Məhkəmə qərarları › İş №2(110)-116/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-116/2023

18.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-116/2023 18.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı X4, iddiaçının vəkili Vəkil2, Cavabdeh1, cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət və cehiz əşyalarının alınması, evə çəkilmiş xərcin bölünməsi və birgə nikah dövründə alınmış əmlaka payların müəyyən olunması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X11 Cavabdeh2 Şərur rayon Ələkli kəndində adına qeydiyyata alınmış fərdi yaşayış evinin təmir-bərpa olunmasına çəkilmiş 5795 (beş min yeddi yüz doxsan beş) manat pulun yarısının, yəni 2897.50 (iki min səkkiz yüz doxsan yeddi manat əlli qəpik) pulun alınaraq onun xeyrinə ödənilməsi, Cavabdeh1 qızıl-zinət əşyalarının, olmadığı təqdirdə həmin qızıl-zinət əşyalarının bu günə bazar qiyməti ilə dəyərinin, cehizlik əşyalarının, olmadığı təqdirdə onların bu günə olan bazar qiyməti ilə olan dəyərinin alınıb ona ödənilməsi, birgə mülkiyyətində olan çöl təsərrüfatı təyinatlı torpaq sahəsinə ½ pay hüququnun tanınması və birgə nikah dövründə əldə olunmuş əmlaklar üzrə ½ pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X11 iddia ərizəsində Cavabdeh1 ilə xx.xx.1996-cı il tarixdə el adət-ənənələrinə uyğun olaraq rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-76/2022 saylı Qətnaməsinə əsasən aralarında bağlanmış nikah qeydinin pozulduğunu və Şərur rayon Nikah Evindən xx.xx.2022-ci il tarixdə 49 saylı akt qeydi ilə qeydiyyatdan keçməklə X9 Şəhadətnamə verildiyini, cavabdehlə ailə qurduqdan sonra 5 il ərzində (2001-ci ilədək) Cavabdeh1 ata evində valideynləri ilə birgə yaşadıqları müddətdə Ələkli kəndində torpaq sahəsi alaraq fərdi yaşayış evi tikdiklərini, 2003-cü ilədək həmin fərdi yaşayış evində yaşadıqlarını, 2003-cü ilin payızında həmin torpaq sahəsini fərdi yaşayış evi ilə birlikdə 5500 (beş min beş yüz) manata satıb, qaynatası Cavabdeh2 adına Şərur rayon Ələkli kəndində qeydiyyata alınmış 2107.60 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evini onların adına saldıracaqları barədə razılaşaraq həmin pulu Bakı şəhərində özünə ev alması üçün qaynı X14 verdiklərini, onların isə həmin, yəni 2003-cü ilin sentyabr ayından yenidən ailəliklə cavabdehin ata evinə köçərək evdə təmir-bərpa işləri aparmaqla 02 iyul 2021-ci il tarixədək cavabdehlə mübahisəsiz olaraq həmin evdə birlikdə yaşadıqlarını, cavabdehlə aralarında bağlanmış nikah qeydi Şərur rayon Nikah Evində xx.xx.2022-ci il tarixdə 49 saylı akt qeydi ilə qeydiyyata alınaraq pozulsa da onların xx.xx.2021-ci il tarixdən cavabdehlə ayrı yaşadıqlarını, onun Ələkli kəndində qardaşının yanında qaldığını, onun başqa qalacaq yeri və yaşayacaq evi olmadığını, cavabdeh-qayınatası Cavabdeh2 Şərur rayon Ələkli kəndində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən adına qeydiyyata alınmış 2107.60 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin təmir-bərpa edilməsinə çəkilmiş xərcin bu günə olan bazar qiyməti ilə yarısını ona ödəməli olduğunu hesab etdiyini, cavabdehlə aralarında bağlanmış nikah qeydi pozulduqdan sonra qızıl-zinət və cehizlik əşyaları, o cümlədən birgə nikah dövründə əldə olunmuş əmlakları Şərur rayon Ələkli kəndində cavabdehlə birgə yaşadıqları qayınatası Cavabdeh2 adına qeydiyyata alınmış fərdi yaşayış evində qaldığını və cavabdehin həmin əşyaların verilməsindən imtina etdiyini, onun qızıl-zinət və cehizlik əşyaları, olmadıqda onların bu günə bazar qiyməti ilə dəyəri cavabdehdən alınıb ona verilməli, birgə nikah dövründə əldə olunmuş əmlaklara isə ½ pay hüququm tanınmalı olduğunu, əlavə olaraq Şərur rayon Aqrar İslahat Komissiyası tərəfindən 0.35 ha çöl təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1la birgə mülkiyyətinə verildiyini, həmin torpaq sahəsini ayrıldıqları bir günə kimi cavabdehlə birlikdə əkdiklərini, həmin torpaq sahəsi cavabdehlə onun birgə mülkiyyətinə verildiyindən həmin torpaq sahəsinə də ½ pay hüququnun tanınmalı olduğunu, onun aralarında olan ailə münasibətlərindən irəli gələn birgə nikah dövründə əldə olunan əmlakın aralarında bərabər bölünməsi, qızıl zinət və cehizlik əşyalarının qaytarılması və evə çəkilmiş xərcin yarısının cavabdehdən alınıb ona ödənilməsi tələbi barədə mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına müraciət etdiyini, ilkin mediasiya sessiyasında cavabdehlə razılığa gələ bilmədiklərini, ona görə də Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verildiyini, ona görə də Cavabdeh1 qarşı birgə nikah dövründə əldə olunan əmlakın aralarında bərabər bölünməsi, qızıl-zinət və cehizlik əşyaların qaytarılması, olmadıqda onların bu günə bazar qiyməti ilə dəyərini, Cavabdeh2 Şərur rayon Ələkli kəndində adına qeydiyyata alınmış fərdi yaşayış evinin təmir-bərpa olunmasına çəkilmiş xərcin yarısının alınaraq onun xeyrinə ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yarandığını, Evin təmir işlərinə 1 ədədi 80 qəpik olmaqla 1000 manat dəyərində 2500 ədəd hörgü daşı (priket), 1 torbası 5 manat olmaqla 175 manat dəyərində 35 torba sement, 1 torbası 6 manat olmaqla 180 manat dəyərində alçı, 1 qutusu 12 manat olmaqla 240 manat dəyərində 20 qutu kafel, 1 qutusu 14 manat olmaqla 480 manat dəyərində 40 qutu parket-döşəmə, 200 manat dəyərində elektrik avadanlıqları, 1 ədədi 12 manat olmaqla 240 manat dəyərində alçıpan tavan döşəməsi, 140 manat dəyərində hamam üçün tikinti vasitələri, 300 manat dəyərində mətbəx üçün vasitələr, 300 manat hörgü üçün usta pulu, 350 manat alçı vurulmasına görə usta pulu, 250 manat suvaq çəkilməsinə görə usta pulu, 200 manat alçıpan vurulmasına görə usta pulu, 400 manat kafel=metlax döşənməsinə görə usta pulu, hər biri 200 manat olmaqla 800 manat dəyərində 4 ədəd plastik pəncərə, 140 manat dəyərində 1 ədəd plasyik qapı, 300 manat dəyərində 1 ədəd Türkiyə istehsalı dəmir qapı, 100 manat dəyərində 1 ədəd dəmir qapı olmaqla xərc çəkdiklərini, Qızıl-zinət əşyaları 7 qramlıq 450 manat dəyərində 1 ədəd kalço üzük, 4 qramlıq 250 manat dəyərində 1 ədəd kalço üzük, 9 qramlıq 550 manat dəyərində 1 cüt sırğa, 15 qramlıq 1000 manat dəyərində ay-ulduz klonlu tros boyunbağı olduğunu, Cehizlik əşyaları hər biri 45 manat olmaqla cəmi 135 manat dəyərində 3 ədəd yorğan, hər biri 100 manat dəyərində 2 ədəd yastıq, 200 manat dəyərində 1 ədəd sandıq, hər biri 20 manat dəyərində 2 ədəd yastıq, hər biri 20 manat dəyərində iki ədəd döşəkcə, hər biri 20 manat dəyərində 2 ədəd balınc, 120 manat dəyərində 100 parça çəngəl-qaşıq dəsti, 90 manat dəyərində 1 ədəd böyük qazan, 65 manat dəyərində Rusiya istehsalı 24 parça yemək dəsti, cəmi16 mant dəyərində 2 ədəd padnos, 6 manat dəyərində 1 ədəd çömçə, hər biri 60 manat dəyərində 3x4 ölçüdə 2 ədəd Türkiyə istehsalı xalça, 40 manat dəyərində 1 ədəd yun yataq örtüyü, 155 manat dəyərində 21 parça çay dəsti, 50 manat dəyərində 1 ədəd çamadandır. Birgə nikah dövründə əldə etdiyimiz əmlaklar 2 ana 3 bala olmaqla 4500 manat dəyərində 5 baş inək, hər biri 10 manat olmaqla 300 manat dəyərində 30 toyuq, 300 manat dəyərində 55 ekran “Samsung” markalı televizor, 150 manat dəyərində 1 ədəd “Samsung” markalı maqnitafon, 45 manat dəyərində 1 ədəd televizor altlığı, 60 manat dəyərində 1 ədəd jurnalnı stol, 160 manat dəyərində 1 ədəd bazalı divan, hər biri 60 manat dəyərində 2 ədəd kreslo, hər biri 80 manat dəyərində 2 ədəd 5x4 ölçüdə İran istehsalı xalça, hər biri 25 manat dəyərində 13 ədəd 3x2 ölçüdə Türkiyə istehsalı xalça, 170 manat dəyərində “Oka” markalı Rusiya istehsalı paltaryuyan maşın, 1 ədəd 100 manat dəyərində “Monexe” markalı tozsoran, 1 ədəd 150 manat dəyərində “Botan” markalı su qızdırıcısı, 1 ədəd 200 manat dəyərində “Alem” markalı su nasosu, 1 ədəd 150 manat dəyərində Çin istehsalı qidropor, 1 ədəd 170 manat dəyərində Rusiya istehsalı dolab, 1 ədəd 280 manat dəyərində “Arçelik” markalı soyuducu, 1 ədəd 160 manat dəyərində taxt yorğanı, 1 ədəd 60 manat dəyərində “Ari” markalı çörək bişirən soba, 650 manat dəyərində mətbəx mebeli, 1 ədəd 250 manat dəyərində taxt üçün yorğan döşək dəsti, hər biri 130 manat dəyərində 2 ədəd yun döşək, hər biri 50 manat dəyərində 2 ədəd yun yorğan, 30 manat dəyərində 1 ədəd taxt örtüyü, 80 manat dəyərində 80 ədəd boş qab, cəmi 200 manat dəyərində 200 ədəd qarışıq şüşə balon, 200 manat dəyərində 1 ədəd kompüter, 40 manat dəyərində 1 ədəd çamadan, 100 manat dəyərində 1 ədəd qaz sobası, 25 manat dəyərində 1 ədəd ütü olduğunu bildirmişdir. 22 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X11 izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 izahatında iddiaçının izahatını və iddia ərizəsində qeyd edilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında həqiqətən də iddiaçı ilə xx.xx.1996-cı il tarixdə el adət-ənənələrinə uyğun olaraq rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Şərur Rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında bağlanmış nikah qeydi pozulduğunu, evin təmirinə təxminən 500 ədəd pirket istifadə olunduğunu, 1 ədədinin qiyməti təxminən 45 qəpik olduğunu, 35 torba sement və 30 torba alçı alınmadığını, şişirdilmiş rəqəmlər olduğunu, 20 qutu kafeli-metlaxı ona hədiyyə verdiklərini, satın almadıqlarını, parket-döşəmənin nə qədər olduğunu bilmədiyini, amma istifadə olunduğunu, elektrik avadanlıqlarının qiymətinin 200 manat deyil, daha aşağı olduğunu, təxminən 10 ədəd alçıpan istifadə olunduğunu, hamam vasitələrini satın almadıqlarını, ona hədiyyə olunduğunu, mətbəxə təkcə lambrin istifadə olunduğunu, qiymətini bilmədiyini, usta pulu nə qədər verildiyini xatırlamadığını, 4 ədəd plastik pəncərənin yerində olduğunu, amma hər birinin 150 manat dəyərində olduğunu, 140 manat dəyərində 1 ədəd platik qapının yerində olduğunu, 300 manat dəyərində dəmir qapı yerində olduğunu, amma onu qardaşının alıb göndərdiyini, onların almadığını, 1 ədəd dəmir qapını qardaşının hazırladığını, satın almadıqlarını, 7 qramlıq dediyi 1 ədəd kalso üzüyün 1996-cı ildə alındığını, amma iddiaçının özündə olduğunu, digər sadə kalso üzüyün alınmadığını, sırğa üzük dəstinin də alındığını, onunda iddiaçıda olduğunu, tros boyunbağının alınmadığını, cehiz əşyalarından 2 ədəd yorğanın, 2 ədəd döşəyin,1 ədəd sandığın, 2 ədəd yastığın, 2 ədəd yun döşəkçənin, 2 ədəd tük balıncın, 1 ədəd böyük qazanın, 2 ədəd padnosun, 1 ədəd çömçənin, 2 ədəd xalçanın, 1 ədəd yun yataq örtüyünün, çamadanın evdə olduğunu, gəlib apara biləcəyini, 100 parça çəngəl-qaşıq dəstinin, 24 parça yemək dəstinin, 21 parça çay dəstinin nə olduğunu bilmədiyini, onlara elə cehiz əşyalarını gətirmədiyini, birgə nikah dövründə əldə olunmuş əmlaklardan 2 baş inəyin, 2 baş balasinin, 1 baş dananın, 30 deyil 10 ədəd toyuğun həyətdə olduğunu, 55 ekran televizorun, video maqnitafonun, 1 ədəd televizor altının, 1 ədəd jurnal stolunun, 1 ədəd bazalı divanın evdə olduğunu, 2 deyil 1 ədəd kreslonun olduğunu, amma atasının olduğunu, cehiz olmadığını, 2 ədəd 5x4 ölçüdə iran istehsalı xalçanın, “Oka” markalı Rusiya istehsalı paltaryuyan maşının, Monexe” markalı tozsoranın, 1 ədəd “Botan” markalı su qızdırıcısınin, 1 ədəd Çin istehsalı qidroporun, 1 ədəd Rusiya istehsalı dolabın, 1 ədəd “Arçelik” markalı soyuducu, 1 ədəd taxt yorğanının, 1 ədəd “Ari” markalı çörək bişirən sobanın, 1 ədəd taxt üçün yorğan döşək dəstinin, 1 ədəd taxt örtüyünün, 1 ədəd kompüterin, 1 ədəd İran istehsalı çamadanın, 1 ədəd İran istehsalı qaz sobasının, 1 ədəd ütünün evdə olduğunu, 13 ədəd 3x2 ölçüdə Türkiyə istehsalı xalça, 1 ədəd “Alem” markalı su nasosu, mətbəx mebeli, 2 ədəd yun döşək, 2 ədəd yun yorqan almadıqlarını, evdə boş qabların, qarışıq şüşə balonun olduğunu amma sayını bilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 izahatında Cavabdeh1 izahatında qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilsədə, Cavabdeh1 tərəfindən məhkəməyə təqdim olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, o, 20 mart 2023-cü il tarixdə kəskin mikrokard infakt səbəbindən Şərur rayon Ələkli kəndində vəfat etmişdir. 22 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə dəvət olunmuş şahid X2 ifadəsində təxminən 2012-ci ildə Şahingilin evinin balkona və hamamına suvaq vurduğunu, 1 kvadrat metrini 1.50 manata vurduğunu, neçə kvadrat metr olduğunu və nə qədər pul aldığını xatırlamadığını, eyni zamanda balkonun yerinə şap verdiyini, Şahinin ona İrandan şopen gətirməyinə kömək etdiyi üçün şap verməyə görə ondan pul almadığını bildirmişdir. 22 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə dəvət olunmuş şahid X12 ifadəsində təxminən 2013-cü ildə Şahingilin evində tikinti işləri apardığını, orada təxminən 73 m2 sahədə tikinti işi gördüyünü, tikinti işlərinə ümumi olaraq təxminən 950 ədəd pirket və 35 torba sement işləndiyini, həmin vaxt pirketin 1 ədədini qiymətinin 45 qəpik olduğunu bildirmişdir. 14 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət olunmuş şahid X7 ifadəsində tərəflərin onun valideynləri olduğunu, 2016-cı ildə bacısının toyu olanda inəklərini satıb cehiz və toyun xərclərinə istifadə etdiklərini, onun 2019-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra 1 baş inəkləri olduğunu, özünün işlədiyini, aldığı maaşla inəklərin sayını artırdığını, inəklərin sayının 5 baş olduğunu, 2022-ci ilin mart ayında 1 dananı satıb pulunu götürüb Bakı şəhərinə getdiyini, iddia ərizəsində qeyd olunan kompüteri atasının ona aldığını, onun istifadə etdiyini, təkərli çamadana da Bakı şəhərinə gedərkən paltarlarını yığdığını bildirmişdir. 12 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən mütəxəssis X1 izahatında ona təqdim olunan fotoşəkildəki qızıl-zinət əşyaları çox güman ki, qızıl olduğunu, iddiaçının iddia ərizəsində 1-ci bənddə qeyd etdiyi və 1996-cı ildə alındığını bildirdiyi kalso üzüyün çəkisinin təxminən 5 qram olduğunu, qızılın qramının isə indiki manatla eyniləşdirsək həmin dövrdə təqribən 60 manata satıldığını nəzərə alsaq dəyərinin 300 manat, iddiaçının iddia ərizəsində 3-cü bənddə qeyd etdiyi və 2006-cı ildə alındığını bildirdiyi sırqa-üzük dəstinin “şəbəkə” model qızıl olduğunu, çəkisinin təxminən 9 qram, qramının da 60 manat olduğunu nəzərə alsaq dəyərinin dəyərinin 540 manat, iddiaçının iddia ərizəsində 4-cü bənddə qeyd etdiyi və 2006-cı ildə alındığını bildirdiyi sepin təxmini çəkisinin 12 qram olduğunu, həmin vaxt qızılın 1 qramının 60 manata satıldığını nəzərə alsaq dəyərinin 720 manat olacağını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X11 əlavə olaraq izahatında məhkəmədə Cavabdeh2 Şərur rayon Ələkli kəndində onun adına qeydiyyata alınmış fərdi yaşayış evinin təmirbərpa olunmasına çəkilmiş 7215 (yeddi min iki yüz on beş) manat pulun yarısının, yəni 3607.50 (üç min altı yüz yeddi manat əlli qəpik) pulun alınaraq onun xeyrinə ödənilməsi, Cavabdeh1 isə iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalarının, olmadığı təqdirdə həmin qızıl-zinət əşyalarının bu günə bazar qiyməti ilə dəyərinin, cehizlik əşyalarının, olmadığı təqdirdə onların bu günə bazar qiyməti ilə olan dəyərinin alınıb ona ödənilməsi, birgə mülkiyyətində olan çöl təsərrüfatı təyinatlı torpaq sahəsinə ½ pay hüququnun tanınması və birgə nikah dövründə əldə olunmuş əmlaklar üzrə ½ pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, Cavabdeh2 işin məhkəmədə baxılması ərəfəsində vəfat etdiyini, ona görə də Cavabdeh2 münasibətdə Şərur rayon Ələkli kəndində adına qeydiyyata alınmış fərdi yaşayış evinin təmir-bərpa olunmasına çəkilmiş 7215 (yeddi min iki yüz on beş) manat pulun yarısının, yəni 3607.50 (üç min altı yüz yeddi manat əlli qəpik) pulun alınaraq ona ödənilməsi hissəsində baxılmamış saxlanılması istədiyini, bu barədə məhkəməyə ərizə təqdim etdiyini, eyni zamanda iddia tələbi üzrə birgə nikah dövründə əldə etdikləri əmlaklarla bağlı cavabdehlə öz aralarında razılığa gəldiklərini, belə ki, birgə nikah dövründə əldə etdikləri əmlaklardan bir baş inək və bir baş balasının, beş ədəd toyuğun, 1 ədəd jurnal stolunun, 1 ədəd bazalı divanın, 1 ədəd İran istehsalı “Botan” markalı su qızdırıcısının, 1 ədəd Çin istehsalı qidroporun cavabdehdə qalmasına heç bir etirazının olmadığını, cavabdehin isə 55 ekran televizoru, video maqnitafonu, 1 ədəd televizor altını, 2 ədəd 5x4 ölçüdə iran istehsalı xalçanı, “Oka” markalı Rusiya istehsalı paltaryuyan maşını, Monexe” markalı tozsoranı, 1 ədəd Rusiya istehsalı dolabı, 1 ədəd “Arçelik” markalı soyuducunu, 1 ədəd taxt yorğanını, 1 ədəd “Ari” markalı çörək bişirən sobanı, 1 ədəd taxt üçün yorğan döşək dəstini, 1 ədəd taxt örtüyünü, 1 ədəd kompüteri, 1 ədəd İran istehsalı çamadanı, 1 ədəd İran istehsalı qaz sobasını, 1 ədəd ütünü, qırx ədəd boş qabı, yüz ədəd qarışıq şüşə balonu, beş ədəd toyuğu, bir baş inək və bir baş balasını ona verəcəyini, eyni zamanda cavabdeh digər bir baş danaya görə dörd yüz əlli manat pul ödəyəcəyini öz öhdəsinə götürdüyünü, qətnamə çıxarılarkən cavabdehlə razılaşdıqları birgə nikah dövründə əldə etdikləri əmlakların, bundan əlavə gehiz əşyalarının, onlar olmadıqda isə onların dəyərinin, qızıl-zinət əşyalarının, onlar olmadıqda isə onların dəyərinin cavabdehdən alınarq ona ödənilməsi, əlavə olaraq Şərur rayon Aqrar İslahat Komissiyası tərəfindən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onunla cavabdehin birgə mülkiyyətinə verildiyini, həmin torpaq sahəsinə də onun ½ pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 əlavə olaraq izahatında iddiaçının tələb etdiyi cehiz əşyalarından 100 parça çəngəl-qaşıq dəstinin, 24 parça yemək dəstinin, 21 parça çay dəstinin olmadığını, onlardan başqa iddia ərizəsində qeyd olunan cehiz əşyalarını iddiaçıya qaytaracağını, qızıl-zinət əşyalarından 1996-cı ildə alınmış 1 ədəd kalso üzüyün, sırğa-üzük dəstinin iddiaçının özündə olduğunu, digər sadə kalso üzüyün və tros boyunbağının ümumiyyətlə alınmadığını, buna sübut olaraq məhkəməyə fotoşəkillər təqdim etdiyini, bundan əlavə birgə nikah dövründə əldə etdikləri əmlaklarla bağlı iddiaçı ilə öz aralarında razılığa gəldiklərini, belə ki, birgə nikah dövründə əldə etdikləri əmlaklardan bir baş inək və bir baş balasının, beş ədəd toyuğun, 1 ədəd jurnal stolunun, 1 ədəd bazalı divanın, 1 ədəd İran istehsalı “Botan” markalı su qızdırıcısının, 1 ədəd Çin istehsalı qidroporun onda qalacağını, 55 ekran televizoru, video maqnitafonu, 1 ədəd televizor altını, 2 ədəd 5x4 ölçüdə iran istehsalı xalçanı, “Oka” markalı Rusiya istehsalı paltaryuyan maşını, Monexe” markalı tozsoranı, 1 ədəd Rusiya istehsalı dolabı, 1 ədəd “Arçelik” markalı soyuducunu, 1 ədəd taxt yorğanını, 1 ədəd “Ari” markalı çörək bişirən sobanı, 1 ədəd taxt üçün yorğan döşək dəstini, 1 ədəd taxt örtüyünü, 1 ədəd kompüteri, 1 ədəd İran istehsalı çamadanı, 1 ədəd İran istehsalı qaz sobasını, 1 ədəd ütünü, qırx ədəd boş qabı, yüz ədəd qarışıq şüşə balonu, beş ədəd toyuğu, bir baş inək və bir baş balasını iddiaçıya verəcəyini, həmçinin birgə nikah dövründə əldə etdikləri əmlaklardan digər bir baş danaya görə iddiaçıya dörd yüz əlli manat pul ödəyəcəyini, həmçinin Şərur rayon Aqrar İslahat Komissiyası tərəfindən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onunla iddiaçının birgə mülkiyyətinə verildiyini, həmin torpaq sahəsinə də iddiaçının ½ pay hüququnun tanınmasına etirazının olmamasını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. 18 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət olunmuş şahid X5 ifadəsində 2022-ci ilin aprel ayında Şahinin müraciəti əsasında onların Ələkli kəndində olan evlərinin mətbəxinə mebel yığdığını,mebelin ümumi dəyərinin 650 manat hesabladığını, Şahinin ona 230 manat ödədiyini, bir neçə gün sonra Şahinin ona zəng edərək mebeli ensiz yiğdığını, mebeli bəyənmədiyini bildirdiyini, aralarında mübahisə etdiklərini, aralarında mübahisə çox uzanmasın deyə gedib mebeli sökərək geri götürdüyünü, Şahinin ödədiyi 230 manat pulu da ona geri qaytardığını bildirmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin, cavabdehin və onun vəkilinin izahatına və mülki iş materialında tədqiq olunmuş digər sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-76/2022 saylı qətnaməsinin sürətindən görünür ki, iddiaçı X11 ilə Cavabdeh1 arasında Şərur Rayon Xanlıqlar kəni inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə xx.xx.1996-cı il tarixdə 09 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-l № 401636 nömrəli X9 şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 ilə Cavabdeh1 arasında bağlanmış nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 49 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Rüstəmova” soyadı verilmişdir; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin xx.xx.2022 tarixli, 208 saylı arayışından görünür ki, Cavabdeh1 adına Naxçıvan Muxtar Respublikası daşınmaz əmlakın dövlət reyestrində yaşayış evi qeydə alınmamışdır. Lakin Cavabdeh1 da daxil olmaqla 2 nəfərdən ibarət ailə üzvlərinə Şərur rayon Ələkli kəndində 3479.81 m2 həykənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət kimi qeydə alınmışdır. - Şərur rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(110)-116/2023 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edildiyindən mülki işin icraatı dayandırılmışdır. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2023-cü il tarixli 346-347 saylı rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 12 adda malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 385 manat müəyyən edilir. Təqdim edilməyən 03 adda malların orta istismar intensivliyi və parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri yolu ilə təxminən 232 manat müəyyən edilir; Rəyin tədqiqat hissəsində göstərilənləri, baxış zamanı və mülki iş materiallarında olan məlumatları nəzərə alaraq iddiaçı X4 və Cavabdeh1 birgə nikah dövründə yaşadıqları Şərur rayon Ələkli kəndində yerləşən evin təmit-tikintisi üçün neçə ədəd hörgü daşı (priket) istifadə olunmuş və həmin hörgü daşının (priketin) 1 ədədinin, təqribən neçə torba sement istifadə olunmuş və həmin sement torbasının 1 ədədinin, təqribən neçə torba alçı istifadə olunmuş və həmin alçı torbasının 1 ədədinin, neçə qutu kafel-metlax istifadə olunmuş və həmin kafel-metlaxın, neçə qutu parket döşəmə istifadə olunmuş və həmin parket-döşəmənin, istifadə olunmuş elektrik avadanlıqlarının, neçə alçıpan tavan döşəməsi istifadə olunmuş və 1 ədəd alçıpan döşəməsinin, istifadə olunmuş hamamın tikinti vəsaitlərinin, istifadə olunmuş mətbəx vəsaitlərinin, hörgünün aparılması üçün təqribən usta plunun, alçı vurulmasına görə təqribən usta pulunun, suvaq çəkilməsinə görə təqribən usta pulunun, alçıpan vurulması üçün təqribən usta pulunun, kafel-metlax döşəməsinə görə təqribən usta pulunun, 1 ədəd plastik pəncərinin, 1 ədəd plastik qapının, 1 ədəd Türkiyə istehsalı dəmir qapının dəyəri bugünki orta bazar qiymətlərinə uyğun olaraq (usta xərci və xidmət haqqı ilə birlikdə) təqribən 6596.65 (altı min beş yüz doxsan altı manat altmış beş qəpik) manat məbləğində olduğu müəyyən olunur - Şərur rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(110)-116/2023 saylı qərardadından görünür ki, mülki işin icraatı təzələnmişdir Məhkəmə tədqiqatı zamanı iş materialında olan sübutlarla müəyyən olundu ki, iddiaçı X11 ilə Cavabdeh1 xx.xx.1996-cı il tarixdə el adət-ənənələrinə uyğun olaraq rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-76/2022 saylı qətnaməsinə əsasən onların aralarında bağlanmış nikah qeydinin pozulmuşdur. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh2 Şərur rayon Ələkli kəndində adına qeydiyyata alınmış fərdi yaşayış evinin təmir-bərpa olunmasına çəkilmiş 5795 manat pulun yarısının, yəni 2897.50 pulun alınaraq onun xeyrinə ödənilməsi, Cavabdeh1 isə qızılzinət əşyalarının, olmadığı təqdirdə həmin qızıl-zinət əşyalarının bu günə bazar qiyməti ilə dəyəri olan 2250 manat pulun, cehizlik əşyalarının, olmadığı təqdirdə onların bu günə olan bazar qiyməti ilə olan 1317 manat pulun alınıb ona ödənilməsi, birgə mülkiyyətində olan çöl təsərrüfatı təyinatlı torpaq sahəsinə ½ pay hüququnun tanınması və birgə nikah dövründə əldə olunmuş əmlaklar üzrə ½ pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş məhkəmənin icraatında olduğu ərəfədə Cavabdeh2 öldüyündən iddiaçının müraciəti əsasında iddia tələbi Cavabdeh2 dair hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə iddia tələbinin cehiz əşyaları tələbinə dair hissəsi ilə əlaqədar qeyd edir ki, cehiz əşyalarından 2 ədəd yorğanın, 2 ədəd döşəyin,1 ədəd sandığın, 2 ədəd yastığın, 2 ədəd yun döşəkçənin, 2 ədəd tük balıncın, 1 ədəd böyük qazanın, 2 ədəd padnosun, 1 ədəd çömçənin, 2 ədəd xalçanın, 1 ədəd yun yataq örtüyünün, çəmədanın evdə olduğu cavabdehin etirafedici izahatı, həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilən zaman 04 aprel 2023-cü il tarixdə tərtib edilmiş aktlada cavabdehin yaşadığı evdə olması öz təsdiqini tapmışdır. Həmçinin əmtəəşünas ekspert tərəfindən müəyyən olunmuşdur ki, cehiz əşyalarından 1 ədəd yorğanın 20 manat, 1 ədəd döşəyin 30 manat, 1 ədəd sandığın 100 manat, 1 ədəd yastığın 10 manat, 1 ədəd yun döşəkçənin 10 manat, 1 ədəd tük balıncın 15 manat, 1 ədəd böyük qazanın 80 manat, 1 ədəd padnosun 5 manat, 1 ədəd çömçənin 5 manat, türkiyə istehsalı 1 ədəd xalçanın 75 manat, 1 ədəd yun yataq örtüyünün 20 manat, 90-cı illərin istehsalı olan çamadanın 15 manat dəyərindədir. Odur ki, həmin cehiz əşyaları və ya onlar olmadıqda isə 2 ədəd yorğanın dəyəri olaraq 40 manat, 2 ədəd döşəyin dəyəri olaraq 60 manat, 1 ədəd sandığın dəyəri olaraq 100 manat, 2 ədəd yastığın dəyəri olaraq 20 manat, 2 ədəd yun döşəkçənin dəyəri olaraq 20 manat, 2 ədəd tük balıncın dəyəri olara 30 manat, 1 ədəd böyük qazanın dəyəri olaraq 80 manat, 2 ədəd padnosun dəyəri olaraq 10 manat, 1 ədəd çömçənin dəyəri olaraq 5 manat, Türkiyə istehsalı 2 ədəd xalçanın dəyəri olaraq 150 manat, 1 ədəd yun yataq örtüyünün dəyəri olaraq 20 manat, 90-cı illərin istehsalı olan çamadanın dəyəri olaraq 15 manat olmaqla, ümumilikdə 550 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Eyni zamnda iddiacı məhkəməyə iddia ərizəsində qeyd edilən digər cehiz əşyalarından 100 parça çəngəl-qaşıq dəstinin, 24 parça yemək dəstinin, 21 parça çay dəstinin cavabdehdə və ya onun yaşadığı evdə qalmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etmədiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin qızıl-zinət əşyaları tələbinə dair hissəsi ilə əlaqədar qeyd edir ki, iş materialında olan fotoşəkillərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh evləndikləri müddətdə və ondan sonrakı müddətdə iddiaçıya müəyyən qisim qızıl-zinət əşyaları alınmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarından bir qisminin ona alınması öz təsdiqini tapdığından bu o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı həmin qızıl-zinət əşyalarına mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə baxışı zamanı mütəxəssis izahatında iddiaçının iddia ərizəsində 1-ci bənddə qeyd etdiyi və 1996-cı ildə alındığını bildirdiyi kalso üzüyün çəkisinin təxminən 5 qram olduğunu, qızılın qramının isə indiki manatla eyniləşdirsək həmin dövrdə təqribən 60 manata satıldığını nəzərə alsaq dəyərinin 300 manat, iddiaçının iddia ərizəsində 3-cü bənddə qeyd etdiyi və 2006-cı ildə alındığını bildirdiyi sırqa-üzük dəstinin “şəbəkə” model qızıl olduğunu, çəkisinin təxminən 9 qram, qramının da 60 manat olduğunu nəzərə alsaq dəyərinin dəyərinin 540 manat, iddiaçının iddia ərizəsində 4-cü bənddə qeyd etdiyi və 2006-cı ildə alındığını bildirdiyi sepin təxmini çəkisinin 12 qram olduğunu, həmin vaxt qızılın 1 qramının 60 manata satıldığını nəzərə alsaq dəyərinin 720 manat olacağını bildirmişdir. Məhkəmə bu qənaətə gəlir ki, iddia ərizəsində 1-ci bənddə qeyd olunan təqribi çəkisi 5 qram olan kalso üzük, 3-cü bənddə qeyd olunan təqribi çəkisi 9 qram sırğa - üzük dəstindən ibarət qızıl-zinət əşyalarının iddiaçıya alınması iş materiallarında olan fotoşəkillərlə öz təsdiqini tapdığından, eyni zamanda cavabdeh və onun vəkili tərəfindən iddiaçının gedərkən həmin qızıl-zinət əşyalarını özü ilə aparmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilmədiklərindən, həmin qızıl-zinət əşyaları, bu mümkün olmadıqda isə onların cəmi dəyəri olan 840 (səkkiz yüz qırx) manat məbləğində pul Cavabdeh1 alınaraq iş üzrə iddiaçı X8 verilməli, iddia tələbi digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində 2-ci bənddə qeyd etdiyi qızıl- zinət əşyasının cavabdehdən alınıb ona qaytarılmasını məhkəmədən xahiş etsə də, həmin qızıl zinət əşyasının mövcudluğuna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə iddiaçının iddia ərizəsində 4-cü bənddə qeyd etdiyi çəkisi 15 qram, 1000 manat dəyərində ay-ulduz klonlu tros boyunbağının cavabdehdən alınıb ona qaytarılması tələbinə dair hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının iddia tələbində çəkisi 15 qram ay-ulduz klonlu tros boyunbağı tələb etsədə məhkəməyə sübut qismində yalnız xx.xx.2021-ci il tarixdə çəkilmiş bir ədəd fotoşəkil təqdim etmişdir ki, fotoşəkilə nəzər saldıqda belə həmin fotoşəkildə əks olunmuş boyunbağının nazik bir qızıl-zinət əşyası olduğu, iddiaçının tələb etdiyi tros boyunbağı olmadığı vizual olaraq da müşahidə edilməkdədir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı məhkəmə baxışı iclasında həmin qızıl-zinət əşyasının ona 2006-cı ildə alındığını qeyd etmiş, cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə Bakı şəhərində təşkil edilmiş toy mərasimində çəkilmiş fotoşəkillərdə, eyni zamanda Naxçıvan şəhərində təşkil edilmiş toy mərasimində çəkilmiş fotoşəkillərdə də iddiaçının tələb etdiyi boyunbağıdan istifadə etməsi müşahidə edilməmişdir. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tələb etdiyi çəkisi 15 qram ay-ulduz klonlu tros boyunbağıya dair məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, ona görə də iddia tələbi həmin qızıl-zinət əşyasına dair hissədə rədd edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalarının çəkisi və dəyəri ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyaların çəkisinin və dəyərinin iddia ərizəsində qeyd etdiyi kimi olmasını sübut etməlidir. Lakin iddiaçı həmin qızıl-zinət əşyalarının çəkisi və dəyərinə dair sübutları məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə qızıl-zinət əşyaları olmadığı təqdirdə, iddia tələbini onların dəyərinin cavabdehdən tutulması ilə bağlı hissədə mütəxəssisin qiymətləndirilməsini daha ağılabatan və ədalətli hesab edərək mütəxəssisin qızıl-zinət əşyarının çəkisi və dəyəri ilə bağlı bildirdiklərini nəzərə almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır; - 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; - 666.1-ci maddəsində göstərilir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləşdirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; Eyni məzmunlu müddəanı nəzərdə tutan Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 34.1-ci maddəsi ilə müəyyən edilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); - 34.2-ci maddəsinə əsasən, zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbinin cehiz əşyalarının, qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınıb iddiaçıya verilməsi ilə bağlı sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi cehiz əşyalarının və qızıl-zinət əşyalarının onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Amma iddiaçının cavabdehdən tələb etdiyi cehiz əşyalarının bir qisminin cavabdehin yaşadığı evdə olması cavabdeh tərəfindən etiraf edilmiş, tələb etdiyi cehiz əşyalarının digərlərinin cavabdehdə olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda qızıl-zinət əşyalarından da yalnız kalso üzüyün və sırqa-üzük dəstinin mövcudluğu iş materiallarında olan fotoşəkillərlə müəyyən olunmuş, digər iki qızıl-zinət əşyasının mövcudluğuna dair iddiaçı tərəfindən mötəbər sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə iddia tələblərinin təsdiqlənməsi üçün iddiaçının sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi qiymətləndirərək iddia tələbinin digər cehiz əşyalarının, həmçinin də digər qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınıb iddiaçıya verilməsi dair hissələrdə rədd etmişdir. Məhkəmə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı qeyd edir ki, tərəflər öz aralaında razılığa gəldiklərindən birgə nikah dövründə əldə edilmiş əmlaklardan bir baş inək və bir baş balası, beş ədəd toyuq, 1 ədəd jurnal stolu, 1 ədəd bazalı divan, 1 ədəd İran istehsalı “Botan” markalı su qızdırıcısı, 1 ədəd Çin istehsalı qidropor cavabdehdə qalmalı, 55 ekran televizor, video maqnitafon, 1 ədəd televizor altı, 2 ədəd 5x4 ölçüdə iran istehsalı xalça, “Oka” markalı Rusiya istehsalı paltaryuyan maşın, Monexe” markalı tozsoran, 1 ədəd Rusiya istehsalı dolab, 1 ədəd “Arçelik” markalı soyuducu, 1 ədəd taxt yorğanı, 1 ədəd “Ari” markalı çörək bişirən soba, 1 ədəd taxt üçün yorğan döşək dəsti, 1 ədəd taxt örtüyü, 1 ədəd kompüter, 1 ədəd İran istehsalı çamadan, 1 ədəd İran istehsalı qaz sobası, 1 ədəd ütü, qırx ədəd boş qab, yüz ədəd qarışıq şüşə balon, beş ədəd toyuq, bir baş inək, bir baş balası, həmçinin bir baş danaya görə dörd yüz əlli manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbi birgə nikah dövründə əldə edilmiş digər əmlaklarla dair digər hissədə rədd edilməlidir. Məhkəmə birgə nikah dövründə əldə edilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ½ pay hüququnun tanınması ilə əlaqədar qeyd edir ki, həmin torpaq sahəsi tərəflərin birgə nikahda olduqları müddətdə əldə olunduğuna görə onların ümumi birgə mülkiyyəti sayılır və onlar arasında ayrı razılaşma olmadığına görə həmin əmlakda payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ona görə də Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı tarixli 01 nömrəli qərarı ilə Şərur rayon Ələkli kəndi ərazisində birgə mülkiyyət hüququ üzrə - X4 və Cavabdeh1 adlarına JN- 0010A nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən verilmiş 0.35 ha torpaq sahəsində X4 ½ (ikidə bir) hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 1.4-cü maddəsinə görə Azərbaycan Respublikasının nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır; - 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır; - 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər: - 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; - 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; - 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərəkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır; - 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Çünki Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddia ərizəsində qeyd olunan və naturada olması müəyyən edilən 2 ədəd yorğan, 2 ədəd döşək,1 ədəd sandıq, 2 ədəd yastıq 2 ədəd yun döşəkçə, 2 ədəd tük balınc, 1 ədəd böyük qazan, 2 ədəd padnos, 1 ədəd çömçə, 2 ədəd xalça, 1 ədəd yun yataq örtüyü və 1 ədəd çamadandan ibarət cehiz əşyaları, bu mümkün olmadıqda isə onların cəmi dəyəri olan 550 manat məbləğində pul Cavabdeh1 alınaraq iddiacı X8 qaytarılsın. İddia ərizəsində qızıl-zinət əşyarının siyahısinin 1-ci bəndində qeyd olunan və təqribi çəkisi 5 qram olan kalso üzük, 3-cü bəndində qeyd olunan və təqribi çəkisi 9 qram olan sırğa - üzük dəstindən ibarət qızıl-zinət əşyaları, bu mümkün olmadıqda isə onların cəmi dəyəri olan 840 (səkkiz yüz qırx) manat məbləğində pul Cavabdeh1 alınaraq iddiacı X8 ödənilsin. Birgə nikah dövründə əldə edilmiş əmlaklardan 55 ekran televizor, video maqnitafon, 1 ədəd televizor altı, 2 ədəd 5x4 ölçüdə iran istehsalı xalça, “Oka” markalı Rusiya istehsalı paltaryuyan maşın, Monexe” markalı tozsoran, 1 ədəd Rusiya istehsalı dolab, 1 ədəd “Arçelik” markalı soyuducu, 1 ədəd taxt yorğanı, 1 ədəd “Ari” markalı çörək bişirən soba, 1 ədəd taxt üçün yorğan döşək dəsti, 1 ədəd taxt örtüyü, 1 ədəd kompüter, 1 ədəd İran istehsalı çamadan, 1 ədəd İran istehsalı qaz sobası, 1 ədəd ütü, qırx ədəd boş qab, yüz ədəd qarışıq şüşə balon, beş ədəd toyuq, bir baş inək, bir baş balası, həmçinin bir baş danaya görə dörd yüz əlli manat məbləğində pul Cavabdeh1 alınaraq iddiacı X8 verilsin. Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı tarixli 01 nömrəli qərarı ilə Şərur rayon Ələkli kəndi ərazisində birgə mülkiyyət hüququ üzrə - X4 və Cavabdeh1 adlarına JN- 0010A nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən verilmiş 0.35 ha torpaq sahəsində iddiaçı X4 ½ (ikidə bir) hissədə payı müəyyən edilsin. İddia digər hissədə rədd edilsin. İddia qaldırılarkən ödənilmiş 76 (yetmiş altı) manat məbləğində dövlət rüsumu iddiaçı X8 aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar