Məhkəmə qərarları › İş №2(107)-784/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-784/2021

29.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-784/2021 29.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh İbrahimova (Məmmədova) Samirə Vaqif qızının və Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər İbrahimova (Məmmədova) Samirə Vaqif qızı və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(075)-63/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh İbrahimova (Məmmədova) Samirə Vaqif qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədova (İbrahimova) Samirə Vaqif qızının adına rəsmiləşdirilmiş, daha sonra onun tərəfindən bağışlama yolu ilə özgəninkiləşdirilmiş Şəki şəhəri, 104-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsini və onun üzərində inşa edilmiş evin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cavabdehin anası Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, mübahisə predmeti olan əmlak, yəni Şəki şəhəri, 104-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsi və onun üstündə inşa edilmiş ev üzərində cavabdeh Məmmədova (İbrahimova) Samirə Vaqif qızı ilə onun ümumi birgə mülkiyyət hüquqlarının tanınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə tələbin dəqiqləşdirilməsinə (artırılmasına) dair ərizə təqdim edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10 mart 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli 31 mart 2015-ci il tarixli çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Şəki Rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 16 avqust 2013-cü il tarixli bağışlama müqaviləsinin etbarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 06 sentyabr 2013-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 27 yanvar 2021-ci il tarixli, 2(075)- 63/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə apelyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını apelyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə iddiaçı olan oğlu arasında 26 may 2008-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Həmin nikahdan onların iki övladları dünyaya gəlmişdir. Nikah dövründə iddiaçı öz adına Şəki Bələdiyyəsindən şəhərin 104-cü kvartalında 600 kv.metr torpaq sahəsi almışdır. İddiaçı həmin torpaq sahəsində ev inşa etmişdir. Sonradan iddiaçı, sözügedən əmlakı cavabdehin, yəni keçmiş həyat yoldaşı Samirənin adına rəsmiləşdirmişdir. 2015-ci ildə isə cavabdehə mübahisə predmeti olan əmlakı satmaq yolu ilə özgəninkiləşdirmək icazəsi vermişdir. Məqsəd isə satışdan əldə olunmuş vəsaiti ailəsinin ümumi ehtiyaclarının qarşılanmasına yönəltmək olmuşdur. İddiaçı bu barədə icazəni rəsmi qaydada vermişdir. Bu barədə notarial təsdiq olunmuş ərizə var. Cari ilin mart ayının 11-də "Elektron notariat" avtomatlaşdırılmış irformasiya sistemindən həmin ərizəyə dair çıxarış da almışdır. Həmin çıxarışın məzmunundan da aydın görünür ki, əmlakın yalnız satış yolu ilə özgəninkiləşdirilməsinə iddiaçı tərəfindən icazə verilmişdir. Əmlakı adına rəsmiləşdirdikdən və bu icazəni aldıqdan sonra cavabdehin ailədaxili davranışlarında, iddiaçıya və ona münasibətində neqativ dəyişikliklər müşahidə etməyə başlamışdır. Cavabdehin dəfələrlə iddiaçıdan xəbərsiz evdən getməsi, əri olan iddiaçının mövqeyinə məhəl qoymadan uzun müddət anasıgildə qalması və sair bu kimi davranışları aralarındaki qarşılıqlı hörmət hissinin bitdiyindən, ailə bağlarının sarsıldığından xəbər vermişdir. Məhz, bu cür vəziyyət nikahın pozulması ilə nəticələnmişdir. Tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra uşaqlar anasının, yəni cavabdehin himayəsində qalmışlar. İddiaçı bir müddət aliment ödəmiş, lakin, işsiz olduğundan və keçirdiyi mənəvi sarsıntıdan dolayı qazanc əldə etmək üçün hər hansı bir fəaliyyətlə məşğul ola bilmədiyindən aliment borcu yaranmışdır. İddiaçı aliment öhdəliyini icra edə bilmədiyindən məsuliyyətə cəlb olunmuşdur. İddiaçı, qarşı tərəfə mübahisə predmeti olan birgə əmlakıı satmağı və əldə olunmuş vəsaiti ½ olaraq bölməyi, iddiaçının özünə düşən hissənin hesabına aliment borcunu bağlamağı təklif etmişdir. Lakin təklif cavabsız qalmışdır. Qarşı tərəfin şübhə doğuran davranışları iddiaçını əmlakın taleyi ilə maraqlanmağa sövq etmişdir. Bu məqsədlə cari ilin mart ayında iddiaçının etibarnamə üzrə nümayəndəsi olaraq o, notarait kontoruna müraciət etmişdir. Əmlak onun adına olmadığından sorğusu əsasında marağında olduğu sənədləri əldə edə bilməmişdir. Lakin, yuxarıda qeyd etdiyi kimi, iddiaçının mübahisə predmeti olan əmlak barədə cavabdehə verdiyi satış icazəsini özündə əks etdirən ərizənin reyestrdən çıxarışını almışdır. Eyni zamanda, həmin gün onlara məlum olmuşdur ki, cavabdeh iddiaçının iradəsinə zidd olaraq birgə əmlakları satış yolu ilə deyil, bağışlama yolu ilə özgəninkiləşdirmiş, yəni anası Cavabdeh2 bağışlamış və onun adına rəsmiləşdirmişdir. Böyük ehtimal ki, bu yolla cavabdeh, öz xəyalında sözügedən əmlakı birgə mülkiyyət hüququ rejimindən azad etdiyini və həmin əmlaka münasibətdə iddiaçının hüquqlarını aradan qaldırdığını düşünür. Lakin, bu məsələ ilə bağlı qanunun müəyyən etdiyi mövqe tam fərqlidir. Göründüyü kimi, cavabdeh ümumi birgə əmlak üzərində sərəncamla bağlı əldə edilən qarşılıqlı razılaşmanın hüdudlarından kənara çıxmış, iddiaçının iradəsinə zidd hərəkət etməklə mülkiyyət hüquqlarını pozmuşdur. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Şəki Rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 16 avqust 2013-cü il tarixli bağışlama müqaviləsinin etbarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 06 sentyabr 2013-cü il tarixli çıxarışın ləğv edilməsini, həmçinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10 mart 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli 31 mart 2015-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə aralarında 26 may 2008-ci ildə rəsmi nikah bağlanmışdır. Həmin nikahdan iki övladlarə dünyaya gəlmişdir. Nikah dövründə o öz adına Şəki Bələdiyyəsindən şəhərin 104-cü kvartalında 600 kv.metr torpaq sahəsi almışdır. Həmin ərazidə ev inşa etmişdir. Buna dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Şəki Ərazi İdarəsi tərəfindən 31 may 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli çıxarış və 16 avqust 2013-cü il tarixli, 2933 nömrəli arayış verilmişdir. Həmin əmlakı 2013-cü ilin avqust ayının 16-da Cavabdeh1 bağışlamışdır. Bunun əsasında əmlak Cavabdeh1 adına rəsmiləşdirilmiş və ona DƏDRXnin Şəki Ərazi İdarəsi tərəfindən **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 06.09.2013-cü il tarixli çıxarış verilmişdir. Həmin dövrdə ailəsinin ehtiyaclarını ödəmək üçün Bakı şəhərində işləyirdi və istənilən vaxt işdən ayrılmaq imkanı olmurdu. Bağışlama əqdini bağlamaqda da məqsədi cavabdehin sözügedən əmlakı daha rahat idarə edə bilməsinə və gələcəkdə onun satılması istiqamətində müstəqil tədbirlər görə bilməsinə əlverişli şərait yaratmaqdan ibarət olmuşdur. O zaman onlar bağışlama predmeti olmuş əmlakı satmaq və əldə olunacaq vəsaiti ailənin ehtiyaclarının ödənilməsinə, azyaşlı övladlarının fiziki-mənəvi cəhətdən sağlam böyüməsi üçün normal şəraitin təminatına yönəltmək məqsədini güdmüşlər. Bu məqsədlə də o 2015-ci ildə cavabdehə həmin əmlakı satmaq yolu ilə özgəninkiləşdirməyə notarial qaydada icazə vermişdir. Bu barədə notarial təsdiq olunmuş ərizəsi var. Cari ilin mart ayının 11-də "Elektron notariat" avtomatlaşdırılmış informasiya sistemindən həmin ərizəyə dair çıxarış almışdır. Çıxarışın məzmunundan da aydın görünür ki, əmlakın yalnız satış yolu ilə özgəninkiləşdirilməsinə tərəfindən qabaqcadan icazə verilmişdir. Əmlakı adına rəsmiləşdirdikdən və bu icazəni aldıqdan sonra cavabdehin ailədaxili davranışlarında, ona və anasına münasibətində neqativ dəyişikliklər müşahidə etməyə başlamışdır. Dəfələrlə ondan xəbərsiz evdən getməsi, onun mövqeyinə məhəl qoymadan uzun müddət anasıgildə qalması və sair bu kimi davranışları aralarındakı qarşılıqlı hörmət hissinin bitdiyindən, ailə bağlarının sarsıldığından xəbər verirdi. Məhz, bu cür vəziyyət nikahın pozulması ilə nəticələndi. Nikah pozulduqdan sonra uşaqlar anasının, yəni cavabdehin himayəsində qaldılar. O bir müddət aliment ödəmişdir. Lakin, işsiz olduğundan və keçirdiyi mənəvi sarsıntıdan dolayı qazanc əldə etmək üçün hər hansı bir fəaliyyətlə məşğul ola bilmədiyindən aliment borcu yaranmışdır. Cavabdehə mübahisə predmeti olan əmlakı satmağı və əldə olunacaq vəsaiti 1/2 olaraq bölməyi, ona düşən hissənin hesabına aliment borcunu bağlamağı təklif etmişdir. Təklifi cavabsız qaldı və aliment öhdəliyini icra edə bilmədiyindən cavabdehin təkidi ilə 2019-cu ilin dekabr ayında Şəki Rayon Məhkəməsinin hökmü ilə (hakim Cahidİmanov) məsuliyyətə cəlb olunmuşdur. Şəki Rayon Məhkəməsi hazırkı mübahisəni öz təsir dairəsində saxlayan bu hüquq normalarına ümumiyyətlə əhəmiyyət verməmiş, onları tətbiq etməmişdir. İş materiallarından bəlli olur ki, birinci instansiya məhkəməsi qətnamənin məzmununa həqiqətə uyğun olmayan fikirləri daxil etməklə işin faktiki hallarını təhrif etmiş, hüququn tətbiqində kobud səhvə yol vermiş vəyekun nəticəyə gələrkən tam yanlış olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsaslanmışdır. Həmin maddəyə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qətnamədə deyilir: "....iddiaçının da bildirdiyinə görə 2015-ci ildə Cavabdeh1 həmin torpaq sahəsini anası Cavabdeh2 bağışlamasından xəbəri olmuşdur. Göründüyü kimi, iddiaçının qeyd edilən bağışlama müqavilələrindən ən azından 5 ildir ki, xəbəri olmuş, lakin onun etibarsız olduğu gündən 1 il ərzində məhkəməyə iddia ərizəsi ilə müraciət etməmiş, bundan 5 il ötdükdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir". İddia ərizəsinin məzmunundan aydın görünür ki, cavabdehin ona hədiyyə etdiyim əmlakı satış yolu ilə deyil, aralarında qabaqcadan əldə olunmuş razılığa, onun iradəsinə zidd olaraq bağışlama yolu ilə özgəninkiləşdirməsi, yəni anası Cavabdeh2 bağışlaması faktı mübahisə predmeti olan əmlakın taleyi ilə maraqlanmaq üçün notariat orqanına müraciət etdiyi vaxt, yəni 2020-ci ilin ilin mart ayında bizə (etibarnamə üzrə nümayəndəsinə) məlum olmuşdur. Bu fakt barədə məlumat aldıqdan 4 (dörd) ay sonra - 2020-ci ilin avqust ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, yəni etibarsız hesab etdiyi əqdi mübahisələndirmək üçün qanunun verdiyi səlahiyyətlərindən müəyyən olunmuş müddəti ötürmədən istifadə etmişdir. Göründüyü kimi, iddianın təmin edilməməsinin hüquqi əsasını formalaşdırmaq üçün müddətin ötürülməsinə dair əsassız mülahizə yürüdən birinci instansiya məhkəməsi səhv olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsini tətbiq etmişdir. Bundan başqa onunla cavabdeh arasında bağlanmış və Şəki Rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 16 avqust 2013-cü il tarixli bağışlama müqaviləsinin məzmunundan bəlli olur ki, bağışlama predmeti olan əmlaka dair müqavilədə göstərilən sənədlər sırasında DƏDRX 12 saylı Ərazi idarəsi tərəfindən ona verilmiş 31 may 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli çıxarışla yanaşı, həmin idarənin 16 avqust 2013-cü il tarixli. 2933 nömrəli arayışı da var. O arayış torpaq sahəsinin müayinəsi zamanı onun üzərində tikilinin (yaşayış evinin) aşkar edildiyi barədədir. Müqavilədən göründüyü kimi, bağışlama predmeti 600 kv.metr ölçüdə olan torpaq sahəsidir. Bəs onun üzərində birgə nikah dövründə tərəfindən inşa edilmiş evin müqəddəratı necə olmalıdır?! Həm ev, həm də sözügedən arayış barədə iddia ərizəsində məhkəməni məlumatlandırmıdır. Lakin məhkəmə, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bu məqama əhəmiyyət verməmiş, işin nəticəsinə təsir edən bu önəmli faktiki halı araşdırmamışdır. Yuxarıda qeyd olunan faktiki hallara və hüquqi məqamlara əsaslanaraq hesab edir ki, cavabdeh mübahisə predmeti olan əmlak barədə bağışlama əqdi bağlamaq səlahiyyətində olmadığı halda həmin əmlaka dair Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü və Mülki Məcəlləsinin 358.1-ci maddələrinin tələblərinə zidd olan sərəncam verməklə əqdin etibarlılıq şərtini pozduğuna görə onunla Cavabdeh2 arasında bağlanmış 10 mart 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli 31 mart 2015-ci il tarixli çıxarış ləğv olunmalı, həmçinin ailə hüquq münasibətlərinə uyğun olaraq cavabdehin üzərinə qoyulmuş vəzifələrin onun tərəfindən kobudcasına pozulduğuna görə, yəni ailəsinin, övladlarının maddi ehtiyaclarının qarşılanması üçün satılmasına icazə verdiyi torpaq sahəsini və onun üzərindəki yaşayış evini ondan gizli şəraitdə və onun iradəsinə zidd olaraq öz anasına bağışlamaq yolu ilə özgəninkiləşdirdiyinə görə onunla cavabdeh arasında bağlanmış və Şəki Rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 16 avqust 2013-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********85 reyestr nömrəli, ********** nömrəli, 06 sentyabr 2013-cü il tarixli çıxarış ləğv olunmalıdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual normalar pozulmuşdur. Belə ki, birgə nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, onların ümumi mülkiyyətidir və bu əmlakdakı paylar bərabər hesab edilir. İddiaçı fərdi yaşayış evini yoldaşı İbrahimova (Məmmədova) Samirə Vaqif qızına bağışlayıb. Lakin Cavabdeh2 bağışlanan zaman İddiaçı iştirak etməyib. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İbrahimova (Məmmədova) Samirə Vaqif qızının və Cavabdeh2 nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, İddiaçı torpaq sahəsini yoldaşı İbrahimova (Məmmədova) Samirə Vaqif qızına bağışlayıb. 2015-ci ildə İbrahimova (Məmmədova) Samirə Vaqif qızı həmin torpaq sahəsini anası Cavabdeh2 bağışlayıb. 2017-ci ildə İddiaçı ilə İbrahimova (Məmmədova) Samirə Vaqif qızının nikahlarına xitam verildikdən sonra o İbrahimova (Məmmədova) Samirə Vaqif qızına və onun övladlarına həmin torpaq sahəsində balaca ev tikmişdir. Odur ki, apelyasiya şikayətini və iddianı qəbul etmir, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdehlər İbrahimova (Məmmədova) Samirə Vaqif qızı və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(075)-63/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Şəki rayon məhkəməsinin 05.10.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 26 may 2008-ci il tarixdə bağlanmış nikah aktı 05.10.2017-ci il tarixdə pozulmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki Bələdiyyəsinin 30 noyabr 2011-ci il tarixli, 20 saylı iclas protokolundan çıxarış 75 nömrəli qərardan görünür ki, ünvan ünvanda 1997-ci il tarixdən qeydiyyatda olan İddiaçı ərizəsi, Şəki Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Tikinti və Memarlıq şöbəsinin 18.11.2011-ci il tarixli, 13/2117 saylı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəki şöbəsinin 23.11.2011ci il tarixli, 1876 saylı razılıq məktubları nəzərə alınaraq fərdi yaşayış evi tikmək məqsədilə bələdiyyənin perspektiv inkişaf fondundan -104-cü kvartalından İddiaçı mülkiyyətinə 0,06 ha torpaq sahəsinin satılması, Şəki şəhər icra Hakimiyyəti Başçısının tikintiyə icazə verilməsinə dair sərəncamı, şəhərin baş memarı tərəfindən razılaşdırılmış layihə sənədləri olduqdan sonra ayrılmış torpaq sahəsində tikinti işlərinə başlanmasına icazə verilməsi, vətəndaş tərəfindən torpaq sahəsinin dəyərinin Şəki Bələdiyyəsinin hesabına tam ödənildiyinin nəzərə alınması, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşa alqı-satqı sənədlərinin verilməsinin təmin edilməsi, qərarın icrası bələdiyyənin memarı C.M.Musayevə, bələdiyyənin böyük mühasibi Ş.R.Quliyevə və bələdiyyənin hüquqşünası Ə.İ.Bəşirova tapşırılması qərara alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 31.05.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, Şəki şəhəri, 104-cü kvartalda yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 16 avqust 2013-cü il tarixli bağışlama müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən İddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus Şəki şəhəri, 104-cü kvartalda yerləşən 0,06 ha torpaq sahəsini hədiyyə alan Cavabdeh1 bağışlamışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 06.09.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, Şəki şəhəri, 104-cü kvartalda yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ərizədə göstərilmişdir ki, mən İddiaçı, arvadım Cavabdeh1 mülkiyyətində olan Şəki şahəri, 104-cü kvartal ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin istədiyi qiymətə istədiyi şərtlər altında satılmasına heç bir etirazım yoxdur və gələcəkdə heç bir iddiası olmayacaq. Odur ki, imzamla təsdiq edirəm. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 10 mart 2015ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 tam mülkiyyət hüququ ilə ona məxsus Şəki şəhəri, 104-cü kvartalda yerləşən 0,06 ha torpaq sahəsini hədiyyə alan Cavabdeh2 bağışlamışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 31.03.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, Şəki şəhəri, 104-cü kvartalda yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş AZ-İ 408561 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X5 arasında 26 may 2008-ci il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 103 nömrə ilə qeyd edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Xİİ-JQ 323008 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 22.12.1986-cı il təvəllüdlü X2 atası X4, anası isə Cavabdeh2 Haqverdi qızıdır. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlaka dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. MM-in 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (MM-in 6-cı maddəsi). Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). MM-in 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-in 14.2.1-ci maddəsi) MM-in 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-in 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). MM-in 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). MM-in 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-in 404.2-ci maddəsi). MM-in 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. MM-in 667.1-ci maddəsinə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. MM-in 4-cü bölməsinin 13-cü fəslində əqdlərdən (əqdlər haqqında ümümi müddəlaranlayışı və növləri, formaları və s.), 20-ci fəslin 4-cü paraqrafında isə (421-424-cü maddələr) müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin əsaslarından bəhs edilir. MM-in 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (MM-in 421-ci maddəsi). Qanunvericiliyin tələbinə görə müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsinin əsasları Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Göründüyü kimi tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu halda xüsusilə qeyd edilməlidir ki, müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsi nəticəsində yaranmış hüquqi nəticələr tərəflərin mənafelərini pozarsa, pozulmuş hüquqlar bərpa edilməlidir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatı, eləcə də sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı həmin əmlakı 2013-cü ilin avqust ayının 16da Cavabdeh1 bağışlamışdır. Bunun əsasında əmlak Cavabdeh1 adına rəsmiləşdirilmiş və ona DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 06.09.2013-cü il tarixli çıxarış verilmişdir. Bundan sonra cavabdeh həmin əmlakı anası Cavabdeh2 adına rəsmiləşdirmiş və hazırda əmlak sonuncunun mülkiyyətindədir. İddiaçı tərəfindən də həmin bağışlama müqaviləsi və onun əsasında verilmiş çıxarış mübahisələndirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli əmlakı bağışlamaq yolu ilə deyil, satmaq yolu ilə özgəninkiləşdirmək icazəsi vermiş, məqsəddə satışdan əldə edilən pulla ehtiyaclarını qarşılamaq olmuşdur. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Əvvəla ona görə ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. İddiaçı iddia ərizəsində, eləcə də apelyasiya şikayətində mübahisəli əmlakın ailəsinin, övladlarının maddi ehtiyaclarının qarşılanması üçün satılmasına icazə verdiyini bildirir. Kollegiya iddiaçının bu dəlili ilə də razılaşmır. Ona görə ki, bağışlama müqaviləsinin məzmununda tərəflər arasında belə bir şərt mövcud deyil, müqavilə hansısa öhdəliklə şərtləndirilməmişdir. Müqavilənin 2-ci bəndində qeyd edilir ki, “Hədiyyə verən”in daşınmaz əmlakı verməsi “Hədiyyə alan” tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Kollegiya geyd edir ki, müqavilənin dəyişdirilməsi və ya ləğvi müqavilə bağlanarkən razılaşdırılmış olan şərtlərin bir tərəfin mənafeyinə görə dəyişdirilməsi və ya ləğvini nəzərdə tutur. Çünki normal hallarda tərəflər razılaşdırılmış olduqları müqavilələ şərtləri ilə bağlıdır. Bundan başqa kollegiya qeyd edir ki, tərəflər müqaviləni şəxsi mənafelərini təmin etmək, onu həyata keçirmək məqsədilə bağlayırlar. Müqavilənin hər iki tərəfi müqaviləni bağlayarkən qarşı tərəfin bu müqavilənin bağlanmasındakı mənafeyini bilir və bununla razılaşaraq müqaviləyə imza edir. Qeyd olunmalıdır ki, bu xarakterli müqavilələrin spesifik xüsusiyyəti ondan ibarətdir ki, müqavilə şərtlərinə daxil olmayan öhdəliyin cavabdehdən qəti şəkildə tələb edilməsi aşkar şəkildə ədalətsizliyə səbəb olar. Bundan başqa müqavilənin bağlandığı zaman razılıqla bağlı qarşı tərəfin iradəsinin sonradan şəraitin gözlənilməz olaraq əhəmiyyətli dərəcədə dəyişməsinəticəsində əmələ gələn vəziyyəti ehtiva etmədiyini bilə-bilə onu əvvəlki ilə müqayisədə olduqca ağır hala gələn öhdəliyin icrasına məcbur etmək əslində “əhdə” uyğun deyildir. Çünki bu kimi tələb bir tərəf üçün olduqca ağırlaşmış olan öhdəliyin faktiki olaraq həmin tərəfin müqaviləyə olan razılıqla bağlı iradə ifadəsinin məlum olan həqiqi məzmununa uyğun gəlmədiyi bilindiyi halda həmin tərəfi belə bir öhdəliyi icra etməyə məcbur etmək müqavilə ədalətini təmin etmək məqsədinə xidmət etmir. Bundan əlavə işin faktiki hallarından göründüyü kimi iddiaçının anası onun nümayəndəsi olmaqla, iddiaçının mənafeyindən çıxış edir ki, bu da özü-özlüyündə sonuncunun mübahisəli evdə maraqlı olmalarına dəlalət edir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisəli bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə əməl olunmaqla rəsmiləşdirilmişdir. Bundan əvvəl də qeyd olunduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dsedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(075)-63/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(075)-63/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar