Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-670/2020 05.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X13 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X9, cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsinin nümayəndələri Məmmədov Etibar Göygöz oğlunun, X1, Yevlax rayon Təhsil şöbəsi Əkşəm kənd tam orta məktəbinin nümayəndəsi (direktor vəzifəsini ica edən) X2 və həmin məktəbin vəkili X11 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsinə və Yevlax rayon Təhsil Şöbəsi Əkşəm kənd tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2470/2019 nömrəli qətnaməsindən iş üzrə cavabdeh Yevlax rayon Təhsil Şöbəsi Əkşəm kənd tam orta məktəbi tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsinə və Yevlax rayon Təhsil Şöbəsi Əkşəm kənd tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməyinə dair X19 Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli 67/3 №-li əmrinin ləğv edilməsi; onun Əkşəm kənd tam orta məktəbində məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməyi; onun işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün aylıq əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, onun işdən azad edilməyinə dair X19 Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli 69/4 №-li əmrinin və Yevlax rayon Əkşəm kənd tam orta məktəbinin xx xxxxxx 2019-cu il tarixli 225 saylı əmrinin ləğv edilməsi; onun Əkşəm kənd tam orta məktəbində məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsinə, həmçinin Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə bərpa edilməyi; onun işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün aylıq əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2470/2019 nömrəli (hakim R.Əlizadə) qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı işdən azad edilməsinə dair X19 Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli 69/4 saylı əmri və Yevlax rayon Əkşəm kənd tam orta məktəbinin xx xxxxxx 2019-cu il tarixli 225 saylı əmrinin ləğv edilməsi, İddiaçı Yevlax rayon Əkşəm kənd tam orta məktəbində məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsinə, həmçinin həmin məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Yevlax rayon Təhsil Şöbəsi Əkşəm kənd tam orta məktəbi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ildə M.Ə.Rəsulzadə adına X17 Ordenli Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakultəsini bitirmişdir. Bundan sonra o 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının Azərbaycan dili və ədəbiyyatı fakultəsini də bitirmişdir. xx xxxxxxx 1994-cü ildə Əkşəm kənd orta məktəbində tarix və ədəbiyyat dərslərini tədris etməyə başlamışdır. xx xxxxxxxx 2017-ci il tarixdən etibarən həmin məktəbin tədris işləri üzrə direktor müavini təyin edilmişdir. İşlədiyi bütün illər ərzində daim kollektiv arasında hörmət qazanmışdır. Həmişə şərəf və vicdanla işləyərək şagirdlərinin ən sevimli müəllimələrindən biri olmuşdur. Qabaqcıl bir müəllim kimi rayon ictimaiyyəti arasında tanınmışdır. Dəfələrlə sertifikat və fəxri fərmanlarla təltif edilmişdir. O, direktor müavini təyin edildikdən sonra məktəbin direktoru Babək Bəkirov və onun qohumları (qardaşı Xəqani müəllim, bacısı Həcər müəllim, bacısı oğlu Yasin müəllim və s.) tərəfindən şər-böhtan, hədə-qorxu, şantaj və s. kimi təzyiqlər altında fəaliyyət göstərmişdir. Əkşəm kənd tam orta məktəbinin pedoqoji şurasının xx xxxxxxxx 2019-cu il tarixli 07 saylı protokolunda məktəbin tədris işləri üzrə direktor müavini İddiaçı vəzifəsindən sui-istifadə etdiyi üçün bu məsələnin şəhər təhsil şöbəsinin şura iclasına qoyulması və icra edilməsi qərara alınmışdır. Bundan başqa ərizəyə əlavə olunan Əkşəm kənd tam orta məktəbinin Həmkarlar təşkilatının xx xxxxxxxx 2019-cu il tarixli 08 saylı protokolunda məktəbin tədris işləri üzrə direktor müavini onun vəzifəsindən sui-istifadə etdiyi üçün xx xxxxxxxx 2019-cu il tarixdən vəzifəsindən azad edilməsi qərara alınmışdır. X19 Şöbəsinin Şura İclasının xx xxxxxxxx 2019-cu il tarixli 09 №-li protokolunda onun öz vəzifə səlahiyyətlərini aşaraq məktəbin müəllim və texniki işçilərinə qarşı qeyri-etik davrandığına, ayrı-ayrı şəxslərin əvəzinə saxta imza ataraq müəllimlərin adından şikayət məktubları və aktlar yazaraq kollektivə böhtan atdığına, müəllimlər arasında psixoloji vəziyyəti qəsdən pozaraq gərginlik yaratdığına görə məktəbin pedoqoji şurasının qərarına əsasən tutduğu vəzifədən azad edilməsi, ona şiddətli töhmət elan edilməsi və müəllim kimi pedoqoji fəaliyyətinin bundan sonra da nəzarətə götürülməsi qərara alınmışdır. Nəticədə iddiaçı ƏM-nin 71-ci maddəsi ilə müavinlikdən azad edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə ƏM-nin 71-ci maddəsi ilə işdən azad olunmasına dair əmr ləğv edilmişdir. Həmçinin xx xxxxxxxx 2019-cu il tarixdə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə Pedoqoji şuranın xx xxxxxxxx 2019-cu il protokolu əsasında iddiaçı müavinlik vəzivəsindən azad edilmiş, həmin əmr ona poçt vasitəsi ilə xx xxxxxxx 2019-cu il tarixdə çatdırılmış və şikayət vermək müddətini buraxmamışdır. Bundan başqa məhkəmə prosesi zamanı məlum olmuşdur ki, iddiaçı xx xxxxxx 2019-ci tarixli 225 saylı əmrlə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə müəllimlikdən də azad olunmuşdur. Bu səbəbdən də iddia ərizəsinə dəqiqləşdirmə verilmişdir. Pedoqoji şuranın iclasları barədə iddiaçıya məlumat verilməyibdir. Həmçinin pedoqoji şuranın işlaslarında İcra başçısı da iştirak edibdir. İcra başçısı pedoqoji şuranın üzvü deyil. Pedoqoji şuranın iclası iddiaçıya qarşı qərəzli olmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh Yevlax rayon Təhsil Şöbəsi Əkşəm kənd tam orta məktəbi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2470/2019 nömrəli qətnaməni çıxararkən maddi və prossesual hüquq normalarını pozmuş, mülki işdə olan maddi sübutlara və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Yevlax Rayon Məhkəməsi hazırkı qənaətə gələrkən qərarında araşdırmalı olan məqamlara və maddi sübutlara diqqət yetirməmiş, iş üzrə tələb olunan sübutlar təqdim edilməsinə baxmayaraq onlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə maddi hüquq normasını düzgün tədbiq etməmişdir. Belə ki, İddiaçı məktəbin direktor müavini vəzifəsində işləyərkən kollektivlə arasında böyük bir mübahisə yaranmışdır. Mübahisəyə səbəb iddiaçının davranışı olmuşdur. Kollektivin bildirdiyinə görə iddiaçı onları şagirdlərin qarşısında təhqir edir, geyimlərinə nalayiq formada irad tuturmuş və bu səbəbdən işdən azad edilmişdir. Kollektivdə narazılıqlar olduğundan Şəlalə müəllimənin işə qayıtmasını kollektiv istəmir. Məsələni aydınlaşdırmaq üçün kollektivlə Şəlalə müəlliməni üzləşdirmək istəsələr də, Şəlalə müəllimə kollektivlə üzləşməkdən imtina etmişdir. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsinin qərarına əsasən işdən azad edilmişdir. Beləliklə, apelyasiya şikayətinin dəlillərində istinad edilən hallarla müəyyən edilir ki, məhkəmə tərəfindən maddi və prossesual hüquq pozuntularına yol verilməsi ilə işə qərəzsiz, obyektiv və ədalətli baxılmaması kimi qiymətləndirilməli və sonda düzgün olmayan qətnamə çıxarılması birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsasdır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən Yevlax rayon Təhsil şöbəsinin Əkşəm kənd tam orta məktəbinin nümayəndəsi (direktor vəzifəsini icra edən) X4 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, İddiaçı uzun müddətdir ki, həmin məktəbdə müəllim, eyni zamanda direktor müavini işləmişdir. Lakin son vaxtlar iddiaçı məktəbin direktor müavini vəzifəsində işləyərkən kollektivlə arasında böyük bir mübahisə yaranmışdır. Mübahisənin yaranmasına da əsas səbəb məhz iddiaçının davranışı olmuşdur. Kollektiv tərəfindən verilən məlumatlara əsasən iddiaçı iş yerində özünü düzgün aparmamış, şagirdlərin qarşısında müəllimləri təhqir etmişdir. Kollektivdə narazılıqlar olduğundan Şəlalə müəllimənin işə qayıtmasını kollektiv istəmir. Hesab edir ki, iddiaçının bundan sonra məktəbə qayıtması düzgün olmazdı. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən Yevlax rayon Təhsil şöbəsinin Əkşəm kənd tam orta məktəbinin vəkili X15 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi bir sıra prosessual pozuntulara yol verməklə sözügedən qətnaməni qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, iddiaçı həmkarlar təşkilatının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Bu heç də belə deyil. İddiaçı həmin iclasın yeri və vaxtı barədə lazımi qaydada məlumatladırılmasına baxmayaraq özü iclasda iştirak etməkdən imtina etmişdir. Digər tərəfdən iş materiallarında məktəb kollektivinin çoxsaylı şikayət ərizələri vardır ki, bu da özü-özlüyündə iddiaçının kollektivə və əmək intizamına qarşı kobud davranmasına dəlalət edir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tam, obyektiv araşdırılma aparaılmadığından qətnamə ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası iclasında iştirak edən Yevlax rayon Təhsil Şöbəsinin nümayəndələri Məmmədov Etibar Göygöz oğlu və X3 hər biri ayrı-arılıqda apelyasiya şikayətinə etirazlarının olmadığını bildirərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, uzun illərdir ki, həmin məktəbdə müəllim və direktor müavini vəzifəsində işləmiş, işlədiyi dövrdə heç vaxt əmək icra intizamını pozmamış, daim müəllim adını uca tutmuşdur. Lakin son vaxtlar məktəb direktoru onunla yola getməyərək, onu hər vəchlə gözdən salmağa çalışıb. Şikayət ərizələri, aktlar da məhz məktəb direktorunun sifarişi ilə həyata keçirilib. Çünki həmin məktəbdə işləyən şəxslərin əksəriyyəti direktorun qohum-əqrabasıdır. Bundan əlavə o birinci dəfə xəstə olan vaxtı məktəb direktoru onu işdən azad etmiş, sonra isə öz əmrini ləğv etmişdir. Bundan sonra onu ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə müəllimlikdən də azad etmişlər. Hansı ki, onun bundan xəbəri olmamış, həmkarlar təşkilatının iclasının yeri və vaxtı barədə ona heç bir rəsmi və ya şifahi məlumat verilməmişdir. Bir dəfə yaxın tanışının toyunda olarkən saat 3 radələrində ona zəng olunaraq məktəbə gəlməsi bildirilmişdir. Lakin iclas barədə heç bir məlumat verilməmişdir. Halbuki məktəbdə heç vaxt həmin saatlarda iclas olmayıb. Nədənsə onun obyektivliyi, iş prinsipi məktəb rəhbərliyini xoşuna gəlmir. Hesab edir ki, apelyasiya şikayəti tam əsassızdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X14 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, məktəb rəhbərliyi tərəfindən həmkarlar təşkilatının iclası keçirilərkən iddiaçıya nə rəsmi, nə də ki şifahi məlumat verilmişdir. Məktəb rəhbərliyi tərəfindən həmkarlar təşkilatına rəsmi təqdimat da verilməmişdir. Bundan əlavə əgər iddiaçı əmək icra intizamını mütəmadi olaraq pozurdusa, onda nəyə görə iddiaçıdan izahat tələb olunmurdu. İzahat vermirdisə bu niyə aktlaşdırılmırdı. Görünür ki, məktəb rəhbərliyi bu mübahisəni yalnız öz şəxsi münasibətləri üzərində qurmuşdur. Bundan əlavə iddiaçı işdən azad olunandan xeyli sonra ona məlumat verilmiş, əmək kitabçası təqdim olunmamışdır. Məzuniyyətdə olduğu dövr üçün ona məzuniyyət haqqı verilməmişdir Bütün bunlar məktəb rəhbərliyinin iddiaçıya qarşı şəxsi ədavətinin olmasına dəlalət edir. Hesab edir ki, apelyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2470/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Mingəçevir şəhəri 4 saylı mənzil İstismar sahəsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş 688 saylı arayışdan məlum olur ki, İddiaçı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ev 15, mənzil 3-də yaşayır. Əkşəm kənd tam orta məktəbinin pedoqoji şura iclasının xx xxxxxxxx 2019-cu il tarixli 07 saylı protokolundan və protokoldan çıxarışdan məlum olur ki, gündəlik məsələ: məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı yol verdiyi nöqsanlar müəllim kollektivinin və kənd əhalisinin narazılığına səbəb olmuşdur. Şəhər İcra Hakimiyyətininbaşçısına ünvanlanmış şikayət ərizəsi ilə bağlı İddiaçı işində qalıbqalmamasına baxılması barədə, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı vəzifəsindən sui istifadə etdiyi üçün onun işdə qalıb-qalmaması Yevlax rayon Təhsil şöbəsinin şura iclasında müzakirə edilməsi qərara alınmışdır. Yevlax rayon Təhsil Şöbəsi üzrə xx xxxxxxxx 2019-cu il tarixli 69/3 saylı əmrdən çıxarışdan məlum olur ki, İddiaçı Əkşəm kənd tam orta məktəbinin təlim-tərbiyə işləri direktor müavini – Şəhər Təhsil şöbəsi tərəfindən onun barəsində verilmiş xx xxxxxxxx 2019-cu il tarixli 67/3 nömrəli əmri qüvvədən düşmüş hesab edilmişdir. Yevlax rayon Təhsil Şöbəsi üzrə xx xxxxxxxx 2019-cu il tarixli 69/4 saylı əmrdən çıxarışdan məlum olur ki, İddiaçı Əkşəm kənd tam orta məktəbinin təlim-tərbiyə işləri direktor müavini – vəzifə səlahiyyətlərini aşaraq məktəbin müəllim və texniki işçilərinin normal iş ahənginin pozulmasına şərait yaratdığına, kollektiv üzvlərinin qanunla qorunan mənafelərinə toxunduğuna, əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə, ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx xxxxxxxx 2019-cu il tarixdən xitam verilmiş və ixtisas üzrə müəllim saxlanılmışdır. Yevlax rayonƏkşəm kənd tam orta məktəbinin pedoqoji şura iclasının xx xxxxxx 2019-cu il tarixli 02 saylı protokolundan məlum olur ki, gündəlik məsələ: Yevlax rayonƏkşəm kənd tam orta məktəbinin kollektivinin məktəbdə Azərbaycan dili – Ədəbiyyat müəllimi İddiaçı fəaliyyətində yol verdiyi nöqsanlar barədə Əkşəm kənd tam orta məktəbin müəllim kollektivi və texniki işçilərinin haqlı narazılıqlarına əsasən İddiaçı haqqında bütün kollektivin yazılı izahatlarında əsasən və şikayət ərizələrini əsas tutaraq, müəllim kontinengentindən azad edilməsi barədə, məktəbin müəllimi İddiaçı müəllimlik fəaliyyətində yol verdiyi nöqsanlara görə, etik qaydaları kobud şəkildə pozduğuna görə, rüşvətxorluğa və dələduzluğa görə müəllim və texniki işçilərin şərəf və ləyaqətinə toxunduğuna görə kollektivin haqlı narazılıqlarını nəzərə alaraq işdən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Əkşəm kənd tam orta məktəbinin xx xxxxxx 2019-cu il tarixli 225 saylı əmrdən çıxarışdan məlum olur ki, İddiaçı Əkşəm kənd tam orta məktəbinin Azərbaycan dili – Ədəbiyyat müəllimi məktəbin müəllim və texniki işçilərinin normal iş ahənginin pozulmasına şərait yaratdığına, kollektiv üzvlərinin qanunla qorunan mənafelərinə toxunduğuna, əmək funksiyasını pozduğu üçün, ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdən xitam verilmiş və axrıncı əmək haqqının ödənilməsi əmr edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Yevlax rayon Əkşəm kənd tam orta məktəbində xx xxxxxxx 1994-cü il tairxdə müəllimə, xx xxxxxxxx 2017-ci il tarixdən isə həmin məktəbin tədris işləri üzrə direktor müavini işləmişdir. Kollektivdə narazılıqlar baş vermiş və müxtəlif orqanlara şikayət ərizələri ünvanlanmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə Əkşəm kənd tam orta məktəbinin pedoqoji şura iclası keçirilmiş və İddiaçı işdə qalıb-qalmaması Yevlax rayon Təhsil şöbəsinin şura iclasında müzakirə olunması qərara alınmışdır. X19 şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli əmri ilə İddiaçı ƏM-nin 71-ci maddəsinə əsasən vəzifədən azad edilmişdir. Yevlax Rayon Təhsil şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli 69/3 saylı əmri ilə şəhər Təhsil şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il əmri qüvvədən düşmüşdür. Yevlax Rayon Təhsil şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli 69/4 saylı əmri ilə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmş əmək müqaviləsinə xitam verilmiş və ixtisas üzrə müəllim saxlanılmışdır. xx xxxxxx 2019-cu il tarixdə Əkşəm kənd tam orta məktəbinin pedoqoji şura iclası keçirilmiş və İddiaçı işdən azad olması qərara alınmışdır. Yevlax rayon Əkşəm kənd tam orta məktəbinin xx xxxxxx 2019-cu il tarixli 225 saylı əmri ilə İddiaçı müəllimə vəzifəsindən ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarların ləğv edilməsini, işə və müavin vəzifəsinə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, İddiaçı işdən azad edilməsinə dair X19 Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli 69/4 saylı əmri və Yevlax rayon Əkşəm kənd tam orta məktəbinin xx xxxxxx 2019-cu il tarixli 225 saylı əmri ləğv edilməli; İddiaçı Yevlax rayon Əkşəm kənd tam orta məktəbində məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsinə, həmçinin həmin məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi vəzifəsinə bərpa edilməli, İddiaçı məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqı hesablanaraq ödənilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı işdən azad edilməsinə dair əmrlər verilərkən əmək qanunvericiliyin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, həmkarlar şurasının iclasının keçrilməsi barədə İddiaçı məlumat verilməmişdir. Həmkarlar şurasına məktəb direktoru təqdimatla müraciət etməli olduğu halda etməmişdir. Yəni iclaslar ƏM-nin 80-ci maddəsinin tələblərinə uyğun keçirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin maddənin 2-ci bəndinə görə əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən,əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Əmək Məcəlləsinin 71.2-ci görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71- ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının əmək müqaviləsinin ləğvi zamanı Əmək Məcələsinin 80-ci maddəsinin müddəalarına da düzgün əməl edilməmişdir. Belə ki, həmin Məcəllənin 80-ci maddəsinin 1 və 2-ci bəndlərində təsbit edilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli 69/4 №li və xx xxxxxx 2019-cu il tarixli 225 saylı əmrlərdən çıxarışdan görünür ki, işçi İddiaçı Həmkarlar İttifaqının üzvü olmasına baxmayaraq həmin məktəbdə fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitəsinə işəgötürən tərəfindən təqdimat verilmədən, eləcə də iddiaçıya qabaqcadan Həmkarlar Təşkilatının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmədən ləğv edilmişdir. İşdə olan sənədlərdən də göründüyü kimi işəgötürən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla ləğv etmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 3-cü hissəsində həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Göründüyü kimi qeyd olunan normalarla bağlı Həmkarlar İttifaqı Komitəsinin müvafiq razılığının alınması qanunvericilikdə imperativ norma göstərilmişdir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakim məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, əmək müqaviləsinin ləğvindən xeyli müddət keşməsinə baxamayaraq ƏM-in 83.2-ci maddəsinin tələblərində də düzgün riayət edilməmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Əmək Məcəlləsinin 288-ci maddəsinin “h” bəndinə görə fərdi əmək mübahiələrinin həlli zamanı həmçinin işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi məsələləri nizama salınır. Həmin Məcəllənin 290.2-ci maddəsinə əsasən isə işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən dilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə ümimilikdə hüquqi qiymət verərək bildirir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər qeyri müəyyən оlduğundаn və şəxsi mülаhizələrə əsаslаndığındаn əsаssızdır və qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Çünki, cаvаbdeh Əmək Məcəlləsinin bir sıra müddəalarına imperativ qaydada riayət etməli olduğu halda etməmişdir. Məhz cavabdeh tərəf işdən azad olunma, müqavilənin ləğvi barədə əmr verərkən əmək funksiyasının və vəzifə təlimtalarının yerinə yetirilməsi ilə əlaqədar Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda bunu etməmişdir. Belə ki, işəgötürən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməmiş, (halbuki təqdimata əsaslandırma sənədlər də əlavə edilir), Həmkarlar ittifaqı təşkilatı da bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olduğu halda buna riayət etməmişdir. Göründüyü kimi işəgötürən tərəfindən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqаviləsinin ləğv edilməsi qаydаlаrınа əməl оlunmаdаn xitam vermiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Şikаyətdə isə bu tələblərə ümumiyyətlə riаyət оlunmаsı bаrədə hər hаnsı bir fikir bildirilməmişdir.Həmkarlar təşkilatının iclası və işçinin işdən azad olunması barədə əmrlər işəgötürənin özünün mülahizələri əsasında həyata keçirilmişdir. İkincisi, cavabdeh tərəf apelyasiya şikayətində iddiaçıya lazımi qaydada rəsmi məlumat verildiyini, işəgötürən tərəfindən Həmkarlar Təşkilatına lazımi qaydada Təqdimat verildiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, şikayətin bu dəlilini yalnız öz formal izahatları ilə əsaslandırmağa çalışmışlar. Cavabdeh tərəfin apelyasiya şikayətində göstərdiyi dəlillər iş materialları ilə hər hansı bir formada təsdiq edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər . Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Yevlax rayon Təhsil Şöbəsi Əkşəm kənd tam orta məktəbi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2470/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-670/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-670/2020
05.05.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver