Məhkəmə qərarları › İş №2(107)-563/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-563/2021

17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-563/2021 17.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, maraqlı tərəf Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1023/2020 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 1023/2020 nömrəli qətnaməsi ilə Ərizəçi “Şəki rayonu Baş Göynük kəndində xx xxxxxx 1988-ci ildə anadan olmuş və yaşamış övladı X10 xx xxxxxxx 1996-cı il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi tələbinə dair” ərizəsi təmin edilməmiş, ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçinin özünə aid edilmişdir. İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Baş Göynük kəndində xx xxxxxx 1988-ci ildə anadan olmuş və yaşamış övladı X10 xx xxxxxxx 1996-cı il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1981-ci ildə X12 ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan onların altı uşağı anadan olmuşdur. Həmin uşaqlardan biri üç, digəri isə səkkiz yaşından sonra vəfat etmişdir. O, artıq pensiya yaşına çatmışdır. Qanunvericiliyin tələblərinə əsasən pensiya yaşına çatmış şəxslərə pensiya təyin edilərkən beşdən artıq uşağa 8 yaşdan yuxarı baxan şəxslərə güzəştlər tətbiq edilir. Onun xx xxxxxx 1988-ci ildə anadan olmuş uşağı X20 xx xxxxxxx 1996-cı il tarixdə vəfat etmişdir. X3 Şəki rayonu Baş Göynük kəndinin qəbiristanlığında dəfn etmişlər. Özünə pensiya təyin edilməsi üçün lazımi sənədləri hazırlayarkən X3n ölüm şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. X10 ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin uşağın ölümü barədə Şəki rayon qeydiyyat şöbəsində qeydiyyat aparılmamış və bu barədə həmin şöbə tərəfindən müvafiq arayış verilmişdir. Ona görə də X10 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Ərizəçi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan mövcud sübutlar əsasında baxılaraq ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə Ərizəçi iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında maraqlı tərəf Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X15 göstərmişdir ki, Ərizəçi Şəki rayonu Baş Göynük kəndində xx xxxxxx 1988-ci ildə anadan olmuş və yaşamış övladı X10 xx xxxxxxx 1996-cı il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Şəki rayon qeydiyyat şöbəsinə zəruri sənədləri təqdim edəcəyi halda ona ölüm haqqında şəhadətnamə verilə bilər. Məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həmkəndlisidir. X12 ilə Ərizəçi nikahlarından İlqar adlı uşaqları dünyaya gəlmişdir. Lakin uşaq 10 yaşına çatmamış, təxminən 1996-cı ildə vəfat etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X6 digər şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1023/2020 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə ərizəsinin təmin edilməməsinə əsas kimi onun uşağının ölüm tarixi ilə bağlı sübutları məhkəməyə təqdim etməməyini göstərmişdir. Halbuki, onun tərəfindən məhkəməyə kifayət qədər sübutlar təqdim edilmişdir. Həmçinin, tərəfindən bununla bağlı məhkəməyə şahidlər də dəvət edilmiş və həmin şahidlər də ərizəsi üzrə detallı ifadələr verərək, onun xx xxxxxx 1988-ci ildə anadan olmuş övladı X10 xx xxxxxxx 1996-cı il tarixdə vəfat etməsini təsdiq etmişlər. Lakin, təqdim etdiyi lazımi sənədlər, onun ifadəsi və şahid ifadələri məhkəmə tərəfindən diqqətə alınmamış, ümumiyyətlə, təqdim etdiyi sənədlərin, o cümlədən şahid ifadələrinin etibarsızlığı da mübahisə mövzusu olmamışdır. Məhkəmə ərizəsinin təmin edilməməsinə əsas kimi yalnız Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 144 nömrəli məlumatları əsas götürülmüşdür. Həmin məlumatlarda Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin 1986-1990-cı illər üzrə təsərrüfatbaşına kitabında xx xxxxxx 1988-ci il təvəllüdlü X10 ailə üzvü kimi göstərildiyi, Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin 1991-1995-ci illər üzrə təsərrüfatbaşına kitabında isə X10 ailə üzvü kimi göstərilmədiyi qeyd edilmiş, məhkəmə də bu halı əsas götürmüşdür. Yəni, məhkəmə onun təqdim etdiyi sənədləri, onun izahatını və şahid ifadələrini diqqətə almamış, yalnız həmin arxiv məlumatına əsaslanmışdır. Lakin, arxiv məlumatının Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin 1986-1990-cı illər üzrə təsərrüfatbaşına kitabına əsasən verildiyini, həmin kitabın isə nə dərəcədə mötəbər və düzgün olacağını nəzərə almamışdır. Belə ki, məhkəmənin ərizəsinin təmin edilməməsinə əsas kimi istinad etdiyi və iş materiallarında olan Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin 1986-1990cı illər üzrə təsərrüfatbaşına kitablarında onun xx xxxxxxx 1985-ci il təvəllüdlü uşağı X16 ilə də bağlı hər hansı bir məlumat öz əksini tapmamışdır. Həmin kitablara istinad etsək belə çıxır ki, onun xx xxxxxxx 1985-ci il təvəllüdlü X16 adlı uşağı da olmamışdır. Halbuki, iş materiallarına əlavə edilmiş xx xxxxxxx 1985-ci il və xx xxxxxxxx 1988-ci il təvəllüdlü doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətlərindən görünür ki, onunla əri X7 xx xxxxxxx 1985-ci il təvəllüdlü X16 adlı uşaqları anadan olmuş və həmin uşağın anası o, atası isə X9r. Yəni, belə bir vəziyyətdə həmin məlumatlara istinad etmək ağlabatan və məntiqli deyildir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir və nəticədə o, uşağının həqiqətən də ölməsi faktını müəyyən etdirə və həmin uşağına ölüm haqqında şəhadətnamə ala bilmir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəblərdən onun məhkəmə iclasında iştirak etməsinin mümkün olmayacağını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında maraqlı tərəf Şəki rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1023/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 05/Q-698/70 nömrəli arayışdan görünür ki, X10 1993-1999-cu illər üzrə arxiv məlumatlarında ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 05/Q-735/15 nömrəli məktubdan görünür ki, X10 ölümünün qeydə alınması mümkün olmadığından ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 1981-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X8 arasında xx xxxx 1981-ci il tarixdə bağlanmış nikah 12 nömrə ilə qeydiyyata alınmışdır. Ərə “Babayev”, arvada “Babayeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, xx xxxxxxx 1985-ci il təvəllüdlü X16 və xx xxxxxx 1988-ci il təvəllüdlü X10 atası X12, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 2066 nömrəli arayışdan görünür ki, xx xxxxxx 1988-ci ildə anadan olmuş Şəki rayonu Baş Göynük kənd sakini mərhum X20 ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edilməsi və onun 1996-cı ildə ölməsi ilə bağlı nə “Şəki RMX” publik hüquqi şəxsdə, nə də Baş Göynük KHM-də hər hansı araşdırılma sənədi qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 05/Q-1044/13 nömrəli məlumatdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx xxxxxx 1988-ci il təvəllüdlü X20 barəsində övladlığa götürmə haqqında və soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 65 nömrəli məlumatdan görünür ki, nümayəndəlikdə yalnız 2011-ci ildən sonrakı təsərrüfatbaşına kitablar saxlanıldığından Şəki rayonu Baş Göynük kənd sakini Ərizəçi yaşadığı evin təsərrüfatbaşına kitabda onun vəfat etmiş övladı barəsində hər hansı bir qeydiyyat aparılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 144 nömrəli məlumatlardan görünür ki, Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin 1986-1990-cı illər üzrə təsərrüfatbaşına kitabında xx xxxxxx 1988-ci il təvəllüdlü X20 ailə üzvü kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin 1991-1995-ci illər üzrə təsərrüfatbaşına kitabının surətindən görünür ki, X20 ailə üzvü kimi göstərilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitabının surətindən görünür ki, X20 ailə üzvü kimi göstərilməmişdir. Birinci instansiya məhkəməsi hesab etimişdir ki, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 307.2.3 və 307.2.8-ci maddələrinə görə, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 4.1-ci bəndinə görə, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə görə ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Ərizəçinin verdiyi izahatdan və işə əlavə edilmiş sənədlərdən görünür ki, X12 ilə Ərizəçi xx xxxx 1981-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan xx xxxxxx 1988-ci ildə İlqar adlı uşaqları dünyaya gəlmişdir. Lakin uşaq daha sonra vəfat etmiş, bu barədə hər hansı ölüm qeydi aparılmamışdır. Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin müxtəlif illərə aid təsərrüfatbaşına kitablarından çıxarışlar məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışlardan da görünür ki, xx xxxxxx 1988-ci il təvəllüdlü X10 müvafiq təsərrüfatbaşına kitablarda 1986-1990-cı illər üzrə ailə üzvü kimi göstərildiyi, 1991-1995-ci və 1996-2000-ci illər üzrə ailə üzvü kimi göstərilmədiyi aşkar edilmişdir. Göründüyü kimi, ərizədə qeyd edilən halların təsdiq edilməsi üçün Ərizəçi sübutlarını məhkəməyə təqdim etməsi dəfələrlə təklif olunmuş, ərizəçi heç bir sübutu olmadığını, işə təqdim etdiyi mövcud sübutlar əsasında baxılmasını xahiş etmişdir. Ərizəçi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş şahidlər isə X10 vəfat etmə tarixi barədə dəqiq fikir ifadə edə bilməmişlər. Əslində ölüm tarixinin şahid ifadələri əsasında müəyyən edilməsi də özlüyündə ağlabatan deyil və kiminsə ölüm tarixi barədə yazılı istinad mənbəyi olmadan, yaddaşa görə deyilmiş məlumat mötəbər sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Belə ki, ərizəçi tərəfindən məhkəməyə xx xxxxxx 1988-ci il təvəllüdlü X10 məhz xx xxxxxxx 1996-cı il tarixdə vəfat etməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Təqdim edilən sübutlar isə X10 xx xxxxxxx 1996-cı il tarixdə vəfat etməsi qənaətinə gəlməyə və həmin faktı müəyyən olunmuş hesab etməyə əsas vermir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin təsərrüfatbaşına kitablarında 1986-1990-cı illərə aid məlumatlarda xx xxxxxx 1988-ci il təvəllüdlü X20 ərizəçinin ailə üzvü kimi qeydə alındığı halda sonrakı - 1991-1995-ci və 1996-2000-ci illərə aid məlumatlarda onun ərizəçinin ailə üzvləri tərkibində göstərilməməsi X10 1991-ci ildən əvvəl vəfat etməsi nəticəsinə gəlməyə əsas verir. Üstəlik, təsərrüfatbaşına kitablarda 1989-cu ilə aid məlumatlarda ərizəçinin ailə üzvləri tərkibində göstərilmiş xx xxxxxx 1988-ci il təvəllüdlü X10 adının üzərindən sonradan çarpaz xətt çəkilmiş, bununla onun həmin ildə ərizəçinin ailə üzvləri sırasından çıxması barədə (çox güman ki, ölməsinə işarə edən) qeydiyyat aparılmışdır. Ərizəçinin apellyasiya şikayətindəki mülahizələrinin əksinə olaraq məhkəmə kollegiyası qeyd edir ki, təsərrüfatbaşına kitablar rəsmi statistik sənədlər olmaqla müvafiq illər üzrə kəndli təsərrüfatına aid, o cümlədən ailə üzvləri, istifadəsində olan yaşayış evi, torpaq sahəsi və s. barədə məlumatları özündə əks etdirir. Ona görə də təsərrüfatbaşına kitablarda olan məlumatların düzgünlüyünə və mötəbərliyinə şübhə ilə yanaşılması qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas vermir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1023/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1023/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar