Məhkəmə qərarları › İş №2(107)-99/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-99/2023

10.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-99/2023 10.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zəruri su yolunun bərpası, süni maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- su arxının açılması, süni maneələrin aradan qaldırılması, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-862/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zəruri su yolunun bərpası, süni maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonunun Şəmsabad kəndində onların ümumi birgə mülkiyyətlərində olan 0.21 ha həyətyanı torpaq sahəsinə gələn zəruri su yolunun (su arxının) həmin kənddə yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən bərpa olunması, cavabdehlər tərəfindən həmin su yolundan sərbəst istifadə etmələrinə yaradılan süni maneələrin aradan qaldırılması və özbaşına hərəkətlərinə birdəfəlik son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar islahat zamanı onların ümumi mülkiyyətinə verilmiş 0,21 hektaf həyətyanı torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evində yaşamaqla təsərrüfatı idarə edirlər. Onların həmin 0,21 hektar həyətyanı torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində ümumi birgə mülkiyyət hüquqi əsasında adlarına qeydə aldırmışlar və bu barədə adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin həyətyanı torpaq sahəsi onlara verildiyi və üzərində ev tikdirdikləri vaxtdan həyətlərinə su arxı hazırda cavabdehlərin özbaşına zəbt edərək hasara aldıqları ərazidən keçirdi. Həmin su yolunun cavabdehlərinə heç bir aidiyyatı yoxdur. Lakin cavabdehlər bütün bunlara baxmayaraq onların həyətlərinə gələn su yolunu qəsdən bağlayaraq həyətlərində istifadə etmək üçün onları sudan məhrum etmişlər. Bu səbəbdən də həyətlərində istifadə etmək üçün əkdikləri tərəvəz bitkiləri, meyvə ağacları məhv olur, həyətdə istifadə etmək və ev heyvan və quşları istifadə etmək üçün su tapa bilmirlər. Ona görə də onlar ərizə ilə kənd bələdiyyəsinə müraciət edərək cavabdehlər tərəfindən qarşısı alınmış həyətlərinə gələn su yolunun bərpa olunmasını xahiş etmişlər. Ərizənin araşdırılması ilə əlaqədar Ağdaş rayonu Şəmsabad kənd bələdiyyə sədrinin iştirakı ilə əraziyə baxış keçirilmişdir. Əraziyə baxış keçirilən zaman məlum olmuşdur ki, həqiqətən həyətlərinə su gələn ərazinin hər iki cavabdehin həyətyanı torpaq sahələrinə heç bir aidiyyati yoxdur və uzun illərdi aşağı həyətlərə gələn ümumi su yoludur. Sonuncu islahat zamanı həyətyanı torpaq sahələrinin şəhadətnamələri hazırlanarkən həmin ərazi ümumi su yolu kimi planda qeyd edilmişdir. Bələdiyyə sədri tərəfindən cavabdehlərə həyətlərinə gələn su yolunun yerləşdiyi ərazini boşaldaraq su yolunu bərpa etmələri təklif olunmuşdur. Cavabdehlər bundan birmənalı şəkildə imtina etmişlər. Cavabdehlər özbaşına hərəkətləri ilə onlar iddiaçıları sudan məhrum etmişlər ki, bu da dözülməzdir və qanunvericiliklə yolverilməzdir. Bələdiyyə sədrinin və digər orqanların əməkdaşları tərəfindən cavabdehlə aparılmış profilaktik söhbətlər və görülmüş tədbirlər nəticəsiz qaldığından, yəni istifadələrində olan yaşayış sahəsinə zəruri su yolunun bərpasını və özbaşına hərəkətlərinə birdəfəlik son qoyulmalarını məhkəmədən kənar həll etmək mümkün olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 2(014)-862/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi ilə (hakim C. Sultanov) iddianın təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Rafiq qızınının Ağdaş rayonunun Şəmsabad kəndində ümumi birgə mülkiyyətlərində olan 0,21 ha həyətyanı torpaq sahəsinə gələn zəruri su yolunun (su arxı) həmin kənddə yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən bərpa olunması, cavabdehlər tərəfindən həmin su yolundan sərbəst istifadə edilmələrinə yaradılan süni maneələrin aradan qaldırılması və cavabdehlərin özbaşına hərəkətlərə birdəfəlik son qoyulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, № ******* saylı çıxarışla İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Rafiq qızınının mülkiyyətinə verilmiş 0,21 ha həyətyanı torpaq sahəsinə gedən su yolu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən bağlanmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə tərəfindən mübahisəli ərazidə məhkəmə tərəfindən yerində müayinə aparılaraq müəyyən edilmişdir ki, iddiaçıların həyətinə gələn zəruri su yolu kəndin başqa təfəfində olan küçədən əvvəlcə Cavabdeh1 həyətinə, oradan digər Cavabdeh2 həyətinə keçməklə onların həyətinin arxa tərəfindəki kəndin digər küçəsinə doğru gəlir və bundan sonra cavabdehlərin həyətindən arx küçəyə çıxmaqla sağa və sola olaraq iki hissəyə ayılır. Cavabdeh2 həmin hissədən sola olan arxa su verilməsinə şərait yaratsa da, sağ tərəfə çıxışı bağlamış, sonradan məhkəmənin qətnaməsi əsasında sağ tərəfdə yaşayan qonşu X1 arxının qarşısını açmış, bundan sonra su arxının qarşısını təkrarən kəsərək digər qonşulara verilməsinin qarşısını almışdır. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Rafiq qızınının Ağdaş rayonunun Şəmsabad kəndində ümumi birgə mülkiyyətlərində olan 0,21 ha həyətyanı torpaq sahəsinə gələn zəruri su yolu (su arxı) həmin kənddə yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən bərpa olunmalı, cavabdehlər tərəfindən həmin su yolundan sərbəst istifadə edilməsinə yaradılan süni maneələr aradan qaldırılmalı və cavabdehlərin özbaşına hərəkətlərə birdəfəlik son qoyulmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2, 170.3, 170.4, 175.1, 255.4-cü maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndi, 54-cü maddəsinin 3-cü bəndi, 84-cü maddəsinin 1-ci bəndi, 84-cü maddəsinin 3-cü bəndi, 111-ci maddəsinin 3-cü bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 77.1, 76.1 və 76.2, 88, 119.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə ekspertiza aparmamış, mübahisəli əraziyə yerli baxış keçirməmişdir. Halbuki, yerli baxış keçirsəydi məhkəmə düzgün və ədalətli qərar qəbul edərdi. Araşdırılma düzgün aparılmamış, yalnız iddiaçının izahatına və Ağdaş rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)- 1260/2019 saylı qətnaməsinə əsaslanaraq qətnamə qəbul etmişdir. Məhkəmə düzgün araşdırmadan onun iddiaçıların Ağdaş rayonunun Şəmsabad kəndində ümumi birgə mülkiyyətlərində olan 0,21 ha həyətyanı torpaq sahəsinə gələn zəruri su yolu (su arxı) həmin kənddə yaşayan tutmağı qənaətinə gəlmişdir. Bu səbəbdən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-862/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-862/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər proses tərəfləri məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-862/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsini cavabdehlərdən yalnız Cavabdeh2 mübahisələndirir. Apellyator Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)- 862/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 2(014)-862/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsini apellyator Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə apelyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni apellyator Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-862/2022 saylı qətnaməsi apellyator Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, № ******* saylı çıxarışla İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Rafiq qızınının mülkiyyətinə verilmiş 0,21 ha həyətyanı torpaq sahəsinə gedən su yolu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən bağlanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iş üzrə ekspertiziya aparmamış, mübahisəli əraziyə yerli baxış keçrilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki mübahisənin obyektiv həll edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, idiaçıların mübahisələndirdiyi su xətti hal-hazırda mövcuddur, onun bir hissəsi cavabdehə məxsus torpaq sahəsindən keçir. Həmçinin müəyyən edilmişdir ki, mövcud su arxından digər qonşular hal-hazırda istifadə edir, lakin cavabdeh həmin şəxslərə qarşı mübahisə yaratmır, yalnız iddiaçı tərəfin həmin arxdan su aparmasına etiraz edir. Cavabdehə məxsus torpaq sahəsindən keçən su arxından suyun keçirilməsi cavabdehə heç bir ziyan vurmur. Məhkəmə kollegiyası apellatorun ekspertizanın təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi qanunverici ekspertizanın təyin edilməsi üçün əsaslandırılmış vəsatətlə məhkəməyə müraciət etmək vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Hazırki mərhələdə isə apellyator hər hansı bir əsaslandırılmış vəsatətlə məhkəməyə müraciət etməmişdir. Bundan başqa qanunverici ekspertizanın təyin edilməsi ilə bağlı məhkəmənin üzərinə vəzifə deyil, hüquq qoymuşdur. Bu isə onu deməyə əsas verir ki, məhkəmə ekspertizanın təyin edilməsini işin tam, hərtərəfli və obyektiv baxılması üçün zəruri hesab edərsə öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər, yəni sözügedən maddənin bu hissəsi imperativ norma kimi çıxış etmədiyindən, qanunverici bu hissədə müvafiq qərar qəbul etmək səlahiyyətini məhkəmənin öz mülahizəsinə buraxmışdır. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili də əsassızıdır. Məhkəmə kollegiyasının sorğusuna verilən və mülki iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Ağdaş Rayon İHB-nın Şəmsabad kənd İnzibati Ərazi Vahidi üzrə Nümayəndəliyi tərəfindən təqdim olunmuş cavab məktubundan məlum olmuşdur ki, İddiaçı1 və həmin ərazidə yaşayan qonşuların mübahisələndirdiyi su arxı həqiqətəndə uzun illərdir ki, (hətta həmin ərazi kolxozun əkin sahələri olan zaman belə) Cavabdeh2 və Cavabdeh1 Ərziman qızına məxsus olan həyatyanı torpaq sahəsində mövcud olmuşdur. Həmin su arxından ərazidə yaşayan 10 (on) ailə istifadə etmişdir. İddiaçı1 həyatyanı sahəsinə digər alternativ su arxının çəkilməsi mümkün deyildir. Məhkəmə kollegiyasının sorğusuna verilən və mülki iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Ağdaş rayonu Şəmsabad Bələdiyyəsi tərəfindən təqdim olunmuş cavab məktubundan məlum olmuşdur ki, Ağdaş rayon Şəmsabad kənd sakini İddiaçı1 və həmin ərazidə yaşayan digər qonşuların su arxını həqiqətəndə uzun illərdi Cavabdeh2 və Cavabdeh1 məxsus həyətyanı torpaq sahəsindən keçən su arxından istifadə edirlər. İddiaçı1 və digər qonşulara alternativ su yolu yoxdur. Göründüyü kimi, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Ağdaş rayonunun Şəmsabad kəndində onların ümumi birgə mülkiyyətlərində olan 0.21 ha həyətyanı torpaq sahəsinə gələn zəruri su yolu (su arxı) Cavabdeh2 və Cavabdeh1 məxsus olan həyatyanı torpaq sahəsindən keçir və sonuncular həmin su arxından istifadə edirlər. İddiaçı1 və digər qonşulara alternativ su yolunun çəkilməsi mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Eyni zamanda kollegiya qeyd edir ki, məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, araşdırılma düzgün aparılmamış, yalnız iddiaçının izahatına və Ağdaş rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)-1260/2019 saylı qətnaməsinə əsaslanaraq qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qey edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə apellyator Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-862/2022 saylı qətnaməsi apellyator Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-862/2022 saylı qətnaməsi apellyator Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar