Məhkəmə qərarları › İş №2(107)-814/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-814/2022

16.06.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-814/2022 16.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və etibarlı sayılması» tələbinə dair Göyçay Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(046)-1512/2021 tаrixli qərardadından “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 02 mart 2005-ci il tarixli Göyçay rayon Tİ və MHQ İdarəsinin 7 saylı reyestr kitabında (1073) invertar nömrə ilə qeydə alınmış 3988 saylı qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda ümumi sahəsi 43.9 kv/m, yaşayış sahəsi 36.6 kv/m olan 2 otaqlı fərdi yaşayış evinə dair xx.xx.2005-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(046)-1512/2021 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış, 02 mart 2005-ci il tarixli Göyçay rayon Tİ və MHQ İdarəsinin 7 saylı reyestr kitabında (1073) invertar nömrə ilə qeydə alınmış 3988 saylı qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanmda ümumi sahəsi 43.9 m2, yaşayış sahəsi 36.6 m2 olan 2 otaqlı fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin etibarlı sayılması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(046)-1512/2021 nömrəli qətnaməsindən hüquqlarına toxunan şəxs kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X1 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Göyçay Rayon Məhkəməsinin 11 aprel 2021-ci il tarixli 2(046)-1512/2021 saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(046)-1512/2021 saylı qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X1 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X1 16 saylı Ucar Ərazi İdarəsinin Göyçay Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(046)-1512/2021 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin mümkünlüyünün yoxlamaq üçün məhkəmə iclası təyin olunması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X1 16 saylı Ucar Ərazi idarəsinə məlumat verilməsi qeyd olunmuş, bu barədə məhkəmədən 16 saylı Ucar Ərazi İdarəsinə hər hansı bildiriş daxil olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X1 16 saylı Ucar Ərazi İdarəsinin apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 363.1.1ci maddəsinə əsasən geri qaytarılmışdır. Bu səbəbdən hesab edir ki, məhkəmə tərəfindən qərardad qəbul olunan zaman Azərbaycan Respublikası Mülki Qanunvericiliyinin tələbləri pozulmuşdur. Buna görə də qərardadın ləğv olunmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-1512/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(046)- 1512/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 357-ci maddəsində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüququ olan subyektlərin dairəsi göstərilmişdir. Burada apellyasiya şikayətinin işdə iştirak edən şəxslər (iddiaçı, cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər), həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər tərəfindən verilməsi nəzərdə tutulmuşdur. MPM-in 357.2-ci maddəsinin birinci cümləsinə əsasən apellyasiya şikayəti vermək hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. MPM-in 15.4-cü maddəsinə görə məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanını istisna etmir. Prosessual hüquqi statusuna görə işdə iştirak edən şəxs hesab olunmayan bu şəxslər qətnamədən apellyasiya şikayəti vermək hüququna yalnız həmin qətnamə onların hüquq və vəzifələrinə toxunduqda malik olurlar. «... MPM-in 357.1 və 357.2-ci maddələrinin mənasına görə o şəxslər maraqlı şəxslər hesab edilirlər ki, onlar işə cəlb edilməsələr də, qəbul edilən qətnamə... onların hüquq və vəzifələrinə toxunmuş olur». Qətnamənin işdə iştirak etməyə cəlb edilməyən digər şəxslərin hüquq və vəzifələrinə toxunduğu hallar elə bir situasiyanı nəzərdə tutur ki, qətnamə ilə: 1) həmin şəxslərin hüquqları haqqında məsələ bu hüquqların pozulması və ya əsassız məhdudlaşdırılması ilə müşaiyət olunan formada həll edilir; 2) həmin şəxslərin üzərinə hər hansı vəzifəni icra etmək öhdəliyi qoyulur. MPM-in 357.2-ci maddəsində göstərilən şəxlərin apellyasiya şikayəti vermək hüququnun yaranması üçün iki şərt məcmu halında mövcud olmalıdır: 1) həmin şəxslər işdə iştirak etməyə cəlb edilməli olduğu halda onların işə cəlb olunmaması; 2) qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunması. Qanunun mənasına görə işdə iştirak etməyə cəlb edilməli olduğu halda işə cəlb edilməyən şəxsin, əgər qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunmursa, qətnamədən apellyasiya şikayəti vermək hüququ yoxdur. Qətnamənin işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquq və vəzifələrinə toxunmadığı hallarda həmin şəxslərin qətnamədən apellyasiya şikayəti vermək hüququ istisna olunur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamədən hüquq və vəzifələrinə toxunmayan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını nizama salan norma olmadığından, Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsini rəhbər tutub anoloji hüquq münasibətini tənzimləyən normaya yəni, Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinə istinad edərək məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X1 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası iş materiallarını baxaraq müəyyən etmişdir ki, Göyçay Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X1 16 saylı Ucar Ərazi İdarəsinin hüquqlarına və qanuni maraqlarına toxunmur. Apellyasiya şikayətindən görünür ki, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X1 16 saylı Ucar Ərazi İdarəsi mübahisələndirdiyi qətnamənin özünün deyil, daha çox digər şəxslərin hüquq və vəzifələrinə toxunması ilə əsaslandırmağa çalışmış, subyektiv fikirlərlə qətnamənin əsaslığına şübhə yaratmış, qətnamənin hansı hissədə hüquq və vəzifələrinə toxunmasını göstərməmişdir. 16 saylı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh ilə bərabər digər şəxslərin də paylı mülkiyyətində olmasını, hazırki qətnamənin onların hüquqlarına və qanuni maraqlarına toxunduğunu, həmin fərdi yaşayış evi ilə bağlı yalnız alqı-satqının Cavabdehlə bağlanmış hesab edildiyini əsas gətirsə də, kollegiya qeyd edir ki, Göyçay şəhəri, Əli Kərim küçəsi 69 saylı ünvanda yerləşən fərdi yaşayış evinin digər mülkiyyətçiləri deyilən şəxslərlə ötən müddət ərzində sözügedən fərdi yaşayış evi ilə bağlı iddiaçı ilə aralarında hər hansı mübahisə yaranmamış, eləcə də hazırki qətnaməni qanunla müəyyən edilmiş qaydada mübahisələndirməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(046)-1512/2021 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(046)-1512/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(046)-1512/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar