Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-908/2022 26.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpağın alqı-satqısına dair əqdin etibarlı sayılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpağın alqı-satqısına dair əqdin etibarlı sayılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpağın alqı-satqısına dair əqdin etibarlı sayılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, e- 2(025)-301/2022 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. 18 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X2 rayon Böyük Pirəli kəndində günbatan hissədə “Armud dibi” adlanan sahədə 0.15 ha torpaq sahəsini İddiaçı 1200 ABŞ dolları qarşılığında satmış, həmin sahənin mülkiyyət hüququnu təsdiq edən Şəhadətnaməni alan kimi İddiaçı heç bir tələb qoymadan verəcəyi barədə öhdəlik götürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “torpağın alqı-satqısına dair əqdin etibarlı sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair 18 mart 2005-ci il tarixli müqavilənin etibarlı sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 18 mart 2005-ci il tarixdə Qəbələ rayonu Böyük Pirəlli kənd sakini, Cavabdeh mərhum atası, qohumu X6 ilə torpaq alqısatqı müqaviləsi imzalamışdır. Həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi yazılı formada tərtib olunan zaman torpağın Şəhadətnaməsi hazır deyildi. Razılaşmaya əsasən torpağın pulunu tam ödəyərək almışdır. Alqı-satqı müqaviləsinə əsasən üzərimə düşən bütün öhdəlikləri tam yerinə yetirmişdir. Həmin alqı-satqı müqaviləsini imzalayan zaman X1 onun ailə üzvlərinin mülkiyyəti olduğunu, Şəhadətnamə hazırlanan zaman ailə başçısı kimi onun adının Şəhadətnamədə qeyd ediləcəyini bildirmişdir. Torpaq sahəsini ona satan zaman qohumu X6 arvadının xəstə olduğunu və onun müalicəsi üçün pula ehtiyacının olduğunu bildirmişdir. Eyni zamanda o, oğlu, hazırki iş üzrə Cavabdeh Azərbaycanda olmadığı üçün 03 mart 2005-ci il tarixdə onun yanımda onunla telefon əlaqəsi saxlamış, anasının müalicəsi üçün pula ehtiyac olduğuna görə torpağı satmaq istədiyini bildirmişdir. Cavabdeh də razılaşmış, ona 200-300 ABŞ dolları pul saxlamasını atasından xahiş etmiş, Qəbələyə qayıtdıqdan və Şəhadətnamə hazır olduqdan sonra alqı-satqı müqaviləsinin notariat qaydada təsdiq olunması üçün atası ilə birlikdə imza edəcəyinə söz vermişdir. Alqı-satqı müqaviləsində qeyd edildiyi kimi X1 Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazır olan kimi heç bir tələb qoymadan Şəhadətnaməni ona verəcəyi barədə öhdəlik götürmüş və həmin öhdəliyi yerinə yetirmişdir. JN-201A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair həmin Şəhadətnamə yaxın vaxtlara qədər məndə olmuşdur. Məhkəmədə əldə etdiyimiz razılaşmaya əsasən, cavabdeh notariat ofisində torpağı mənə satacağı görüntüsü yaradaraq, aldatma yolu ilə Şəhadətnaməni məndən almışdır. Onu da qeyd edim ki, həmin alqı-satqı müqaviləsi vəkil Firiddun Osmanov tərəfindən tərtib olunmuşdur. Firiddun Osmanov hal-hazırda da vəkil kimi fəaliyyət göstərir. Lakin ona məlum olmayan səbəbdən Şəhadətnamədə yalnız Cavabdeh adı yazılmış, atası X3 isə ailə başçısı kimi adı Şəhadətnamədə qeyd edilməmişdir. Bu barədə onun son illərdə məlumatı olmuşdur. Torpaq sahəsinin alqı-satqı müqaviləsini imzaladıqdan və Şəhadətnamənin əslini ona təqdim etdikdən bir müddət sonra X6 vəfat etmişdir. Bundan başqa həmin torpaq sahəsinin kənarlarına mişar daşı ilə divar hördürərək həyətyanı torpaq sahəsində ev və yardımçı tikililər inşa etdirmişdir. Təxminən 2017-ci ildə tikinti işləri başa çatdıqdan sonra evə və həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq adına çıxarış verilməsini DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş etmək istəmişdir. Lakin cavabdehin özünün də razılığı ilə mərhum atası X3 imzaladığı alqı-satqı müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi səbəbindən həmin mülkiyyəti adına rəsmiləşdirə bilməmişdir. 2005-ci ildən 2017-ci ilə qədər cavabdeh bir dəfə də olsa ondan torpaq sahəsini geri tələb etməmişdir. Bu da onda onun istənilən vaxt mərhum atasının vərəsəsi kimi alqı-satqı müqaviləsinin notariat qaydada təsdiq olunması üçün imza edəcəyi inamını yaratmışdır. Qeyd edilən torpaq sahəsini o alan zaman həmin torpaq sahəsində 20 il əvvəl inşa edilmiş dağınıq vəziyyətdə ev bünövrəsi var idi. Müqavilə imzalanan zaman bünövrənin dəyərini də nəzərə almaqla mərhuma razılıq əsasında 1200 ABŞ dolları pul ödəmişdir. Həmin bünövrəni o, bərpa edərək üzərində ev inşa etdirmişdir. Hal-hazırda da ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Ev inşa etdirdiyi həmin torpaq sahəsinin kənarlarını bağlayaraq 2005-ci ildən hal-hazıradək istifadə edir. Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(025)-108/2018 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh ona qarşı ailə üzvləri ilə birlikdə JN-201A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.14 ha torpaq sahəsindən çıxarılmağına dair iddia tələbi təmin olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Həmin icra işi üzrə 0.14 ha torpaq sahəsinin ona məxsus fərdi yaşayış evinin yerləşdiyi 120 kv.metr hissəsi çıxılmaqla qalan 0.12.8 ha torpaq sahəsi Cavabdeh qaytarılmışdır. Lakin o, həmin torpaq sahəsinin qaytarılmasını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Həmin iş üzrə iddiaçı əvvəl JN-201A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin koordinatları daxilində olan 0.14 ha torpaq sahəsinin və üzərində özbaşına inşa edilmiş fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əsassız varlanma niyyəti həmin tələbdən aydın görünür. Sonradan o, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələbi qaydasında iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə vermişdir. Bu yaxınlarda Cavabdeh yenidən mənə və arvadı X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş yaşayış evinin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bir müddət əvvəl də cavabdeh ona qarşı “Mülkiyyətində olan torpaq sahəsinin üzərində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evindən naturada ayrılması mümkün olmayan ona məxsus əmlakın dəyərinin tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən ona qarşı verilmiş bütün iddia ərizələrinin məzmunundan da ona və mərhum atasına olan qərəzli münasibəti, habelə əsassız varlanma niyyəti açıq-aydın görünür. Göründüyü kimi cavabdeh öz qanunsuz və əsassız tələblərindən əl çəkmək istəmir. Uzun müddət davam edən hazırki mübahisənin ədalətli və qanuni həll olunması üçün alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə qəbul olunmalıdır. Ən əsası isə odur ki, cavabdeh iddia ərizələrində torpaq sahəsinin (təbii ki, köhnə bünövrə ilə birlikdə) 1200 ABŞ dollarına ona satıldığını etiraf edir. Bu hal qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə də sübuta yetirilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
4. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 27 aprel 2022-ci il tarixli, e-2(025)- 301/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 335.2-ci (halbuki bu maddə xx.xx.2005-ci il tarixli qanunla çıxarılmışdır) və 336-cı maddələrinə istinad etmiş və məhz həmin maddənin müddəalarına əsaslanmaqla cavabdehin atası tərəfindən ona verilmiş mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini tələb etmişdir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında telefon vasitəsilə olmuş şifahi razılaşma daşınmaz əmlaka dair bağlanmış ikitərəfli əqd kimi qəbul edilə və müvafiq olaraq da onlarla bağlı Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin müddəaları tətbiq edilə bilməz. Məhkəmə özünün bu mövqeyini mülki qanunvericiliyin əqdlər və əqdlərdə təmsilçilik institutları ilə bağlı 324.1 və 324.2-ci maddələrində əks olunmuş yanaşmasına uyğun hesab edir. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Şərh olunan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdehin atası arasında imzalanmış müqavilə mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin zəruri şərtlərinə riayət edilməsi kimi qiymətləndirilə bilməz.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006-cı il tarixli qərarına, İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Аzərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1, 324, 324.1, 324.2, 324.3, 324.4, 324.5 və 324.6, 567, 646.1, 648.1 və 650-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun torpağı alan zaman torpaq sənədinin olmadığı, torpağın pulunu tam ödədiyini, torpağı naturada təhvil aldığını, sonradan sənədin cavabdehin adına gəldiyini, 13-14 il ərzində cavabdehin həmin torpaq barədə ona heç bir irad bildirmədiyini və alqı-satqı zamanı müqavilənin notariat qaydada təsdiq olunmasının qeyri-mümkün olması barədə təqdim etdiyi dəlilləri nəzərə almamışdır.
8. Əsas məqamlardan biri də məhkəmənin qətnamədə cavabdehin istinad etdiyi dəlillərin çoxuna istinad etməməsidir. Belə ki, cavabdeh mübahisələndirilən torpağı atasının ona satdığını etiraf edir. Özü Azərbaycana qayıtdıqdan sonra ailə üzvləri (qardaşbacıları) tərəfindən ona satılmış torpağın əvəzində ona 0.20 ha torpaq sahəsi verdiklərini məhkəmə iclasında bildirmişdir. Lakin sonradan qardaş və bacılarının həmin 0.20 ha torpağı satdıqları üçün o da acıqlanaraq onun torpağını əlindən almaq qərarına gəlmişdir. Əslində cavabdeh torpaq istəmir. Dəfələrlə aralarında olan razılaşmanı pozmuş, hər dəfə ondan bir qədər də çox pul tələb etmişdir. Sonuncu razılaşmalarında cavabdeh ondan 10000 (on min) manat pul tələb etmişdir. Şəki Apellyasiya Məhkəməsində həmin pulun 7000 (yeddi min) manat hissəsini dərhal, qalan 3000 (üç min) manat hissəsini də sentyabr ayında vermək barədə saziş bağlamaq haqqında pazılığa gəlmişlər. Lakin növbəti məhkəmə iclasında cavabdeh həyat yoldaşının razı olmadığı üçün həmin razılaşmadan imtina etmişdir.
9. Məhkəmə cavabdehlə telefon danışığı barədə qeyd edilən dəlilləri düzgün şərh etməmişdir. Belə ki, cavabdehin atası onunla bir mülkiyyətçi kimi deyil, ailə üzvü kimi danışmışdır. Müqavilə imzalanan zaman həmin torpaq sahəsinin cavabdehin mərhum atasına və ya ona məxsus olmasını o bilməmişdir. Əgər cavabdeh həmin torpağın ona satılmasına etiraz etsəydi 2005-2018-ci illər ərzində bir dəfə də olsa torpağı geri tələb edərdi. Cavabdehin bacı-qardaşları və digər şahidlərin məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq məhkəmə onların ifadəsini almamışdır. Ona görə də həmin şahidlərin dindirilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, e-2(025)-301/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o mübahisəli torpaq sahəsini cavabdehin atasından almış, pulunu tam ödəyərək həmin torpaq sahəsində ev tikmişdir. Neçə illərdir ki, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Ona görə də apellyasiya şikatyətinin təmin olunmasını xahiş edir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsi yazılı formada tərtib olunan zaman torpağın Şəhadətnaməsi hazır deyildi. Razılaşmaya əsasən iddiaçı torpağın pulunu tam ödəyərək almış, alqı-satqı müqaviləsinə əsasən üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirmişdir. Lakin cavabdeh tərəf neçə illərdir ki, sənədləşmə aparmaqdan imtina edərək, iddiaçıdan əsassız yerə pul tələb edir. Ona görə də apellyasiya şikatyətinin təmin olunmasını xahiş edir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq xəstələnməsi ilə bağlı iştirak edə bilməyəcəyini bildirmişlər.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi 336.1-ci maddəsinə görə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnaməni tam mübahisələndirərək, Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, e-2(025)- 301/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əqdin (alqı-satqı müqaviləsinin) etibarlı hesab edilməsi barədədir.
20. İddiaçı tələbinin faktik əsası kimi ona istinad edib ki, mübahisəli torpaq sahəsini alan zaman sənədləri hazır olmamış, torpağın pulunu tam olaraq ödəmişdir. Həmin torpaq sahəsini naturada təhvil almış, orada ev tikmiş və 13-14 fasiləsiz olaraq ailəsi ilə birlikdə yaşamışdır. Bu illər ərzində cavabdeh həmin torpaq barədə ona heç bir irad bildirməmişdir. İşə baxan birinci instansiya məhkəməsi bunları nəzərə almamışdır.
21. İddiaçı mübahisəli torpaq sahəsinin özünə məxsusluğunu bildirməklə, “Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair 18 mart 2005-ci il tarixli müqavilənin etibarlı sayılmasını xahiş edir.
22. İş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə cavabdehə məxsus olmasına baxmayaraq, iddiaçı tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi cavabdehin qanunla qorunan mülkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir
23. Belə ki, istər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır.
24. Məhkəmə kollegiyanın tədqiqi zamanı müəyyən edilmişdir ki, X2 rayon Böyük Pirəli kəndində günbatan hissədə “Armud dibi” adlanan sahədə 0.15 ha torpaq sahəsini İddiaçı 1200 ABŞ dolları qarşılığında satmış, həmin sahənin mülkiyyət hüququnu təsdiq edən Şəhadətnaməni alan kimi İddiaçı heç bir tələb qoymadan verəcəyi barədə öhdəlik götürmüşdür
25. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 335.2-ci maddəsinə (halbuki bu maddə xx.xx.2005-ci il tarixli qanunla çıxarılmışdır) istinad etmiş və məhz həmin maddənin müddəalarına əsaslanmaqla cavabdehin atası tərəfindən ona verilmiş mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini tələb etmişdir.
26. Kollegya qeyd edir ki, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçı və cavabehin atası arasında imzalanmış AKT daşınmaz əmlaka dair bağlanmış ikitərəfli əqd kimi qəbul edilə və müvafiq olaraq da onlarla bağlı Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin müddəaları tətbiq edilə bilməz.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır və özünün bu mövqeyini mülki qanunvericiliyin əqdlər institutlu ilə bağlı yanaşmasına uyğun hesab edir.
28. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Şərh olunan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş iltizamdakı iradə ifadəsi mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin zəruri şərtlərinə riayət edilməsi kimi qiymətləndirilə bilməz.
29. Mülki Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
30. Bu zaman məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006-cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”.
31. K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Аzərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarındakı fоrmаlаşdırdığı hüquqi mövqeyə görə… əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır…. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir.
32. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması;notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur.
33. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
34. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, e-2(025)-301/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov