Məhkəmə qərarları › İş №2(107)-590/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-590/2022

16.06.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-590/2022 16.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü, əsassız varlanma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyif oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(019)-108/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızına və Cavabdeh6 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3,Cavabdeh4, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızından və Cavabdeh6 10100 (on min bir yüz) manat pulun, 4400 (dörd min dörd yüz) ABŞ dollarının, 3 ton sementin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 143 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Balakən rayonu, Qazma kəndində yaşayır, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2014-cü ilin yay aylarında Balakən rayon Qazma kənd sakini Cavabdeh1 ona telefonla zəng edərək pula ehtiyacı olduğunu və ailə üzvlərinə məxsus torpaq sahəsini almağını xahiş etmişdir. Daha sonra Cavabdeh1 ilə torpaq sahəsinin qiyməti barədə danışıqlar aparan zaman sonuncu torpaq sahəsini 20000 manata satacağını bildirmişdir. O, satılacaq torpaq sahəsi üçün 20000 manat məbləğin çox olduğunu bildirərək ilkin olaraq 10000 manat pul verəcəyini, sonra 4400 ABŞ dolları və 3 ton sement verəcəyini bildirmişdir. Təklifinə razılaşdıqdan sonra 10000 manat pulu və 3 ton sementi şahidlərin iştirakı ilə Cavabdeh1 vermişdir. Cavabdeh ona Notariat Kontorunda alğı-satqı əməliyyatı aparmağı üçün dövlət aktının əslini təqdim etmişdir. Notariat Kontoruna getdikdə torpaq sahəsinin mülkiyyətçilərindən yalnız Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirak etdiyi, digər mülkiyyətçilər olmadıqları üçün alğı-satqı əməliyyatını həyata keçirə bilməmişlər. Bunun üçün cavabdehlər adından torpaq sahəsini öz adına sənədləşdirməyi üçün notariat kontorunda iştirak edən 3 nəfər şəxsin adından qardaşı Şahid3 etibarnamə verilmişdir.Lakin həmin vaxtı Notariat kontorunda 4400 ABŞ dolları pul məbləğini cavabdehlərə ödəmişdir.Cavabdeh1 4400 ABŞ dolları pulu alan zaman sözügedən 4400 ABŞ dollarını 1 gün gecikdirdiyi üçün 100 manat ondan əlavə pul tələb etmişdir. Həmin 100 manat pul məbləğini də cavabdehin evinə gedərək vermişdir. Cavabdehlər torpaq sahəsinin digər mülkiyyətçilərinin də torpaq sahəsini alğı-satqı etməyi üçün eyni məzmunda etibarnamə verəcəklərini vəd etsələrdə bugünki tarixə qədər verdikləri öhdəliklərə əməl etməmişlər. Bunun üçün torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlaya bilməmişdir. Qeyd etdiyi ifadələri təsdiq edəcək şahidləri vardır. Qeyd edir ki, Cavabdeh1 2018-ci il tarixdə Balakən Rayon Məhkəməsinə müraciət edərək özlərinə məxsus Balakən rayon Qazma kəndində yerləşən 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun çıxarılması, onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)-205/2019 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, onun Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətlərində olan Balakən rayonu, Qazma kəndində yerləşən torpaq sahəsindən çıxarılması, iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. Cavabdeh və ailə üzvlərinə məxsus torpaq sahəsindən çıxarıldığı təqdirdə torpaq sahəsinə dair ödəmiş olduğu 10100 manat, 4400 ABŞ dolları və 3 ton sement ona geri qaytarılmalıdır. Bunun üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(019)-108/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızına və Cavabdeh6 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızına və Cavabdeh6 Balakən rayonu Qazma kəndi ərazisindən 2.06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə görə onlara JN-134, KOD-40103018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilmişdir. 2015-ci ilin yanvar ayında iddaçı İddiaçı ilə cavabdehlər arasında sonuncuların mülkiyyətində olan həmin torpaq sahəsinin alğı-satqısı ilə bağlı razılaşma olmuş, torpaq sahəsinin alğı-satqısı ilə bağlı sənədlərin hazırlanması və qeydiyyatı üçün İddiaçı Cavabdeh1 100 manat pul vermiş, torpaq sahəsinə görə razılaşdıqları pulu alğı-satqı ilə bağlı sənədləşmə aparıldıqdan sonra verəcəyini bildirmişdir. 24 yanvar 2015-ci il tarixdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Balakən Rayon Notariat Kontoruna gedərək Balakən rayonu Qazma kəndində yerləşən JN-134 kod 40103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarına əsasən onlara verilmiş 2,06 hektar torpaq sahəsinin onlara çatası zəruri sənədlərin, o cümlədən Azərbaycan Respublikasının Daşınmaz əmlakın Dövlət reyestri Xidmətindən 1 nömrəli arayışı almağı, aldıqdan sonra sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adlarından imza etməyi, ərizə verməyi, və digər hərəkətləri etməyi etibar etmələrinə dair İddiaçı qardaşı Şahid3 10 il müddətinə etibarnamə vermişlər. Lakin İddiaçı torpaq sahəsinə görə verməli olduğu pulu cavabdehlərə verməmişdir.Bu səbəbdən Cavabdeh1 İddiaçı onlara məxsus torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)-205/2019 nömrəli qətnaməsi ilə onun iddiasının təmin edilməsi, onun və ailə üzvülərinin mülkiyyətində olan 1,75 ha torpaq sahəsindən İddiaçı çıxarılması və mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. 2019-cu ilin mart ayının 28-dən icra sənədi verilməsinə baxmayaraq İddiaçı müxtəlif üsullarla icra sənədinin icrasına imkan verməmişdir. 27 oktyabr 2021-ci ildə isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı ilə Cavabdeh1 arasında torpaq alğı-satqısı ilə bağlı heç bir müqavilə olmamışdır. İddiaçı Cavabdeh1 10100 manat pul, 4400 ABŞ dolları və 3 ton sement verdiyini iddia etsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onun vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 iddiaçının qardaşı, digər şahidlər Şahid2,Şahid1 və Şahid4 isə İddiaçı işçiləri olmaqla ondan asılı vəziyyətdə olan şəxslər olduğundan məhkəmə onların ifadələrinə tənqidi yanaşmış və onların ifadəsi işin faktiki hallarına uyğun olmadığından məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir. Belə ki, Şahid1 bir neçə şəxsin ,o cümlədən İddiaçı torpaq sahələrinə gözətçilik etdiyini bildirmişdir. O, eyni zamanda bir neçə il əvvəl yay vaxtı İddiaçı həyətində traktoru təmir etdikləri vaxt Cavabdeh1 ora gəlməsini , İddiaçı həyətindəki anbardan ona 3 ton sement verməsini, həmçinin həyətdə 10000 manatı sayıb Ərəbiddinə verdiyini göstərmişdir. Lakin sual cavab zamanı sementin hansı qaydada verilməsini, Ərəbiddinin sementi hansı maşınla , kimlərlə apardığını xatırlamadığını, hətta Cavabdeh1 ilk dəfə məhkəmə iclaısnda gördüyünü bildirmişdir. Eyni zamanda tərəflər arasında torpaq sahəsi ilə bağlı razılaşma 2015-ci ilin yanvar ayında olduğu halda o, pulun və sementin yay vaxtı verildiyini göstərmişdir. Həmçinin Şahid2 torpaq sahəsinin satılmasını ona Cavabdeh1 dediyini bildirmiş,Cavabdeh1 isə bunun yalan olduğunu göstərmişdir.Şahid4 da pulun və sementin mart-aprel aylarında verildiyini göstərmişdir. Məhkəmə işin qeyd edilən hallarını, habelə Cavabdeh1 ona qarşı torpaq sahəsindən çıxarılmaq haqqında iddia qaldırarkən İddiaçı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsini, qətnamədən apellyasiya şikayəti verməməsini, 2 il yeddi aydan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini, heç bir mötəbər sübut təqdim etməməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsasızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 443.2, 445.1, 445.2.1, 448.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 77.1, 81, 119-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 2014-cü ilin yay aylarında Balakən rayon Qazma kənd sakini Cavabdeh1 ona telefonla zəng edərək pula ehtiyacı olduğunu və ailə üzvlərinə məxsus torpaq sahəsini almağını xahiş etdi. Daha sonra Cavabdeh1 ilə torpaq sahəsinin qiyməti barədə danışıqlar aparan zaman sonuncu torpaq sahəsini 20000 manata satacağını bildirdi. O, satılacaq torpaq sahəsi üçün 20000 manat məbləğin çox olduğunu bildirərək ilkin olaraq 10000 manat pul verəcəyini, sonra 4400 ABŞ dolları və 3 ton sement verəcəyini bildirdi. Təklifi ilə razılaşdıqdan sonra 10000 manat pulu və 3 ton sementi şahidlərin iştirakı ilə Cavabdeh1 vermişdir. Cavabdeh ona Notariat Kontorunda alğı-satqı əməliyyatı aparmağı üçün dövlət aktının əslini təqdim etdi. Notariat Kontoruna getdikdə torpaq sahəsinin mülkiyyətçilərindən yalnız Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirak etdiyi, digər mülkiyyətçilər olmadıqları üçün alğı-satqı əməliyyatını həyata keçirə bilməmişlər. Bunun üçün cavabdehlər adından torpaq sahəsini öz adına sənədləşdirməyi üçün notariat kontorunda iştirak edən 3 nəfər şəxsin adından qardaşı Şahid3 etibarnamə verdilər. Torpaq sahəsinin mülkiyyətçilərindən biri Rusiyada, digərləri isə rayonda olmadıqları üçün alğı-satqı edə bilməmişlər. Lakin həmin vaxtı Notariat kontorunda 4400 ABŞ dolları pul məbləğini cavabdehlərə ödəmişdir. Cavabdeh1 4400 ABŞ dolları pulu alan zaman sözügedən 4400 ABŞ dollarını 1 gün gecikdirdiyi üçün 100 manat ondan əlavə pul tələb etmişdir. Həmin 100 manat pul məbləğini cavabdehin evinə gedərək vermişdir. Cavabdehlər torpaq sahəsinin digər mülkiyyətçilərinin də torpaq sahəsini alğı-satqı etməyi üçün eyni məzmunda etibarnamə verəcəklərini vəd etsələr də bugünki tarixə qədər verdikləri öhdəliklərə əməl etməmişlər. Bunun üçün torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlaya bilməmişdir. Qeyd etdiyi ifadələri təsdiq edəcək şahidləri vardır. Qeyd edir ki, Cavabdeh1 2018-ci il tarixdə Balakən Rayon Məhkəməsinə müraciət edərək özlərinə məxsus Balakən Rayon Qazma kəndində yerləşən 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun İddiaçı çıxarılması, onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ailə üzvlərinə məxsus pay torpaq sahəsini özü istifadə edə bilmədiyi üçün müvəqqəti istifadə etməsini İddiaçı xahiş etmiş, imkanı olanda alacağını bildirmişdir. 2012-ci ilin mart ayında cavabdeh ona məxsus torpaq sahəsini istifadə edir. Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(010)-205/2019 saylı qərarına əsasən iddia təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətlərində olan Balakən rayonu, Qazma kəndində yerləşən torpaq sahəsindən çıxarılması, iddiaçının mülkiyyət hüququnun bərpa edilməsinə dair qərar qəbul edilmişdir. Cavabdeh və ailə üzvlərinə məxsus torpaq sahəsindən çıxarıldığı təqdirdə torpaq sahəsinə dair ödəmiş olduğu 10100 manat, 4400 ABŞ dolları və 3 ton sement ona geri qaytarılmalıdır. Qeyd edir ki, məhkəmə tərəfindən şahid qismində məhkəmə iclasında dindirilmiş şəxslər Şahid4, Şahid3, Şahid2 və Şahid1 tərəfindən verilmiş ifadələri məhkəmə sübut qismində qəbul etməmiş, onların ifadələrinin faktiki hallara uyğun olmadığından tənqidi yanaşmışdır. Məhkəmənin qeyd olunan mövqeyi ilə razı deyil. Məhkəmə iclasında dindirilmiş şahidlər kifayət qədər açıq şəkildə qeyd edərək bildirmişlər ki, Cavabdeh1 pul və sement verməyinin şahidi olmuşlar. Eyni zamanda Cavabdeh1 məhkəmə iclasında vermiş olduğu ifadəsində ona torpaq sahəsini satmaqla bağlı razılığa gəldiklərini qeyd etmişdir. Lakin hazırki mülki iş üzrə cavabdeh Balakən Rayon Məhkəməsində ona qarşı Torpaq sahəsindən çıxarılmağı barədə iddia ərizəsi ilə müraciət edərkən iddia ərizəsində qeyd edir ki, ailə üzvlərinə məxsus pay torpaq sahəsini özü istifadə edə bilmədiyi üçün müvəqqəti istifadə etməsini İddiaçı xahiş etmiş, imkanı olanda alacağını bildirmişdir. 2012-ci ilin mart ayında cavabdeh ona məxsus torpaq sahəsini istifadə edir. Lakin məhkəmə cavabdeh X1 vermiş olduğu ifadələrə diqqət yetirməmişdir. Məhkəmə cavabdehin vermiş olduğu ifadələrə diqqət yetirsə məlum olası idi ki, cavabdeh tərəfindən verilmiş ifadələr bir-biri ilə ziddiyyət təşkil edir. Məhkəmə iclasında cavabdehin oğlu ilə torpaq sahəsinin ona satılması ilə bağlı olan səs yazısını məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında səs yazısına qulaq asmış, lakin məhkəmə qərarında səs yazısına dair heç bir münasibət bildirilməmişdir. Şahidlərin vermiş olduqları ifadələr və səsyazıları ilə bir daha təsdiq olunur ki, torpaq sahəsi ilə bağlı həqiqətən cavabdehlərə tərəfindən pul və sement verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, o, məhkəmə kollegiyasından Balakən Rayon Məhkəməsinin 2(019)-108/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunması və İddiaçı iddiasının təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 2(019)-108/2022 saylı, 26 yanvar 2022-ci il tаrixli qətnaməsinin ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam həcmdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin 100 manata aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tаrixli, 2(019)- 108/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən 100 manata aid hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən 100 manat pul tələbinə aid hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızına və Cavabdeh6 Balakən rayonu Qazma kəndi ərazisindən 2.06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə görə onlara JN-134, KOD-40103018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilmişdir. 2015-ci ilin yanvar ayında iddaçı İddiaçı ilə cavabdehlər arasında sonuncuların mülkiyyətində olan həmin torpaq sahəsinin alğı-satqısı ilə bağlı razılaşma olmuş, torpaq sahəsinin alğı-satqısı ilə bağlı sənədlərin hazırlanması və qeydiyyatı üçün İddiaçı Cavabdeh1 100 manat pul vermiş, torpaq sahəsinə görə razılaşdıqları pulu alğı-satqı ilə bağlı sənədləşmə aparıldıqdan sonra verəcəyini bildirmişdir. 24 yanvar 2015-ci il tarixdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Balakən Rayon Notariat Kontoruna gedərək Balakən rayonu Qazma kəndində yerləşən JN-134 kod 40103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarına əsasən onlara verilmiş 2,06 hektar torpaq sahəsinin onlara çatası zəruri sənədlərin, o cümlədən Azərbaycan Respublikasının Daşınmaz əmlakın Dövlət reyestri Xidmətindən 1 nömrəli arayışı almağı, aldıqdan sonra sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adlarından imza etməyi, ərizə verməyi, və digər hərəkətləri etməyi etibar etmələrinə dair İddiaçı qardaşı Şahid3 10 il müddətinə etibarnamə vermişlər. Lakin İddiaçı torpaq sahəsinə görə verməli olduğu pulu cavabdehlərə verməmişdir. Bu səbəbdən Cavabdeh1 İddiaçı onlara məxsus torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)-205/2019 nömrəli qətnaməsi ilə onun iddiasının təmin edilməsi, onun və ailə üzvülərinin mülkiyyətində olan 1,75 ha torpaq sahəsindən İddiaçı çıxarılması və mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, torpaq sahəsinin mülkiyyətçilərindən biri Rusiyada, digərləri isə rayonda olmadıqları üçün alğı-satqı edə bilməmişlər. Lakin həmin vaxtı Notariat kontorunda 4400 ABŞ dolları pul məbləğini cavabdehlərə ödəmişdir. Cavabdeh1 4400 ABŞ dolları pulu alan zaman sözügedən 4400 ABŞ dollarını 1 gün gecikdirdiyi üçün 100 manat ondan əlavə pul tələb etmişdir. Həmin 100 manat pul məbləğini cavabdehin evinə gedərək vermişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş 100 manat pulun cavabdehlərə verilməsi barədə dəlili ilə razılaşır. Belə ki, apellyator şikayətində onun tərəfindən cavabdehə 100 manat məbləğində pul verildiyini bildirir. Məhkəmə iclaslarında cavabdehlər iddia tələbini bu hissədə etiraf etmişlər. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Ona görə də kollegiya apellyasiya şikayətini yalnız bu hissədə əsaslı hesab edir. Cavabdehlər 100 manat pulun iddiaçıdan alınması nəticəsində əsassız varlanmış şəxs olduqlarından həmin məbləğ cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Kollegiya apellyasiya şikayətinin digər dəlillərini əsaslı hesab etmir və bildirir ki, həmin dəlillər formal mülahizələrə əsaslanır. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində onun iddia tələbində tələb etdiyi 10100 manat, 4400 ABŞ dolları pulu və 3 ton sementi cavabdehə verdiyini və şahid ifadələri ilə bu halların təsdiq edildiyini, lakin birinci instansiya məhkəməsinin sübutlara düzgün qiymət vermədiyini bildirir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarında olan Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)-205/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, iddiaçı Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətlərində olan, Balakən rayonu Qazma kəndində yerləşən 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması, iddiaçı Cavabdeh1 həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi qət edilmiş və həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. İddiaçı Cavabdeh1 10100 manat pul, 4400 ABŞ dolları və 3 ton sement verdiyini iddia etsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. O apellyasiya şikayətində şahid ifadələrinə birinci instansiya məhkəməsi tərəfindən tənqidi yanaşıldığını bildirir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi şahid ifadələrini mötəbər sübut kimi qəbul etməməkdə, onlara tənqidi yanaşmaqda haqlı olmuşdur. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 iddiaçının qardaşı, digər şahidlər Şahid2, Şahid1 və Şahid4 isə İddiaçı işçiləri olmaqla ondan asılı vəziyyətdə olan şəxslərdir. Digər tərəfdən şahid ifadələri hazırkı iddianın təmin edilməsi üçün yetərli sübut deyildir. Şahid ifadələri eyni zamanda digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Ancaq iddiaçı tərəf yuxarıda qeyd edilən şahid ifadələrindən başaq məhkəmələrə hər hansı bir sübut növü təqdim edə bilməmişdir. Eyni zamanda kollegiya qeyd etməyi lazım bilir ki, daşınmaz əşyalarla bağlı alğısatqı müqaviləsi notarial qaydada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Cavabdeh tərəfindən iddiaçıya hər hansı bir etibarnamənin verilməsi mübahisəli torpaq sahəsinin iddiaçıya satılması anlamına gəlmir. Bunun davamı olaraq kollegiya qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilir ki, tərəflər alğı-satqı müqaviləsi bağlamaq arzusunda olmuşlar. İddiaçı tərəf torpağı əldə etmək, cavabdeh tərəf isə satılacaq torpaq sahəsinin müqabilində müəyyən edilmiş pul məbləğini almaq arzusu ilə hərəkət etmişlər. Ancaq belə bir görüntüyə baxmayaraq, həqiqətdə hüquqi müstəvidə tərəflər arasında alğı-satqı müqaviləsinə uyğun hüquqi münasibət yaranmamışdır. Çünki torpaq sahəsi ilə bağlı alğı-satqı müqaviləsi hüquqi baxımdan nəticələnməmiş, notarial qaydada təsdiq edilməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iddianın təmin edilməsi barədə iddiaçının apellyasiya şikayətindəki dəlilləri məhkəmə iclasında öz təsdiqini qismən tapdığından şikayət qismən əsaslıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin 100 manata aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tаrixli, 2(019)- 108/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən 100 manata aid hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən 100 manat pul tələbinə aid hissədə təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızı və Cavabdeh6 müştərək qaydada 100 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırki iş üzrə qətnamədən iddia tələbinin təmin olunmayan hissəsi 5000 manatdan çox olduğundan, təmin edilən məbləğ isə 5000 manatdan az olduğundan yalnız iddiaçı tərəf kassasiya şikayəti verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tаrixli, 2(019)-108/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən 100 (yüz) manata aid hissədə ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızı və Cavabdeh6 müştərək qaydada 100 (yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar