Məhkəmə qərarları › İş №2(107)-6/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-6/2024

09.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-6/2024 09.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Kərimli Tunar Mübariz oğlunun katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(046)-52/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. JN-635 və JN-636 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktlarında qeyd edilən hər birinin ölçüsü 1,84 hektar olmaqla, cəmi 3,68 hektar torpaq sahəsi notarial qaydada təsdiq edilmiş xx.xx.2016-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri ilə iddiaçıya satılmış, həmin torpaq sahələrinə dair iddiaçının adına RX seriyalı, ******* nömrəli (**********19 reyestr nömrəli) və ******* nömrəli (**********20 reyestr nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmiş və plan-ölçü sənədləri tərtib edilmişdir.

2. Həmçinin JN-637 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilmiş 1,84 hektar torpaq sahəsi notarial qaydada təsdiq edilmiş xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh satılmış və həmin torpaq sahəsinə dair onun adına RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və A 331062 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir.

2. İş materiallarında olan X1 xx.xx.2020-ci il tarixli 288 nömrəli rəyindən görünür ki, - İddiaçı mülkiyyətində olan torpaq sahəsi Çıxarışın və plan ölçü sənədlərinin parametrlərinə əsasən Cavabdeh torpaq sahəsi ilə həmsərhəd deyildir. - Cavabdeh mülkiyyətində olan 1.84 ha torpaq sahəsi vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Çıxarışın və plan ölçü sənədlərinin parametrlərinə əsasən həmsərhəd deyildir. - İlkin torpaqqayırma sənədlərinə (müvafiq Dövlət Aktları) əsasən vətəndaş Cavabdeh mülkiyyətində olan 1.84 ha torpaq sahəsi vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəddir. - Torpaq sahələrinin Çıxarış və Plan-ölçü sənədləri naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənilmədiyindən, parametrləri əsas götürüldüyü halda vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,4 hektarına vətəndaş Cavabdeh tərəfindən mərz nişanı qoyularaq flddia edilir və həmin hissənin 0,20 hektarı Cavabdeh tərəfindən tutularaq istifadə edilir. İstifadə edilən torpaq sahəsi İddiaçı torpaq sahəsinə bitişikdir və şərq hissəsidir. - Torpaq sahələrinin ilkin torpaqqayırma sənədlərinin (müvafiq Dövlət Aktları) parametrləri əsas götürüldüyü halda, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0.20 ha hissəsi vətəndaş Cavabdeh tərəfindən tutularaq istifadə edilir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Yeniarx kəndində yerləşən xx.xx.2016-cı il tarixli RX ******* saylı və xx.xx.2017-ci il tarixli RX ******* saylı çıxarışlarla İddiaçı mülkiyyətinə verilmiş ümumilikdə 3.68 ha torpaq sahəsinin şərq hissəsindən 0.20 ha hissəsi Cavabdeh qanunsuz istifadəsindədir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli, 10/3032 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinə əsasən, Göyçay rayonu Yeniarx kəndində iddiaçının mülkiyyətinə Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixli, RX ******* nömrəli çıxarışa əsasən verilmiş 1.84 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşmir, koordinat sürüşməsi və konfiqurasiya fərqi olduğu müəyyən edilmir. - Eyni zamanda Göyçay rayonu Yeniarx kəndində cavabdehin mülkiyyətinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016cı il tarixli, RX ******* nömrəli çıxarışa əsasən verilmiş 1.84 ha torpaq sahəsi cavabdehin göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi mövcuddur. - Mütəxəssis rəyinə əsasən, iddiaçının və cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahələri sənəd üzrə üst-üstə düşmədiyi və iddiaçının ******* nömrəli çıxarışa əsasən mülkiyyətinə verilmiş 1.84 ha torpaq sahəsi cavabdehin və ya üçüncü şəxslər tərəfindən naturada istifadə edilmədiyi müəyyən olunur. İddiaçının naturada göstərdiyi torpaq sahəsində tikili mövcuddur.

II. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Yeniarx kəndində yerləşən mülkiyyətində olan 3.68 ha torpaq sahəsindən 0.30 hektarından cavabdehin çıxarılması və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin həcmini azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, Göyçay rayonu Yeniarx kəndi ərazisində hərəsinin sahəsi 1.84 ha olan bir-birinə bitişik iki torpaq sahəsi - cəmi 3,68 ha mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin torpaq sahələri üzərində olan mülkiyyət hüquqlarım daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə iddiaçıya çıxarışlar verilmişdir. Torpaq sahəsini əldə etdiyi müddətdən həmin sahədə iddiaçı tərəfindən ağaclar əkilmiş və sahəyə qulluq olunur. İndiyə kimi iddiaçıya məxsus torpaq sahəsinin mübahisələndirilməsi məzmununda hər hansı bir narazılıq olmamışdır. Bu ilin ikinci yarısında cavabdeh tərəfindən müəyyən narazılıqlar bildirilməyə başlanıldı. Belə ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin məhz onun olduğunu iddia edərək həmin hissəni geri qaytarmalı olduğunu bildirmiş, iddiaçı buna etiraz edərək, sərhədləri dəqiq tanıdığını bildirmişdir. Əlavə olaraq hansısa mübahisələrin yaranmasının qarşısının alınması üçün qeydiyyat orqanına ərizə ilə müraciət edərək, torpaq sahəsinin naturada sərhədlərinin göstərilməsini xahiş etmişdir. Qeydiyyat orqanının əməkdaşları tərəfindən iddiaçının ərizəsinin icrası qaydasında yerində sərhəd nöqtələri müəyyən edilərək göstərilmiş və əvvəldən bildiyi sərhədlərin dəqiq olduğuna bir daha əmin olmuşdur. Cavabdeh tərəfindən bu arqument də qəbul edilməmiş və qeydiyyat orqanının əməkdaşlarının yalnış etdiyi iddia etmişdir. Buna görə də iddia tələbinin təmin olunması, iddiaçının mülkiyyətindən olan 3.68 ha torpaq sahəsinin 0.20 ha hissəsindən cavabdehin çıxarılması və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahələrini zəbt etməmişlər. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.

7. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 17 mart 2021-ci il tarixli, 2(046)-52/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək Göyçay rayonu Yeniarx kəndində yerləşən xx.xx.2016-cı il tarixli RX ******* saylı və xx.xx.2017-ci il tarixli RX ******* saylı çıxarışlarla İddiaçı mülkiyyətinə verilmiş 3.68 ha torpaq sahəsinin şərq hissəsinin 0.20 hektarından Cavabdeh çıxarılması, Cavabdeh 10 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...işin faktiki və həqiqi halları ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi Cavabdeh məxsusdur. Mübahisəli torpaq sahəsinin mənə məxsus olmasını Daşınmaz Əmlakın Dövlət Reyester xidməti tərəfindən ona (cavabdehə) verilmiş ******* nömrəli Çıxarışla, 02/184 nömrəli arayışla Reyestr xidməti tərəfindən ona ünvanlanmış məktublarla və Torpaq mülkiyyət hüququna dair JN-637 saylı dövlət aktı ilə təstiqlənir. Bunlara baxmayaraq ƏMDK-nin ərazi idarəsinin əməkdaşları ərazidə mütəxəssis kimi dəfələrlə olduqları üçün işin həqiqi hallarından xəbərdar olduqları halda 1997-1998-ci illərdə Aqrar İslahatlar zamanı çəkilmiş xəritəyə istinadən, sahəyə baxış keçirmədən 2017ci ildə iddiaçıya şübhəli çıxarış verilməsində səbəbkar olmuşlar. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi 1998-ci ildən mənim istifadə və sahibliyindədir və o həmin torpaq sahəsinin qanunsuz sahibi deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhəkəməsin 17 mart 2021-ci il tarixli, 2(046)-52/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(046)-52/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini və Göyçay Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(046)-52/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(046)-52/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

18. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

19. Maddə 29. Mülkiyyət hüququ

İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...) İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ...

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

22. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

23. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

27. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

28. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

29. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

30. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

31. Maddə 111.2. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.

32. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

39. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(046)-52/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

46. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

47. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 2-1(102)-29/2024 saylı qərarından görünür ki; - İddiaçı adına verilmiş çıxarışlarda qeyd edilən torpaq sahələrinə dair plan-ölçü sənədlərinin düzgün tərtib edilmədiyini əsas gətirərək həmin sənədlərin JN-635 və JN-636 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktlarına uyğun olaraq tərtib edilməsi və üçüncü şəxsin adına tərtib edilmiş A 331062 nömrəli plan-ölçü sənədinin, mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. - 16 saylı Ucar Ərazi İdarəsi xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktublarla İddiaçı müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, aqrar islahat zamanı vətəndaşlara verilmiş kənd təsərrüfatı təyinatlı torpaqların elektron xəritələri (DWJ) hazırlanarkən sözügedən torpaq sahələrinə dair tərtib edilmiş koordinatlarda natura ilə müqayisədə uyğunsuzluğun olması faktı məlum olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X4 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən yaxın zamanlarda torpaq münasibətlərinin tənzimlənməsində uyğunsuzluqların aradan qaldırılması nəzərdə tutulur. Elektron uçotun nəticələri emal edilərək Ərazi İdarəsinə təqdim olunacağı təqdirdə məsələyə qanuna müvafiq qaydada baxılacaqdır. Həmçinin Cavabdeh mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 1,84 hektar torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə tərtib edilmiş xəritələrə əsasən işlənilmiş və ona reyestrdən müvafiq çıxarış və plan-ölçü sənədi verilmişdir. Cavabdeh ona məxsus torpaq sahəsinin koordinatlarında düzəlişlərin edilməsi ilə bağlı rəsmi olaraq müraciət edəcəyi təqdirdə qaldırılmış məsələyə qanuna müvafiq qaydada baxılacaqdır. - İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən, ümumi sahəsi 3,68 hektar olan torpaq sahəsinin koordinatlarının JN-635 və JN-636 nömrəli dövlət aktlarının X4 X5 (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılaraq, həmin koordinatlara uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi və Cavabdeh mülkiyyətində olan Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən A331062 nömrəli plan-ölçü sənədinin TEKUİS baza məlumatlarında JN-636 nömrəli dövlət aktının koordinatları ilə üst-üstə düşən 0,15 hektar hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. - Şəki İnzibati Məhkəməsinin sorğusuna uyğun olaraq cavabdeh 16 saylı Ucar Ərazi İdarəsinin təqdim etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfindən naturada göstərilən 3,93 hektar torpaq sahəsi ilə elektron bazada təqdim olunan X4 uçotu informasiya sistemi (TEKUİS) məlumatlarında təqdim olunan JN-635 nömrəli dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsinin 1,43 hektar hissəsi uyğunluq təşkil edir. İddiaçı tərəfindən naturada göstərilən 3,93 hektar torpaq sahəsi ilə elektron bazada təqdim olunan TEKUİS məlumatlarında təqdim olunan JN-636 nömrəli dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsi tamamilə uyğunluq təşkil edir, belə ki, 1,84 hektar torpaq sahəsi iddiaçı tərəfindən naturada göstərilən 3,93 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh adına tərtib edilmiş A 331062 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş 1,84 hektar torpaq sahəsinin 1,58 hektar hissəsi TEKUİS məlumatlarında təqdim olunan JN-637 nömrəli dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsi ilə uyğunluq təşkil edir. Lakin Cavabdeh faktiki istifadə etdiyi 1,96 hektar torpaq sahəsinin 1,21 hektar hissəsi TEKUİS baza məlumatlarında JN-637 nömrəli dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsi ilə uyğunluq təşkil edir. Cavabdeh adına tərtib edilmiş A 331062 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş 1,84 hektar torpaq sahəsinin 0,15 hektar hissəsi TEKUİS baza məlumatlarında təqdim edilən JN-636 nömrəli dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsi ilə üst-üstə düşür.

48. Şəki İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(116)-107/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən, ümumi sahəsi 3,68 hektar təşkil edən, seriya RX ******* və ******* nömrəli çıxarışlara əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının JN-635 və JN-636 nömrəli dövlət aktlarının X3 X5 (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılaraq, həmin koordinatlara uyğun torpaq sahəsinin planı və ölçüsü sənədlərinin verilməsi və üçüncü şəxs Cavabdeh mülkiyyətində olan Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən A 331062 nömrəli plan-ölçü sənədinin TEKUİS baza məlumatlarında JN-636 nömrəli dövlət aktının koordinatları ilə üst-üstə düşən 0,15 hektar hissəsində ləğv edilməsi öhdəliyi qoyulmuşdur.

49. Şəki İnzibati Məhkəməsi həmin qərarda gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyinə əsasən RX seriyalı, ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara dair tərtib edilmiş plan-ölçü sənədlərinin koordinatları X3 X5 JN-635 və JN-636 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktlarının yerləşmə yerindən tamamilə fərqlidir. Yəni faktiki olaraq JN-635 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsinin koordinatları **********19 reyestr nömrəli çıxarışla (053573 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1,84 hektar torpaq sahəsinin koordinatları və JN-636 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsinin koordinatları **********20 reyestr nömrəli çıxarışla (113907 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1,84 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Bu isə, o deməkdir ki, **********19 və **********20 reyestr nömrəli çıxarışların hazırkı yerləşmə vəziyyəti və koordinatları ilə bağlı cavabdehin tərtib etdiyi sənədlərin heç bir hüquqi əsası yoxdur.

50. Həmin qərar üçüncü şəxs Cavabdeh tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilsə də, yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

51. Müəyyən edildiyi kimi, Göyçay rayonu Yeniarx kəndində yerləşən xx.xx.2016-cı il tarixli RX ******* saylı və xx.xx.2017-ci il tarixli RX ******* saylı çıxarışlarla İddiaçı mülkiyyətinə verilmiş ümumilikdə 3.68 ha torpaq sahəsinin şərq hissəsindən 0.20 ha hissəsi Cavabdeh qanunsuz istifadəsindədir.

52. Bu faktlar iş üzrə alınmış mütəxəssis və ekspertiza rəyləri ilə yanaşı qanuni qüvvəsini almış məhkəmə qərarı ilə də təsdiq olunur.

53. Məhkəmə kollegiyası iş üzrə alınmış mütəxəssis və ekspert rəylərini mötəbər sübut növü kimi qəbul edir.

54. İş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyləri sübut növü kimi qəbul edir və onunla razılaşır.

55. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

56. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

57. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

58. “X6rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

59. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

60. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

61. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan torpaq sahəsininin bir hissəsini cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.

62. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Göyçay rayonu Yeniarx kəndində yerləşən xx.xx.2016-cı il tarixli RX ******* saylı və xx.xx.2017-ci il tarixli RX ******* saylı çıxarışlarla İddiaçı mülkiyyətinə verilmiş ümumilikdə 3.68 ha torpaq sahəsinin 0.20 ha hissəsini Cavabdeh qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə iddiaçının mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

64. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

65. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

66. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

67. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

68. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

69. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(046)-52/2021 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

70. İş üzrə məhkəmə xərci olan əlavə məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(046)-52/2021 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan əlavə məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar