Məhkəmə qərarları › İş №2(107)-542/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-542/2022

11.10.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-542/2022 11.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(051)-434/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh2 və X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim N.Paşayev) 01 aprel 2021-ci il tarixli, 2(051)- 434/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 5394 (beş min üç yüz doxsan dörd) manat məbləğində pul alınaraq İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 10.50 manatı (30 manatın 35%) hissəsi cavabdehlər Cavabdeh2 və X1 alınıb İddiaçı verilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı 11229 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb verilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək cavabdehlərdən 15.357 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (i/m səh.42). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Mingəçevir şəhəri H.Əliyev prospekti 42 ünvanında yerləşən “Zümrüd” adlı mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdehlərlə uzun müddət alış-veriş etdiyi üçün sonunculara inanaraq onlara 2019cu ilin yanvar ayından başlayaraq qızıl-zinət əşyalarını nisyə satmışır. Həmin vaxt cavabdehlər könüllü olaraq borcu hissə-hissə qaytaracaqları barədə qəbz yazmış, lakin borcun bir qismi Pərvizin əmək haqqı kartından ödənildikdən sonra, cavabdehlər qalan borcu qaytarmaqdan imtina etmişlər. O dəfələrlə cavabdehlərdən borcun qaytarılmasını tələb etsə də, sonuncular onunla razılaşmayaraq qalıq borcu ödəməkdən imtina etmişlər. Bu səbəbdən məhkəməyə müraciət emək məcburiyyətində qalmışdır. Qeyd edir ki, cavabdehlərə ilkin olaraq 24.2 qram sep, 17.3 qram komplekt, 25.93 qram olan qızılı cəmi dəyəri 3320 manata, 70 qram çəkidə qızıl əşyası dəyəri 5600 manat, sonra xx.xx.2019-cu il tarixdə yenidən cavabdehlərə 19.59 qram “Bismark” Moskva sepi, 25.76 qram İtaliya komplekti, 9.75 qram sırf qızıldan boyunbağ, 7.09 qram bilərzik, 8.11 qram “Kobra” boyunbağısı, 7.21 qram qızıl sırğa, həmin vaxt qızılların cəmi qramı 77.51 qram olub dəyəri 6208 manat təşkil etmişdir. Bir müddət sonra, yəni xx.xx.2019-cu il tarixdə yenidən cavabdehlərə cəmi 29.9 qram olan, cəmi dəyəri 2400 manat olan qızıl-zinət əşyaları və əlavə olaraq 15.55 qram komplekt, 4.8 qram qolbağ, 10.4 qram sırğa nisyə satmışdır. Qızıl zinət əşyaları 585 əyyarlı olmuşdur. Cavabdehlər ona olan cəmi 19.228 manat borcdan hissə-hissə 7999 manat ödəmiş, qalan borcu ödəməkdən imtina etmişlər. Odur ki, 11229 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi və tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində məbləğləri qeyd etmədiyini bildirərək qızılların qiymtəinin, 70 qram x 72 manat =5040 manat; 72.51 qram x 72 manat = 5580 manat; 29.9 qram x 80 manat = 2400 manat, 30.03 qram x 72 manat = 2162 manat, 2400 manat köhnə borcdan qalıq, 6.43 qram x 69 manat = 450 manat, 69.68 qram x 80 manat = 5575 manat, 9.37 qram x 80 manat = 750 manat olmaqla cəmi 24157 cavabdehlərin borcu olduğunu və həmin borcdan 8999 manatın cavabdehlər tərəfindən ödənildiyini, lakin hazırda cavabdehlərin 15352 manat borcunun ödənilməmiş qaldığını göstərmişdir: Ona görə də, məhkəmədən 15357 manat pulun cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Qətnamədən narazı qalan İddiaçı, cavabdehlər Cavabdeh2 və X2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(107)- 1244/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(051)-434/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 7975 (yeddi min doqquz yüz yetmiş beş) manat və 15.57 manat dövlət rüsumunun əvəz alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(107)- 1244/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və X4 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli 2(102)-263/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1244/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(051)-434/2021 saylı qətnaməsini qismən əsassız və qanunsuz hesab edir. Belə ki, o, cavabdehləri uzun müddətdir ki, mağazasından qızıl-zinət əşyalarının alıcıları kimi tanımışdır. Onlarla münasibəti normal olduğu üçün o, cavabdehlərə 2019-cu ilin yanvar ayından başlayaraq qızıl-zinət əşyalarını nisyə satmağa başlamışdır. Cavabdehlər həmin vaxt borcun qaytarılması barədə qəbz yazaraq imzaları ilə təsdiq etmişlər. Eyni zamanda da Pərviz Məmmədzadə ona əmək haqqı kartını verərək, borcu hər ay həmin kartdan çıxmağını bildirmişdir. Borcun bir qismi əmək haqqından ödənildikdən sonra, cavabdehlər qalan borcunu ödəməkdən imtina etmişlər. O, qalan borcunun qaytarmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamədən narazıdırlar və bildirirlər ki, onların İddiaçı heç bir borcu yoxdur. Qeyd edirlər ki, iş üzrə iddiaçı bir neçə dəfə iddia tələbini dəqiqləşdirərək müxtəlif miqdarda iddialar qaldırmışdır. Bir neçə dəfə eyni əşyaları təkrar məbləğə daxil edərək onlara qarşı iddia irəli sürmüşdür. Mingəçevir Şəhər Məhkəməsinin 01 aprel 2021-cu il tarixli, 2(051 )-434/21 saylı qətnaməsini iddianın təmin olunan hissəsində ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətlərinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsi baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətində qeyd edilmiş xüsusatlarla bağlı oxşar məzmunda izahat verərək, cavabdehin apellyasiya şikayətinin təmin, iddiaçının verdiyi apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Hüququ məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli 2(102)-263/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1244/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli 2(102)-263/2022 saylı qərarında göstərilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi işdəki sübutları qiymətləndirməklə belə qənaətə gəlmişdir ki, iddiaçı, tələbində göstərdiyi miqdarda deyil, ümumilikdə 7.975 manat dəyərində qızıl əşyasını cavabdehə verdiyini sübuta yetirə bilmişdir. Cavabdeh də bu halı mübahisələndirmir. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi, 567.1-ci və 597.1-ci maddələri nəzərdən keçirilə bilər. Həmin normalara görə alıcı qəbul etdiyi əşyanın müəyyənləşdirilmiş qiymətini satıcıya ödəməlidir (§ 18-19). Bununla belə cavabdeh, iddiaya etiraz edərək qeyd olunan məbləğdə borcunu ödədiyini bildirir, buna sübut kimi iddiaçının etirafına istinad edir. Belə ki, iddiaçı əvvəlcə cavabdehin ona 7.999 manat, sonra isə 8.999 manat məbləğində pul qaytardığını bildirmişdir. Cavabdehin qənaətinə görə iddiaçının etiraf etdiyi məbləğ apellyasiya məhkəməsinin müəyyənləşdirdiyi və ondan tutduğu məbləğdən çox olduğu üçün iddianın təmin edilməsi doğru olmamışdır. Mövcud vəziyyətdə apellyasiya məhkəməsi iddianı 7.975 manat həcmində təmin etməsini belə əsaslandırmışdır ki, “cavabdeh tərəf 8999 manat ödəniş etdiyini bildirsə də, bunu sonuncu qalıq borclardan, yəni 5575 manat qalıq borcdan və əlavə götürülmüş 2400 manat dəyərində qızılzinətdən sonra ödənildiyini sübuta yetirə bilməmişdir. Çünki iddiaçı özü də 7999 manatın ödənildiyi inkar etmir, lakin həmin ödənişdən sonra qalan borcu mübahisələndirir” (§ 12) Göründüyü kimi, məhkəmənin qənaətinə görə, iddiaçı ödənişdən sonra qalan borcunu tələb edir. Bu mövqe ona dəlalət edir ki, cavabdeh 7.999 manatı ödədikdən sonra onun 7.975 manat borcu qalmışdır. Dolayısı ilə cavabdehin borcu əslində 7.999 manatdan artıq məbləğdə olmuşdur. Halbuki belə qənaət iddiaçının alacağının həcminə dair apellyasiya məhkəməsinin sübutları qiymətləndirməklə gəldiyi nəticə ilə uzlaşmır. Çünki, iddiaçının tələbin əsası kimi istinad etdiyi yazılı sənədlərdən 5-ci səhifədəki (7.975 manat borca dair) qəbz istisna olmaqla, digər (2-4-cüsəhifələrdəki) qəbzlər mötəbər sübut sayılmamışdır. Bu səbəbdən iddiaçının təqdim etdiyi (cavabdehlərin imzaladıqları) xx.xx.2019-cu il tarixli qəbz əsasında sübuta yetən alacağın miqdarı 7.975 manat qəbul edildikdə, cavabdehin daha artıq məbləğdə borclu olması barədə qənaət əsaslı sayıla bilməz. Bununla belə, tərəflər arasında daha əvvəl də alış-veriş münasibətlərinin olması, bu çərçivədə iddiaçının qəbul etdiyi 7.999 manat ödənişin hazırkı iş üzrə cavabdehdən tutulan 7.975 manatlıq borcdan əvvəl ödənmiş (daha böyük məbləğdə borcun bir qisminin ödənişi), yaxud ayrı bir öhdəliyin icrası olması iddia edilə bilər. Belə olan halda, həmin iddianı sübuta yetirmək cavabdehin deyil, iddiaçının üzərinə düşür. Başqa sözlə, cavabdeh sübut etməli deyil ki, onun 7.999 manatdan artıq borcu olmayıb (neqativ hal), əksinə iddiaçı sübuta yetirməlidir ki, cavabdehin ona ya həmin məbləğdən artıq həcmdə borcu olub, ya da 7.975 manatlıq öhdəlik 7.999 manatlıq icradan sonra əmələ gələn yeni borcdur (pozitiv hal). Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (§ 20). Bu baxımdan məhkəmə, sübutetmə yükünü düzgün bölüşdürməmiş, onu cavabdehin üzərinə qoymaqla iddianı qismən təmin etmişdir. Bu səbəbdən Kollegiya hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qətnamə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır (§ 21). Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarının 5-ci səhifəsində olan sonuncu “qəbzin” məzmunundan görünür ki, X5 Əliyevadan 70 qr qızıl götürməsi müqabilində kartının sonuncuya verməsi, İmarət Məmmədov 5575 manat borcun qalması, daha sonra yenidən İddiaçı 2400 manat dəyərində 29.9 qram qızıl və bundan sonra əlavə olaraq 15.55 qram komplekt, 4.08 qram qolbaq və 10.4 qram sırğa barədə qəbzə imza etmişlər. (Qəbz xx.xx.2019-cu il və 04 iyunda imzalanmışdır). Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 47 nömrəli rəyindən görünür ki, hal-hazırda 583 əyyarlı Rusiya istehsalı olan qızılın alış qiyməti 70-75 manat, satış qiyməti 80 manat dəyərindədir. Rusiya, Türkiyə və İtaliya istehsalı olan 585 əyyarlı qızılın alış qiyməti 85 manat, satış qiyməti 90 manat dəyərindədir. İtaliya istehsalı olan 750 əyyarlı qızılın alış qiyməti 90 manat, satış qiyməti 100-110 manat dəyərindədir. 583 əyyarlı və 585 əyyarlı lom qızıl əşyalarının qiyməti 60 manat dəyərindədir. 750 əyyarlı lom qızıl əşyalarının alış qiyməti 80 manat dəyərindədir. Qızıl zinət əşyalarının qiymətləndirilməsi hazırki dünya birja bazarlarına uyğun qaydada qiymətləndirir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2022-ci il tarixli, 2(107)- 542/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(051)-434/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh2 və X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti üzrə icraat 10 dekabr 2021-ci il tarixdə ölmüş hazırki iş üzrə Cavabdeh1 hüquqi vаrisi müəyyən edilənədək dayandırılmışdır. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 17 avqust 2022-ci il tarixli arayışı Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 2(107)-542/2022 saylı qərardadı ilə iş üzrə icrааt təzələnmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh2 və X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(051)- 434/2021 nömrəli qətnaməsi ləğv edilməli, iddia isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Təhlil olunan işdən aydın olur ki, cavabdeh, iddiaya etiraz edərək qeyd olunan məbləğdə borcunu ödədiyini bildirir, buna sübut kimi iddiaçının etirafına istinad edir. Həmçinin, iddiaçı əvvəlcə cavabdehin ona 7.999 manat, sonra isə 8.999 manat məbləğində pul qaytardığını bildirmişdir. İşə kassasiya qaydasında baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kallegiyasının hazırkı qərarında qeyd edildiyi kimi “Bununla belə, tərəflər arasında daha əvvəl də alış-veriş münasibətlərinin olması, bu çərçivədə iddiaçının qəbul etdiyi 7.999 manat ödənişin hazırkı iş üzrə cavabdehdən tutulan 7.975 manatlıq borcdan əvvəl ödənmiş (daha böyük məbləğdə borcun bir qisminin ödənişi), yaxud ayrı bir öhdəliyin icrası olması iddia edilə bilər. Belə olan halda, həmin iddianı sübuta yetirmək cavabdehin deyil, iddiaçının üzərinə düşür. Başqa sözlə, cavabdeh sübut etməli deyil ki, onun 7.999 manatdan artıq borcu olmayıb (neqativ hal), əksinə iddiaçı sübuta yetirməlidir ki, cavabdehin ona ya həmin məbləğdən artıq həcmdə borcu olub, ya da 7.975 manatlıq öhdəlik 7.999 manatlıq icradan sonra əmələ gələn yeni borcdur (pozitiv hal)”. İşdən görünür ki, iddiaçı bundan əvvəl və hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumtlandırılmasına baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcədə iddianın təmini ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan, cavabdehlər Cavabdeh2 və X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(051)- 434/2021 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunmamalıdır. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdehlər Cavabdeh2 və X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(051)- 434/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq Qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh2 və X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(051)-434/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar