Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-746/2022 28.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə) qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair (Açar sözlər: çıxarışın etibarsız hesab edilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14, İddiaçı vəkili X7, Cavabdeh, 3-cü şəxs DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X2 və məhkəmə tərəfindən cəlb edilmiş 3-cü şəxs X1 iştirakı ilə İddiaçı Cavabdeh (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə) qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(046)-151/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. 18 iyul 1999-cu il tarixdə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-1117 saylı, 40814058 kodlu Dövlət aktından görünür ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 1,31 hektar torpaq sahəsi Göyçay rayonu Mirzəhüseynli kəndinin sakini X10 və onun ailə üzvlərinə (X4, X21, Cavabdeh, X18) verilmişdir.
2. xx.xx.2005-ci il tarixdə Göyçay rayon Notariat Kontorunda bağlanmış 4Ə-619 reyestr saylı alqı-satqı müqaviləsindən görünür ki, X19 17 mart 1999-cu il tarixdə verilmiş JN-1117 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına və xx.xx.2005-ci il tarixli 461 saylı arayışa əsasən paylı mülkiyyətində olan Göyçay rayonu Qarabağlar kəndində yerləşən 1,31 ha torpaq sahəsini İddiaçı satmışdır.
3. 06 may 2006-cı il tarixdə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-1742 saylı, 40814058 kodlu Dövlət aktından görünür ki, 29,49 ha torpaq sahəsi (o cümlədən alqı-satqı müqaviləsinə əsasən əldə olunmuş 1,31 ha torpaq sahəsi) alqı-satqı müqavilələrinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq paylı mülkiyyət kimi Cavabdeh və onun digər ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AA seriyalı 501125 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilməklə, torpaq sahəsinə dair zəruri göstəricilər (torpaq sahəsinin kadastr göstəriciləri və s.) qeyd olunmuşdur.
5. Göyçay RPŞ-nin 17 iyun 2020-ci il tarixli arayışından və KİV-də verilən elandan göründüyü kimi, Cavabdeh mərhum atası X10 verilmiş JN-1117 saylı Dövlət aktının naməlum şəraitdə itməsi barədə ərizə ilə Göyçay RPŞ-yə müraciət etmiş, faktla əlaqədar RPŞ tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən qonşu RPŞ-lərə istiqamətləndirici məktublar göndərilmiş, lakin göstərilən Dövlət aktının tapılması mümkün olmamışdır.
6. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin 21 yanvar 2022-ci il tarixli və 31 yanvar 2022-ci il tarixli məktublarından görünür ki, Cavabdeh Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində yerləşən 1,31 ha torpaq sahəsi üzərində əvvəllər tanınmış hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinə müraciət etmişdir. Vətəndaşın ərizəsinə JN-1117 saylı dövlət aktının itməsi barədə Göyçay RPŞ-nin arayışı və dövlət aktının etibarsız hesab edilməsi barədə qəzet elanı əlavə olunmuşdur. Vətəndaşın ərizəsinin icrasından imtina olunması üçün qanunla müəyyən olunmuş əsaslar mövcud olmadığı üçün sözügedən torpaq sahəsi üzərində onun və ailə üzvlərinin əvvəllər tanınmış hüquqlarının dövlət reyestrində qeydiyyatı aparılmışdır. Sonradan Göyçay rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-422 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ümumibirgə mülkiyyətçilərdən olan X8 payı vərəsələrinə keçmiş və Cavabdeh ********** qeydiyyat nömrəli ərizəsi əsasında onun və ailə üzvlərinin mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılmışdır. Qeydiyyat aparılan zaman xx.xx.2021-ci il tarixli 2(046)-1582/2021 saylı müraciətdə qeyd olunan alqı-satqı müqaviləsi ilə bağlı ərazi idarəsində məlumat olmamışdır.
7. Sorğuya əsasən Dövlət Notariat Arxivindən məhkəməyə təqdim edilmiş notariat işində olan sənədlərdən görünür ki, 4Ə-619 saylı notariat işinin üz qabığında nomenklatura üzrə işin aid olduğu bəndin nömrəsi, həmçinin işin məzmunu kimi «satıcı X8 alıcı İddiaçı ilə Göyçay rayonu Şah. Qarabağlar kəndində yerləşən yaşayış sahəsinin alqısatqı müqaviləsi» qeyd edilmişdir. Notariat işində sənədlərin surətləri arasında həmin üz qabığından başqa, mündəricat (arayış, akt, etibarnamə, ərizə, müqavilə, qəbz); Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin 17 oktyabr 2005-ci il tarixli 461 saylı arayışı (1,31 hektar torpaq sahəsinin girova qoyulmaması və onunla bağlı məhkəmə mübahisəsinin olmamasına dair); 17 mart 1999-cu il tarixdə X8 və ailə üzvlərinin adına həmin torpaq sahəsinə dair verilmiş JN-1117 saylı 40814058 kodlu Dövlət aktı və s. əlavə edilmişdir.
8. Apellyasiya icraatı zamanı sorğu əsasında alınmış DƏDK və Reyestri Publik hüquqi şəxsin 16 saylı Əİ-nin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, 16 saylə Ucar Əİ-də mövcud olan İddiaçı adına JN-1742 (kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının 1742 Z hisəsinin koordinatlarını elektron bazada təqdim olunan Göyçay rayon Qarabağlar kəndi S.Vurğun təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə uyğun olaraq yoxladıqda JN-1117 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1.31 ha torpaq sahəsi ilə tamamilə üst-üstə düşür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə) qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh və ailə üzvlərinə verilmiş Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1,31 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair **********99 reyestr nömrəli elektron çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 29,49 hektar torpaq sahəsinin mülkiyyətçisidir. Torpaq sahəsi Göyçay rayonu Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 07.03.05, 15.03.05, 17.03.05, 29.03.05, 28.03.05, 11.10.05, 13.10.05, 03.05.05, 07.04.05, 04.04.05, 18.05.05, 08.07.05ci il tarixli 4e-125-144-143-158-189-162-149-187-175-161-126-625-190-620-619- 505, 123-226-146-147-209-309-163-164-188-178-191-471 və 7e-148 saylı alqı-satqı müqavilələri ilə iddiaçının mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrindən biri Hacıyev Elman və onun ailə üzvlərindən alınmışdır. Onlar arasında xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçıya alqı-satqı müqavilələri əsasında torpağa mülkiyyət hüququna dair JN-1742 nömrəli dövlət aktının surəti verilmişdir.
11. Torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuşdur. İddiaçı həmin torpaq sahəsini həmin vaxtdan əkib becərmişdir. Eyni zamanda dövlət aktı ilə mülkiyyət verilmiş torpaq sahəsinin planı və cizgisi təsdiq edilmişdir. İddiaçı həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə müraciət etmişdir. ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə İddiaçı JN-1742 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1742Z hissəsi olan Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1,31 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildiriş verilmişdir. Bildirişdə qeyd olunur ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1,31 ha kənd təsərrüfatlı torpaq sahəsi üzərində Cavabdeh və ailə üzvlərinin xx.xx.2020-ci il tarixdə 2V-422 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hüquqları qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən **********99 reyestr nömrəli elektron çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Bu səbəbdən, ərizənin icrasından imtina edilmişdir və iddiaçıya məxsus torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Məlum olmuşdur ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1,31 ha torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında satılmasına baxmayaraq, əvvəlki mülkiyyətçilərdən biri olan Cavabdeh satmış olduğu torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında cavabdeh quruma müraciət edərək, elektron çıxarış əldə etmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd etmək zəruridir ki, İddiaçı əvvəlcə daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh və ailə üzvlərinə verilmiş **********99 reyestr nömrəli elektron çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən iddiaçıya göndərilmiş məktubda mülki məhkəmə icraatı qaydasında müraciət etməli olduğu izah edilmişdir.
12. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 10 mart 2022-ci il tarixli, 2(046)- 151/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Daşınmaz əmlakın alqısatqısı ilə bağlı əqdlər rəsmiləşdirilərkən lazımi subyektlərin, yəni bütün mülkiyyətçilərin iştirakı təmin edilməli, onların arasında iradə və onun bildirilməsi vahidliyi mövcud olmalı, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olmasına ciddi riayət edilməlidir. Buradan da aydın olur ki, ümumi birgə mülkiyyətdə olan əmlak özgəninkiləşdirilərkən, digər mülkiyyətçilərin razılıq ərizəsinin verilməsi yolu ilə deyil, lazımi subyektlərin özləri, yaxud etibarnamə üzrə nümayəndələrinin iştirakı ilə alqı-satqı müqaviləsi rəsmiləşdirilməli və onlar həmin müqaviləyə imza etməlidirlər.
14. Sadalanan qanun normalarının tələbindən göründüyü kimi, ümumi birgə mülkiyyətdə olan əmlaka dair sərəncam verilərkən bütün mülkiyyətçilərin razılığı alınmalı, eləcə də bir mülkiyyətçi tərəfindən ümumi birgə mülkiyyətdə olan əmlaka dair sərəncam verilərkən digər mülkiyyətçilərin adından çıxış etmək üçün lazımi səlahiyyəti olmalı, belə səlahiyyəti olmadan ümumi əşyaya dair əqd bağlayarkən qarşı tərəfin, yəni alıcının bunu bilməməsi sübuta yetirilməli, sübuta yetirilmədiyi halda bağlanmış əqd etibarsız sayılmalıdır.
15. İddia ərizəsindən görünür ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi torpaq sahəsinin X19, X4, X21, Cavabdeh və X9 ümumi birgə mülkiyyətində olmasını, eləcə də digər mülkiyyətçilərin adından səlahiyyəti olmadan X8 əqdi bağlamasını bilmişdir. Belə olan halda, iddiaçının daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh və ailə üzvlərinə verilmiş Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1,31 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair **********99 reyestr nömrəli elektron çıxarışın etibarsız hesab edilməsi tələbini irəli sürməsi əsaslı və qanuni hesab edilə bilməz.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli və «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli və Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli qərarlarına, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178, 222.1, 222.2, 222.3, 222.4, 324.1, 324.2, 342.4, 324.5, 331, 329.1, 334.1, 334.2, 334.3.1, 337.1, 338 və 339 və 647.1-ci maddələrinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə, Azərbaycan Respublikası MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə, istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir.
18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mövqeyi və gəldiyi nəticə düzgün deyildir. Çünki, iddiaçının vicdanlı alıcı kimi hüquqlarını nəzərə almadan qətnamə qəbul etməklə səhvə yol vermişdir. İlk Növbədə, qətnamədə əvvəl cavabdeh guya alqı-satqıdan xəbəri olmadığı üçün hazırki çıxarışı əldə etməkdə haqlı hesab edilir, daha sonra isə ailə üzvləri ilə birgə torpağın satılmasına razılıq ərizəsi verməsi yetərsiz hesab olunaraq müqaviləyə imza etməli olduğu qeyd edilir. Bu faktlar məhkəmənin özünün də elə vahid mövqeyinin olmadığını göstərir. Aşağıdakı faktları nəzərə alınması vacibdir: Cavabdeh vərəsəlik işinin gedişi və Torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədin itməsi barədə aiddiyyatı polis şöbəsinə müraciət edərkən və qəzetdə elan verərkən torpağın satılmış olmasından məlumatlı olmuşdur; Cavabdehin atası xx.xx.2008ci ildə vəfat etməsinı baxmayaraq, vərəsəlik işi 2020-ci ildə aparılmışdır. Bütün bu illər ərzində bir dəfə olsun miras hesab etdiyi və təyinatı kənd təsərrüfatı olan əmlakdan istifadə etməmiş və heç həmin yerə gəlməmişdir.
19. Göyçay rayon Şəhadət bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki mübahisəli torpaq sahəsi üçün 2006-2021-ci illərdə iddiaçı tərəfindən torpaq vergisi ödənilmişdir. Eyni zamanda, iddiaçı əkin subsidiyası almışdır. DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubu həqiqəti əks etdirmir. Belə ki, iddiaçıya məxsus Torpaq aktı qeydiyyat kitabında 230 nömrə ilə xx.xx.2006-cı il tarixində qeydiyyata alınıb. Eyni zamanda JN-1742 (kod ********) nömrəli dövlət aktı ilə mülkiyyət verilmiş torpaq sahəsinin planı və cizgisi təsdiq edilmişdir. Lakin, Ərazi idarəsi qeyd edir ki, özləri verdiyi JN-1742 (kod ********) nömrəli dövlət aktından və alqı-satqı müqaviləsindən məlumatları olmamışdır. Qeyd etmək zəruridir ki, iddiaçı həmin JN-1742 (kod ********) nömrəli dövlət aktı əsasında 2020-ci ilin dekabr ayında 21 torpaq sahəsinin dövlət reyestrində qeydə alınması üçün müraciət etmişdir və 21 torpaq sahəsi üçün dövlət rüsumu ödəmişdir. Digər 19 torpaq sahəsi üzrə reyestrdən çıxarış almışdır. Yalnız hazırda məhkəmədə mübahisələndirilən bu 2 torpaq sahəsi üzrə imtina məktubu təqdim edilmişdir. Hakim ilk növbədə vicdanlı alıcının mənafeyini nəzərə almalıdır. Lakin, məhkəmənin qətnaməsi təəssüf hissi doğurur.
20. Qeyd edilənlərə əsasən Göyçay rayon məhkəməsinin 2(046)-151/2022 saylı, 10 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir..
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X15 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə tam və obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, qeyd olunan mübahisəli torpaq sahəsi cavabdehin atası Elman hacıyev tərəfindən notarial qaydada alqı-satqı müqaviləsi rəsmiləşdirilməklə iddiaçıya satılmış, iddiaçı da almış olduğu bütün torpaqları birləşdirərək torpağa mülkiyyət hüququna dair Dövlət Aktı almışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edir.
23. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onun atası iddiaçıya torpaq sahəsi satmamışdır. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır. Ona görə də təmin olunmamasını xahiş edir.
24. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs (məhkəmə tərəfindən cəlb edilmiş) X5 (çıxarışda ata adı Əliheydər qeyd olunub) apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlar Cavanşir adlı şəxsi tanımırlar. Mərhum əri Elman heç kimə torpaq satmayıb. Torpaq sahəsi daim onların mülkiyyətində olub. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
25. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi çıxarış notarius tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir. Ona görə də ədalətli qərar qəbul edilməsini xahiş edir.
26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər 3-cü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Konstitusiyası Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
29. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(046)-151/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(046)- 151/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı cavabdehin adına verilmiş mübahisəli 1.31 ha torpaq sahəsi ilə bağlı sonuncu elektron çıxarışın etibarsız hesab edilməsini xahiş edir.
35. Öyrənilmiş işin faktiki halları ilə müəyyən edilir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə X10, X3, X16, Cavabdeh, X11 Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisindən 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən JN- 1117 saylı dövlət aktı verilmişdir.
36. Həmin 1,31 ha torpaq sahəsinə dair İddiaçı ilə X19 arasında 11 oktyabr 2005-ci il tarixli notarial qaydada təqdiq edilməklə alqı-satqı müqaviləsi bağlanmışdır.
37. Həmin torpaq sahəsinin iddiaçıya satılmasından sonra Cavabdeh torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi itirməsi barədə aidiyyəti polis şöbəsinə müraciət etmiş, həmçinin itirilmiş sənədin etibarsız sayılmasına dair KİV-də elan vermiş, bundan sonra qeydiyyat orqanı tərəfindən ona mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
38. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciə etmişdir.
39. İddiaçı tələbinin faktiki əsası kimi rəsmiləşdirilmiş müqavilədən və adına verilmiş mülkiyyət sənədindən sonra, cavabdehin adına verilmiş çıxarışın qeyri-qanuni olmasına istinad etmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri ilk növbədə həmin çıxarışın verilməsi ilə bağlı olmuş sənədlərin etibarlılığının yoxlanılması üçün əhəmiyyətli hal olduğundan ilk növbədə bu istiqamətdə araşdırma aparılmalı, bundan sonra hazırki mübahisəyə qiymət verilməlidir.
41. Belə ki, kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının mübahisəlndirdiyi elektron çıxarışın verilməsindən qabaq iki hüquqi sənəd, yəni cavabdehin mərhum atası X8 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və bu çıxarış əsasında verilmiş xx.xx.2020-ci il tarixli 2V-422 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə mövcuddur və hər iki sənəd mübahisələndirilməyərək, hazırki halda qüvvədədir.
42. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi çıxarışın əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, MM-in 140-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu zaman ilkin qeydin hansı əsasla edilməsi, o cümlədən qanunsuz olması əhəmiyyət kəsb etmir.
43. Göründüyü kimi Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
44. Qeydin yalnız qanuni əsaslarla həyata keçirildiyi halda daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması və əldə edən şəxsin hüquqlarının müdafiə olunması, həmin normanın mahiyyətinə ziddir və zərurətini aradan qaldırır. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu da, qeyd olunanları təsdiq edir. Belə ki, həmin müddəalara görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır.
45. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir.
46. Kollegiyanın qənaətinə görə ilk növbədə hazırki mübahisələndirilən çıxarışın verilməsinə qədər verilmiş və hazırda qüvvədə olan sənədlər (mərhum X8 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və bu çıxarış əsasında verilmiş xx.xx.2020-ci il tarixli 2V-422 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə) mübahisələndirilmədiyi halda, mübahisələndirilən sonuncu çıxarışın (qeydiyyat yazısının) qanuni və qanunsuz olmasına qiymət vermək mümkün deyildir. Çünki yuxarıda qeyd olunduğu kimi hazırda mübahisələndirlən çıxarış əvvəlki sənədlərdən birbaşa asılı olmaqla törəmə sənəddir.
47. Kollegiya belə qənaətə gəlir ki, mübahisələndirilən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan əvvəl verilmiş sənədlərin hüquqi müqəddəratı həll edilməyincə, hazırki tələb üzrə iddiaya qiymət vermək mümkün deyildir. Ona görə də kollegiya hesab edir ki, qeyd olunan sənədlər üzrə məsələ öz həllini tapdıqdan sonra iddiaçının yeni əsasla məhkəməyə müraciət etmək hüququ istisna olunmur.
48. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi vacib hesab edir ki, hazırda mübahisələndirilən çıxarış (qeydiyyat yazısının ləğvi) vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında verildiyindən həmin çıxarışın mübahisələndirilməsi ümumi məhkəməyə aid olsa da, əvvəlki, yəni xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir.
49. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas fiziki şəxslər arasında mülki hüquqi münasibətlərin nəticəsində baş verməmişdir.
50. Göründüyü kimi cavabdeh orqan həmin qeydiyyatı apararkən və qeydiyyatın nəticəsi olaraq sözügedən çıxarışı verərkən mülki hüququn subyekti kimi deyil, hakimiyyət səlahiyyətlərini həyata keçirən inzibati orqan kimi çıxış etmişdir.
51. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qətetdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(046)-151/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov