Məhkəmə qərarları › İş №2(107)-916/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-916/2022

24.06.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-916/2022 24.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövət Xidmətinə və Ağdaş rayon Notariat ofisinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(014)-201/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövət Xidməti və Ağdaş rayon Notariat ofisinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin(hakim C.Sultanov) 25 fevral 2022-ci il tarixli, 2(014)- 201/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövət Xidmətinə və Ağdaş rayon Notariat ofisinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 29 aprel 2021-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə-352 nömrə ilə qeydə alınmış, seriya AN, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh 55000 manat pulun, dövlət rüsumu olaraq ödənilmiş 240 manatın və müvəqqəti təminat tədbirləri üçün ödənilmiş 24 manatın tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(014)-201/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 361.1.4-ci maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir. 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətindən görünür ki, cavabdeh apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Cavabdeh şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki apellyasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı elektron qaydada verilmiş apellyasiya şikayətində Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavənin yalnız 5-ci bəndində nəzərdə tutulmuş işin halları hissəsinə əməl etmiş, 2 saylı Əlavənin digər bəndlərində göstərilən tələbləri yerinə yetirməmişdir. Kollegiya həmçinin hesab edir ki, cavabdeh şikayətində Mülki Məcəllənin 491.1 və 492.2-ci maddələrini sadlasa da maddi hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərə bilməmişdir. Belə olan təqdirdə apellyasiya şikayətində konkret dəlillər göstərilmədiyindən şikayətə hüquqi qiymət verilməsi qeyri-müəyyən olur. Ona görə də qeyd edilənlər apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ağdaş Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(014)-201/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar