Məhkəmə qərarları › İş №2(108)-147/2025

Ali Məhkəmə Qərardad — İş №2(108)-147/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-147/2025 22.09.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi (açar sözlər: iddia ərizəsinin geri qaytarılmasına dair qərardaddan şikayət verilməsi, iddia ərizəsində sübutların siyahısının göstərilməməsi, hüquqi şəxsin adından verilmiş etibarnaməni imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən zəruri sənədlərin mövcud olmaması) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(079)585/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 26 avqust 2025-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə 4800 (dörd min səkkiz yüz) manat əsas, 355,69 (üç yüz əlli beş manat, altmış doqquz qəpik) manat faiz borcu, 22,57 (iyirmi iki manat, əlli yeddi qəpik) manat gecikdirmə məbləği üzrə faiz olmaqla, ümumilikdə 5178,26 (beş min bir yüz yetmiş səkkiz manat, iyirmi altı qəpik) manat məbləğində borcun, həmçinin dövlət büdcəsinə köçürülmüş 71.79 (ye tmiş bir manat, yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-4).

2. Babək Rayon Məhkəməsinin (sədrlik edən hakim X1) 28 avqust 2025-ci il tarixli, 2(079)-585/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır (iş vərəqə 24-27).

3. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmasını iddiaçının iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməməsi və hüquqi şəxsin adından verilmiş etibarnaməni imzalayan şəxsin səlahiyyətini təsdiq edən (hüquqi şəxsin rəhbəri və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxs olduğuna dair) sənədlərin ərizəyə əlavə olunmaması ilə əsasland ırmışdı. b) Məhkəmə aktından verilən şikayət

4. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 01 sentyabr 2025-ci il tarixdə şikayətlə Babək Rayon Məhkəməsinə müraciət edərək Məhkəmənin 28 avqust 2025-ci il tarixli, 2(079)-585/2025 nömrəli qərardadının ləğv edilməsini, verilmiş iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını, əks halda şikayətə baxılıb qanuni həllini tapması üçün aidiyyəti üzrə apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir (iş vərəqə 30-32).

5. İddiaçı tərəf şikayətini əsaslandıraraq qeyd etmişdi ki, işin hallarına, əlavə edilmiş sənədlərə baxıldıqda sözügedən qərardadın işin hallarına adekvat olmadığı açıq-aydın görünür. Sanki belə təəssürat yaranır ki, məhkəmə işin geri qaytarılması üçün qərardadda qeyd etdiyi hal ları bir bəhanə kimi göstərmişdir. Çünki məhkəmə sisteminə də çox yaxşı bəllidir ki, qeyd etdiyi nüanslar tərəflərindən pozulmamış, elektron məhkəmənin yaratdığı imkan daxilində iddia ərizəsi tam qanuni şəkildə təqdim edilmişdi. Məhkəmənin mülahizəsi tamamilə əsassızdır. Çünki, işin hallarına, sənədlərə baxıldıqda görünür ki, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilmişdir. Göründüyü kimi iş üzrə zəruri hallara hüquqi qiymət verilməmiş, təqdim edilmiş sübutlar, sənədlər, qanunvericiliyin tələbləri düzgün nəzərə alınmamış, tətbiq edilməmiş, yekunda yanlış nəticəyə gəlinmiş və bununla da hüquqlar pozulmuş, əlavə şikayətlərin yazılmasına, vaxt itkisinə səbəb olunmuşdur. Bu is ə qanunvericiliyin işin düzgün, obyektiv və ədalətli şəkildə araşdırılması üzrə müəyyənləşdirilmiş prosessual tələblərini də kobud şəkildə pozur. Qanunvericilikdə qeyd olunur ki, tərəflərin təqdim etdikləri sübutlar məhkəmə tərəfindən araşdırılmalı və hüquqi qiymət verilməlidir. İş materiallarına baxılarsa qeyd edilənlərin tam təsdiqini tapacağı, yəni prosessual normalara və e-məhkəmə sisteminin göstərişlərinə əməl edilərək iddianın verildiyi mübahisəsiz olduğu halda hakimin əsassız şəkildə iddianı geri qaytardığı sübuta yetir. Hakim iddianın geri qaytarılması ilə bağlı nəticəyə gələrkən iddiada qeyd edilmiş mötəbər halları, qanunvericiliyin normalarını, əlavə edilmiş sənədləri, eməhkəmənin yaratdığı texniki imkan ölçüsünü düzgün tədqiq etməmiş, formal mülahizələrlə, işin hallarına adekvat olmayan mövqe sərgiləmiş, iddianın geri qaytarılması üçün heç bir əsasın olmadığını nəzərə almamışdı. Odur ki, hakim bu hissədə düzgün, obyektiv və əsaslı nəticəyə gəlməmişdir.

6. Qərardadın ləğv olunmasına dair digər dəlil ondan ibarətdir ki, nümayəndəyə iddia ərizəsini imzalamaq səlahiyyətini vermiş etibarnaməni imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənədlər də yəni, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 15 may 2025-ci il tarixli çıxarış da məhkəməyə təqdim edilmişdir. Onu da xüsusilə nəzərə almaq lazımdır ki, eyni məhkəmədə hakimlər tərəfindən fərqli yanaşmanın olması, tərəfdən asılı olmayan halların əsassız şəkildə tələb edilməsi şəxsin müd afiə hüququnun pozulması, əlavə vaxt itkisi deməkdir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə işin hallarına adekvat deyil. Görünən odur ki, məhkəmə işə qeyri-obyektiv yanaşaraq, sənədləri diqqətə almayaraq şübhələrdən azad olmayan məhkəmə aktı qəbul etmişdir. Qeyd edilənlər və onların təsdiqi olaraq əlavə edilmiş sənədlər əsas tutularaq məhkəmənin istinad etdiyi hallar hazırkı işə tətbiq edilə bilməz. İddia ərizəsi tam qanuni şəkildə forma və məzmuna uyğun şəkildə verildiyindən qəbul edilmiş qərardad ləğv edilməli və iş icraata götürülərək baxılmalıdır. Bir sözlə məhkəmənin geri qaytarma barədə qəbul etdiyi sözügedən qərardadı işin hallarına, qanunvericiliyin tələblərinə adekvat olmadığından, əlavə vaxt itkisinə, süründürməçiliyə səbəb olduğundan ləğv edilərək iş icraata götürülməlidir. Göründüyü kimi, məhkəmənin irad bildirdiyi hallar əslində pozuntular olmayıb, formallığa əsaslanan bəhanələrdir. Belə formal mülahizələrə görə iddia ərizəsinin geri qaytarılması qanuni məqsədlərə xidmət etmir.

7. İddiaçının nümayəndəsi Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə 05 sentyabr 2025-ci il tarixdə şikayətə əlavə verərək bildirmişdi ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə, məhkəmə iddia ərizəsini geri qaytardıqda, ərizənin çatışmazlıqlarını göstərməli və iddiaçıya həmin çatışmazlıqları aradan qaldırmaq üçün müddət verməlidir. Məhkəmə bu qanuni tələbi yerinə yetirməmiş, iddia ərizəsini dərhal geri qaytarmaqla iddiaçının hüququnu pozmuşdur. Məhkəmə bildirir ki, etibarnaməni imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənədlər ( nizamnamə, təsis müqaviləsi və s.) iddia ərizəsinə əlavə edilməmişdi. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 15 may 2025-ci il tarixli çıxarış artıq apellyasiya şikayətinə əlavə edilmişdi. Qanunvericilikdə belə bir məhdudiyyət yoxdur ki, rəhbərin səlahiyyətini təsdiq edən sənəd yalnız ilkin iddia ərizəsinə əlavə edilməlidir. Əksinə, Mülki-Prosessual Məcəllənin tələblərinə görə, tərəflər məhkəmə icraatı müddətində istənilən mərhələdə sübutlar təqdim edə bilərlər. Deməli, həmin çıxarışın təqdim olunması prosessual hüquqa tam uyğundur və çatışmazlığın aradan qaldırıldığını göstərir. Məhkəmənin mövqeyi iddiaçının məhkəməyə müraciət hüququnu əsassız məhdudlaşdırır. Çünki sadəcə texnik i xarakterli çatışmazlıqlar iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz, xüsusilə də həmin çatışmazlıq sonradan aradan qaldırılmışdır. c) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə

8. Mülki iş materiallarında olan Babək Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli qərardadından aydın olur ki, iddiaçının verdiyi şikayət əsaslı hesab edilməmiş, onun mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır (iş vərəqə 58-61).

9. Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına 05 sentyabr 2025-ci il tarixdə daxil olmuşdur. İİ. Şikayətə qarşı etirazın dəlilləri.

10. Şikayətə qarşı etiraz daxil olmamışdır. İİİ. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri

11. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası ilk olaraq işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.

12. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə i sə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.

13. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, iddiaçının nümayəndəsi Nümayəndə2 müraciəti mübahisələndirilən məhk əmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır. İV. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi

15. Babək Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(079)-585/2025 nömrəli qərardadından iddiaçı tərəfin verdiyi şikayəti və ona baxılması ilə bağlı araşdırılmış sübutları nəzərdən keçirən kollegiya şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

16. Hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir.

17. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

18. Qeyd edilən prosessual normanın tələbindən də görünür ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, yəni bu hüququn məhdudiyyətə məruz qalması istisna edilmir.

19. Bu hüququn mütləq olmamasını Mülki-Prosessual Məcəllənin 151.1-ci maddəsinin məzmunundan da müəyyən etmək mümkündür ki, sözügedən prosessual normaya görə iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

20. Göründüyü kimi bu hüquqa olan məhdudiyyətlərin əsasını şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə məhkəməyə müraciət etməsi təşkil edir.

21. İddia ərizəsinin qanunvericiliyin tələblərinə əməl edilməklə verilməsi şərtlərini mülki prosessual qanunvericiliyin normaları əsasında qruplaşdırdıqda, bunlara iddia ərizəsinin aidiyyətinin düzgün seçilməsi, icraatın başlanmasına səbəb olan prosessual sənədin (ərizənin, iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin) mülki prosessual qanunvericiliklə müəyyən edilmiş formada və məzmunda tərtibi, həmçinin ona əlavə olunması zəruri olan sənədlərin iddia ərizəsinə əlavə edilməsini aid etmək olar.

22. İddia ərizəsinin verilməsinin qanunauyğun qaydada həyata keçirilməsinin yoxlanılması məqsədi ilə mülki prosessual qanunvericilik məhkəmə üçün 5 günlük müddət müəyyən edir (MPM maddə 151.3).

23. Qeyd ed ilənlərin ümumi nəticəsindən görünür ki, məhkəməyə iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır.

24. Babək Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(079)-585/2025 nömrəli qərardadında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin geri qaytarılma əsaslarından biri kimi icraatın başlanmasına səbəb olan prosessual sənədin-iddia ərizəsinin məzmununa əməl edilməməsi, yəni həmin sənəddə sübutların siyahısının qeyd olunmaması göstərildiyindən və şikayət edən tərəf bu əsasla razılaşmadığından kollegiya bildirir ki, hüquq və mənafeyinin müdafiəsi üçün məhkəməyə mür aciət edən şəxs iddia ərizəsinin forma və məzmunu ilə bağlı MülkiProsessual Məcəllənin tələblərinə əməl etməlidir.

25. Belə ki, həmin Məcəllənin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefo n nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun ola raq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.

26. Qeyd edilən prosessual normanın tələbindən görünür ki, həmin maddədə olan məlumatların qeyd edilməsini qanunvericilik imperativ qaydada müəyyən edib. Yəni iddia ərizəsi mülki işin başlanmasına səbəb olan prosessual sənədlərdən biri sayılmaqla, yuxarıda qeyd edilən məlumatları mütləq özündə əks etdirməlidir.

27. Babək Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(079)-585/2025 nömrəli qərardadından verdiyi şikayətin dəlillərindən biri kimi iddiaçı tərəf, sübutların siyahısını ərizəyə əlavə edilən sənədlərin siyahısında göstərdiyini bildirdiyindən, kollegiya qeyd edir ki, Mülki-Pro sessual Məcəllənin mahiyyətinə əsasən iddiaçı iddia ərizəsində tələbinin əsası kimi qeyd etdiyi halları təsdiq edən sübutları həmin prosessual sənəddə qeyd etməli, iddia ərizəsinin elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməli, onu icraatına qəbul edən məhkəmə bundan sonra məhz iddiaçının tələbində qeyd etdiyi sübutları qarşı tərəfə göndərərək, iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etmək hüququnu izah etməlidir. Yəni cavabdehə özünün müdafiəsi nə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır. Elə bu səbəbdən də qanunvericilik prosessual sənəd kimi iddia ərizəsinin özündə cavabdehə qarşı olan tələbin əsaslandırılmasını və bunu təsdiq edəcək sübutları əks etdirməli olduğunu nəzərdə tutur. Sübutların siyahısının göstərilməməsi isə məhkəmə tərəfindən cavabdehə göndərilməli olan sübutların dairəsinin müəyyən edilməsində çətinlik yaratması ilə yanaşı, iddia tələbinin yönəldiyi şəxsin hansı sübutun hansı faktı təsdiq etməsindən və onu iddia tələbinə qarşı vaxtında etiraz etmək imkanından da məhrum edir (Mülki-Prosessual Məcəllənin 149.2, 149.2.3, 150.1.5 və 154.1-ci maddələri).

28. Qanunvericilik iddiaçının öz tələbinin əsası kimi sübut hesab etdiyi, cavabdehə göndərilməli olan sübutlarının dairəsinin dəqiq m üəyyən edilməsi üçün iddia ərizəsinə əlavə edilən sənədlərin dairəsi ilə, sübutların siyahısını fərqləndirir. Çünki iddia ərizəsinə əlavə edilən hər bir sənəd nəticə etibarı ilə iddiaçının öz tələbini əsaslandıran halın təsdiqi ilə bağlı sübut olmaya bilər. Bunu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü və 149.2.5-ci maddələrindən də açıq-aydın müəyyən etmək olar (09 iyul 2021ci il tarixli, 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş əlavəyə əsasən).

29. İddia ərizəsinə əlavə edilən sənədlərin iddiaçının öz tələbini əsaslandıran halın təsdiqi ilə bağlı sübut kimi qəbul edilməsi qarşı tərəfin hüququnun pozulması ilə yanaşı, məhkəmənin qərəzsiz olması prinsipi ilə ziddiyyət təşkil edir.

30. Belə ki, "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutla rın toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsindən də müəyyən edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. İddiaçı tərəfin birinci instansiya məhkəməsinin iddia ərizəsini yuxarıda sözügedən əsasla geri qaytarmasını "bəhanə" kimi qəbul etməsinə gəldikdə isə kollegiya buna hüquqi qiymət verilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 33. -384.0 və 384.0.5-ci maddələrinin mahiyyətinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 34. - 387.2 və 387.2.8-ci maddələrindən görünür ki, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir; 35. - 387.3-cü maddəsinə əsasən Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstəri lmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir; 36. - 394.1-ci maddəsinə görə işə apellyasiya qaydasında baxan məhkəmə MülkiProsessual Məcəllənin 265.4-cü və 265.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.

37. Qeyd edilən normaların mahiyyətindən görünür ki, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan iddia ərizəsinin icraata qəbul edilməsi, gələcəkdə mübahisə üzrə qəbul edilmiş yekun məhkəmə aktının ləğv edilməsi, ərizənin baxılmamış saxlanılması və hakimin barəsində xüsusi qərardad çıxarılması üçün əsasdır. 38. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 99-cu maddəsi ilə hakimlərin vəzifəsi kimi, ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etmək, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etmək, ədalətli və qərəzsiz olmaq müəyyən edilmişdi.

39. Kollegiya bildirir ki, qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulm asını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.

40. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.

41. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunması nı və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir. 42. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsindən, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt, hallar və onları təsdiq edən sübutların siyahısını göstərməməsi müəyyən edildiyindən, bu hal isə özlüyündə iddia ərizəsinin məzmununa əməl edilməməsini ehtiva etdiyindən kollegiya bildirir ki, Mülki-Prosessual Məcəllənin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

43. Yuxarıda qeyd edilənləri nəz ərə alaraq kollegiya Babək Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(079)-585/2025 nömrəli qərardadında iddia ərizəsinin geri qaytarılma əsası kimi göstərilən "iddia ərizəsinin məzmununa əməl edilməməsi" ilə bağlı əsası qanuni, iddiaçı tərəfin şikayətində bununla bağlı qeyd etdiyi dəlilləri isə əsassız hesab edir.

44. İddia ərizəsinin geri qaytarılması ilə bağlı, həmçinin iddiaçı tərəfin verdiyi şikayətində mübahisələndirilən digər bir əsas isə iddia ərizəsini hüquqi şəxsin adından onun nümayəndəsi kimi imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən zəruri sənədlərin iddia ərizəsinə əlavə olunmamasıdır.

45. Bu prosessual əsasın və buna müvafiq olaraq iddiaçı tərəfin şikayətində qeyd etdiyi dəlillərin hüquqi həlli ilə bağlı kollegiya bildirir ki, mülki prosessual qanunvericilik şəxs in məhkəməyə nümayəndə vasitəsi ilə müraciət etmək imkanını istisna etmir.

46. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-ci maddəsi ilə müəyyən olunur ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər.

47. Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edildikdə isə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər yerinə yetirilməlidir.

48. Belə ki, həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.

49. Sözügedən Məcəllə nin 69.3-cü maddəsinin tələbinə görə təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur.

50. Bundan əlavə qeyd edilən Məcəllənin 149.1, 150.1 və 150.1.3-cü maddələrinin mahiyyətindən aydın olur ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır və iddia ərizəsinə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir.

51. Mülki iş materiallarını qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri ilə qarşılıqlı şəkildə yoxlayan kollegiya müəyyən edir ki, elektron qaydada verilmiş iddia ərizəsini iddiaçının nümayəndəsi kimi Nümayəndə1 imzalamışdı. Sonuncu isə bu prosessual hərəkəti Cenk Yüksel tərəfindən ona verilmiş 13 dekabr 2024-cü il tarixli etibarnamə əsasında həyata keçirmişdi. "Elektron məhkəmə" informasiya sistemində olan və iddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirdikdə aydın olur ki, təmsilçilik hüququnun təsdiq edən sənəddə etibar edən şəxsin İdarə Heyətinin sədri olması qeyd edilsə də, iddia ərizəsinə onun vəzifəsini təsdiq edən, yəni hüquqi şəxsin adından etibarnamə vermək səlahiyyətini təsdiq edən təsis sənədi, nizamnamə, hüquqi şəxsin qeydiyyatına dair çıxarış, xidməti vəzifəsini bildirən hər hansı digər sənəd əlavə edilməmişdi.

52. Halbuki, yuxarıda qeyd edilən p rosessual normalarla müəyyən edilir ki, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. İşin qeyd edilən faktiki halı isə özü-özlüyündə Nümayəndə1 səlahiyyətli olmasının müəyyən edilməsinə təsir edir.

53. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinin mahiyyətinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

54. İddiaçı tərəfindən verilmiş şikayəti, həmçinin ona əlavə olunmuş sənədləri nəzərdən keçirdikdə müəyyən olur ki, həm "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hüquqi şəxs kimi dövlət qeydiyyatından keçməsini, həm də X2 həmin hüquqi şəxsin qanuni təmsilçisi olmasını təsdiq edən sənədlər - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyata dair çıxarışlar birinci instansiya məhkəməsinə mübahisə predmeti olan məhkəmə aktından şikayət verilməsi zamanı təqdim olunmuşdu (iş vərəqə 33-37).

55. Sonuncu qeyd edilən halla bağlı kollegiya bildirir ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

56. Göründüyü kimi prosessual norma iddia ərizəsinin verilməsi zamanı buraxılmış nöqsanların aradan qaldırılmasından sonra müvafiq məhkəmə aktından şikayət verilməsini deyil, ümumi qaydada məhkəməyə müraciət etməsini nəzərdə tutur.

57. Hazırda hüquqi həllindən bəhs edilən əsasla bağlı iddiaçının nümayəndəsinin şikayətə etdiyi əlavəsində göstərdiyi başqa bir dəlil isə iddia ərizəsinin geri qaytarılmasına səbəb olan çatışmazlıqların aradan qaldırılması üçün məhkəmənin ona vaxt verməməsidir.

58. Bu dəlilin hüquqi həlli ilə bağlı kollegiya bildirir ki, mülki məhkəmə icraatı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində (İ fəsil) öz əksini tapmış prinsiplər əsasında həyata keçirilir. İnzibati-Prosessual Məcəllədə inzibati məhkəmə icraatında proses iştirakçılarına yardım etməyin məhkəmənin vəzifəsi kimi müəyyən edilməsi öz əksini tapsa da (maddə 13), mül ki məhkəmə icraatı göstərilən prinsip əsasında həyata keçirilmir.

59. Həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə isə mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiy azlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

60. İddiaçı tərəf şikayətində qeyd etdiyi bu dəlilə dair prosessual əsas göstərməsə də, kollegiya onun bu dəlilini mülki prosessual qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək bildirir ki, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə cavab verilmədən təqdim edilməsi və ona qanunvericiliklə müəyyən edilmiş sənədlərin əlavə edilməməsi ilə bağlı iddiaçıya müddət verilməsi şərti, yalnız həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbindən irəli gəlir.

61. Belə ki, həmin prosessual normanın mahiyyətinə görə ərizə Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstə rilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı, hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır.

62. İddia ərizəsinin geri qaytarılmasının əsaslarını tənzimləyən prosessual hüquq normalarını (MPM maddə 152) ərizənin baxılmamış saxlanılması əsaslarını (MPM maddə 259) tənzim edən prosessual hüquq normaları ilə qarşılıqlı şəkildə nəzərdən keçirdikdə aydın olur ki, ərizənin baxılmamış saxlanılmasının bir çox hüquqi əsası, mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verilmiş iddia tələbini səhvliklə icraata qəbul etmiş məhkəmənin, sonradan bu qanunauyğun olmayan davranışını aradan qaldırmasına yönəlmiş prosessual addımdır. Bunlardan biri is ə məhz Mülki-Prosessual Məcəllənin 259.0.12-ci maddəsində qeyd edilən əsas təşkil edir ki, qanunvericilik prosessual qənaət prinsipi baxımından burada iddiaçının da mənafeyini (qanunauyğun olmayan iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı aparılmış prosessual hərəkətlərə sərf edilmiş müddəti, habelə yenidən iddia qaldırmağın müəyyən vaxt aparmasını) nəzərə alaraq, icraata qəbul edilməli olmayan (geri qaytarılmalı) iddia ərizəsini icraatına qəbul etmiş məhkəmənin, həmin prosessual sənəddə olan nöqsanları aradan qaldırması üçün iddiaçıya müddət müəyyən etməsini özündə ehtiva edir.

63. Göründüyü kimi, iddia ərizəsinin mülki prosessual qanunvericiliyin tələbinə uyğun verilməməsi, icraata qəbul edilməsi ərəfəsində məhkəmə tərəfindən onun geri qaytarılması, səhvliklə icraata qəbul etdikd ə isə ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Hazırkı mülki iş üzrə iddiaçının mübahisələndirdiyi prosessual hərəkət iddia ərizəsinin icraata qəbul edilməsi ərəfəsində olduğundan, bu zaman ona hər hansı müddətin verilməsindən söhbət gedə bilməz. Bunun üçün qanunvericilik nöqsanların aradan qaldırılaraq yenidən ümumi qaydada məhkəməyə müraciət edilməsini nəzərdə tutur.

64. Qeyd edilənlərin nəticəsi olaraq kollegiya Babək Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(079)-585/2025 nömrəli qərardadında iddia ərizəsinin geri qaytarılma əsası kimi göstərilən hüquqi şəxsin adından verilmiş etibarnaməni imzalayan şəxsin səlahiyyətini təsdiq edən (hüquqi şəxsin rəhbəri və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxs olduğuna dair) sənədlərin ərizəyə əlavə olunmamasını qanuni, iddiaçı tərəfin şikayətində bununla bağlı qeyd etdiyi dəlilləri isə əsassız hesab edir.

65. Yekunda kollegiya iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 şikayətini əsaslı hesab etməyərək, belə nəticəyə gəlir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin 28 avqust 2025ci il tarixli, 2(079)-585/2025 nömrəli qərardadı qanunidir.

66. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəm əsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.

67. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 68. -iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 tərəfindən Babək Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(079)-585/2025 nömrəli qərardadından verilmiş şikayət təmin edilməməli; 69. - Babək Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(079)-585/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

70. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikas ı Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında q ərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

71. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

72. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq V. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə q ə r a r v e r d i: İddiaçı "YapıKredi Bank” Qapalı Səhmdar Cəmiyyətinin nümayə ndəsi Nümayəndə2 tərəfindən Babək Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(079)-585/2025 nömrəli qərardadından verilmiş şikayət təmin edilməsin. Babək Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(079)-585/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar