Məhkəmə qərarları › İş №2(107)-944/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-944/2021

21.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-944/2021 21.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi ilə, Şəki Rаyоn Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(075)-656/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, 118 kvartalda yerləşən 0,06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun tərəfindən inşa edilməsi faktının tanınması, həmin tikiliyə onun mülkiyyət hüququnun tanınması və daşınmaz əmlak kimi onun adına qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(075)-656/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “tikintinin onun tərəfindən tikilmə faktının tanınması, tikintiyə mülkiyyət hüququnun tanınması və daşınmaz əmlak kimi adına qeydə alınması” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə İddiaçı şikаyəti xx xxxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rаyоn Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-656/2021 nömrəli qərardadı ilə şikayət baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Şəki Rаyоn Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(075)- 656/2021 nömrəli qərardadı ləğv edilərək, iddia tələblərinin aidiyyat məsələlərinə birlikdə hüquqi qiymət verilməsi və sonraki prossesual hərəkətlər edilməsi üçün mülki iş Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddia ərizəsi üç tələbdən ibarətdir: 1) Şəki şəhəri, 118 kvartalda yerləşən 0,06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun tərəfindən inşa edilməsi faktının tanınması, 2) Həmin tikiliyə iddiaçının mülkiyyət hüququnun tanınması, 3) Daşınmaz əmlak kimi iddiaçının adına qeydiyyata alınması. Birinci instansiya məhkəməsi hər üç tələbə araşdırma aparmadan qiymət vermiş, iddianın yolverilməzliyi əsası ilə tələblərə inzibati məhkəmədə baxılmalı olduğu nəticəsinə gəlmiş və iddia ərizəsinin qəbulundan imtina etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 08 saylı qərarınına əsasən : -1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. -1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. - 1.7. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olubolmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. -13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı tikilinin inşası qanunla müəyyən edilmiş qaydada müvafiq icazələr alındıqdan sonra tikinti norma və qaydalarına əməl edilməklə həyata keçirilir. Belə zəruri sənədlər mövcud olmadığı halda, tikilinin inşası faktının məhkəmə qaydasında müəyyən edilməsi imkanı isə tikinti qanunvericiliyində nəzərdə tutulmamışdır. Belə olan halda, bu faktın hüquqi əhəmiyyətli fakt kimi məhkəmədə tanınması mümkün deyildir. İkincisi, bu faktın hüquqi əhəmiyyətinin olması iş üzrə müəyyən edilmir. Çünki məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti isə maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Göründüyü kimi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlərə baxılmadırsa əgər, onlara ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Bu onu göstərir ki, özbaşına tikintiyə mülkiyyət hüququ ümumi məhkəmələr tərəfindən tanına bilər. Azərbaycan Respublikası İnzibatı Prosessual Məcəlləsinin 2.1-ci madəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəlləsinin 2.2.3-cü madəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilən maddələrin tələbləri baxımından hazırki iş üzrə iddia tələblərinin bir qismi MPM-nin tələblərinə uyğun olduğu halda ümumi məhkəmədə, digər qismi isə İnzibati Prossesual Məcəllənin tələblərinə uyğun olduğu halda isə inzibati məhkəmədə baxılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, iş üzrə Şəki Rаyоn Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(075)-656/2021 nömrəli qərardadı ləğv edilərək, iddia tələblərinin aidiyyat məsələlərinə birlikdə hüquqi qiymət verilməsi və sonraki prossesual hərəkətlər edilməsi üçün mülki iş Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.3-cü maddəsinə görə məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 10 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən həmin maddənin tələblərinə riayət olunmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Şəki Rаyоn Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(075)-656/2021 nömrəli qərardadı ləğv edilsin. İddia tələblərinin aidiyyat məsələlərinə birlikdə hüquqi qiymət verilməsi və sonraki prossesual hərəkətlər edilməsi üçün mülki iş Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən Ələddin Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar