Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-734/2024 04.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı əmlak tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh faktiki nikah münasibətlərinə daxil olaraq ər-arvad olmuşdur. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Fatimə adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan tərəflər ayrı yaşayırlar. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qiyməti 3200 manat olan “Eyfel” modelli, 585 əyarlı, 30 qram çəkidə, Türkiyə istehsalı olan fianit qaşlarla bəzədilmiş komplekt dəst (boyunbağı, qolbağlı, sırğa və üzük), qiyməti 560 manat olan “Eyfel” modelli, 583 əyarlı, 5,3 qram çəkidə, Rusiya istahsalı olan fianit qaşlarla bəzədilmiş nişan üzüyü, qiyməti 340 manat olan sadə dördkünc formasında 583 əyarlı 3,7 qram çəkidə, Rusiya istehsalı olan xırda fianit qaşlarla bəzədilmiş üzük, sadə gül formasında, qiyməti 410 manat olan 750 əyarlı, 4 qram çəkidə, İtaliya istehsalı olan fianit qaşlarla bəzədilmiş üzüyün və ya onlarını dəyərinin, həmçinin qiymətləndiriciyə ödənilmiş 150 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 2021-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Toy vaxtı ona qızıllar hədiyyə olunmuşdur. Qızıllar ona məxsus cavabdehin evində yerləşən sandıqda saxlanılırdı. Cavabdehlə aralarında mübahisələr olduğundan tez-tez ata evinə gedib, sonradan barışıb əri evinə qayıdırdı. Sonuncu dəfə evdən çıxandan sonra ər evinə əmlaklarını aparmağa gəlmişdir. Həmin vaxt qayınanası evdə idi. Əmlaklarını aparıb getmişdir. Həmin vaxt qızılların qutusunu da götürmüşdür. Lakin evə çatanda qutuların boş olduğunu və qızılların olmamasını görüb geri qayıtmışdır. Polisə müraiət etmiş, lakin Nicat qızılı qaytaracağını bildirdiyindən ərizə ilə müraciət etməmiş və araşdırma aparılmamışdır. Nicat qızılları satdığını və alıb qaytaracağını vəd etmişdir. Lakin cavabdeh vədinə əməl etməmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, toy olub və qızıllar iddiaçıya hədiyyə edilmişdir. Fəhlə işləyir və 30 qram qızıl almağa maddi imkanı olmayıb. Bir neçə dəfə ayırılıb barışıblar. Qızıllar Qaragilənin özündə olub. O, heç vaxt qızıl satmamışdır. Polisə iddiaçı döyülməsi ilə bağlı müraciət etmişdir. Lakin o, Qaragiləni heç vaxt vurmamışdır. Qızılla bağlı polisdə araşdırma aparılmamışdır. Hər dəfə dalaşanda iddiaçı beş çanta ilə gedirdi. Geri qayıdanda isə bir çanta ilə gəlirdi. Son dəfə iddiaçı evdən çıxanda o, Bakı şəhərində olmuşdur. Əşyalarını götürəndə belə evdə olmamışdır. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)- 107/2024 nömrəli iş üzrə qəbul etdiyi 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Əlizadə) iddia tələbi qismən təmin edilmiş, “Eyfel” modelli (sırğa, üzük, boyunbağı, qolbağ) 585 əyarlı, 19 qram qızıl komplekt dəsti - 1900 manat, “Eyfel” modelli 583 əyarlı, 5,3 qram qızıl nişan üzüyü - 530 manat, qadın üçün dördkünc formasında 583 əyyarlı 3,7 qram qızıl üzük - 340 manat, gül formalı 583 əyarlı 3,9 qram üçün qızıl üzük - 360 manat naturada, əmlaklar naturada olmadıqda əmlakının dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, İddiaçı ilə Cavabdeh evlənmişlər. Evlilik zamanı iddiaçıya qızıl-zinət əşyaları hədiyyə etmişdir. İddiaçı əmlak tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə iddianın nənəsi tərəfindən hədiyyə edilmiş dördkünc formalı qızıl üzük hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəf üzüyünün mövcud olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə digər qızıllarla bağlı qeyd edir ki, həmin qızılların mövcud olmasını cavabdeh tərəf etiraf etmişdir. Həmin qızıllar toy mərasimindən olan video görüntüdə və fotoşəkillərdə öz əksini tapmışdır. Cavabdeh qızılların iddiaçının özü ilə apardığını bildirsə də, məhkəmə prosesində cavabdeh tərəfindən dəvət edilmiş şahid, cavabdehin anası olan X4 iddiaçının əmlaklarını apardıqdan sonra həmin gün geri qayıdaraq, qızıl qutusunun boş olmasını bildirərək, qızıllarını tələb etdiyini ifadəsində bildirmişdir. Məhkəmə hesab edir ki, qızılları iddiaçı aparmış olsaydı, evdən çıxdıqdan az müddət keçdikdən (həmin gün) sonra geri qayıdaraq qızıl tələb etməzdir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh qızılların çəkisi və qiyməti ilə bağlı etirazını məhkəmə əsaslı hesab edir. Bu səbəbdən də, qızılları çəkisi və dəyəri iddiaçı tərəfindən təqdim edilmiş rəy əsasında yox, məhkəmə tərəfindən alınmış mütəxəssis rəyi əsasında qeyd edilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 124.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə heç bir əsas və sübut olmadan iddianı qismən təmin etmişdir. İşdə olan sübutlar iddiaçının anasının və atasının ifadəsidir. Cavabdeh bütün məhkəmə prosesində bildirmişdir ki, iddiaçının qızıl-zinət əşyası onda olmamışdır. İddiaçı iddia irəli sürürsə sübutetmə yükü onun üzərində qalır. İddiaçı zinət əşyalarının mövcudluğunu belə sübut edə bilməmişdir. İddiaçının zinət əşyasının cavabdeh tərəfindən aparılmasını heç şahidləri belə sübut edə bilməmişdir. Çünki bu əşyaları onun özündə olmuşdur. İddiaçı özünə aid zinət əşyasını həmişə özündə saxlamışdır. Bundan başqa onun özünün də bildirdiyi kimi (çəkiliş və verdiyi ifadələrdə) bir mənalı olaraq hər dəfə evə gələrək əşyaları apardığını bildirir. İddiaçı öz iddiasında bildirir ki, “cavabdehlə aralarında mübahisələr olduğundan tez-tez ata evinə gedib, sonradan barışıb əri evinə qayıdardı. Sonuncu dəfə evdən çıxandan sonra ər evinə əmlaklarını aparmağa gəlmişdir. Həmin vaxt qayınanası evdə idi. Əmlaklarını aparıb getmişdir. Həmin vaxt qızılların qutusunu da götürmüşdür. Lakin evə çatanda qutuların boş olduğunu və qızılların olmamasını görüb geri qayıtmışdır. Polisə müraciət etmiş, lakin Nicat qızılı qaytaracağını bildirdiyindən ərizə ilə müraciət etməmiş və araşdırma aparılmamışdır”. Göründüyü kimi cavabdeh özü bütün əşyalarını apardığını bildirir. Hətta qızıl əşyalarını da götürdüyünü qeyd edir. Heç bir şəxs qızılını götürən zaman mümkün deyil ki, ən pis halda əşyasına baxmasın. Bu nə dərəcədə inandırıcıdır ki, şəxs qızıl qablarını aparır, guya evdə boş olması qənaətinə gələrək iradını bildirir. İddiaçı bundan sonra polis şöbəsinə şikayət edir. Qızılı oğurlanmış adam, belə vəziyyətdə ərindən şikayət edirsə, qızılının da oğurlanmasını deməməsi nə dərəcədə inandırıcıdır. Çünki belə bir hal mövcud olmamışdır. Qızıl ideyası son vaxtların ideyasıdır. Yalan və şərdən başqa bir şey deyildir. Eyni fikri iddiaçının anası da bildirir. Məsələ odur ki, iddiaçının atası da məsələyə eyni münasibətdə yanaşır. Onların ifadələri məhkəmə qətnaməsində var. İddiaçının atası X2 bildirir ki, 102 xidmətinə zəng etmiş, ancaq polisə qızılla bağlı heç bir məlumat verilməmişdir. Eyni fikri iddiaçının anası da bildirir. X3 da polisə ərizə verdiyini, ancaq orada qızılı qeyd etmədiklərini bildirir. Hər ikisi əşyaları apardıqlarını bildirirlər. Guya evdə açıb baxan zaman zinət əşıyasının olmadığını bildirməklə bərabər ərizələrində polisə qızılla bağlı heç bir məlumat vermədiklərini bildirirlər. İşdə faktiki olan sübutlar bunlardır. İddiaçı zinət əşyasının cavabdehdə olmasını heç bir sübutu ilə təsdiq edə bilmir. İşdə heç bir etiraf mövcud deyil. Sübutetmə yükü iddiaçının üzərində qalır. İddiaçı həm əşyalarını aparır, polisə şikayət verir, hətta qızıl olan qabları da apardığını bildirir. Polisə şikayət edərkən həmin günü nədən qızılla bağlı bir cümlə belə işlətmir. Belə olan halda məhkəmə hansı əsasla qətnaməni qəbul etdiyi anlaşılmazdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları yəni, sübutetmə yükünün iddiaçıya aid olduğunu və bu işin öhdəsindən iddiaçının gəlmədiyini, tələbi sübut edə bilmədiyini nəzərə almadan əsassız olaraq iddianı təmin edib. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazını iddia tələbinin dəlillərinə uyğun əsaslandıraraq bildirmişdir ki, qızıl əşyalarının mövcudluğu ilə bağlı iş materiallarında kifayət qədər sübutlar var, həmçinin cavabdeh özü də qızlların mövcudluğunu məhkəmə iclasında etiraf etmişdir. Qızıl əşyalarının cavabdehdə olmasını cavabdehin öz anası da şahid kimi ifadə verərkən etiraf etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisə doğurmayan hallarından görünür ki, iddiaçı və cavabdeh faktiki nikah münasibətlərinə daxil olmuşlar. Sonradan tərəflərin arasında münasibətlər pozulduğuna görə onlar ayrılmışlar. Hazırki iş üzrə mübahisə predmeti olan qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə olunması tərəflər arasında mübahisə doğurmur. İddia tələbinə tətbiq olunan Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu zəruridir: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İddiaçının qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olması, həmçinin həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olması sübut olunduğundan iddiaçı sübutetmə yükü üzərinə düşən üç halı sübut etmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə iddia tələbi əsaslıdır. Rayon Məhkəməsi həmin tələbi təmin etməklə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 yanvar 2024cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-734/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-734/2024
04.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver