 1-ci cildinin 73-75-ci səhifələrində olan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının N.Osmanovun Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, icarə haqqının və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə qəbul etdiyi 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh göstərdiklərini təsdiq edən sübut kimi məhkəməyə N.Osmanova 05 avqust 2015-ci il tarixdə 29.500 ABŞ dolları və 3500 manat, 21 avqust 2015-ci il tarixdə 500 manat, 07 sentyabr 2015-ci il tarixdə 200 manat, 17 sentyabr 2015-ci il tarixdə 100 manat məbləğində pul verməsini təsdiq edən sonuncunun əl yazısı ilə icra edilmiş qəbzlər təqdim etmişdir. Eyni zamanda sonuncu Nurullah Osmanovun pul vəsaitləri ilə birgə şəkilini də təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası sözü gedən qətnamədə göstərmişdir ki, “... həmin qəbzlərdəki “aldım. Osmanov Nurulla.” Qeydinin və imzanın, habelə fotaoşəklin iddiaçı nurullah Osmanova məxsus olması nəinki mübahisələndirilməmiş, əksinə, onun nümayəndəsi həmin yazının, imzanın və fotoda əks olunan şəxsin iddiaçıya aid olduğunu etiraf etmişdir. Belə olan halda, məhkəmə kollegiyası qəbzləri və fotoşəkilləri mötəbər sübut kimi qəbul edərək bu nəticəyə gəlir ki, cavabdeh Cavabdeh icarə obyektinin 11 ay 26 gün üçün icarə borcundan və iddia olunan zərər məbləğindən xeyli artıq pul vəsaitini Nurullah Osmanova verdiyini sübuta yetirmişdir”. Həmin qətnamə ilə həmçinin X7 Abdullayevdən aldığı pul məbləğini icarə haqqı kimi deyil, başqa münasibət (borc) üzrə ödəniş olduğunu sübuta yetirə bilmədiyi müəyyən edilmişdir. Hazırkı iş üzrə İddiaçı sözü gedən mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-ci maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyindən hazırkı mülki iş üzrə tərəflər həmin qətnamə ilə müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı indiki prosesdə mübahisə edə bilməzlər. Tərəflər arasında bağlanmış icarə müqaviləsi dövlət reyestrində qeydə alınmasa da, işdən görünür ki, həmin müqavilə onun iştirakçılarının iradəsinə uyğun bağlanmış, müqavilədə tərəflərin öhdəlikləri, məsuliyyəti, müqavilənin müddəti və digər mühüm şərtlər müəyyən olunmuş və müqavilə notariatda təsdiq olunmuşdur. Həmin icarə müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilməmiş və indiyə kimi qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunduğu kimi əmlakın icarəçinin istifadəsinə verilməsi ilə əlaqədar Cavabdeh hüquqları pozulmuş, əmlakın İddiaçı satıldığı 2016-cı ilin iyul ayından sonra o, icarə obyektindən çıxarılmış və 2016-cı ildən başlayaraq əmlakın əvvəlki və hazırkı mülkiyyətçisi tərəfindən müxtəlif məhkəmə çəkişmələrinə cəlb edilməklə ona əmlakdan icarə obyekti kimi istifadə etməsinə imkan yaradılmamışdır. Müqaviləyə yenidən baxılması barədə təklif isə Cavabdeh işdən göründüyü kimi 2019-cu ilin iyul ayında edilmiş və həmin təklif müqaviləyə məhkəmə tərəfindən vaxtından əvvəl xitam verilməsi üçün əsas verən səbəblərdən biri kimi qəbul edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh ilə Nurullah Osmanov arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsindən irəli gələn istifadə hüququ bərpa edilərək, Nurullah Osmanov və İddiaçı icarə müqaviləsində göstərilən fındıq sexindən çıxarılması və Cavabdeh həmin sexə köçürülməsi qət edilmişdir. Eyni zamanda sözü gedən müqavilənin etibarsız hesab edilməsi rədd edilib. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mübahisəli əmlakın mülkiyyətçisi kimi onun hüquqlarının qorunması ilə yanaşı həmin əmlakın icarəçisi Cavabdeh də hüquqları da eyni qaydada qorunmalıdır. Məhz həmin səbəbdən əmlakın keçmiş və hazırkı mülkiyyətçiləri məhkəmənin qüvvəyə minmiş qətnaməsi ilə icarə obyektindən çıxarılmış və icarəçi Cavabdeh həmin obyektə köçürülmüşdür. Lakin bundan sonra da icarəçinin hüquqlarının pozulması davam etmiş və həmin qətnamə icra olunmamışdır. Beləliklə, icarə müqaviləsi üzrə icarəçi Cavabdeh istifadə hüququ qətnamə əsasında tanınmış və hazırda həmin qətnamə qüvvədədir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 11-ci bəndinə görə, icarəçi bu müqavilənin qüvvədə olma müddəti başa çatandan sonra onun müddətinin uzadılmasında üçüncü şəxslər qarşısında üstünlük hüququna malikdir. Hər hansı bir tərəf digər tərəfi 6 ay qabaqcadan xəbərdar etməklə bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Müqaviləyə vaxtından əvvəl xitam verildikdə həmin vaxtadək icra olunmuş öhdəliklər üzrə hesablaşma aparılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hazırkı iş üzrə 29 dekabr 2021-ci il tarixli, 2(102)-6404/2021 saylı qərarında göstərmişdir ki, “...apellyasiya instansiyası məhkəməsi iş üzrə Cavabdeh qarşılıqlı iddiasını əsassız sayıb rədd edərkən, onun tərəfindən irəli sürülmüş tələbin müqavilənin davam etdirilməsindən daha çox İddiaçı pul tələb edilməsi məqsədi daşımasını əsas göstərmişdir. İşdən görünür ki, Cavabdeh qarşılıqlı iddiasında əmlakın mülkiyyətçisi İddiaçı tərəfindən müqavilə şərtinin pozulmaqla müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə tələb irəli sürülməsini və belə olduqda onun müqavilənin 11-ci bəndinə əsasən tam icarə müddəti ərzində ödənilən və ödəniləcək icarə haqqının onqat məbləğini ona ödəməli olmasını əsas göstərmişdir. Müqavilənin 11-ci bəndinə görə müqaviləyə icarəyə verən tərəfindən vaxtından əvvəl xitam verildiyi halda tam icarə müddəti ərzində ödənilən və ödəniləcək icarə haqqının onqat məbləğini icarəçiyə ödəməlidir..”. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Hüquq normalarının məzmunundan göründüyü kimi müqavilə üzrə tərəflər öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ilk iddia tələbi təmin oluna bilməz. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia təmin olunmamalıdır. Belə ki, qarşılıqlı iddianın özündən göründüyü kimi, ilk iddia təmin olunduğu, yəni sözügedən icarə müqaviləsi birtərəfli ləğv olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilərdi. Yəni, mübahisələndirilən müqavilənin birtərəfli ləğvi müqavilənin 11-ci bəndində göstərilən və tərəflərin iradə ifadəsinə uyğun olaraq qarşılıqlı iddia ərizəsində göstərilən məbləğin icarəçi tərəfindən tələb edilməsi hüququnu yaradır. Hazırkı vəziyyətdə məhkəmə ilk iddianın təmin olunmaması qənaətinə gəldiyindən hesab edir ki, qarşılıqlı iddia da təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(033)- 1038/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətləri təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(033)-1038/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-494/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-494/2022
29.03.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver