Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-860/2020 17.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Ərizəçi, maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinə qarşı şəxsin vəfat etməsi hüquqi faktının müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-478/2020 nömrəli qərardadından iş üzrə Ərizəçi tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərərək, onun qaynanası X3 xx xxxx 1984-cü il tarixdə Şəki şəhərində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 478/2020 nömrəli qərardadı ilə Ərizəçi şəxsin vəfat etməsi hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmışdır. Ərizəçi qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-478/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-478/2020 nömrəli qərardadı ilə Ərizəçitərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi şikayətini müdafiə edərək, sonda şikayətinin təmin olunmasını, iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X2 bildirmişdir ki, ərizəçi onlara müraciət etmədiyindən, onlar da imtina barədə məktub verməmişlər. Ona görə də qərardadın həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-478/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149-cu maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları;. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, MPM-in 152-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə; iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması barədə qarardadını onunla əsaslandırmışdır ki, Ərizəçi qaynanası X3 xx xxxx 1984-cü il tarixdə Şəki şəhərində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, o, bununla bağlı mübahisənin məhkəmədən kənar həll edilməsinin mümkünsüzlüyü barədə, yəni qaynanası X3 vəfat etməsi ilə bağlı müvafiq tibbi arayışın verilməsi üçün aidiyyəti üzrə müvafiq xəstəxanaya və qaynanası X3 ölümünün qeydə alınıb-alınmaması, əgər alınmamışdırsa, qaynanası X5 müvafiq ölüm şəhadətnaməsinin verilməsi məqsədi ilə Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etməsi, həmin xəstəxananın və həmin qeydiyyat şöbənin bundan imtina etməsi ilə bağlı heç bir sənədi ərizəsinə əlavə etməmişdir. Bundan başqa “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Ərizəçi hazırki tələbi ilə bağlı ərizəsinə əlavə etdiyi dövlət rüsumu qəbzindən məhkəmənin icraatında olan başqa bir işdə istifadə edildiyi müəyyən edilmişdir. Yəni, Ərizəçi hazırki tələbi ilə bağlı ərizəsinə istifadə edilməmiş dövlət rüsumu qəbzini əlavə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsinin ərizənin yuxarıda sadalanan hallarla bağlı geri qaytarılması barədə mövqeyi əsaslıdır. Birincisi ona görə ki, iş materiallarından göründüyü kimi ərizəçinin ərizəsi xx.xx.2020ci il tarixdə birinci instansiya məhkəməsinin dəftərxanasında qeydiyyatdan keçmişdir. Həmin ərizəyə əlavə olunmuş xx.xx.2020-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən müəyyən olunur ki, rüsum Şəki rayonu Şəki kəndində qeydiyyatda olan X7 tərəfindən ödənilmişdir. Apelyasiya şikayətinə əlavə olunmuş dövlət rüsumu barədə qəbz isə xx.xx.2020-ci il tarixdə ödənilmişdir. İkincisi, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçməlidir və ya inzibati qaydada müəyyən edilməlidir. Ərizəçinin müvafiq sənədləri başqa qaydaya ala bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-478/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı və ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-478/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-860/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-860/2020
17.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver