Məhkəmə qərarları › İş №2(107)-87/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-87/2021

10.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-87/2021 10.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdeh X9 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “cavabdehin zəbt olunmuş gediş-gəliş yolundan çıxarılması və maddi ziyan” tələbinə dair Yevlax Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli, 2(039)-291/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qonşusu Cavabdeh zəbt etdiyi məhlə torpağının ona qaytarılması və ona məxsus məhlə torpağının müəyyən hissəsini zəbt edərək uzun illər əkib-becərərək əldə etdiyi 1000 manat qazancın 600 manat hissəsinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 05 may 2020-ci il tarixli, 2(039)- 291/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı cavabdehin zəbt olunmuş həyətyanı torpaq sahəsindən çıxarılma və maddi ziyan tələbi barədə iddiasının təmin edilməməsi, Mütəxəssis rəyinin verilməsinə dair çəkilmiş xərc-67 (altmış yeddi) manat, 20 (iyirmi) qəpik pulun İddiaçı tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi belə əsaslandırılmışdır ki, Yevlax Rayon Tanrıqulular kəndində yerləşən keçmiş “hamamın” həyəti deyilən yeri-0,12 ha torpaq sahəsini bələdiyyədən almış və bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində saxlanılan Dövlət kadastr kitabında 22 fevral 2007-ci ildə qeydiyyat aparılmışdır. Məhlədə hamamın işləməsi üçün tikilmiş transformatora əsas küçədən 4 metr enində, 67 metr uzununda yol olmuş və o da sənəddə qeyd olunmuşdur. Həmin transformatora gedən yoldan indi sahibkarlıq məqsədilə ona verilmiş 0,78 ha qonşunun torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə olunur. Cavabdeh Cavabdeh küçə tərəfindən eni 5 metr və uzunu 67 metr məhlə torpağını zəbt etmiş və və oraya “setkadan” hasar çəkmişdir. Cavabdeh tərəfindən zəbt edilmiş həyətyanı torpaq sahəsinin ona qaytarılması və torpaq sahəsini zəbt edərək əldə etdiyi 600 manat qazancın ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə versə də birinci instansiya məhkəməsinin hakimi qəbul etməmişdir. Bundan başqa o, işin detallarına aydınlıq gətirmək üçün 04.05.2020-ci il tarixində məhkəməyə izahat ərizəsi verərək bütün dediklərini ətraflı izah etmiş, bütün sənəd və sübutlarını təqdim etmişdir. Qətnamədə isə onun sənəd və sübut etməməsi səbəbindən iddiasının təmin edilmədiyi bildirilir. Ekspertiza xərci olan 67 manatın isə iddiaçıdan tutulması tamamilə ədalətsiz və əsassızdır. Odur ki, Yevlax Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli, 2(039)-291/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 çıxışında ekpert rəyi ilə razılaşmadığını torpaq sahəsinin çıxarışının olduğunu bildirdi. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 çıxışında iddiaçının tələbi ilə razı olmayaraq bildirdi ki, iddiaçı transformator yolunun olduğunu bildirsə də transformatorun yeri və qapısı yoxdur. O, birinci Qarabağ müharibəsi qazisidir və özünün 12 sot torpaq sahəsi vardır. Ekspert rəyi ilə razı olduğunu, yenidən ekspertizanin keçirilməsinə ehtiyac olmadiğini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli, 2(039)-291/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №li, 27.05.2011-ci il tarixli çıxarışından görünür ki, İddiaçı Yevlax rayonu, Tanrıqulular kəndi yerləşdiyi 0.12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası “xxxx”nın 20 noyabr 2020-ci il tarixli 489 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının ekspertiza baxışına göstərdiyi, həmçinin cavabdeh X2 faktiki istifadə etdiyi Yevlax rayonu Tanrıqulular kəndində yerləşən torpaq sahəsi,MA seriyalı ******* nömrəli,**********18-10301 reyestr nömrəli çıxarışla iddiaçının adına qeydiyyata alınmış və elektron kadastr bazasında göstərilən 0,12 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası “xxxx”nın 06 may 2021-ci il tarixli 167 nömrəli ekspert rəyindən görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən, iddiaçının nümayəndəsinin ekspertiza baxışına təqdim etdiyi mübahisəli torpaq sahəsi faktiki olaraq, cavabdeh X2 istifadəsində olan torpaq sahəsinin daxilindədir. Sözügedən mübahisələndirilən torpaq sahəsi iş materiallarına əlavə edilmiş, MA seriyalı ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilən, həmçinin AA seriyalı 003135 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı sahibkarlıq məqsədli 0,78 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmamışdır. Həmin iddiaçıya məxsus olan 0,78 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi ərazinin ümumi xəritəsinə əsasən cənub-qərbdən yol nəzərdə tutulmuşdur. Xəritə üzrə nəzərdə tutulan yol ərazisi naturada İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir və həmin yol sahəsi xüsusi coğrafi informasiya proqramları vasitəsilə tərtib edilən ortofotoplanda aydın şəkildə göstərilmişdir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Hazırda tədqiq edilən iş materialları ilə iddiaçının mülkiyyətində olan 0,12 ha və sahibkarlıq məqsədilə ona verilmiş 0,78 ha torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı bir müdaxilə edilməsi öz təsdiqini tapmır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, apellyasiya şikayətində göstərilən dəlillə bağlı məhkəmə kollegiyası tərəfindən məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və buna dair təsdiqedici rəy də almışdır. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini iş üzrə sənədlərlə birlikdə təhlil edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X4rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Məhkəmə tərəfindən ekspertiza xərclərinin iddiaçıdan tutulmasının əsassızlığı ilə bağlı apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası bunun iddiaçının qeyd etdiyi kimi əsassız saymır. Çünki, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Hazırkı işdən isə aydın olur ki, iddia təmin edilməmişdir. MPM-in 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 600 (altı yüz) manat İddiaçı tutularaq “xxxx”MMC-nə- VÖEN **********, KOD 201025, VÖEN **********, müxbir hesаb AZ37NABZ********************, SFİFT KOD AİİBAZ2X hesаbа ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apelLyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli, 2(039)-291/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 600 (altı yüz) manat İddiaçı tutularaq “xxxx” MMC-nə-VÖEN **********, KOD 201025, VÖEN **********, müxbir hesаb AZ37NABZ********************, SFİFT KOD AİİBAZ2X hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar