Məhkəmə qərarları › İş №2(107)-568/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-568/2025

27.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-568/2025 27.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Əhmədova (Süleymanova) Aynur Şamil qızına qarşı (açar sözlər: barışıq sazişinin təsdiq ediməsi) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X6 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Ərizəçi – Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs – Əhmədova (Süleymanova) Aynur Şamil qızının iştirakı ilə, Ərizəçi maraqlı şəxs Əhmədova (Süleymanova) Aynur Şamil qızına qarşı “barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tаrixli, e-2(075)-706/2025 saylı qətnаməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-01746 nömrəli barışıq sazişindən görünür ki, “həmin sazişin 2.1ci bəndinə əsasən, Ərizəçi və Maraqlı şəxs aralarında 22 oktyabr 2007-ci il tarixdə Şəki şəhər VVADQ şöbəsində bağlanmış və bağlanması haqqında akt qeydləri kitabında 442 nömrə ilə qeyd edilmiş nikahın onlara barışmaları üçün vaxt verilmədən məhkəmə qaydasında pozulmasına, 2.2-ci bəndinə əsasən, Ərizəçi və Maraqlı şəxs birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları - 22 sentyabr 2009-cu il təvəllüdlü X2 atası Ərizəçi himayəsində və yanında saxlanılmasına, 01 fevral 2011-ci il təvəllüdlü X1 və 04 noyabr 2018-ci il təvəllüdlü X3 isə anası Maraqlı şəxs himayəsində və yanında saxlanılmasına, 2.3-cü bəndinə əsasən, 22 sentyabr 2009-cu il təvəllüdlü X2 anası Maraqlı şəxs ilə, 01 fevral 2011-ci il təvəllüdlü X1 və 04 noyabr 2018-ci il təvəllüdlü X3 isə atası Ərizəçi ilə sərbəst və məhdudiyyətsiz görüşməsinə, ünsiyyətdə olmasına və buna şərait yaradılmasına, həmçinin uşaqların istəyinə uyğun olaraq həftədə 2 (iki) dəfədən çox olmayaraq həm atanın, həm də ananın yanında gecə qalmalarına, 2.4-cü bəndinə əsasən, ata Ərizəçi himayəsində və yanında qalan 22 sentyabr 2009-cu il təvəllüdlü X7 ilə ana Maraqlı şəxs himayəsində və yanında qalan 01 fevral 2011-ci il təvəllüdlü X4 barəsində alimentin ödənilməsi hər uşaq bir valideynin himayəsində və yanında qaldığından tərəflərin bir-birilərinə aliment ödənişi əvəzləşir və bu uşaqlar üçün valideynlərin birbirilərindən aliment tələbnin olmamasına, ana Maraqlı şəxs himayəsində və yanında qalan bigə nikahdan olan digər uşaq 04 noyabr 2018-ci il təvəllüdlü X3 isə yetkinlik yaşına çatanadək saxlanılması üçün, əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanması şərti ilə hər ay 100 (bir yüz) manat alimentin hər ayın ilk beşgünlüyündə Ərizəçi alınaraq Maraqlı şəxs ödənməsinə, 2.5-ci bəndinə əsasən, hal-hazırda Maraqlı şəxs "xxxx" ASC-də adına olan 7600 manatlıq kreditin bağlananadək hər ay gecikmədən ödənişinin Ərizəçi tərəfindən edilməsiniə və 2.6-cı bəndinə əsasən hal-hazırda Ərizəçi aid olan 3500 manat məbləğində borcdan 3000 manatının ödənişinin Maraqlı şəxs tərəfindən edilməsinə hər iki tərəf razı olmuşlar.

2. İş materiallarında olan Maraqlı şəxs və Ərizəçi tərəfindən verilmiş 03 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi və Maraqlı şəxs bütün əşyalarını yığıb aparmışlar. Həmçinin Ərizəçi 3000 manat məbləğində pulu istəməyəcəkdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi ərizə ilə müraciət edərək, o, onunla Maraqlı şəxs arasında 20 sentyabr 2024-cü ildə bağlanmış MŞŞ/MT-018/2024-01746 nömrəli barışıq sazişinin 2.6-cı bəndinin (Ərizəçi aid olan 3500 manat məbləğində borcdan 3000 manatının ödənişinin edilməsini Maraqlı şəxs öz öhdəsinə götürür hissəsinin) və sazişinin 2.3-cü bəndinin (01 fevral 2011ci il təvəllüdlü X1 və 04 noyabr 2018-ci il təvəllüdlü X3 atası Ərizəçi ilə sərbəst və məhdudiyyətsiz görüşməsinə, ünsiyyətdə olmasına və buna şərait yaradılmasına, həmçinin uşaqların istəyinə uyğun olaraq həftədə 2 (iki) dəfədən çox olmayaraq yanında gecə qalmalarına Maraqlı şəxs müvafiq öhdəliklər götürür hissəsinin) təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Ərizəçi ərizəsini onunla işin yuxarıda göstərilən faktiki halları ilə əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(075)-2592/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında 22 oktyabr 2007-ci ildə Şəki şəhər VVADQ şöbəsində 442 nömrəli nikahın pozulması, mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-01746 nömrəli barışıq sazişinə əsasən 22 sentyabr 2009-cu il təvəllüdlü X2 atası Ərizəçi himayəsində və yanında saxlanılmasına, 01 fevral 2011-ci il təvəllüdlü X1 və 04 noyabr 2018-ci il təvəllüdlü X3 isə anası Maraqlı şəxs himayəsində və yanında saxlanılmasına, birgə nikahdan olan digər uşaq 04 noyabr 2018ci il təvəllüdlü X3 isə yetkinlik yaşına çatanadək saxlanılması üçün, əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanması şərti ilə hər ay 100 (bir yüz) manat alimentin hər ayın ilk beş günlüyündə Maraqlı şəxs ödənməsinə dair razılaşmalarının nəzərə alınması, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 manat xərcin və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdeh Ərizəçindən tutularaq iddiaçı Maraqlı şəxs ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra hər bir tərəf üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli idi. Sazişin 2.6-cı bəndinə əsasən 3000 manatının ödənişinin ona edilməsini Maraqlı şəxs öhdəsinə götürsə də ona 1000 manat pul gətirmiş və başqa məbləğ verə bilməyəcəyini bildirmişdir. O da həmin məbləği götürməkdən imtina edərək saziş üzrə kredit borcunu və alimenti ödəməyəcəyini bildirmişdir. Buna görə də tərəflər arasında bağlanmış sazişin şərtləri pozulmuşdur. Bundan bir müddət sonra Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək aralarında 20 sentyabr 2024-cü ildə təsdiq edilmiş MŞŞ/MT-018/2024-01746 nömrəli barışıq sazişinin 2.4-cü bəndinin ikinci yarımbəndi (ana Maraqlı şəxs himayəsində və yanında qalan bigə nikahdan olan digər uşaq 04 noyabr 2018-ci il təvəllüdlü X3 isə yetkinlik yaşına çatanadək saxlanılması üçün, əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanması şərti ilə hər ay 100 (bir yüz) manat alimentin hər ayın ilk beşgünlüyündə Maraqlı şəxs ödənməsini Ərizəçi öz öhdəsinə götürür və bu şərtlə hər iki tərəf Ərizəçi və Maraqlı şəxs razıdırlar hissəsinin) və 2.5-ci bəndinin (hal-hazırda Maraqlı şəxs "xxxx" ASC-də adına olan 7600 manatlıq kreditin bağlananadək hər ay gecikmədən ödənişinin edilməsini Ərizəçi öz öhdəsinə götürür hissəsinin) təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər iki tərəf sazişin müəyyən bəndlərinə riayət etmir. Cavabdeh ərizə verdiyi üçün və onun tələbinə baxıldığı üçün o da ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında Ərizəçi ərizəsinin mahiyyətinə uyğun izahat verərək bildirmişdir ki, Maraqlı şəxs ilə aralarında mediasiya prosesi zamanı bağlanmış xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-01746 nömrəli barışıq sazişinə əsasən uşaqları ilə maneəsiz görüşməsinə və ünsiyyət olmasına şərait yaratmalı olmasına, həmçinin ona 3000 manat məbləğində pulu ödəməli olmasına baxmayaraq, bu öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Evdə olan cehiz əşyaları aparılarkən Aynur ona 3000 manat pulun alınması barədə qəbzi imzalatmışdır. O, bank borcunun Maraqlı şəxs tərəfindən ödənəcəyinə razılaşdığı üçün 3000 manatın istənməməsi barədə qəbzi imzalamışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında Maraqlı şəxs izahat verərək bildirmişdir ki, ərizəçi uşaqların tərbiyələrinin pozulmasına səbəb olduğundan evdə görüşmələrinə şərait yaratmır. Aralarında mediasiya prosesi zamanı bağlanmış xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-01746 nömrəli barışıq sazişinin 2.6-cı bəndində nəzərdə tutulmuş şərti lazımi qaydad icra etmiş, 3000 manat məbləğində pulu ona ödəmişdir. Bu barədə də, ərizəçi tərəfindən qəbz yazılıb öz imzası ilə təsdiq edilmişdir. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Şəki Rayon Məhkəməsinin (hakim Elşən Vəliyev) 17 fevral 2025-ci il tаrixli, e- 2(075)-706/2025 saylı qətnaməsi ilə ərizə qismən təmin edilərək Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-01746 nömrəli barışıq sazişinin 2.3-cü bəndinin təsdiq edilməsi, 01 fevral 2011-ci il təvəllüdlü X1 və 04 noyabr 2018-ci il təvəllüdlü X3 atası Ərizəçi ilə sərbəst və məhdudiyyətsiz görüşmələrinə, ünsiyyətdə olmalarına, uşaqların istəyinə uyğun olaraq həftədə 2 (iki) dəfədən çox olmayaraq yanında gecə qalmalarına şərait yaradılmasına, ərizənin qalan hissədə təmin edilməməsinə, ödənilmiş dövlət rüsumunun ərizəçinin özünə aid edilməsi qət edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində lazımınca icra edilmədiyindən, ərizə qismən təmin edilməli, 01 fevral 2011-ci il təvəllüdlü X1 və 04 noyabr 2018-ci il təvəllüdlü X3 atası Ərizəçi ilə sərbəst və məhdudiyyətsiz görüşməsinə, ünsiyyətdə olmasına və buna şərait yaradılmasına, həmçinin uşaqların istəyinə uyğun olaraq həftədə 2 (iki) dəfədən çox olmayaraq yanında gecə qalmalarına dair Ərizəçi ilə Maraqlı şəxs arasında 20 sentyabr 2024-cü il tarixdə bağlanmış, mediasiya reyestrində MŞŞ/MT-018/2024-01746 nömrə ilə qeydiyyata alınmış barışıq sazişinin 2.3 – cü bəndi təsdiq edilməlidir.

9. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan Ərizəçi tərəfindən yazılaraq imzalanmış 3000 manat məbləğində pulu istəməyəcəyini bildirməsinə dair 03 oktyabr 2024-cü il tarixli qəbzlə maraqlı şəxsin həmin pulu ərizəçiyə ödədiyi öz təsdiqini tapdığından ərizə həmin hissədə təmin edilməməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1, 355-23.2, 355-25 və 355-26.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Ərizəçi Şəki Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tаrixli, e-2(075)-706/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti ərizəçi tərəfindən onunla əsaslandırılmışdır ki, iş materiallarında Ərizəçi tərəfindən yazılaraq imzalanmış 3000 manat məbləğində pulu istəməyəcəyini bildirməsinə dair 03 oktyabr 2024-cü il tarixli qəbz mövcuddur. O, məhkəmədə olan izahatında da bilridmişdir ki, Maraqlı şəxs adına götürülmüş kredit məbləğinin tərəfindən ödəməyi öz öhdəsinə götürmüşdür. Bu şərtə kimi həmin kredit birgə nikah dövründə olan öhdəlik olduğu üçün və həmin kreditin ödənilməsi hər ikisinin üzrəinə düşdüyü üçün cavabdeh Maraqlı şəxs ona qabaqcadan kredit məbləğinin yarsını, güzəştlə 3000 manat ödəməli və yekunda o, bütün krediti vaxt-vaxtında ödəməyi öhdələrinə götürməklərinə razılaşmışlar. Sazişdən qısa müddət sonra Maraqlı şəxs ona 1000 manat pul gətirmişdir. O da razılaşmışdır. Demişdir ki, belədirsə o da krediti ödəmir. Maraqlı şəxs də bildirdi ki o zaman yaz ki, “pulu istəmirəm”. O da yazmışdır ki, “3000 manatı istəmirəm”. O (ərizəçi), yazmamışdır ki, “pul mənə ödənildi”. Yazmışdır ki, “pulu istəmirəm”. Qeyd edir ki, Maraqlı şəxs sazişin 2.5-ci bəndində nəzərə tutulan Maraqlı şəxs "xxxx" ASC-də adına olan 7600 manatlıq kreditin bağlananadək hər ay gecikmədən ödənişinin edilməsini Ərizəçi öz öhdəsinə götürür hissəsini məhkəmə qərarı ilə təsdiq edib. O, məhkəmənin qərardadı ilə həmin pulu Maraqlı şəxs ödəməlidir. Necə olur onun saziş üzrə üzərinə götürülən öhdəliklər məhkəmə qərardadı ilə təsdiq edilir. Qarşı tərəfin saziş üzrə öhdəliklərini təsdiq etmir. Hər bir tərəfin məhkəməyə sübut təqdim etmək, istinad etdiyi halları sübut etmək səlahiiyətləri vardır. Onun 3000 manat pulu almağı nə ilə sübut edilir. Hansı qəbzlə o, 3000 manatı götürdü yazmışdır. Belə bir sübut yoxdur. “İstəməyəcəm” başqa bir sözdür. “Aldım, götürdüm, ödənildi” və s. eyni mənalı digər sözlər başqa bir sözdür. Çox təəssüf ki, məhkəmə “istəmirəm” sözünü “aldım” kimi qiymətləndirir. Yuxarıda göstərilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tаrixli, e-2(075)-706/2025 saylı qətnaməsinin qismən, təmin edilməmiş hissədə ləğv edib ərizənin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

14. Məhkəmə kollegiyasının iclаsındа Ərizəçi nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclаsındа maraqlı şəxs Əhmədova (Süleymanova) Aynur Şamil qızı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tаrixli, e-2(075)-706/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə ərizəçi birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilməyən hissəsini mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ərizənin təmin edilməyən hissəsində yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:

19. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir.

20. Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur.

21. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 3.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. 4.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

22. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

23. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

24. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

25. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

27. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

28. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 305.1.17. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır.

35. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

36. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

37. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

38. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

39. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

V. Apellyasiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tаrixli, e- 2(075)-706/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, sözügedən barışıq sazişi xx.xx.2024-cü il tarixdən imzalanmaqla, həmin sentyabr ayından başlayaraq tərəflər üçün məcburi xarakter daşımağa başlamışdır. Eyni zamanda, maraqlı şəxs barışıq sazişinin bağlanmasından sonra, yəni 2024-cü ilin sentyabr ayından başlayaraq razılaşdığı kimi birgə nikahlarında anadan olmuş uşaqları 01 fevral 2011-ci il təvəllüdlü X4 və 04 noyabr 2018-ci il təvəllüdlü X3 ataları ilə sərbəst və məhdudiyyətsiz görüşmələrinə, həftədə 2 dəfədən çox olmayaraq atalarının yanında gecə qalmaları şərait yaratmalı olmasına baxmayaraq, bu öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə ərizəçi barışıq sazişinin şərtlərinə əsaslanaraq, onun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir.

46. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizə qismən əsaslıdır. Belə ki, saziş qanunvericiliyin tələbinə zidd olmadığından təsdiq edilməsindən imtina edilməsi üçün əsas yoxdur. Bu səbəbdən də ərizə qismən təmin edilməklə tərəflər arasında imzalanmış barışıq sazişininin 2.3-cü bəndini təsdiq edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Ərizəçi apellyasiya şikayəti vermişdir.

47. Apellyasiya şikayətinin başlıca dəlili birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış 20 sentyabr 2024-cü ildə bağlanmış MŞŞ/MT-018/2024- 01746 nömrəli barışıq sazişinin 2.6-cı bəndinin təsdiq edilməməsi barədədir.

48. Tərəflər arasında olan barışıq sajişinin 2.6-cı bəndinə əsasən, hal-hazırda Ərizəçi aid olan 3500 manat məbləğində borcdan 3000 manatının ödənişi Maraqlı şəxs tərəfindən edilməlidir.

49. Birinci instansiya məhkəməsi iş materiallarında olan 03 oktyabr 2024-cü il tarixli qəbzə və tərəflərin izahatlarına əsasən belə hesab etmişdir ki, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-01746 nömrəli barışıq sazişinin 2.6-cı bəndinə əsasən Ərizəçi aid olan 3500 manat məbləğində borcdan 3000 manatının ödənişinin edilməsini öhdəsinə götürmüş Maraqlı şəxs sazişi könüllü şəkildə icra edərək həmin pulu Ərizəçi vaxtında ödəmişdir. Bu səbəbdən də ərizə həmin hissədə təmin edilməməlidir.

50. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Belə ki, 03 oktyabr 2024-cü il tarixli qəbzin Ərizəçi tərəfindən yazılaraq imzalanması işin mübahisələndirilməyən halıdır. ərizəçi tərəf yalnız onun məzmunu mübahisələndirərək göstərir ki, “istəməyəcəm” sözü “aldım, götürdüm, ödənildi” sözləri ilə eyni məna daşımır.

51. Kollegiya bununla razılaşmayaraq qeyd edir ki, təkcə söz və ifadələrin hərfi mənası deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası nəzərə alınmalıdır. Əgər qəbzin yazılmasında əsas məqsəd (həqiqi niyyət) pulun “ödənilməsi”nin (“alınması”nın) təsdiq edilməsi olmasaydı, onda ümumiyyətlə həmin qəbzin yazılması və imzalanması tərəflər üçün heç bir əhəmiyyət kəsb etməyən mənasız və anlamsız bir kağız parçası olardı və qəbzin yazılması və imzalanmasına zərurət olmazdı.

52. Bu baxımdan kollegiya hesab edir ki, qəbzdə yazılmış “istəməyəcəm” sözü pulun alınması və ya ödənilməsini ehtiva edir.

53. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

55. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

56. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

57. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

58. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tаrixli, e-2(075)-706/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

60. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (bax 43-cü bənd). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tаrixli, e-2(075)-706/2025 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar